MƏQALƏLƏR

Azərbaycan mediası beynəlxalq informasiya müharibəsində öz sözünü deyə bildi

  • 27.08.2021

2021-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan mətbuatı üçün 2-ci sınaq oldu. Fəxrlə deyə bilərik ki, milli mətbuatımız da bu sınaqdan uğurla və alnıaçıq çıxdı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz missiyasını uğurla yerinə yetirə bildi, informasiya mübarizəsindən qalib ayrıldı.
Müharibə günlərində bütün ölkə əhalisi müzəffər Azərbaycan Ordusu tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi xəbərini mediadan aldı. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı.
Vətən müharibəsi zamanı informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı bir sıra diqqət çəkən məqamlar var idi. Əvvəla nəzərə alınmalıdır ki, media cəmiyyətin güzgüsüdür. Bu baxımdan cəmiyyətdə olan ruh yüksəkliyi KİV-in də fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda, media özü ovqat və ruh yüksəkliyi formalaşdırdı, onu daha da artırdı, sabit saxlanması və qorunması naminə əlindən gələni etdi.
Amma KİV-in müharibə dövründəki fəaliyyətini ayrılıqda götürmək düzgün olmaz. Cəbhəyə doğru böyük axın var idi. Əsgərə, hərbçilərimizə dəstək axını. Hər kəs hansısa formada orduya kömək göstərməyə çalışdı və bunu etdi. Media da xalqın bu monolitliyini istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə göstərdi, məsələni peşəkarlıqla işıqlandırdı. Qələbəmizdə həmrəyliyimiz başlıca rol oynadı. Söhbət xalq-hakimiyyət, xalq-ordu həmrəyliyindən gedir. Media isə hər iki qütblə həmrəy oldu. Bu baxımdan yerli KİV müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək, əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi.
Onu da qeyd etmək lazımdır ki, 44 günlük müharibədə və ondan sonrakı dövrdə Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, bunu bacardı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində və xalqa müraciətlərində həm xaricə, həm də daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Prezident müsahibə və çıxışlarında bir növ, tezislər verdi. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm də hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Nəinki mediamız, bütövlükdə ictimai sektor silahlandı.
Vurğulanmalı vacib məqamlardan biri də cəbhə bölgəsindən informasiyaların çatdırılmasıydı. Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində, xüsusən də Birinci Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar reportyorlar və operatorlarımız olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov… Birinci Qarabağ müharibəsində hərbi jurnalist kimi çalışan deputat Bəxtiyar Sadıqov öz təcrübəsinə söykənərək, bu gün baş redaktoru olduğu «Azərbaycan» qəzetində Qələbənin salnaməsini yaratdı. «Azərbaycan» qəzeti müharibə günlərində informasiya mübarizəsinin, hərbi-vətənpərvərlik təbliğatının önündə getdi. Eyni sözləri, dövlət qəzetləri olan «Xalq qəzeti» və «Respublika» qəzetləri barədə də demək olar. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. AzərTAC öz xarici əlaqələrindən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, rəsmi informasiyanın əsas bazası rolunu oynadı. Eyni zamanda, rəsmi üslubda fərqli xəbərlər, Azərbaycanın haqq işini dəstəkləyən alternativ hərbi-siyasi təhlillər «Haqqın.az» kimi saytlarda dərc olundu. Televiziyalarımızın informasiya mübarizəsindəki rolu isə əvəzolunmaz idi. AzTV, İTV, ATV, Real, ARB kimi kanallar günün bütün saatlarında cəbhə xəbərlərini operativ şəkildə çatdırmaqla bərabər, öz fəaliyyətlərini hərbi vəziyyətə uyğun uğurla qurdular. Onların hər birinin cəbhə bölgələrindən hazırladıqları reportajlar ictimaiyyətin döyüşlərdə baş verənlər barədə əyani tanış olmalarında və qələbəmizin xarici auditoriyalara daha mükəmməl şəkildə çatdırılmasında böyük rol oynadı.
Döyüşlərdən reportajlar hazırlayan jurnalistlərin hər birinin əməyi yüksək qiymətləndirilməlidir. Həyatlarını riskə atmaqdan çəkinmədilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər.
Bütün bunların fonunda 44 günlük müharibədə hərbi jurnalistikamız da belə desək, özünə gəldi, canlandı. Bununla belə, müharibə onu göstərdi ki, hərbi jurnalistika məsələlərinə daha da ciddi önəm verilməlidir. Yalnız praktik biliklərlə, vərdişlərlə kifayətlənmək yetərsizdir. İşin nəzəri və fundamental aspektləri də mütləq şəkildə nəzərə alınmalıdır. Qarşıdakı müddətdə məsələyə məhz bu baxımdan yanaşmaq şərtdir. Müharibə jurnalistikamız üçün bu zərurəti aşkar şəkildə meydana çıxardı.
Müharibə şəraitinin Azərbaycan jurnalistikasına öyrətdiyi bir vacib xüsusiyyət də diqqətdən yayınmadı. Bu, rəsmi mənbələrə istinad, əldə edilmiş qeyri-rəsmi bilgilərin təsdiqlənməsi ilə bağlıdır. İstər 2020-ci ilin iyulunda Tovuzda - Azərbaycanla Ermənistanın dövlət sərhədində yaşanmış gərginlik vaxtı, istər 2016-cı ilin "Aprel müharibəsi" dönəmində, istərsə də atəşkəsin pozulduğu daha əvvəlki illərdə media təmsilçilərinin rəsmi mənbələrə istinadı ilə bağlı problem var idi. Problem sosial şəbəkələrin informasiyalılıq dərəcəsi artdıqca özünü daha qabarıq göstərməyə başlamışdı. 44 günlük müharibədə Azərbaycan jurnalistikası bəzi mənfi sayılacaq istisnaları çıxmaq şərtilə, ümumən rəsmi mənbələrə daha çox üz tutdu. Bu, kifayət qədər pozitiv məqamdır.
Eyni zamanda, o da təqdir olunmalıdır ki, media işini həm də yayılmış müxtəlif bilgilərin reallıqla nə dərəcədə uyğun olduğunu öyrənərək qurdu. Burada vurğulanmalı başlıca məqam həm də ondan ibarətdir ki, əlaqədar dövlət qurumları da - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz işlərinə məsuliyyətlə yanaşdılar, düşmən tərəfdən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdilər, imkan yaratmadılar ki, Ermənistanın hər hansı ideoloji təxribatı cavabsız qalsın. Bu cəhət medianın belə desək, informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Hər bir halda yekun nəticə bu oldu ki, Azərbaycan mediası rəsmi mənbələrə daha çox istinad etmək sahəsindəki vərdişlərini təkmilləşdirdi, mövcud sahədəki boşluqları xeyli aradan qaldırdı.
Çox təəssüf ki, Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlunu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən milli mediamız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu.
Əgər Azərbaycan mediası Birinci Qarabağ müharibəsində dövlətimizin məruz qaldığı informasiya blokadası və senzura səbəbindən öz missiyasını tam həyata keçirə bilməmişdisə, İkinci Qarabağ savaşında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi, Azərbaycanın böyük Zəfərinin müjdəçisi oldu. Milli jurnalistikamız 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu, media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuz, digər dövlət qurumlarımız müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydular. Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdığı kimi, Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi, beynəlxalq informasiya müharibəsində öz sözünü deyə bildi.
Təbii ki, Azərbaycan cəmiyyəinin mediadan gözləntiləri də var. Yerli KİV Azərbaycanın milli maraqlarını daim uca tutmalı, öz fəaliyyəti ilə xalqa, dövlətə və dövlətçiliyə xidmət etməlidir. Respublikamızda fəaliyyət göstərən media orqanlarının böyük əksəriyyətinin fəaliyyəti cəmiyyətimiz tərəfindən təqdir olunur. Biz Vətən müharibəsi günlərində də medianın dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini gördük. Amma bu gün KİV-də hansısa siyasi mərkəzlərin maraqlarına xidmət edən, sapı özümüzdən olan baltalar da var. Hesab edirəm ki, onlar Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin əsasını qoyduğu təməllərə sadiq olmalı, öz fəaliyyətləri ilə milli və sağlam dəyərlərə xidmət etməlidirlər.

 

“İQTİSADİYYAT”