PORTRET

Görkəmli ictimai-siyasi xadim - SABİT ABBASƏLİYEV

  • 11.05.2012

İnsanın ömrünü gözəlləşdirən, mənalı edən onun əməlləri və gördüyü işlərdir. Belələri həyatlarının mənasını xalqına və vətəninə xidmətdə görür, hansı sahədə işləmələrindən asılı olmayaraq başqalarına nümunə olurlar. Belə bir həyat yaşamaq isə tale işidir və hər kəsə nəsib olmur. Belə insanlardan biri də cəmi 50 il şərəfli ömür yaşamış ictimai-siyasi xadim Sabit Qasım oğlu  Abbasəliyev idi. Özü üçün aktiv həyat tərzi seçən S.Abbasəliyev  komsomol, partiya işçisi, daha sonra görkəmli dövlət xadimi kimi şərəfli həyat yolu keçmişdir.

Sabit Abbasəliyev 12 may 1932-ci ildə ulu Borçalının Sarvan (indiki Marneuli) rayonunun Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra həmin təhsil müəssisəsində institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə Bakı Şəhər Komsomol Komitəsinin ikinci katibi seçilmişdir.

1962-ci ildən 1964-cü ilə qədər S.Abbasəliyev Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsində təlimatçı işləmiş, 1964-cü ildə Bakı Neftayırma zavodunun partiya komitəsinin katibi seçilmişdir. 1965-ci ildə Azərbaycan KP MK-nın Neft və Kimya Sənayesi şöbəsinin müdir müavini vəzifəsinə irəli çəkilmişdir.

1971-ci ildə Sabit Abbasəliyevin qabiliyyətini, savadını, müsbət iş keyfiyyətlərini nəzərə alaraq o vaxtlar Azərbaycan Kommunist Partiyasının birinci katibi, Ulu öndərimiz Heydər Əliyev ona böyük etimad göstərmiş, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə göndərmişdir. Onun fəaliyyəti illərində şəhər tikinti meydanına çevrilmiş, abadlıq işləri geniş vüsət almış, yeni səhiyyə və təhsil ocaqları, ticarət mərkəzləri tikilmiş, şəhər sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Təbii ki, S.Abbasəliyevin yorulmaz fəaliyyəti, təşkilatçılıq bacarığı, vətənpərvərliyi və milli düşüncə tərzinin yüksək olması respublika rəhbərliyinin diqqətindən kənar qalmadı.

1974-cü ildə o, daha məsul vəzifəyə-Azərbaycan Respublikasının Dövlət Statistika İdarəsinə rəis təyin edildi. Bu vəzifədə çalışarkən S.Abbasəliyev gənc, vətənpərvər və savadlı milli kadrların yetişdirilməsinə və irəli çəkilməsinə xüsusi diqqət yetirmiş və deyə bilərik ki, bu gün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində çalışan məsul işçilərin əksəriyyəti Sabit müəllimin o vaxtlar işə gətirdiyi kadrlardır. 1979-cu ildə Sabit Abbasəliyev daha yüksək vəzifəyə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. S. Abbasəliyevin dövlət xadimi kimi istedadı və təşkilatçılıq qabiliyyəti Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışdığı dövrlərdə özünü daha qabarıq göstərmiş, burada mütəxəssislərin işini respublikada həlli vacib olan xalq təsərrüfatı problemlərinə yönəldə bilmişdir.

S. Abbasəliyevin hansı sahədə çalışdığına baxmayaraq, həmişə prinsipial mövqe və inadkarlıq göstərərək ona tapşırılmış sahədə işlərin öhdəsindən layiqincə gəlmişdir. O, özünün tükənməz enerjisi, mükəmməl iş qabiliyyəti və tabeçiliyində olanlara qarşı yüksək tələbkarlığı ilə rəhbərlik etdiyi kollektivi iş metodlarının daim təkmilləşdirilməsinə, tərəfdaş təşkilatlarla işgüzar əlaqələrin və sıx iş birliyinin qurulmasına istiqamətləndirilə bilmişdi. S.Abbasəliyevə xas olan əsas xüsusiyyətlərdən biri də onun yeniliyi hiss etməsi, proqresiv ideyaların tətbiqinə tükənməz inadkarlıqla çalışması, irimiqyaslı məsələlərin dəqiq və aydın qoyulması, onların vaxtında və keyfiyyətli həll edilməsinə nail olmasını qeyd etmək lazımdır.

Böyük vətənpərvər, obyektiv və ədalətli olması, eyni zamanda, ciddilik, tələbkarlıq, insanların müsbət keyfiyyətlərinin qiymətləndirilmək bacarığı kimi xüsusiyyətləri onun xasiyyətinin vəhdətini təşkil edirdi. Azərbaycanın ictimai-siyasi xadimləri sırasında milli təəsübkeşliyi, təmiz ad-sanı ilə tanınan Sabit Abbasəliyevin vətən qarşısındakı xidmətlərinin layiqli mükafatı kimi Ulu öndərimiz Heydər Əliyev onun Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni ilə təltif olunması barədə SSRİ hökuməti qarşısında məsələ qaldırmış və buna nail olmuşdur.

Sabit Abbasəliyevin keçdiyi şərəfli həyat yolu bugünkü və gələcək nəsillər üçün sözün həqiqi mənasında nümunə ola bilər. Sabit Abbasəliyev qısa ömür yolu keçməsinə baxmayaraq həyatının ən önəmli illərini Azərbaycanın çiçəklənməsinə, güclənməsinə, iqtisadi potensialının artmasına həsr etmiş, Heydər Əliyevin sədaqətli silahdaşı olmuşdur. Onun bütün fəaliyyətində, mənəviyyatında vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət hissi səciyyəvi olmuşdur.

Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri kimi məsul vəzifələrdə işləmiş, tükənməz həyat enerjili ictimai-siyasi xadim Sabit Qasım oğlu Abbasəliyevin həyat yolu gələcək nəsillərə örnəkdir. Bu görkəmli ziyalı və gözəl insanın adı, əməlləri, nurlu-işıqlı ömrü onu tanıyanların  yaddaşında daim qalacaqdır.

Əmirxan Babaşov

Azərbaycan Respublikası  Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin
baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviri, iqtisad elmləri namizədi, dosent