MƏQALƏLƏR

Qalib ölkənin 2021-ci il hesabatı yüksək qiymətləndirilib

  • 17.03.2022

Martın 15-də keçirilən Milli Məclisin növbəti plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti barədə hesabat dinlənilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklərin geniş şəkildə öz əksini tapdığı hesabatın həm də 2018-ci ildən bu yana ölkənin sosial-iqtisadi həyatında həyata keçirilən dərin iqtisadi islahatların əsaslı nəticələrindən olduğu vurğulanıb. Bu iqtisadi islahatlar içərisində, xüsusilə cari ilin əvvəlindən minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi qeyd olunmuşdur. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımların atılması, ölkənin valyuta ehtiyatlarının 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollara bərabər olması, xarici dövlət borcunun 22,8 faizdən 19 faizə düşməsi, xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldonun yaranması da bu islahatların əsaslı nəticələri kimi göstərilmişdir.
Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatlar aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerə yüksəlmişdir. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənmişdir.
Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Hesabatın müzakirəsi zamanı Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı qeyd olunmuş, bu məsələyə hesabat ilində xüsusi önəm verildiyi bildirilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artıb.
Özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib. Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanılıb və ilin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 yaşayış binasının, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq sosial mənzillərin satışına başlanılıb. Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün yaşayış kompleksinin inşası tamamlanıb. Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib.
Hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə prioritet olub. Bu baxımdan “Avropa İttifaqı və Azərbaycan arasında “Strateji Tərəfdaşlıq” adlı prioritet sənəd xüsusi olaraq qeyd edilib.
Ötən dövrdə valyuta ehtiyatları 3 milyard dollar artmış, büdcənin gəlirləri proqnozdan 360 milyon manat çox olmuşdur.
Ötən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib. Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb. Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək.
Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, ötən il 451,5 milyon manat məbləğində investisiya hesabına 568 kilometrdən artıq suvarma kanalında bərpa işləri aparılıb, 50 min hektardan artıq ərazidə suvarma işləri yaxşılaşdırılıb. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb.
Ötən il il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib. Həmin müddətdə ölkənin 11 rayonunda yerləşən xalçaçılıq fabriklərində 5,5 min kvadratmetrdən artıq xalça toxunub. Ötən il 800-ə qədər məktəb və uşaq bağçası tikilib, yenidən qurulub, 8120 yerlik modul tipli məktəblər istifadəyə verilib.
2018-ci ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 753 medal qazandığı da diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin ölkəmizin iqtisadi rəqabət qabiliyyətinin artırılması, tələbə şəhərciklərinin salınması, parlament diplomatiyasının gücləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələri, ölkədə pul-kredit siyasəti və seçiciləri maraqlandıran məsələlərlə bağlı fikirlər səsləndirilib, təkliflər verilib. Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti barədə hesabatı deputatlar tərəfindən də yüksək qiymətləndirilib.
Hesabatın səsə qoyulmasından sonra iclas başa çatıb.


"İqtisadiyyat" qəzeti