MƏQALƏLƏR

Azərbaycan iqtisadiyyatı, ölkənin xarici iqtisadi əlaqələri dünən, bu gün, sabah (davamı)

  • 14.03.2024

Sual: Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi nədən ibarətdir və malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti nə qədərdir?
Cavab: Bununla bağlı Gömrük Məcəlləsinin 30-cu fəslinin 176-cı və 179-cu maddələrinə müraciət etmək lazımdır.
Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi
176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.
176.3. Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
176.4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 179. Malların müvəq­qəti saxlanc gömrük proseduru altında qalma müddəti.
179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir.
179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.
179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.