MƏQALƏLƏR

Milli iqtisadiyyatın aktual probleminə həsr olunmuş tədqiqat əsəri

  • 14.04.2022

Əməkdar kənd təsərrüfatı işçisi, i.e.d., prof. İbrahimov İslam Hacı oğlunun

“Regionların və işğaldan azad edilmiş ərazilərin inkişaf istiqamətləri” adlı dəyərli tədqiqat işi nəşr edilmişdir.

 


 

İbrahimov İslam Hacı oğlunun “Regionların və işğaldan azad edilmiş ərazilərin inkişaf istiqamətləri” mövzusunda yazdığı monoqrafiya milli iqtisadiyyatın olduqca aktual bir probleminə həsr olunmuş tədqiqat əsəridir. Vətənimizin 30 ilə yaxın müddət ərzində işğal altında olan əraziləri tarixən əlverişli təbii-coğrafi şəraitə və təbii resurslara malik olmuşdur. Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində həmin ərazilərin iqtisadiyyatı tamamilə məhv edilmiş, aqrar təsərrüfatı dağıdılmış, ekologiyasına ciddi zərər vurulmuşdur. Bununla bərabər, həmin ərazilərdə yaşayan həmvətənlərimiz öz ev-eşiklərindən və tarixi yurdlarından qovulmuşlar.
İşğal olunmuş rayonlardan qovulan məcburi köçkünlər daimi yaşayış yerlərindən məhrum olaraq, respublikanın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşdılar. Lakin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və möhtərəm Prezidentimiz İlham Əliyevin sosial-iqtisadi strategiyaları sayəsində məcburi köçkünlərin məşğuliyyətinin davam və inkişaf etdirilməsi məqsədilə onlar məskunlaşdıqları rayon və kəndlərdə müvəqqəti istifadə üçün əkin yerləri, yaylaq və qışlaq sahələri ilə təmin olundular.
Lakin torpaqlarımızın erməni işğalından azad olunması ilə həmin ərazilərin bərpası, yenidən tikintisi, abadlaşdırılması və yeni tələblərə uyğun infrastrukturların yaradılması Azərbaycan dövlətinin, cəmiyyətimizin, bütün ziyalılarımızın və vətəndaş kimi bizim hər birimizin qarşımızda müqəddəs missiya qoyur. Biz işğaldan azad olunmuş bütün ərazilərin - kəndlərin, qəsəbələrin, istehsal və sosial obyektlərin bərpası üçün əlimizdən gələn hər şeyi etməliyik. Bu məqsədlə deyə bilərik ki, i.e.d., professor İslam İbrahimovun “Regionların və işğaldan azad edilmiş ərazilərin inkişaf istiqamətləri” monoqrafiyası həmin ərazilərin bərpası və inkişafı, milli iqtisadiyyatın yeni prizmadan formalaşdırılması aspektində yazılan dəyərli elmi tədqiqat əsəridir.
Müəllif işğaldan azad edilmiş ərazilərin ehtiyatlarını, regionun iqtisadi potensialını, onun təşkilati mexanizmlərini araşdırmışdır. Prof. İ.İbrahimov keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların bitkiçilik və heyvandarlıq sahəsində işğaldan öncəki istehsal potensialını araşdırmış, ərazilərimizin işğalı sayəsində heyvandarlıq və əkinçilik sahəsində texnika, mal-qara və digər vəsaitlərə vurulan iqtisadi ziyanı geniş və konkret faktlarla şərh etmişdir.
Kitabda işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin perspektiv inkişaf sahələri göstərilmiş, ərazinin iqtisadi inkişafına nail olmaq üçün elmi təkliflər irəli sürülmüşdür. Həmin təkliflər yeni, innovativ texnologiyaya əsaslanan istehsal və xidmət kooperativlərinin yaradılması, aqrar sahədə sahibkarlığın formalaşması və inkişafı, idarəetmənin müasir təşkilati strukturunun formalaşdırılması, bu istiqamətdə güzəştli kreditlərin verilməsi kimi institusional dəyişikliklərin həyata keçirilməsini əhatə edir. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın formalaşması və inkişafı istiqamətləri müəyyən olunmuş, regionun iqtisadi və sosial infrastrukturunun yaradılması, aqroparkların, sənaye məhəllələrinin formalaşdırılmasının yeni mexanizmlərinə dair təkliflər irəli sürülmüş, bu sahədə damazlıq işinin, toxumların biokimyəvi analizlərinin aparılması, bitki mühafizə xidmətlərinin təşkili məsələlərinə daha çox üstünlük verilmişdir.
Monoqrafiyanın ayrı ayrı fəsillərində, əhatə edilən paraqraflarda aqrar inkişaf və işğaldan azad edilmiş ərazilərdə ehtiyatlar, potensiallar, aqrar bazarı şərtləndirən amillər, ərazilərdə təşkilati-iqtisadi mexanizmlər araşdırılır. İşğaldan azad edilmiş ərazilərdə aqrar sahibkarlığın formalaşması və tənzimlənməsi məsələlərinə geniş yer verilir. Rəqəmsal iqtisadiyyat şəraitində Qarabağda sahibkarlığın dəstəklənməsi istiqamətləri, ərazidə məhsul istehsalının artırılması yolları, ərzaq təhlükəsizliyi, ekoloji vəziyyət, erməni terroru ilə bağlı məsələlər faktlar əsasında tədqiq edilir. Maraqlı araşdırma məsələlərindən biri işğaldan azad edilən ərazilərdə yeyinti sənayesinin inkişafı, onun tənzimlənməsi, inkişaf prioritetləridir.
