MƏQALƏLƏR

Akif Əlizadə - 90

  • 07.03.2024

 “Siz uzun illərdir ki, Azərbaycan elminin inkişafında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz”. 

Prezident İlham Əliyev

 Böyük alim, elm fədaisi, gözəl insan


Prezident İlham Əliyev Akif Ağa Mehti oğlu Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.


 

Bu günlərdə Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli akademik Akif Əlizadənin 90 yaşı tamam olub.
Akif Əlizadə nüfuzlu bir nəslin nümayəndəsidir. Onun ictimai davranışlarına, malik olduğu dəyərlərə mənsub olduğu nüfuzlu nəslin çox böyük təsiri olmuşdur. Alimin bir şəxsiyyət kimi formalaşmasında, erkən yaşlarından kamillik məqamına yüksəlməsində bu amilin çox ciddi təsiri olub.
Akif Əlizadə 1934-cü ilin 25 fevralında Bakının o dövrdə çox məşhur həkimləri Ağamehdi və Əfşan Əlizadələrin ailəsində dünyaya gəlib. Amma bu nəslin tanınmışları təkcə valideynləri deyildi. Akif müəllimin ata babası Axund Ağa Əlizadə zəmanəsinin ən görkəmli dini və ictimai xadimlərindən olmuşdur. 1954-cü ildə dünyasını dəyişmiş Axund Ağa Qafqaz Müsəlmanlarının 8-ci, Azərbaycan Xalq Cümhuriyyətinin isə ilk Şeyxülislamı idi.
Azərbaycanda məşhur olan və hər gün yüzlərlə insanın böyük sevgi ilə ziyarət etdiyi müqəddəs fenomen - Ağa Seyidəli Mir Mövsümzadə Akif Əlizadənin atasının doğma dayısıdır.
1924-cü ildə indiki Azərbaycan Tibb Universitetindən məzun olmuş gənclər sırasında atası Ağamehdi Əlizadə də var idi. Ağamehdi həkim Bakıda realnı məktəbi bitirmişdi. Rus və Azərbaycan dillərində gözəl təhsil almışdı. Evdə atasından fars və ərəb dillərini də mükəmməl öyrənmişdi. Tibb elmləri namizədi idi. Ömür-gün yoldaşı Əfşan xanım da qədim türk şəhəri İrəvanın əsilzadələr nəslindən çıxmışdı. O dövrdə sayı elə də çox olmayan qadın həkimlərimizdən biri kimi Azərbaycanda qadın fəallığı ənənələrinə töhfələr verirdi.
Əlizadələr ailəsində iki oğul övladı böyüyürdü. Akif və ondan iki yaş böyük qardaşı Məsud. Qardaşlar lap uşaqlıqdan xeyli irəli gedən bilik və bacarıqları ilə seçilirdilər. Nəsildən gələn fitri istedad hər addımda özünü göstərirdi. Qafqaz müsəlmanlarının dini lideri, görkəmli ruhani alim Şeyxülislam Axund Ağa Əlizadə ilə hər gün ünsiyyətdə olmaq, Mir Mövsüm ağa ilə qohumluğun şərəfini duymaq, tez-tez bu müqəddəs şəxsiyyətin ziyarətinə gedib onunla görüşmək qardaşlarda yaşlarına uyğun olmayan bir məsuliyyət doğururdu. Anlayırdılar ki, bunun ilkin məsuliyyəti çalışqanlıq, dərslərdə xüsusi səy göstərmək, cəmiyyətdə özlərini bu şəxsiyyətlərin adına layiq, nümunəvi aparmaqdır.
Akif Əlizadə orta məktəbi gümüş medalla bitirib. Arzusu Tibb Universitetinə daxil olmaq olsa da, bir təsadüf nəticəsində o, Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə qəbul olunur.
Tələbə ikən dərslərinə xüsusi səy göstərən Akif Əkizadə hələ tələbəliyin ilk illərindən qərara almışdı ki, atasının elm yolunu davam etdirsin. Ona görə də tələbəlikdən elmi işə qızğın maraq göstərirdi.
Tələbə elmi cəmiyyətində fəal iştirakı da bu marağın formalaşmasında böyük rol oynamışdı. Onun seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. Elmi araşdırmalara olan marağı onun həyatını Geologiya İnstitutuna bağlamışdır. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi və elm onun həmişəlik fəaliyyət məkanına çevrildi.
1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olmuşdur.
Bu institut onun rəhbərliyi dövründə Azərbaycan Elmlər Akademiyası sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin effektivliyi o dövrdəki ənənəvi göstəricilərə - namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin, təltif edildiyi mükafatların sayına görə kifayət qədər yüksək olmuşdu. Onlarla gənc tədqiqatçı keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli aspirantura və doktoranturaya ezam edilmişdi. İnstitut sürətlə beynəlxalq səviyyəyə çıxır, dəniz və okeanların öyrənilməsi üzrə beynəlxalq okeanoloji ekspedisiyalarda iştirak edirdi.
Geologiya və Geofizika İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən, palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular. İnstitutun alimləri dünyada ilk dəfə olaraq dəniz və okeanların su qatında submarin qazohidratları və qazları aşkar etmiş və öyrənmişlər. Bütün bunlar alimlərin fərdi zəhməti qədər institut əməkdaşlarına bu şəraiti yaradan, onları nailiyyətlərə həvəsləndirib motivasiya edən Akif müəllimin menecer məharətinin, tələbkarlığının, hər kəs üçün təmin etdiyi bərabər imkanların nəticəsi idi.
Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiya elminin də qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Burada təbii ki, ümummilli lider Heydər Əliyevin alimlərə dəstəyinin, onları fəal elmi tədqiqatlara ruhlandırmasının, alimlərimizdən nəticə gözləntilərinin də böyük rolu vardı.
Ötən əsrin 60-cı illərində elmin sürətli inkişaf tempi gənc alim Akif Əlizadənin istedadının parlaması üçün olduqca əlverişli mühit yaratmışdı. 1961-ci ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Səkkiz il sonra isə - 1969-cu ildə, cəmi 35 yaşında doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru oldu. Keçmiş SSRİ məkanından ən gənc yüksəkixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini kimi elm tarixinə düşdü.
Dərin elmi biliyi, təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti və insansevərliyi onun gənc yaşlarından institutun rəhbər vəzifələrində təmsil olunmasına imkan vermişdir. 1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.
Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Akif Əlizadə 1990-cı ildə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. Yüksək elmi potensiala və böyük təşkilatçılıq bacarığına malik olan alim 2007-ci ildən 2013-cü ilədək AMEA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır.
AMEA-nın vitse-prezidenti olduğu müddətdə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respub­likanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında ya­xından iştirak edən və yüksəkix­tisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəsi olan Akif Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.
Görkəmli geoloq-alim və böyük elm təşkilatçısı olan akademikin başlıca tədqiqat sahəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogençökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.
Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında da elmi yenilik akademik Akif Əlizadəyə məxsusdur.
Akademik Akif Əlizadənin elmi araşdırmaları təkcə paleontologiya və stratiqrafiya ilə məhdudlaşmır, oregionalgeologiya, tektonika, filizgeologiyası və hidrogeologiyaya aid məsələləri də daim diqqət mərkəzində saxlamışdır.
Alimin sonrakı elmi fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir. Dünya elmi daxili qabıqlı mollyuskaların öyrənilməsində A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, akademik Akif Əlizadənin də rolunu xüsusi qeyd edir. Təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – «Akifibelidlər» adlandırılmışdır.
Akademik Akif Əlizadə respublikanın elmi-ictmai həyatında da daima yaxından iştirak edir. O, 1991-ci ildən H.Z.Tağıyev mükafatları Milli Komitəsinin üzvü, Fövqəladə Hallar Nazirliyi yanında seysmik təhlükənin qiymətləndirilməsi və zəlzələlərin proqnozu üzrə respublika Ekspert Şurasının sədridir. 2013-cü il 10 dekabr tarixində Azərbaycan Respublikası Milli Atlasının redaksiya heyətinin yeni tərkibi yenidən təsdiq edildikdə, o redaksiya heyətinin sədr müavini vəzifəsinə seçilmişdir.
Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunmuş, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istiqamətində effektiv yollar müəyyənləşdirilmiş, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulmuşdur.
Təsadüfi deyil ki, Akif müəllimin direktoru olduğu Geologiya və Geofizika İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan elmi-tədqiqat mərkəzidir. İnstitutun tərəfdaşlarının sırası xeyli genişdir və bu coğrafiya ildən-ilə genişlənir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnologiya İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.
