MƏQALƏLƏR

AZƏRBAYCAN UNİKAL TƏBİƏT İNCİLƏRİ ÖLKƏSİDİR

  • 14.09.2022

Azərbaycan zəngin flora və faunaya, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Təbiətin yaratmış olduğu gözəlliklər ulu əcdadlarımızın zəhməti ilə daha da zənginləşmiş və məmləkətimizin hər bir guşəsi əsrarəngiz tabloya çevrilmişdir. 30 il yağı düşmən tapdağı altında qalan torpaqlarımız, meşələrimiz, çaylarımız, bulaqlarımız, dağ­larımız, bağlarımız dağıdılaraq məhv edilmişdir. Tanrıya şükürlər olsun ki, indi həmin əraziləri özümüzə qay­tarmışıq. Hər şeyi bərpa edəcəyik, dirçələcəyik.
Hazırda ölkəmizdə ümumi sahəsi 892 546 hektar təşkil edən, xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Bu gün onlardan biri - Bəsitçay Dövlət Təbiət Qoruğu haqqında danışacağıq. Bəsitçay Dövlət Qoruğu nadir Şərq çinarlarının qorunub saxlanması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazilərini əhatə edir. Qoruğun ərazisi 107 hektardır. Qoruğun ərazisi, əsasən, dağlıq olub, dəniz səviyyəsindən 600-800 metr hündürlükdə yerləşir. Sağ tərəfi dik yamaclardan, sol tərəfi isə təpəliklərdən ibarətdir. Qoruqda, əsasən, III dövr çöküntülər yayılıb. Çay dərəsi boyunca ensiz düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli aralanmışdır. Qoruqda qışı quraq keçən mülayim-isti iqlim tipi mövcuddur. Havanın orta illik temperaturu 130 dərəcə, illik yağıntının miqdarı isə 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində, əsasən, allüvial meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə allüvial torpaqları, əsasən, çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilərdə çinar ağacları bitir. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və mübit torpaqlarda yüksək göstəricilərə malikdir. Azərbaycan Şərq çinarının bitdiyi nadir ölkələrdəndir. Şərq çinarının əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını nəzərə alaraq adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmışdır. Zəngilanın çinar meşəliyi dünyanın ən böyük meşə zolağıdır. Burada, əsasən, bir neçə tipli, müxtəlif otlu çinar meşələri formalaşıb, qoruğun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçay və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşələri yayılmışdır. Çinar ağaclarının orta yaşı 165 il, hündürlüyü 30-35 metr, diametri isə 1 metrdir. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağacları, yemişan, təbiət, qaratikan və s. kolları vardır. Qoruğun ətraf sahələrində, bəzən də onun ərazisində canavar, çaqqal, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər, həmçinin kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Burada çüçülər faunası zəngindir. 1993-cü il oktyabr ayının 30-da erməni işğalına məruz qalan qoruğa aid olan 85 hektar meşə sahəsindən 42 hektardan çox hissəsi tamamilə məhv edilmişdir.
Çoxsaylı Şərq çinarı meşələrinin məhv edilməsi üçün müxtəlif partlayı­cı maddələrindən istifadə edilmişdir. Azər­baycanın, eyni zamanda Beynəl­xalq Təbiəti Mühafizə İttifaqının “Qır­mızı kitab”larına daxil edilmiş nadir təbiət inciləri dağıdılmış, flora və faunaya misli görünməyən ziyan vurulmuşdur. 44 günlük şanlı Vətən savaşından sonra torpaqlarımız işğldan azad edildi. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva 14 fevral 2021-ci il tarixində Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunda olmuş, çinar ağacları əkmiş, Bəsitçaya balıq buraxılmışdır. Prezident İlham Əliyev demişdir: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, dağıdıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay Təbiət Qoruğunun bərpasına start verilib”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 oktyabr 2021-ci il tarixində Bəsitçay Dövlət Qoruqluğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbiət ekosisteminin, biomüxtəlifliyin, nadir və itməkdə olan bitki növlərinin bərpa edilməsi və sağlamlaşdırılmasıdır.
Bu ərazilərdə müasir yanaşmanın tət­biqi əsasında unikal meşə fondunun və mübarizə olunan təbiət massivlərinin ahəngdar fəaliyyətinin bərpa edilməsi, bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsi üçün kompleks tədbirlərin görülməsi dövlətin və dövlət başçısının nəzərdə tutduğu ən zəruri məsələlərdən biridir. Bu həm də hər bir Vətən övladının ən mərhəm və nəsib arzularının gerçəkləşməsi deməkdir. Arzularımız çin olsun, əziz xalqım!

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri