MƏQALƏLƏR

Jirinovski - siyasi mənəviyyatsızlığın ən böyük nümunəsi

  • 26.08.2021

Rusiya dövlət dumasının deputatı Vladimir Jirinov­ski 2021-ci ilin iyul ayının sonunda «Komsomolskaya pravda» radiosuna verdiyi müsahibəsində bir daha xəstə siyasi təfəkkürün daşıyıcısı olduğunu təsdiq etdi. İmperiya xülyasından və cəfəng «velikorus» ideologiyasından əl çəkməyən, rus şovinizminin ən qəddar nümayəndəsi kimi tanınan bu adam özü barəsində təlxək imici formalaşdırdığından onun növbəti sərsəmləməsinə reaksiya verməmək də olardı. Amma Jirinovski bu dəfə həm də siyasi mənəviyyatsızlığın ən böyük nümunəsini nümayiş etdirdi.
Rusiyanın özündə belə qeyri-ciddi imici ilə tanınan V.Jirinovskinin Azərbaycanla bağlı təhdid və hədyan dolu açıqlamaları ilk dəfə deyil. Azərbaycanın müstəqil dövlət kimi yüksəlişinə, Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasət yürütməsinə qısqanclıqdan, xalqımıza və dövlətimizə olan şovinist münasibətindən və imperiya ambisiyasından irəli gələrək, bu adam sistemli şəkildə respublikamıza qarşı xəstə təxəyyülünün məhsulu olan siyasi tərbiyəsizliyini ortaya qoyur. Xatırladım ki, son olaraq bir neçə ay əvvəl azərbaycanlı gəncin Rusiyada yol polisi əməkdaşı tərəfindən öldürülməsi zamanı qatil polisə haqq qazandırmaqla bu adam xalqımıza qarşı irqçi mövqe tutmuşdu.
İlk növbədə onu qeyd edim ki, budəfəki sərsəmləməsi isə özünü siyasətçi hesab edən Jirinovskinin reallıq hissini tamamilə və ya bilərəkdən itirdiyini göstərir. Onun fikirləri göstərir ki, Jirinovski reallığı qətiyyən dərk etmir. Çünki özünü “liberal demokrat” adlandıran bu maskalanmış ünsür anlamır ki, artıq sovet ittifaqı yoxdur, Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz.
Ümumiyyətlə, V.Jirinovskidən danışarkən onu Rusiya Dövlət Dumasının deputatı, üç ən böyük fraksiyadan birinin rəhbəri kimi təqdim etməyə adamın dili də gəlmir. Çünki hər zaman türk, Qafqaz və Orta Asiya xalqlarına qarşı açıq-aşkar düşmən mövqelərdən çıxış edən, irqçiliyi və şovinizmi özünün ideoloji bazası kimi təşviq edən bu xəstə ruhlu siyasi oyunbazın nə davranışı, nə də çıxışları heç zaman nə rus xalqına, nə də təmsil etdiyi ölkəyə baş ucalığı gətirməyib. Təsəvvür edin ki, bir ölkənin ali qanunverici orqanında təmsil olunan Duma deputatı elə həmin ölkənin hansısa federal ərazisində arzuolunmaz şəxs elan edilir. Bundan böyük rüsvayçılıq ola bilərmi? Jirinovski 2011-ci ildən Rusiya Federasiyasının subyekti olan Komi Respublikasında “persona non grata” elan olunub. Hələ mən Qazaxıstan və Qırğızıstanı demirəm. Ona görə bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur.
Jirinovski demək olar ki, heç vaxt pozitiv siyasi fəaliyyət nümunəsi ortaya qoymayıb. Bu adam heç vaxt dostluqdan, əməkdaşlıqdan danışmayıb. Onun partiya sədri və deputat kimi siyasi fəaliyyəti ayrı-ayrı dövlətlərin Rusiyadan üz döndərməsinə hesablanıb. Bu adam sanki odun üstünə benzin tökmək üçün proqramlaşdırılıb. Ümumiyyətlə, bu adamın adı belə ətrafa mənfi enerji yayır. Jirinovski kimiləri öz fəaliyyətləri ilə Rusiyanın maraqlarına zərbə vururlar.