Kadr hazırlığı və qabaqcıl texnologiyaların tətbiqi məsələlərinin həlli də akademik Akif Əlizadənin böyük uğurudur. Onun dəstəyi ilə perspektivli kadrlar xarici ölkələrin elmi tədqiqat müəssisələrinə uzunmüddətli ezamiyyətə göndərilmiş, xarici universitetlərin aparıcı alimləri Geologiya İnstitutuna dəvət olunmuşdur. Eyni zamanda, MDB ölkələri və Sakit okean regionu alimləri ilə əməkdaşlıq aktivləşdirilmiş, əlaqələr bərpa edilmişdir. Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsi ilə əlamətdardır.
Yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə 10 ildən artıq müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə işlər görülmüşdür. Bu işlər nəticəsində əldə edilmiş məlumatlar dünyanın ən nüfuzlu elmi jurnallarında çap olunmuş, beynəlxalq konqres və konfranslarda məruzə edilmişdir. Bu məlumatlar bu gün geologiya sahəsində ən çox sitat gətirilən və tələb olunan elmi işlərdən sayılır. Bütün bunlar, təbii ki, akademik Akif Əlizadənin alim komandasını ümumi məqsədlər ətrafında bir araya gətirmək məharətinin gücüdür.
İnstitut geologiya elminin fundamental istiqamətləri ilə yanaşı, respublikanın mühüm iqtisadi inkişaf problemlərinin həllində də fəal iştirak edir. Akademikin rəhbərliyi ilə tərtib edilərək nəşr olunmuş səkkiz cildlik unikal fundamental əsərlər - "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini hələ on illər sonra da qoruyub saxlayacaq.
Akademik Akif Əlizadə müasir inkişaf meyillərinə, elmdəki qlobal çağırışlara çox həssasdır. Bu da onun hər zaman özünü inkişaf etdirmək, oxuyub-öyrənmək, dünya elmində gedən proseslərdən xəbərdar olmaq və mütərəqqi yenilikləri Azərbaycan elmində də tətbiq etmək marağından irəli gəlir. Elmlə təhsilin inteqrasiyasının faydalarını dərindən duyan akademikin təşəbbüsü və bilavasitə rəhbərliyi əsasında Geologiya və Geofizika İnstitutunda 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin baza kafedraları yaradılıb.
Elə 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildikdən sonra da akademik Akif Əlizadənin ilk addımlarından biri məhz bu istiqamətdə oldu. Elmlə təhsilin inteqrasiyası, elmi kadr potensialının inkişafı, gənclərin elmə marağının artırılması məqsədilə akademikin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradıldı.
Ümumiyyətlə, AMEA prezidentliyi akademik Akif Əlizadənin həyatında da, milli elmimizin inkişafında da yeni bir mərhələdir. Akademik Akif Əlizadənin rəhbərliyi dövründə AMEA-da çox ciddi islahatlar aparılıb. Bir sıra fundamental təşəbbüslər icra edilib. Dünya elminə sürətlə inteqrasiya, qabaqcıl metodlara və texnologiyalara yiyələnmək və zamanın tələblərinə uyğun gənc elmi kadrların hazırlanması məsələləri rəhbər kimi onun əsas məramıdır.
Azərbaycan elminə həsr etdiyi ömür yolunda akademikin layiq görüldüyü mükafatlar çoxdur. 1970-ci ildə "Fədakar əməyə görə" medalı, 1986-cı ildə "Şərəf nişanı" ordeni, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı və Dövlət Mükafatı, 2004-cü ildə "Şöhrət" ordeni, 2008-ci ildə "Şərəf" ordeni, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü və Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və mədəniyyət fədakarı" fəxri nişanı, elə həmin il Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib.
Elmi fəaliyyətinin geologiya sa­hə­sinə aid olmasına baxmayaraq, humanitar elmlərə, ədəbiyyata, şeirə, sənətə də böyük maraq göstərən, hərdən özü də kövrək duyğularını şeirə çevirən Akif müəllimin ziyalı şəxsiyyəti hamıya örnəkdir.
Akademikin dərin ziyalılığı, yük­sək mədəniyyəti, intellektual səviyyəsi, insanlarla asanlıqla dil tapmaq bacarığı, xeyirxahlığı, qayğı­keşliyi, görülən işə ciddi və tələbkar münasibəti onun uğurlarının səbəbidir.
Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya, ən başlıcası, yüksək mənəviyyata malik elm fədaisi Akif Əlizadəyə ömrünün 90-cı zirvəsində möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Akademik
Ziyad SƏMƏDZADƏ