MƏQALƏLƏR

Onun fəaliyyəti neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir (Heydər Əliyev).

  • 22.09.2022

Azərbaycan uzun illər neft aləmində təkcə bu resursların coğrafi məkanı kimi fərqlənməmişdir. Azərbaycanda çalışmış alim və mütəxəssislər elm və texnika sahəsində yüksək göstəricilər əldə etmiş, neft elminin formalaşmasına sanballı töhfə vermişlər. SSRİ dövründə Azərbaycanın neftçi alim və mütəxəssisləri İttifaqın ən ali mükafatları olan Lenin və Dövlət mükafatları ilə təltif edilmiş, yüzlərlə neftçi SSRİ-nin “Neft sənayesi əlaçısı”, “Fəxri neftçi”, “İxtiraçı” kimi fəxri adlara layiq görülmüşdür. Bir çox alim və mütəxəssislərimiz Şərqi və Cənubi-Şərqi Asiyanın, Yaxın və Orta Şərqin, Mərkəzi və Şərqi Avropanın müəyyən ölkələrinin neft sənayesinin təşəkkülündə və inkişafında xidmətlər göstərmişlər. Sovet İttifaqının neft sənayesinin yaradılması və inkişafı tarixi də əsaslı dərəcədə neftçilərimizin adı ilə bağlı olmuşdur. Azərbaycanda inkişaf etmiş neft-qaz elmi böyük bir məkanda bu sahə üzrə əsas elmi mərkəzlərdən biri olmuşdur. Uzun illər SSRİ neft-qaz və geologiya, digər profilli nazirliklərin rəhbərləri, hətta bir neçə nazir nəsli məşhur Azərbaycan Neft Akademiyasının məzunları olmuşlar.
Azərbaycanın neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan, tanınmış alim və geoloqlardan biri də akademik Xoşbəxt Yusifzadədir.
Azərbaycanın bütün dövrlərdə neft sənayesinin inkişafında X.Yusifzadənin əməyi var. Xoşbəxt Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə, onun keçdiyi həyat yolu və gördüyü işlər isə ayrıca bir mərhələdir. Prezident Heydər Əliyev 2000-ci il yanvarın 13-də neftçi-geoloq Xoşbəxt Yusifzadənin 70 illik yubileyi münasibətilə təbrikində yazmışdı:
“Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər gənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. “Bahar”, “Azəri”, “Çıraq”, “Kəpəz” və başqa neft və qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.
Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb həyata keçirilməsində, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.
Görkəmli neftçi alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir.
Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində Siz böyük əzmkarlıq göstərirsiniz.
Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər qazanacaqsınız”.