MƏQALƏLƏR

Gürcüstanla strateji dostluq, əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir

  • 26.08.2021

Qlobal pandemiya bütün ölkələrin iqtisadiyyatına, sosial-iqtisadi və mədəni həyatına ciddi təsir göstərib. İki ilə yaxındır ki, sərhədlər qapanmış, gediş-gəliş və canlı təmaslar məhdudlaşmışdır. Bu da istər-istəməz insanların psixoloji durumuna, ovqatına və əhval-ruhiyyəsinə təsirsiz ötüşməmişdir. Son aylar görülən preventiv tədbirlər nəticəsində bir sıra məhdudiyyətlər aradan qaldırılmış, bəzi istiqamətlər üzrə təyyarə uçuşları bərpa edilmişdir. Belə ölkələrdən biri də Gürcüstandır.
Sübh tezdən havaya qalxan aerobus cəmi bir saatdan sonra Tbilisi beynəlxalq hava limanına eniş etdi. Onu da qeyd edim ki, Heydər Əliyev adına hava limanında, qeydiyyat və təyyarədə sərnişinlərə xidmət pandemiya şəraitinin tələblərinə uyğun olaraq yüksək şəkildə qurulmuşdur. Tbilisi hava limanında da eyni mənzərənin şahidi olduq. Cəmi 10 dəqiqə ərzində əlimizdə yol çantası hava limanından çıxdıq. Bir anlığa qəribə hal keçirdim. Taksi sürücüsü ilə təmas zamanı səlis bildiyim gürcü dilində danışmağa çətinlik çəkdim. Həyat yoldaşım da bu vəziyyətdə idi.
Bir-iki gün belə davam etdi. Sonra hər şey tədricən bərpa olunmağa başladı. Mənə belə gəldi ki, pandemiya insanın psixoloji durumuna, yaddaşına da təsir edib.
Gürcüstanı Azərbaycanla tarixi dostluq telləri bağlayır. Ən çətin və mürəkkəb dönəmlərdə belə bu bağlar qopmayıb, əksinə inkişaf edib, möhkəmlənib və bu gün unikal mahiyyət kəsb edir. Gürcüstanda çoxlu sayda kompakt halda soydaşlarımız yaşayır. Əgər münasibət pis olsaydı, əsrlər boyu iki millət bir yerdə yaşaya bilməzdi. Eləcə də, Azərbaycan ərazisində xeyli sayda etnik gürcü məskunlaşıb. Burada da indiyədək milli münasibətlərə xələl gətirəcək elə bir ciddi insident baş verməyib. Məsələyə qlobal anlamda yanaşsaq, görərik ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşan dövlətlərarası və millətlərarası münasibətlər modeli bütün dünyaya örnəkdir. Hər üç ölkə multikultural dəyərləri yüksək şəkildə əxz edib qoruyan ölkələr sırasındadır. Məhz bu səbəbdən Gürcüstanda özünü qərib hiss etmirsən. Hər yanda bir doğmalıq və yaxınlıq duyursan. Burada insan darıxmır. Həm də miqrasiya proseduru elə sadə formada qurulub ki, insanın əziyyət çəkməsinə yer qalmır. Sərhədi keçdikdən sonra hər bir əcnəbi vətəndaş heç bir qeydiyyat olmadan bir il müddətində burada qala, yaşaya bilər. Bu isə ölkəyə turizm axınını artıran əsas amil hesab olunmalıdır. Bir məsələni də qeyd etməyi vacib hesab edirik. Sovetlər dönəmində ideoloji sistem elə qurulmuşdu ki, qonşu olsaq da, bir-birimizi yaxşı tanımırdıq. Gürcülər belə hesab edirdilər ki, Şərqi Gürcüstanda məskunlaşan soydaşlarımız Şah Abbasın işğalı zamanı buraya Arandan köç etmişlər. Bir çoxları anlamırdı ki, bizim farslarla hec bir genetik qohumluğumuz yoxdur, dilimiz turk dilidir. Tarix kitabları təhrif olunaraq yazılırdı. İndi müstəqillik dönəmində bütün bunlara aydınlıq gətirildi. İndi gürcülərin çoxu bizimlə türk dilində danışırlar. Ünsiyyət isə insanları bir-birinə daha da yaxınlaşdırır. Dövlətlərimiz arasında ən yüksək strateji müstəqillik əlaqələri bərqərar olunub və bu proses günü-gündən dərinləşir. Qarşılıqlı səfərlər, iqtisadi əlaqələr, elm və təhsil əlaqələri, QHT-lər arasında əməkdaşlıq, turizm sferası günü-gündən genişlənir. Tbilisi şəhərində mənzil alıb yaşayan və işləyən soydaşlarımızın sayı artıb. Sovetlər dönəmində azərbaycanlıları Tbilisidə qeydiyyata almırdılar. İndi isə bir günün içində gedib özünə ev ala bilərsən, şirkət təsis edə bilərsən. Bunun üçün milli mənsubiyyətinə görə heç bir maneə yoxdur. Bu gün Gürcüstanın ən nüfuzlu ali məktəblərində yüzlərlə soydaşlarımız təhsil alır ki, onların təhsil xərclərini SOCAR ödəyir.
İndi Gürcüstanda yaşayan soydaşlarımız müxtəlif strukturlarda çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartlı-Borçalı bölgəsində həmçinin digər rayonlarda həyat öz ahəngi ilə davam edir. Həmin ərazilərdə sosial infrastruktur xeyli yaxşılaşıb, bütün yaşayış məntəqələri informasiya texnologiyaları ilə təchiz olunub. Hər yanda yeni evlər tikilir, uçub-dağılmış ata ocaqları nura, işığa qərq olunur. İndi çırağı yanmayan bir ev tapmazsan. Demək olar ki, köç prosesi dayanıb.
Əksinə, öz ata-baba ocaqlarına geri dönənlərin sayı artıb. Kənd yerlərində mülklərin, torpağın qiyməti on il əvvəlki illərlə müqayisədə az qala 5 dəfə yüksəlib. Bir anlığa ötən əsrin 90-cı illərini xatırlayıram. Az qala əhalinin yarısı doğma yurd yerlərini tərk etmişdi. 2004-cü ildən sonra Gürcüstanda siyasi hakimiyyətin dəyişdirilməsi ölkəyə yeni nəfəs verdi. Ən müdrik işi isə ulu öndər Heydər Əliyev gördü. O, “Əsrin müqaviləsi”nə imza atdı və Gürcüstanda da həmin layihənin , digər transmilli layihələrin fəal iştirakçısına çevrildi. Bununla da ölkə iqtisadi inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə önəmi artdı. Bu isə öz növbəsində sosial həyatın yaxşılaşmasında, əhalinin güzəranının yüksəldilməsində öz real təcəssümünü tapdı.
Sovetlər dönəmində Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın, xüsusilə də ziyalı təbəqəsinin özünütəsdiq məsələsi çox çətin olub. Orta məktəblərdə gürcü dili zəif tədris olunurdu. Çox zaman da bu dərslər boş keçirilirdi.
