MƏQALƏLƏR

Zülfü İLYASOV - Azərbaycan nəcib bəşəri istəklərə doğru irəliləyir

  • 02.02.2023

Azərbaycan dövlətinin son illərdə nəqliyyat sahəsində reallaşdırdığı layihələr qlobal anlamda diqqət mərkəzindədir. Xüsusilə, regionda və dünyada baş verən geosiyasi gerçəklər fonunda bu layihələrin önəmi artmaqdadır. Ölkəmizin ərazisində həm Orta Dəhlizdə, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı bütün işlər, demək olar ki, yekunlaşıb. Azərbaycan hazırda dəmir yolu xətlərinin bir hissəsini modernləşdirir. Eyni zamanda, Bakı-Yalama və daha sonra Ələt-Astara xətlərinin də modernləşdirilməsi nəzərdə tutulur. Cənab prezidentin də qeyd etdiyi kimi, indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi müqabilində məhduddur. Rəqəmlərə müraciət edək. Təkcə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə Azərbaycan ərazilərindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına biləcəyi ehtimal olunur. Dövlət başçısının təbirincə desək, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə də Şimal-Cənub Nəqliyyat Dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda bu layihə Rusiya üçün xüsusi prioritet kəsb etmişdir. Orta Dəhlizlə bağlı da ardıcıl və sistemli siyasət yürüdülür. Beş il öncə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun indiki dönəmdə əhəmiyyəti artmaqdadır. Sözügedən layihənin icrası zamanı xeyli gecikmələrin olmasına baxmayaraq, layihə uğurla gerçəkləşdi. Səbəbi isə təcavüzkar Ermənistanın layihədən kənarda qalmasıdır, çünki bu istiqamətdə işlərə bəzi Qərb qüvvələri əngəl olurdu. Digər bir problem isə maliyyə çatışmazlığı, beynəlxalq maliyyə qurumları tərəfindən layihəyə maraq göstərilməməsi idi. Azərbaycan dövləti neftdən ilkin gəlirlər əldə etdikdən sonra bu layihənin icrasına real imkan yaranmış oldu.
Belə ki, Gürcüstana 775 milyon dollar kredit verildi ki, bu da layihənin icrasına imkan yaratdı. Hazırda respublikamız qeyd edilən layihənin genişləndirilməsi ilə ciddi məşğuldur. Keçən il dövlət başçısının büdcədən 100 milyon manatdan çox vəsaitin ayrılmasına göstəriş verməsi və bunun bir hissəsinin artıq reallaşdırılması deyilənlərə sübutdur. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi ilə əlaqədar demişdir:
“Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər artıracağıq. Amma bu, kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edəcəyik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər görüşdə bu mövzu müzakirə edilirdi. Odur ki, Orta Asiyadan gedən yüklər üçün yeni yolların olması zərurət doğurur. Xəzər dənizindən keçən marşrutun vaxt baxımından çox diqqət çəkməsi, eyni zamanda Azərbaycanın müştərək tarif siyasəti həyata keçirməklə bu yolu iqtisadi cəhətdən cəlbedici etmək istəyi məsələnin aktuallığını daha da artırır. Hazırda bu istiqamətdə danışıqlar gedir. Lakin Orta Asiya ölkələrinin yükgöndərmə potensialı və həmin regiona Avropadan gedən yüklərin artan həcmi tələbatı tam ödəməyə imkan vermir. Yalnız Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bu məsələnin daha dolğun şəkildə həll olunmasına real imkan yaranacaqdır. Azərbaycan üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də strateji əhəmiyyət daşıyan projedir. Hər şeydən öncə, bu, Azərbaycan dövlətinin təbii haqqıdır və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamədə öz əksini tapmışdır. Həmin bəyannamədə açıq-aşkar şəkildə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının olması və Ermənistanın da bununla razılaşması öz ifadəsini tapıb. İki ildən artıq vaxt keçməsinə, Azərbaycanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Ermənistan bundan boyun qaçırmaq istəyir, regionda yeni nizam yaradılmasına mane olur.
Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur. Bu barədə Prezident İlham Əliyev DAVOS İqtisadi Forumunda keçirdiyi görüşlərdə vurğulamışdır ki, buna rəğmən, Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Respublikamızın müasir infrastrukturu - dəmir yolları, hava limanları, Qara dənizdə işləyən ən böyük donanması var. Bu gün Azərbaycan dünya nəqliyyat bazarında ciddi tərəfdir. Qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu isə tarixi zərurətdir.
Ermənistan istəsə də, istəməsə də bu layihənin reallaşması heç bir şübhə doğurmur. Çünki Azərbaycan ədalətli iş aparır, bütün beynəlxalq prinsiplərə uyğun hərəkət edir. Azərbaycan regionun lider dövləti olmaqla bərabər, dünya birliyinin nüfuzlu üzvüdür. O, dünyanın dörd bir yanına sülh, barış, əməkdaşlıq və firavanlıq mesajları göndərir. Bu isə ən nəcib və bəşəri istəkdir.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri