Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib

  • 27.02.2021

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev dedi:

-Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.

Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.

Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.

Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm.

Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim. Buyurun.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev: Möhtərəm cənab Prezident, icazənizlə yerli və xarici media nümayəndələrinin iştirakı ilə mətbuat konfransımıza başlayırıq. Söz verilir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə.

Azərbaycan Televiziyası: İlk növbədə, bu imkanı yaratdığınıza görə təşəkkür edirəm. Siz artıq qeyd etdiniz ki, Xocalı soyqırımının törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətliama soyqırımı kimi qiymət verilib. Bəs, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına münasibəti necə qiymətləndirirsiniz, onların mövqeyini necə qiymətləndirmək olar? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bilirsiniz, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə, bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin.

Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var.

Ona görə, mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır.

Türkiyənin “TRT Haber” telekanalı: Cənab Prezident, əvvəlcə, Xocalıda şəhid olanları rəhmətlə anırıq. Sizi də Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirik. Qarabağ Zəfərindən dərhal sonra Ermənistanda davamlı daxili siyasi qarışıqlıqlar müşahidə olunur. Siz bu məsələyə - Ermənistanda baş verənlərə necə baxırsınız? Orada baş verənlərin Sizin və Prezident Ərdoğanın bir əməkdaşlıq formatı təklifi vardır, ona bir mənfi təsiri ola bilərmi? Digər tərəfdən, orada hər hansı bir hakimiyyət dəyişikliyi ilə bağlı Azərbaycanın bölgədə hərbi tədbirləri artırması planlaşdırılırmı?

Prezident İlham Əliyev: Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışımda, o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni, mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:30-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilmişdir.

Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı işğal altında nə qədər çox saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər.

Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər.

Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq.

Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.

-Rusiyanın TASS agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. İcazə versəniz, Sizə iki sualım var. Birinci sual logistikaya aiddir. Bu yaxınlarda Füzulidə aeroport tikintisinin başlanması barədə xəbər verilib. Siz belə işlərin aparılmasını, onlara heç nəyin mane olmamasını, obyektin hansı müddətdə istifadəyə verilə biləcəyini və bu aeroportun beynəlxalq hava limanı olub-olmayacağını təsdiqləyə bilərsinizmi? İkinci sualım koronavirusa qarşı vaksinlərlə bağlıdır. Biz ümid edə bilərikmi ki, Rusiya vaksinləri Azərbaycanda qeydiyyata alınacaq? İcazə versəniz, şəxsi xarakterli bir sualım da var. Siz özünüz peyvəndlənəcəksinizmi və hansı preparata üstünlük verəcəksiniz? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Füzulidə tikilən aeroport məsələsinə gəldikdə, bu işlər artıq başlanıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Bu proses başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək.

Əlbəttə, aeroportun tikintisinin nə vaxt başa çatacağını qabacadan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-gəlişin mümkünlüyü ilə bağlı məsələlər çətinlik doğurur. Lakin biz ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək. İstəyirik ki, bu, payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək. Ona görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq.

Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra.

Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.

“CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik.

Bununla əlaqədar, onu da qeyd etmək istərdim ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk.

“Ukraina-24” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Mən “Ukraina-24” telekanalının jurnalistiyəm. İcazənizlə, sual vermək istərdim. Ukrayna Azərbaycanda baş verən hadisələri həmişə izləyib və izləyir. Sizin təcrübəniz bizim üçün çox vacibdir. Ümidvaram ki, yaxın gələcəkdə biz də öz torpaqlarımızı qaytaracağıq. Sualım da, bir növ bu barədədir. Deyin, indi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası dövründə Azərbaycan hansı çətinliklərlə üzləşir? Bilirəm ki, döyüş əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat-partizan fəaliyyəti cəhdləri olmuşdu. Bu məsələni necə həll etdiniz? Dinc vətəndaşların qayıtması məsələsini necə həll edirsiniz ki, onlar sülh şəraitində və təhlükəsiz yaşasınlar? Sağ olun.

Prezident İlham Əliyev: Siz haqlısınız. Bizdə olan məlumata görə, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil. Bildiyiniz kimi, hərbi əməliyyatlar başa çatandan sonra noyabrın 10-da Rusiya Federasiyasının sülhməramlı missiyası sülhməramlıların məsuliyyət daşıdığı ərazinin xəritələrini dərc edib. Bu xəritələr daim saytdadır. Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs – mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb. Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir.

Başqa çətinliklərə gəldikdə isə, əlbəttə, biz başqa təxribat qruplarının keçməyəcəyinə qarantiya vermirik. Lakin biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz.

Bu gün bizim müzakirə etdiyimiz daha bir məsələ, əlbəttə, keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsidir. Lakin ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır.

Buna görə indi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.

Böyük Britaniyanın “Teleqraf” qəzeti: Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm. Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq?

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görmək üçün mən sizi 10 noyabr Bəyanatı ilə tanış olmağa dəvət edirəm. Mən, Rusiya Prezidenti və Ermənistanın baş naziri ona imza atmışıq. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq. Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı bir məmuru deyil, özü bizə Füzuli, Şuşa, Cəbrayıl və digər rayonlarımızdan qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandıracağıq. Yəni, biz bunu sülh yolu ilə edə biləriksə, müharibə dayanacaq.

Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Həmin sənəd Ermənistanın baş naziri tərəfindən imzalanıb: Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq. Mən öz sözümə əməl etdim. Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.

Daha bir məsələni qeyd edə bilərəm. Hazırda bizim azad etdiyimiz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur. Biz sərhədə gəldik, sərhədə yerləşdik, sərhədi keçmədik. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, çünki sizə deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni, biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyətə imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir.

Türkiyənin CNN televiziya kanalı: Bu gün mühüm bir tarixin ildönümüdür. Xocalı soyqırımı törədilərkən, Qarabağ müharibəsində dinc insanlar öldürülərkən bir çox ölkələr susdular. Burada faciə yaşanarkən dünyanın susması ilə bağlı fikirlərinizi bilmək istəyirəm. İkinci sualım isə belədir: Qarabağda hazırda hansı işlər görülür? Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Siz tam haqlısınız. Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qıtlığı var idi. Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır - səriştəsiz idarəçilik, böhranlı vəziyyət, orduda nizam–intizamın olmaması. Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb o idi ki, dünya bunu görmək istəmirdi, çünki bu, - biz bunu sonra anladıq, - müəyyən dərəcədə mövcud stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki birinci Qarabağ müharibəsi başlayanda demək olar əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu. Ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var. Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmalıdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, Sovetlər Birliyi dağılandan sonra Amerika Konqresi azadlığa dəstək aktı qəbul etmişdi. Bu qanun bütün keçmiş müttəfiq respublikalara yardım məqsədilə qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Səbəb o idi ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb. Necə almışıq ki, bizim torpaqlarımız işğal altına düşüb?! Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var - 907-ci düzəliş. Azadlığa dəstək aktının 907-ci düzəlişi bizə sanksiyalar tətbiq edir. Bu qədər ədalətsizlik ola bilərmi? Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir.

O ki qaldı, ikinci sualınıza, bizim soydaşlarımız öz torpaqlara nə vaxt qayıda bilərlər? Bilirsiniz, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik.

O ki qaldı, böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Biz 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı tutulur. Biz bu məsələ üzərində də fəal çalışırıq.

Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbəri: Cənab Prezident, əvvəlcə, təşəkkürümüzü bildiririk. Burada bizi qəbul etdiniz. Türkiyənin Qlobal Jurnalistlər Şurasının 40 ölkədə nümayəndəliyi var. Azərbaycan da bunlardan biridir. Türkiyədə bütün şəhərlərdə nümayəndəsi olan, Ankarada Baş Qərargahı, İstanbulda ofisi olan bir təşkilatın rəhbəri olaraq buraya xarici mətbuat nümayəndələri, xarici jurnalistlərlə birlikdə gəldik. Sizə təşəkkür plaketimiz var. Onu Sizə təqdim edəcəklər. Sualıma gəldikdə, Siz dediyiniz kimi, beynəlxalq ictimaiyyətin ciddi əleyhinə olduğu 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan kimi uğurla yekunlaşdırdınız. Bununla bağlı Sizi təbrik edirik. Təbii ki, bundan sonrakı proses mühüm əhəmiyyət kəsb edir. Müharibə başa çatıb. Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var - Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz. Sizə görə bu müharibə həqiqətən yekunlaşıbmı, başa çatıbmı? Bundan sonra iki ölkə, iki xalq sülh şəraitində qonşuluq münasibətləri ilə həyatlarına davam edəcəklərmi? Bundan sonra proseslər necə olacaq? Bu, sualımın bir hissəsi. İkincisi, bildiyimiz kimi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Bu mərkəz nə işlə məşğul olur, hansı işləri görür? Bu da maraqlıdır. Bu mərkəzə funksiya verildimi? Hansı vəzifələri öhdəsinə götürdü? Türkiyənin 44 günlük müharibədəki rolunu bilirik. Öhdəsinə götürdüyü vəzifələri bilirik. Amma sülhdən sonra Türkiyənin missiyası nə olacaq? Bununla bağlı məlumat verə bilərsinizmi? Çox təşəkkür edirəm, hörmət və ehtiramımı bildirirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, statusla bağlı sualınıza cavab vermək istərdim. Mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı. Yəni, Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış Bəyanat bunu təsdiqləyir.

O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı da bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir. Mən sizə bir misal gətirim. Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman” erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Bizim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Biz nə qədər səy göstərsək də, - Qırmızı Xaç da bunun şahididir, biz bunu Qırmızı Xaçın iştirakı ilə edirdik, - ondan imtina etdilər. O yaşlı kişi bizdə qaldı. Qırmızı Xaç onu bizim köməyimizlə xəstəxanaya yerləşdirdi. Bütün səylərə baxmayaraq, bir müddətdən sonra o rəhmətə getdi. Biz bunu da edirdik. Amma onların cavabı nə oldu. Ona görə, biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin.

Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu Bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Əgər olarsa, bunu kim törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər, - əgər dediyim o diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, - hər hansı bir ciddi qarşıdurma olmamışdır. Hesab edirəm ki, bu monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.

Növbəti sualınız Türkiyə tərəfinin fəaliyyəti ilə bağlıdır. Dediyiniz kimi, Türkiyənin missiyası nə olacaq? Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Hətta, dünən Türkiyənin rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə bəllidir. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Rusiyanın RİA-Novosti agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. Bu günlərdə biz Laçın rayonunda olduq. Şəxsən mən ilk dəfə idi ki, orada olurdum. İlk baxışda, əlbəttə, gözəl yerlərdir və başa düşürük ki, oranın böyük potensialı var. Lakin, eyni zamanda, orada olarkən başa düşdük ki, bu yerlərin dirçəldilməsi üçün hələ çox iş görülməlidir. Əlbəttə, müharibədən sonra bu ərazilərin minalardan təmizlənməsi prosesi bununla birbaşa bağlıdır. Bəlkə də bu rəqəmlər artıq səsləndirilib, ola bilsin yeni məlumatlar var. Hələ nə qədər ərazini minalardan təmizləmək lazımdır? Siz hansı müddətləri müəyyən edirsiniz? Rusiya mətbuatının nümayəndəsi kimi bilmək istərdim, bu ərazilərdə infrastrukturun bərpası prosesində iştirak edə biləcək Rusiya şirkətləri ilə danışıqlar aparılırmı və əgər aparılırsa, hansı şirkətlərlə? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yolun başlanğıcındayıq. Biz hələ cəmi bir neçə min hektar ərazini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm. Bu bölmələr artıq formalaşıb. Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatəmizləmə üzrə Dövlət Agentliyinin yaradılması barədə Sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalaşıb. Agentliyin səmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracağıq. O cümlədən ən müasir avadanlıq, distant xarakterli robotlar və minatəmizləyən maşınlar alınacaq. Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq. Birinci istiqamət Müdafiə Nazirliyi, ikinci istiqamət Minatəmizləmə Agentliyidir. Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib. Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər. Hazırda biz bu istiqamətdə təcrübəyə malik olan bir neçə şirkətlə danışıqlar aparırıq, ancaq bu danışıqlar hələ başa çatmayıb. Orada razılaşmalar gedir. Lakin biz bütün imkanlardan maksimum istifadə edəcəyik. Yeri gəlmişkən, agentliyin rəhbəri vəzifəsinə təyin edilən şəxsə də demişəm, biz istəyirik ki, bu işdə Azərbaycan şirkətləri də iştirak etsinlər, çünki bu iş, təəssüf ki, bir ilin işi deyil. Minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. Buna görə yerli şirkətlər də bu işə qoşulmalıdır.

Metodologiyaya gəldikdə,