Müəllif haqlı olaraq Qarabağda turizmin inkişafı və infrastrukturların formalaşdırılması istiqamətlərinə daha geniş yer verir və təcrübi əhəmiyyətli təkliflər irəli sürür. Qarabağ ərazisində informasiyanın idarəetmənin formalaşmasında rolu qiymətləndirilir, onun işlənmə mexanizmi barədə dəyərli təkliflər verilir. Diqqət çəkən əsas məsələlərdən biri bu ərazilərdə məşğulluğun daha səmərəli təşkili istiqamətlərinə dair təkliflərin hazırlanmasıdır.
Prof. İ.İbrahimov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının yeyinti sənayesinin inkişafına təsiri məsələlərini araşdırmış, bu sahədə kənd təsərrüfatının yeyinti sənayesi ilə inteqrasiyasının gücləndirilməsini, sahələrin balanslaşdırılmış inkişafının təmin olunmasını zəruri hesab etmişdir. Müəllif ərazilərin işğaldan azad edilməsindən sonra kənd təsərrüfatı ilə yeyinti sənayesinin inteqrasiyasına xüsusi diqqət yetirir, inteqrasiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında rolunun artırılması üçün görüləcək tədbirlərin sistemli aparılması məsələsini ön plana çəkir. Bu məqsədlə ərazilərdə yeni texnologiyaların istifadəsi, innovasiya sisteminin tətbiqi məsələlərinə ciddi diqqət yetirilməsinin vacibliyi qeyd olunur. İntellektual mülkiyyətin formalaşması, bununla əlaqədar ərazilərdə milli innovasiya sisteminin yaradılması və inkişafı xüsusilə qeyd edilir. Müəllif bunun üçün ölkəmizdə yeni texnologiyaların, ideya və biliklərin istehsalçıları olan müəssisələr şəbəkəsinin yaradılmasını, yeni istehsal və xidmət müəssisələri iştirakçılarının maliyyə dəstəyinin artırılmasını, elmi və elmi-xidmət müəssisələrinin fəaliyyəti və onlar arasında münasibətlərin tənzimlənməsini vacib hesab edir.
Müəllifin fikrinə görə, işğaldan azad edilmiş ərazilərdə mövcud ehtiyatlardan aşağıdakı üç istiqamətdə istifadə edilməsi vacibdir:
- Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi üçün torpaq ehtiyatları inventarlaşdırılmalı, onun kəmiyyət və keyfiyyət göstəriciləri dəqiqləşdirilməlidir. Tədqiqatçı çox düzgün olaraq hesab edir ki, çirkli və deqradasiyaya uğramış torpaqlar müəyyən edilməli, müvafiq layihələr hazırlanmalıdır;
- Bitkiçilik sahəsində torpaqların minadan təmizlənməsi, münbitliyinin bərpa edilməsi, yaxşılaşdırılması, toxumçuluq və seleksiya işlərinin bərpa olunması, dağlıq və dağətəyi torpaqların becərilməyə cəlb edilməsi, məhsul istehsalı və emalı sahələrinə müvafiq investisiya qoyulmasının təmin olunması, aqrokimyəvi tədbirlərin, növbəli əkin sisteminin tətbiq, optimal əkin strukturunun müəyyən edilməsi, texnika ilə təchizat və mexanikləşdirmə, kimyalaşdırma məsələləri, laboratoriyalarla təchizat məsələlərinin həll edilməsi tədqiq olunur, dəyərli təkliflər irəli sürülür;
- Heyvandarlıq sahəsində avadanlıq təminatının yüksək səviyyədə icra olunması, sahənin xüsusi nəqliyyat vasitələri ilə təmini, yüksək keyfiyyətli yem bazasının, quşçuluq təsərrüfatı və fabriklərinin yaradılması, rayonlarda heyvanların cins tərkibinin nəzərə alınması, heyvandarlıq məhsulları istehsalı, emalı və ixracının müasir tələblər səviyyəsində qurulması, baytarlıq nəzarətinin təmin olunması məsələləri elmi əsaslarla işıqlandırılır.
Kitabda işğaldan azad edilmiş ərazilərdə insan kapitalının formalaşdırılması və təhsilin təşkili istiqamətləri də tədqiq edilmişdir. Məlumdur ki, respublikada insan kapitalının formalaşdırılması, onun səmərəli idarə edilməsi və inkişafı dövlət tərəfindən dəstəklənir. İnsan kapitalının formalaşması və inkişafının strateji əhəmiyyət daşıdığını nəzərə alaraq qeyd edə bilərik ki, hazırki şəraitdə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlanması təhsil sahəsində qarşıda duran əsas prioritet məsələlərdən biridir. Ona görə də, Strateji Yol Xəritəsində insan kapitalının keyfiyyəti iqtisadi artımın əsas amillərindən biri kimi ön plana çəkilir. Bu məsələnin iqtisadi inkişafın əsas fundamental problemlərindən biri kimi işğaldan azad edilmiş ərazilərdə tətbiqi prof. İ.İbrahimovun tədqiqatında geniş şəkildə əks olunmuşdur.
Monoqrafiyada tədqiq edilmiş bu məsələlər işğaldan azad olunmuş ərazilərdə bərpa və inkişaf işlərinin konsepsiyası hesab edilir. Bu məqsədlə də deyə bilərik ki, Əməkdar kənd təsərrüfatı işçisi, i.e.d., professor İslam İbrahimovun “Regionların və işğaldan azad edilmiş ərazilərin inkişaf istiqamətləri” adlı monoqrafiyası fundamental tədqiqat əsəridir. Tədqiqat işində irəli sürülən təkliflərdən işğaldan azad olunmuş ərazilərin inkişafı proqramlarının işlənilməsində praktiki olaraq istifadə oluna bilər.

 

Akademik Ziyad Səmədzadə,

Bakı Biznes Universitetinin
kafedra müdiri,
i.f.d., dos. Rahim Sadıqov