MƏQALƏLƏR

Aytən SƏMƏDZADƏ: İqlim və ətraf mühit

  • 12.08.2021

İqlim dəyişikliyi planetin bütün bölgələrində müşahidə olunur və bu proses getdikcə daha da intensivləşir. Ortaya çıxan bəzi dəyişikliklərin geri dönməsi artıq mümkünsüzdür. Bu barədə Cenevrədə bu günlərdə açıqlanan Hökumətlərarası İqlim Panelinin hesabatında deyilir.


Görünməmiş dəyişikliklər
İnsan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyi, bu gün planetin bütün bölgələrində çoxsaylı ekstremal hava hadisələrinə səbəb olur. Üstəlik, alimlərin fikrincə, Yerin bütün iqlim sistemi dəyişir və bu dəyişikliklər atmosferin, okeanların, buz təbəqələrinin və Yer səthinin vəziyyətinə mənfi təsir göstərir.
Bu dəyişikliklərin çoxu görünməmişdir və bəzi dəyişikliklər - məsələn, dəniz səviyyəsinin yüksəlməsi - qarşıdakı əsrlərdə və hətta minilliklər ərzində əvvəlki vəziyyətinə dönə bilməz. Təşkilatın mütəxəssislərinin fikrincə, 2030-cu ilə qədər karbon qazı tullantılarının yarıya, 2050-ci ilə qədər isə tamamilə azaldılmayacağı təqdirdə Yerdəki temperatur həddi pozula bilər. Nəticədə qarşıdakı onilliklərdə planetdə qasırğaların və geniş yayılmış yanğınların baş vermə ehtimalı çox yüksəkdir. Bunların çoxunun qarşısını almaq, demək olar ki, mümkün deyil. İstiləşmənin uzun müddət davam etməsi okeanların turşlaşmasının getdikcə artmasına səbəb olur, dağ və qütb buzlaqları daha sürətlə əriyir. Hesabatda deyilir ki, vaxtilə 100 ildə bir dəfə baş verən dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədar ekstremal hadisələr 2100-ci ilə qədər ən azı ildə bir dəfə baş verə bilər.
Hesabatın müəlliflərinə görə - dünyanın 66 ölkəsindən 234 mütəxəssisin fikrincə, atmosferə buraxılan istixana qazlarının tərkibindəki zərərli maddələrin tullantılarını əhəmiyyətli dərəcədə azaltmaqla iqlim dəyişikliyinin miqyasını məhdudlaşdırmaq bəşəriyyətin səlahiyyəti daxilindədir. Eləcə də qısa müddətdə havanın keyfiyyətini xeyli yaxşılaşdırmaq və qlobal istiliyi sabitləşdirmək mümkündür.


Bəşəriyyət üçün həyəcan təbili
"Sıfır tullantılar" karbon qazının tullantılarının miqdarının okeanların və meşələrin udduğu miqdarı keçməməsi deməkdir.
BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, İşçi Qrupunun hesabatı bütün bəşəriyyət üçün həyəcan siqnalı kimi qəbul olunmalıdır. BMT-nin rəhbəri alimlərin axtarışlarını şərh edərkən xatırlatmışdır ki, beynəlxalq birlik qlobal temperatur artımının 1,5 dərəcədən çox olmaması ilə bağlı razılığa gəlib, lakin yaxın gələcəkdə təcili tədbirlər görülməzsə, bu hədd keçilə bilər. Bunun baş verməməsi üçün qətiyyətlə hərəkət etməliyik. O qeyd edib ki, noyabr ayında Qlazqoda keçiriləcək iqlim konfransı ərəfəsində bütün ölkələr, xüsusən G20-yə daxil olan ölkələr, Sıfır Emissiya Koalisiyasına daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərini bir daha təsdiq etməlidirlər.


Zaman tükənmək üzrədir
Hesabatda göstərildiyi kimi, insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının tullantıları qlobal iqlimin 1850-1900-cü illərdə təxminən 1,1 dərəcə selsi ilə istiləşməsinin əsas səbəbi olmuşdur. Bu səviyyənin qarşıdakı 20 il ərzində orta hesabla 1,5 dərəcəyə çatacağı və ya onu keçəcəyi gözlənilir.
Ekspert işçi qrupunun həmsədri V.M.Delmot demişdir: "Bu hesabat reallığın qarşıdakı onilliklərdə nə olacağına dair aydın qiymətləndirmədir".
“İndi Yer iqliminin keçmişi, bu günü və gələcəyi haqqında daha aydın bir təsəvvürümüz var. Bu, hara getdiyimizi, hələ nələr edə biləcəyimizi və gələcək dəyişikliklərə necə hazırlaşmalı olduğumuzu anlamaq üçün çox vacibdir".
Alimlərin proqnozlarına görə, qarşıdakı onilliklərdə planetin bütün bölgələrində iqlim dəyişiklikləri artacaq, xüsusən də uzun müddət davam edən istilik dalğalarının dövrləri çoxalacaq və soyuq mövsümlər azalacaq.
Qlobal istiləşmənin 2 dərəcə selsi artmasından xüsusilə kənd təsərrüfatı əziyyət çəkəcək və sağlamlıq sistemlərinə təzyiq artacaq.


İqlim dəyişikliyinin acı nəticələri nə ola bilər?
Beləliklə, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün atmosferə atılan zərərli tullantıları azaltmaq lazımdır. Ancaq bu, yalnız temperaturun artması deyil. İqlim dəyişikliyinin müxtəlif sahələrdə bir çox gözlənilməz nəticələri ola bilər, o cümlədən:
● İqlim dəyişikliyi su dövriyyəsini artırır, bəzi bölgələrdə şiddətli yağış və bununla əlaqədar daşqınlara, digər bölgələrdə isə həddindən artıq quraqlığa səbəb olur;
● İqlim dəyişikliyi yağıntıların xarakterinə də təsir göstərir. Yüksək enliklərdə yağış ehtimalı artır, əksər subtropiklərdə isə azalır;
● Sahil bölgələrində dəniz səviyyəsinin yüksəlmə meyli 21-ci əsrdə də davam edə bilər, bu da öz növbəsində aran sahələrin daha tez-tez və şiddətli su basmasına və torpaq eroziyasına gətirib çıxara bilər. Dəniz səviyyəsində 100 ildə bir dəfə meydana gələn həddindən artıq dəyişikliklərin bu əsrin sonlarına doğru hər il baş vermə ehtimalı da yüksəkdir;
● Davamlı istiləşmə Arktikadakı əbədi buzlaqların əriməsini, qar örtüyünün azalmasını və buzlaqların kiçilməsini gücləndir bilər;
● Dünya okeanlarının vəziyyətindəki dəyişikliklər daha çox isti axınların gəlməsinə səbəb olur ki, bu da okeanın ekosisteminə və balıqçılıqla məşğul olan insanların vəziyyətinə mənfi təsir edə edə bilər;
● İqlimin istiləşməsi şəhər sakinlərinin həyatına və məişətinə də təsir edə bilər, onlar həm də sahil bölgələrində şiddətli yağış və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən daşqınlarla üzləşə bilər.
V.M.Delmot, "Yer kürəsi iqlimindəki dəyişikliklərə insanların təsir dərəcəsini uzun illər araşdırarkən qeyd etməliyik ki, antropogen təsirin mənfi rolu şübhəsizdir", deyir: “ Atmosferdəki karbon qazının artması iqlim dəyişikliyinin əsas səbəbidir və biz bu amili olduğu kimi qəbul etməli və təcili tədbirlər görməliyik".

Hazırladı: Aytən SƏMƏDZADƏ