MƏQALƏLƏR

AKADEMİK ZİYAD SƏMƏDZADƏNİN ELMİ VƏ İCTİMAİ FƏALİYYƏTİ HAQQINDA BƏZİ MÜLAHİZƏLƏR

  • 07.07.2022

Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış akademik Ziyad Səmədzadənin ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmətdən ibarətdir. Ömrünün müdriklik çağında olan nüfuzlu pedaqoq, tədqiqatçı alimin son 20 ildə bir neçə fundamental kitabının təqdimat mərasimi keçirilmişdir. Akademikin dərin elmi fəaliyyətinin növbəti təzahürü olan "Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beşcildliyinin Bakı Biznes Mərkəzində baş tutan təqdimat mərasimində əldə edilən zəngin təəssüratlar onunla bağlı düşüncələrin qələmə alınmasına bir vəsilə oldu.
Respublika ictimaiyyəti onu böyük alim və praktik iqtisadçı, bacarıqlı təşkilatçı və nüfuzlu rəhbər, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal təbliğatçısı kimi tanıyır. Yorulmaz alim, 500-dən çox elmi əsərin, o cümlədən bir sıra sanballı elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsiyaları, bazar iqtisadiyyatı problemlərinə həsr olunan dəyərli monoqrafiyaların müəllifidir.
Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağlıdır. Azərbaycanın iqtisadi reallıqlarını, uğurlarını ölkəmizdən kənarda da istənilən səviyyədə təmsil etməyə qadir olan insandır, görkəmli alim, vətəndaşdır.


Ziyad Səmədzadənin elmi-pedaqoji fəaliyyəti haqqında
Nüfuzlu iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə 1965-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1977-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv, 1989-cu ildə isə həqiqi üzv seçilmişdir.
1965-1976-cı illərdə AMEA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışmışdır. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-1982-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru işləmişdir.
1983-1992-ci illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın milli koordinatoru olmuşdur. Z.Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.
Bu gün respublikada əmək məhsuldarlığı, iqtisadi inkişaf, sürət və proporsiyalar, milli gəlir və səmərəlilik problemləri üzrə yaranmış elmi məktəb bilavasitə akademikin adı ilə bağlıdır. 40 ildən artıqdır ki, Z.Səmədzadə çoxsaylı beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Nüfuzlu elmi məclislərdə çıxış edən akademik müasir iqtisad elminin aktual istiqamətləri və respublikanın iqtisadi inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiya edilməsi imkanları və bunun yolları barədə sanballı elmi məruzələri ilə diqqəti cəlb edir.
2004-cü ildə Z.Səmədzadənin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş «Этапы большого пути» («Böyük yolun mərhələləri» – «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər») adlı kitabı çapdan çıxmışdır.
Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də faydalı işlər görür. Z.Səmədzadənin elmi rəhbərliyi ilə 70 namizədlik və bir neçə doktorluq dissertasiyası müdafiə edilmişdir. Uzun müddət Z.Səmədzadə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi və s. məsələlərin həllində fəal iştirak etmişdir.
Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin üzvü kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir. Ziyad Səmədzadə daim ölkəmizin iqtisadi yüksəlişi, inkişafı və tərəqqisi naminə yorulmadan çalışır.
O, uzun illər Milli Məclisdə iqtisadi və digər məsələlərə dair qəbul edilən qanunların hazırlanmasında və müzakirələrində fəal iştirak etmiş, qanunların təkmilləşdirilməsi üçün çox dəyərli təkliflər vermişdir. Geniş və dərin elmi potensialından istifadə edərək, hər il qəbul edilən Azərbaycan Respublikasının büdcəsi haqqında qanunun əhatəli, şəffaf, xərclərin ilk növbədə ölkənin sosial-iqtisadi inkişafını təmin edən fundamental və aktual problemlərə yönəldilməsi, pul, maliyyə-kredit sisteminin qanunvericilik bazasının daim təkmilləşməsi üçün var qüvvəsi ilə çalışır.
Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycan və dünya iqtisadiyyatı problemlərinin tədqiqi böyük yer tutur. Dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Z.Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, 2001-ci ildə “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi" kitabını nəşr etdirmişdir. 2009-2010-cu illərdə Azərbaycan və rus dillərində işıq üzü görən “Çinin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında” kitablarının müəllifi sübut etdi ki, bu, xoşbəxt bir təsadüf deyildir, aqrar sektorun sənaye islahatlarının, dünya təcrübəsinə sığınaraq, xalqın maraqları ilə maliyyənin qarşılıqlı və səmərəli inteqrasiyasının məntiqi nəticəsidir. Bu monoqrafiyaları ilə alim iqtisad elminə böyük töhfə vermişdir.
Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Onu bu mürəkkəb, taleyüklü problemin elmi tədqiqi sahəsində pioner saymaq mübaliğə olmaz.
Akademik Z.Səmədzadə SSRİ və digər müttəfiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq, mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas olan ciddi qüsurları üzə çıxardı və inandırıcı şəkildə sübut etdi ki, respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur.
Bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas götürüldü. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı böyük bir elmi- praktik konfrans keçirildi. Bu tədbir öz mahiyyətinə görə keçmiş İttifaqda bu qəbildən olan ilk tədbir idi. Son dərəcə maraqlı və vacib problemə həsr olunmuş bu konfransın işində fəal iştirak edən elmi qüvvələr və mütəxəssis-praktiklər tərəfindən tövsiyələr və müvafiq qanun layihəsi hazırlandı.
Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə akademik Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Ziyad Səmədzadənin «Dağlıq Qarabağ: Naməlum həqiqətlər» kitabları
Kənardan saxta iddialarla qaldırılmış Qarabağ probleminin lap ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının «sosial-iqtisadi geriliyi haqqında» ilk iradlarının təhlilinə başladı. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial-mədəni baxımdan ayrıseçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edildi. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti onun geniş əks-səda doğurmuş «Dağlıq Qarabağ: naməlum həqiqətlər», «Naqornıy karabax: neizvestnaya pravda» adlı kitablarında öz əksini tapdı.
Ancaq Ziyad Səmədzadənin «Dağlıq Qarabağ: Naməlum həqiqətlər» kitabları həm tarixilik, həm siyasilik cəhətdən, həm də iqtisadçı qələmindən çıxdığı üçün çox faydalıdır. Bu kitab vətəndaş alim qələminin bəhrəsidir, təkcə publisistik dildə yox, əsasən təkzibedilməz iqtisadi faktların gücü ilə danışır.


Akademik Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısı kimi
Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar Ziyad Səmədzadənin 1981-1992-ci illərdə baş redaktoru olduğu «Azərbaycan xalq təsərrüfatı» jurnalının səhifələrində ardıcıl şərh edilmişdir. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun nəşrinə başlamışdır. Qətiyyətlə demək olar ki, bu mətbu orqan hazırda müasir iqtisadi ideya və baxışların əsl carçısına, peşəkar iqtisadçıların, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinə aid biliklərini genişləndirən bütün oxucuların dostuna və köməkçisinə çevrilmişdir.
Qəzetin baş redaktoru olan akademik ölkənin bütün iqtisadçı alimlərini, politoloqlarını, bazar strukturlarının tanınmış nümayəndələrini və mütəxəssis-praktikləri bu nəşrin işinə cəlb etməyə, əsl yaradıcı kollektiv yaratmağa müvəffəq olmuşdur. Alim dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının təbliği sahəsində də yorulmaz fəaliyyət göstərir. Mətbuat səhifələrində, televiziya və radioda gündən-günə inkişaf edən, yeniləşən Azərbaycanın iqtisadi siyasətinin fəal təbliğatçısı kimi çıxış edir, neft strategiyasının, regionların tarazlı inkişafı ilə dövlət proqramının reallaşmasının konkret nəticələrini əks etdirən xüsusi nəşrlər hazırlayır. Bütün bunlar bir daha akademik Z.Səmədzadənin bir elm təşkilatçısı və yeni ideyalar təbliğatçısı kimi yorulmaz fəaliyyətini inandırıcı şəkildə sübut edir.
Dünya təcrübəsi göstərir ki, ictimai elmlər arasında özünəməxsus yer tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın yaradılması məsələsini aktuallaşdırıb. Bu missiyanı akademik Ziyad Səmədzadə öz üzərinə götürmüş, onun ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilən irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” da respublikanın elmi-mədəni həyatında diqqətəlayiq hadisələrdən birinə çevrilmişdir. “Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir.
Ensiklopediya son iyirmi bir ildə ölkəmizin bu elm sahəsi üzrə əldə etdiyi yeni nailiyyətləri, eyni zamanda xalqımızın yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini aydın forma və məzmunda əks etdirir. Topluda Azərbaycanın müasir, sosial, siyasi və iqtisadi, həmçinin hüquq sistemi müxtəlif aspektlərdən nəzərdən keçirilir. Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması, dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edən nurlu inkişaf strategiyasının elmi-metodoloji əsasları və mahiyyəti konkret fakt və dəlillərlə işıqlandırılır. Ensiklopedik nəşrlərin dəyəri ondadır ki, onlar iqtisad elminin və onun alətlərinin əsas, nisbətən sabit və dayanıqlı kateqoriya və anlayışlarını özündə cəmləşdirir. Bu mənada, Böyük İqtisadi Ensiklopediyanın mühüm fərqləndirici cəhətlərini qeyd edərkən ölkəmizin müasir sosial-siyasi və iqtisadi-hüquqi sisteminin müxtəlif aspektlərinə geniş diqqət yetirildiyini vurğlamaq vacibdir. Belə ki, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən milli inkişaf strategiyası, azad bazar münasibətlərinin bərqərar olmasının, yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti burada konkret fakt və dəlillərlə işıqlandırılmışdır. Azərbaycanın ilk iqtisadi bestselleri kimi ensiklopediya kitab aləmində özunəməxsus yer tutacaqdır. Tam məsuliyyətlə bildirmək olar ki, ölkədə və onun hüdudlarından kənarda sayılıb-seçilən iqtisadçı alimlər arasında özünəməxsus yeri və sanbalı olan akademik Ziyad Səmədzadə ağır bir işi öhdəsinə götürmüş və onu layiqincə yerinə yetirməklə, Azərbaycan elminə, xüsusilə də iqtisad elminə böyük töhfə vermişdir. Onun "Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beş cilddən ibarət toplusu Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları, analitik yanaşmanı özündə əks etdirməklə bərabər, respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materialları əhatə edir. Bu zəngin və əvəzsiz xəzinə barədə fikirlərimizi sizinlə növbəti yazılarımızda daha geniş şəkildə bölüşəcəyik.

(Bu məqalə akademik ZİYAD SƏMƏDZADƏNİN 80 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın materiallarında öz əksini tapmışdır)

 

Zahid Fərrux Məmmədov, i.e.d., professor, şöbə müdiri, ADİU (UNEC)

Kamil Nazim oğlu Səlimov, h.e.d., professor, kafedra müdiri Bakı Dövlət Universiteti