Orta məktəbi bitirən gənclər, demək olar ki, gürcü dilini bilmirdilər. Azərbaycanda ali təhsil alıb geri dönənlər də bu vəziyyətdə idilər. Onların öz yaşadıqları kənddən kənarda iş tapması müşkül məsələ idi. Bu gün Gürcüstanda yaşayan gənclər öz ana dili ilə bərabər, dövlət dili olan gürcü dilində də mükəmməl danışır, ali təhsil alır, real sektorun müxtəlif sahələrində çox rahat çalışa bilirlər. Səfər zamanı ən çox Şərqi Gürcüstanda - Kaxetiya bölgəsində oldum. Bu region ölkənin ərzaq təminatında əsas paya malikdir. Burada taxılçılıq, bitkiçiliklə yanaşı, heyvandarlıq, meyvəçilik və üzümçülükdə geniş inkişaf edib. Ölkənin brend şərabları - “Sinandalı”, “Kaxuri”, “Axaşeni”, “Xvanckara”, “Şuamta”, “Alazanskaya dolina”, “Qinzmerauli” və s. bu regionda istehsal olunur və dünya bazarlarına çıxarılır. Burada yetişdirilən üzüm, şaftalı, nektarin son illər yüksək ixrac imkanları qazanıb. İtaliya, İspaniya, Fransa şirkətləri üzümçülük və intensiv bağçılığın inkişafına investisiyalar yatırıb. Regionda qiymətli şərab istehsalı üçün emal müəssisələri yaradılıb, qarğıdalı və günəbaxan yağlarının istehsalı üzrə istehsal və emal sahələri işə salınıb. Kaxetiya Gürcüstanın məşgulluq probleminin həllində xüsusi çəkiyə malikdir. Burada azərbaycanlılar əsasən Qaraçöp, Qabal və Qaracalar bölgəsində yaşayırlar. Onlara hər addımda rast gəlmək olar. Sayı 60 min civarında olan soydaşlarımız bölgənin iqtisadi həyatında, xüsusilə də kənd təsərrüfatı və heyvandarlıq sahələrində mühüm rol oynayırlar. Ərzaq məhsulları üzrə respublikanın ən böyük topdan və pərakəndə satış bazarları məhz bu kəndlərdə yerləşir.
Səfər zamanı bir çox insanlarla həmsöhbət olduq. Onlardan bir neçəsinin fikirlərini oxuculara təqdim edirik.
Roland Merabidze (gömrük işçisi). 15 ildən artıqdır ki, gömrük orqanlarında çalışıram. İdxal və ixrac əməliyyatlarını aparıram. Bu müddət ərzində Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticarət əlaqələri bir neçə dəfə artıb. Pandemiya dövründə də yüksək dinamika qorunub saxlanılıb. Gürsüstan, Azərbaycan və Türkiyə arasında mövcud olan logistik əlaqələr qitə və kontinentləri bir-biri ilə bağlayır. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə salınması, yol və dəmir daşınmalarının həcminin artması hər üç ölkəni dünyanın logistika mərkəzinə çevirib. Azərbaycan ən çətin anlarda bizim yanımızda olub. Soyuq qış aylarında bizi yanacaqla, enerji ilə təmin edib. Bunu heç vaxt unuda bilmərik. Bu gün Gürcüstanın yanacaq təminatının 60 faizindən çoxunu SOCAR ödəyir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, cənab Prezident İlham Əliyevin möhkəm və əzmkar iradəsi nəticəsində belə bir iqtisadi yüksəliş səviyyəsinə gəlib çıxa bildik. Həm də bu münasibətlər imitasiya xarakteri daşımır, hər gün inkişaf edib, yeni çalarlarla zənginləşərək bölgəni uzunmüddətli yüksəlişə, barışa, bolluğa və firavanlığa çəkib aparır.
