MƏQALƏLƏR

Bülbül (1897-1961)

  • 17.03.2022

 

Qarabağın görkəmli simaları

 

 

Bülbül peşəkar vokal məktəbimizin banisi, təkrarolunmaz ifası ilə milyonlarla dinləyicinin sevimlisi, nəhəng səs diapazonuna malik dahi musiqiçi, musiqişünas-alim, pedaqoq, fədakar insan, novator kimi adı musiqi tariximizdə qalacaq əbədiyaşar sənətkarlarımızdan biridir. Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətləri olmuş Bülbül həm də mütərəqqi ideyaların və yeniliklərin təşəbbüskarı və təbliğatçısı kimi tanınmışdır.
Bülbül İtaliyada peşəkar təhsil almış ilk Şərq vokalçısıdır. O, spesifik Şərq ifa tərzindən Avropa vokal məktəbinə keçmiş, Azərbaycan milli ifa sənətinin ən yaxşı üsullarını rus və Avropa məktəbi ilə sintez etmiş, Azərbaycanda yeni vokal məktəbi yaratmışdır. Bu məktəb təkcə Azərbaycan və digər milli respublikalar üçün əhəmiyyətli olması ilə bərabər, həm də Yaxın və Orta Şərq ölkələrinə çox güclü təsir etmişdir.
Bülbül (əsl adı - Murtuza Məşədi Rza oğlu Məmmədov) 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə o, Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdır. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Onun səhnə fəaliyyətinə başlaması 1916-cı ilə təsadüf edir.
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib, Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olmuşdur. Elmi Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1937-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyulmuşdur. Koroğlu rolunun ilk ifaçısı görkəmli Azərbaycan müğənnisi Bülbül olmuşdur. O, demək olar ki, ömrünün sonuna kimi – 25 ilə yaxın bir müddətdə bu mürəkkəb rolda çıxış edərək, böyük bədii əhəmiyyətə malik obraz yaratmışdır. Onu da qeyd edək ki, «Koroğlu» operası müxtəlif səhnələrdə, fərqli dillərdə tamaşaya qoyulmuşdur: opera Azərbaycan, rus, erməni, türkmən, özbək dillərində Moskvada (1939, 1959), Təbrizdə (1941), Aşqabadda (1939), İrəvanda (1942), Daşkənddə (1950) oynanılmış, tamaşaçıların böyük rəğbətini qazanmışdır. Əsər 1940-cı ildə dövlət mükafatına layiq görülmüşdür.
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirilmiş, burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş, geniş məruzə ilə çıxış etmişdir. Bülbül 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görülmüşdür.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların - xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin, bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva Festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert vermişdir. Bu konsert Bülbülün Şuşadakı son konserti olmuşdur.
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.

Xatirəsinin əbədiləşdirilməsi

Müğənninin vətənində - Şuşada Bülbülün bürünc büstü quraşdırılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılmış və sonralar Azərbaycan hakimiyyəti tərəfindən alınmışdır. Uzun illər büst Bakıda İncəsənət Muzeyində saxlanılmışdır. Şuşa 2020-ci ildə azad olunduqdan sonra Prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı yenidən büstün açılışını etmişdir.
1976-cı ildən Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. Həmçinin, Şuşa şəhərində 1992-ci ilə qədər yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində büstlər quraşdırılıb. 1992-ci ildən Sumqayıt Uşaq İncəsənət Məktəbi Bülbülün adını daşıyır. Hər iki ildən bir Bakıda Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqəsi keçirilir.
1998-ci ildə Bülbülün 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycan poçt markası və 2008-ci ildə 110 illik yubileyi münasibətilə xatirə sikkəsi buraxılıb.
2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığında, Bülbül prospektində tuncdan hazırlanan abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur.