MƏQALƏLƏR

336

Azərbaycan-Türkiyə qardaşlığı səmimi, sarsılmaz və ƏBƏDİDİR

  • 26.08.2021

Təməlində dostluq və qardaşlıq münasibətləri, xalqların birliyi amili dayanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünya miqyasında analoqunu tapmaq mümkün deyil. Bu əlaqələr zaman-zaman tarixi sınaqlardan layiqincə çıxaraq, möhkəmlənib və sarsılmaz olub.
Belə sınaqlardan biri ötən il torpaqlarımızın azadlığı ilə nəticələnən Vətən müharibəsi oldu. Müharibənin ilk günündən Türkiyənin siyasi-hərbi rəhbərliyi Azərbaycana açıq şəkildə və qətiyyətlə dəstək verdi, respublikamızın mövqeyini sona qədər dəstəkləyəcəyini bəyan etdi. Türkiyə rəhbərliyinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu. Ermənistanın təəssübünü çəkən siyasi dairələr gördülər ki, Azərbaycan tək deyil.
«Türkiyə-Azərbaycan dostluğu, qardaş­lığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ mü­haribəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı», - deyə Prezident İlham Əliyev bu barədə bildirib.
2021-ci il iyul ayının sonlarından isə Türkiyə dövləti ekoloji terrorla üz-üzə qalıb. Ölkənin bir sıra vilayətlərində baş verən yanğınlar təbiətə və əhaliyə böyük zərər vurub. Qardaş ölkədəki yanğın fəlakətinə Azərbaycan cəmiyyətinin göstərdiyi həssas münasibət isə təbiidir. Çünki başqa cür ola da bilməzdi, Türkiyənin sevincini bölüşdüyümüz kimi, kədəri də bizim kədərimizdir.
Qardaş ölkədə baş verən yanğına ilk həssas münasibət bildirən Prezident İlham Əliyev oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda Prezident İlham Əliyev bildirdi ki, qardaş ölkənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Dövlət başçısı məktubunda Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bəyan etdi. Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi İnstaqram səhifəsində qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Təsadüfi deyil ki, Türkiyəyə kömək üçün yardım əlini ilk uzadan ölkə də qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup 2021-ci iyulun 30-dan artıq Türkiyədə idi. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola düşdü. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salındı.
Respublikamızın yanğınsöndürənləri öz missiyalarını peşəkarlıqla həyata keçiriblər. Yanğınların ciddi vüsət aldığı bölgələrdə yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.
Azərbaycanın Türkiyəyə göstərdiyi yüksək dəstəyin təməlində həm də ölkəmizdə fövqəladə hallar orqanlarının inkişafı sahəsində görülən işlər dayanır. Fövqəladə hallara qarşı daha səmərəli mübarizə, ölkəmizin, vətəndaşlarımızın və ətraf mühitin təhlükəsizliyinin təminatı Prezident İlham Əliyevin inkişaf siyasətinin əsas leytmotivlərindən biridir. Bu siyasətin nəticəsi kimi fövqəladə hallar orqanları ötən illərdə böyük inkişaf yolu keçib, maddi-texniki bazası möhkəmlənib, qurumların və əməkdaşların peşəkarlığı yüksəlib. Bu gün Azərbaycanın qardaş Türkiyəyə yanğınların söndürülməsi ilə bağlı göstərdiyi dəstəyin kökündə də respublikamızda fövqəladə hallar orqanlarının müəkkəmməl maddi-texniki imkanlara malik olması dayanır. Respublikamızın belə bir potensiala sahib olması hər birimizdə qürur hissi doğurur.
Azərbaycan həmişə, ən çətin anlarda Türkiyənin yanında olmuş, ona öz səmimi və əməli dəstəyini ifadə etmişdir. Bu yerdə 2016-cı ildə Türkiyədə baş vermiş terror aktları zamanı Azərbaycanın qardaş dövlətə dəstəyini qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməsi üçün ölkəmizə səfəri 2016-cı ilin həm fevral, həm də mart aylarında alınmamışdı. Fevral ayında təxirə salınan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası martın 15-də Bakıda keçirilməliydi. Lakin Türkiyə Prezidenti törədilmiş terror səbəbindən gələ bilmədiyindən Azərbaycan Prezidenti İlham Əliyev əsl qardaşlıq və dostluq nümunəsini ortaya qoyaraq özü Ankaraya səfər etdi. Prezident İlham Əliyev bu qərarı ilə Azərbaycan dövlətinin yaxşı günlərdə də, ağır günlərdə hər zaman Türkiyə dövləti ilə birlikdə olduğunu nümayiş etdirdi.
2021-ci ilin iyul-avqust aylarında Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın dəstəyi, yanğınsöndürənlərimizin köməyə gəlməsi qardaş ölkədə böyükdən kiçiyə hər kəs tərəfindən təqdir olundu. Hər kəs Prezident İlham Əliyev olmaqla xalqımıza təşəkkür etdi, yanğınsöndürənlərimizin qəhrəmanlığından danışdı. Beləliklə, Türkiyədə baş verən meşə yanğınları fonunda öz təsdiqini tapan bəlli həqiqətlərdən biri Azərbaycan-Türkiyə qardaşlığı oldu. Eyni zamanda, bir daha bütün dünyaya aydın oldu ki, bu qardaşlıq səmimi, sarsılmaz və əbədidir.
Türkiyədə baş verən yanğınlarda terror izi istisna edilmir. Ona görə Türkiyənin dövlət və hakimiyyət orqanları terror versiyasını da nəzərdən keçirirlər. Şübhəsiz, əgər bu, öz təsdiqini taparsa, ekoloji terroru törədənlər qanun qarşısında cavab verəcəklər.
Bununla yanaşı, qlobal istiləşmənin insan sağlamlığına və ekosistemə mənfi təsirləri də aktual beynəlxalq problemlərdən birinə çevrilib. 2021-ci ilin iyul-avqust ayları bütün dünyada son onilliklərin ən isti dövrü kimi yadda qaldı. Bu dövrdə yanğınla üzləşən tək Türkiyə olmadı. Türkiyə qədər olmasa da, Yunanıstanı da yanğınlar cənginə almışdı. Rusiyada tayqa meşələrində baş verən yanğınların sahəsi milyonlarla hektara çatdı. Azərbaycanda da havaların isti keçdiyi günlərdə bəzi dağlıq meşə ərazilərində yanğınlar baş verdi.
Bütün bunlar iqlim dəyişikliklərinin yarada biləcəyi gözlənilməz situasiyalara, ekstremal təbiət hadisələrinə qarşı mükəmməl şəkildə hazır olmağı hər bir ölkə üçün zərurətə çevirir. Bu məqsədlə mövcud təhlükəsizlik sistemlərinin yeni çağırışlardan irəli gələrək, daha da təkmilləşdirilməsi təxirəsalınmaz vəzifələrdən biri olmalıdır.

 

“İQTİSADİYYAT”