SAĞLAMLIQ

Dərman preparatları ilə qida arasındakı uyğunsuzluq

  • 17.04.2009

Dərman preparatları ilə qida arasındakı uyğunsuzluq

Ən sağlam insan da vaxtaşırı olaraq adi hesab etdiyimiz dərmanlara müraciət etmək məcburiyyətində qalır. Baş ağrısı, boğaz ağrısı, diş ağrısı, öskürək əleyhinə, hipertoniya əleyhinə, qanazlığına qarşı dərmanlar,  antibiotiklər və s. insanların daha tez-tez istifadə etdiyi dərman vasitələridir. Lakin elə hallar da olur ki, xəstə  təyin olunmuş dərmanı düzgün qaydada qəbul etməsinə baxmayaraq, onun təsir effektini görmür, bəzən isə əksinə təsir etdiyinin şahidi olur. Bu zaman çoxumuzun ağlına  gələn ilk fikir dərmanların dozasının düzgün təyin edilməməsi, yaxud  dərmanların saxta olması məsələsi  olur.   Doğrudur, son zamanlar bu problem çox ciddi şəkil almışdır və bununla mübarizə üçün xüsusi tədbirlər görülməkdədir. Lakin qəbul edilmiş dərman preparatlarının düzgün təsir etməməsinin daha bir səbəbi də  insanın qidalanması ilə sıx əlaqədar ola bilər. Belə ki, mütəxəssislər tərəfindən aparılmış təcrübələr göstərmişdir ki, istənilən  dərman preparatının qəbulu zamanı bəzi qida məhsullarına müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bu işdə insanlar diqqətli olmalı, peşəkarlardan məsləhət almalıdırlar. Bunları nəzərə alaraq, daha çox istifadə edilən dərman maddələrinin bəzi qida məhsulları ilə uyğun olub-olmamasını diqqətinizə çatdırırıq. Əminik ki, bunlar hər kəsə gərək ola bilər.

Tetrasiklin qrupu antibiotikləri, eləcə də tərkibində kofein olan (askofen, sitramon, kaffetin) dərman preparatlarını südlə, kefirlə, kəsmiklə qəbul etmək olmaz. Bu zaman dərmanlar ən azı təsir göstərməyəcək.

Dəmir preparatlarını çayla, kofe ilə, südlə, qozla, müxtəlif taxıl məhsulları ilə qəbul etdikdə onların orqanizm tərəfindən mənimsənilməsi pozulur.

Kalsium preparatlarının soyuq içkilər, qazlı su, tərkibində limon turşusu olan şirələrlə qəbul edilməsi yolverilməzdir.

Eritromisini, ampisillini meyvə və tərəvəz şirələri ilə içmək olmaz.

Sulfadimetoksin, biseptol, teofillin, ətlə, balıqla, pendirlə, paxlalı bitkilərlə, bir sözlə, zülali maddələrlə birlikdə mənimsənilmir.

Aspirin və tərkibində asetil salisil turşusu olan digər dərmanlar, 5-nok, furagin yağla, xama ilə, yağlı məhsullarla qəbul edilməməlidir.

Parasetamol, sulfadimetoksin, biseptol, furosemid, simetidin kimi dərman maddələrini  qara gavalı, çuğundur, şirniyyat və un məmulatları, eləcə də  işlədici vasitələrlə birlikdə qəbul etmək məsləhət deyil.

 Baralgin, analgin, ponadol, spazqan, parasetomol, maksiqan  kimi preparatlar hisə verilmiş kolbasa ilə uyğun gəlmir.

Sulfanilamidlər: biseptol, etazol, sulfalen və s. göyərti, şomu, süd, qaraciyər, taxıl məhsulları ilə qəbul edilməməlidir.

 

Hazırladı: S.Aytən