İbrahim İbrahimov (fermer). 65 yaşım var. Uzun illər Sankt-Peterburq şəhərində yaşamışam. 90-cı illərdə el-obamızın ağır günlərində Gürcüstana qayıtdım. Durum çox ağır idi. Təxribatlar, qarşıdurmalar baş qaldırır, əhali yaşayış yerlərini tərk edirdi. Rusiyaya dönmək fikrindən daşındım, burada qalıb xalqıma kömək etmək istədim. Çox məşəqqətlər keçdik, lakin döğma yurd yerlərimizi tərk etmədik. Köçənlər Azərbaycana köçdü, qalanlar isə yerindən tərpənmədi. Bir az da davam etsəydi, Borçalı, Başkeçid, Qarayazı və digər yaşayış məntəqələri Qamsaxürdiyanın quldur dəstələri tərəfindən boşaldılacaqdı. Yaxşı ki, bu rejim çökdü, Şevardnadze hakimiyyətə qayıtdı, qorxu sovuşdu. Lakin iqtisadi vəziyyət ağır olaraq qalırdı. Bu vaxt Gürcüstanın dadına ulu öndər Heydər Əliyev çatdı. Gürcüstanın iştirakı ilə reallaşan enerji layihələri ölkənin iqtisadi tərəqqisinə yeni üfüqlər açdı, yavaş-yavaş ölkə dirçəlməyə başladı. Gürcüstanda son 20 ildə gerçəkləşən layihələrin, o cümlədən Tbilisi, Batumi aeroportlarının, körpülərin, tunellərin, magistral yolların tikintisi və yenidən qurulması Türkiyə, Azərbaycan şirkətləri tərəfindən həyata keçirilmişdir. Ölkənin enerji təchizatının yaxşılaşdırılması özəl bölmənin inkişafına da öz təsirini göstərirdi. Fermer təsərrüfatı yaratdım, bitkiçiliklə, o cümlədən kartofçuluqla məşğul olmağa başladım. Bu il öhdəmdə olan 12 ha sahədən 500 ton kartof tədarük edərək, Rusiya bazarlarına göndərdim. Təsərrüfatı ildən-ilə genişləndiririk. Lakin o vaxtlar torpaq islahatı çox ədalətsiz aparılıb, azərbaycanlılara pay torpaqlar az verilib. Məhz bu səbəbdən əkin sahələrini gürcülərdən icarəyə götürərək əkib becəririk. Buna baxmayaraq, yaxşı qazanc əldə edirik. Əsas məsələ odur ki,öz doğma yurd yerlərimizdə yaşayırıq.
Fərid Eyvazov (tələbə). Bu il Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. 12 il orta məktəbdə oxuduqdan sonra bir il hazırlıq kursu keçdim və test imtahanlarından yüksək bal toplayaraq istəyimə nail oldum. Hüquq ixtisasını seçməyimin əsas səbəbi bu sahədə olan boşluqlarla əlaqədardır.
İndiyəcən bölgəmizdə gürcü dilində təhsil alan peşəkar hüquqşünasımız olmayıb. Məhkəmə prosedurları zamanı tərcüməçi qismində hüquqşünas olmayan şəxslər dəvət olunurdu. Hüquq-mühafizə orqanlarında çalışan azərbaycanlıları barmaqla saymaq olar. Yəni, demək istədiyim budur ki, 15-20 il öncə nüfuzlu dövlət universtetlərinə daxil olmaq üçün heç bir dövlət proqramı yox idi. Sonra bu missiyanı SOCAR öz üzərinə götürdü və Gürcüstanda yaşayan azərbaycanlıların təhsil xərclərini ödəməyə başladı. Bu işə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. İndiki gəncərimizin sorağı Avropadan, Amerikadan, Çindən, Cənubi Koreyadan gəlir. Qabiliyyətli bacarıqlı gənclər üçün hər cür şərait yaradılıb. Arzularımızı gerçəkləşdirmək üçün heç bir maneə yoxdur. Özümü xoşbəxt və şanslı sanıram.
Söhbət etdiyim gənclərin bir çoxu belə düşünür. Bu da inteqrasiya proseslərinin güclənməsinə müsbət təsir göstərir. Bununla yanaşı, milli-mənəvi dəyərlərimiz – dilimiz, adət-ənənələrimiz, musiqimiz, aşıq ədəbiyyatımız yüksək şəkildə qorunub saxlanılır və inkişaf etdirilir. Azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrində məscidlər təmir olunur, yenidən qurulur. Sanki hər yanda doğma Azərbaycanın iyini, rahiyəsini duyursan.


Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi müxbiri, Şərqi Gürcütan