MƏQALƏLƏR

Nəcəf bəy Vəzirov (1854-1926)

  • 02.12.2021

Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun, bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olmuş, bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.
Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. O, ilk təhsilini dini məktəbdə almışdır. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Hələ gimnaziyada oxuyarkən o, böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun həyata baxışlarına böyük təsir göstərmişdir. Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək, mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlayır.
1874-cü ildə N.Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir, Petrovski-Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.
N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarda iştirak edir. Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə "İmdadiyyə" adlı dərnək təşkil edir.
1878-ci ilin iyun ayında N.Vəzirov Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib, təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasında meşəbəyi vəzifəsində çalışır.
1890-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi-azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb, meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri onun xoşuna gəlmir.
O, 1895-ci ildə Bakıya köçmüş, burada lazımi imtahanları verib vəkillik vəsiqəsi almış və məhkəmələrdə çalışmışdır. O, Bakıda uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirmiş, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanı-zəmanə" kimi klas­sik əsərlərini yaratmış, Azərbaycan ədə­biyyatında faciə janrının əsasını qoymuşdur.
N.Vəzirov 1903-cü ildə Bakı dumasına katib seçilmiş, az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilmiş və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının tərəqqisi üçün yeni məktəblərin, müxtəlif maarif ocaqlarının açılması işində yaxından iştirak etmişdir.
1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaratmışdır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərdə "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazmış, digər tərəfdən dram dərnəklərinə rəhbərlik etmiş, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir. 1913-cü il noyabr ayının 15-də "Şəfa" maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər.
Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirlər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili", fransız məzhəkəsi "Vəkil Patelen"i isə "Dələduz" adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez-tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.
Nəcəf bəy Vəzirov 1926-cı il iyul ayının 9-da vəfat etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəcəf bəy Vəzirov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.