Jirinovskinin müsahibədə səsləndirdiyi fikirlərin Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirməyə xidmət etməsi aydındır. Bu məqamda belə bir sual yaranır: Jirinovskinin bu sərsəmləməsi təsadüfidirmi və ya onun öz fikridirmi? Ümumiyyətlə, həyatda təsadüflər olmur və ya hər bir təsadüf də zərurətdən doğur. Onun ölkəmizə qarşı tərbiyəsizliyini məhz Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsinin imzalanmasından sonra etməsi ondan xəbər verir ki, heç nə təsadüfi deyil. Bu baxımdan Jirinovskinin Azərbaycanın, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlığa xidmət edən Bakı Bəyannaməsinin imzalanmasından sonra sərsəmləməsi göstərir ki, İlham Əliyevin yürütdüyü qətiyyətli və cəsarətli siyasət Jirinovski kimi siyasi ünsürlər tərəfindən bədxahlıqla qarşılanır.
Bütövlükdə, Jirinovskinin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Rusiya əlaqələrinin və Prezident İlham Əliyevlə Vladimir Putinin dostluq münasibətlərinin ruhuna ziddir. Ona görə Jirinovski bir daha təsdiq etdi ki, tərbiyəsi olmayan, anormal və xəstə təfəkkürlü bir insandır. Onun böyük psixoloji yardıma ehtiyacı var. Amma bu adam hətta ölkəmizə səfər etdikdən sonra da bu cür sərsəmləyir və tərbiyəsizlik edirsə, deməli müalicəsinin də heç bir nəticəsi olmayacaq. Psixoloji problemləri olan insan təsiri bağışlayan fiziki görkəmi, saçlarını qaydaya salmaması, geyimindəki çatışmazlıqlar göstərir ki, Jirinovski adekvat insan deyil.
Azərbaycan-Rusiya münasibətləri isə strateji xarakter daşıyır. İki dövlətin prezidentləri arasında səmimi dostluq münasibətləri var və Jirinovski, o cümlədən «Rossiya-1» televiziyasının aparıcısı Vladimir Solovyov kimiləri buna xələl gətirə bilməyəcəklər. Azərbaycan adlı karvan isə bundan sonra da öz yolu ilə addımlayacaq. Heç bir qüvvə onu öz yolundan dayandıra və sapdıra bilməz. Bu karvan indiyədək öz mənzilinə çatıb və çatacaq. Onun ətrafında küləklər, fırtınalar və toz burulğanları ola bilər. Kimlərsə bu karvanın arxasınca qaça bilərlər. Amma bu karvanı dayandırmaq qeyri-mümkündür. Bizin karvanımız öz yolu ilə inamla addımlayacaq.
Siyasi arena çox geniş bir mübarizə meydanıdır. Ona görə nəinki müxtəlif baxışlara, həm də hər cür xislətə malik siyasətçiyə rast gəlmək mümkündür. Belələri nəinki təmsil etdikləri siyasi qrupa, həm də dövlətə ləkədirlər. Jirinovskilərlə, Solovyavlarla yanaşı, Rusiyada Azərbaycanı sevən, rus ictimai rəyində Azərbaycanla və xalqımızla bağlı düzgün təsəvvürlər yaradan siyasətçilər və jurnalistlər də var. Məsələn, Rusiyanın tanınmış “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko İkinci Qarabağ müharibəsinin ilk günündən tamamilə ədalətli və obyektiv mövqe nümayiş etdirərək, Azərbaycanın haqq səsini Rusiya ictimaiyyətinə çatdırdı. Siyasi və ictimai xadim, jurnalist Maksim Şevçenko Rusiyada Ermənistanın işğal siyasətinə etiraz səsini ucaldan, Azərbaycanın ədalətli mövqeyini fəal təbliğ edən insanlardan biridir. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov da olduqca ədalətli mövqe ortaya qoydu, əsl həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirdi. Haqlı olaraq bu insanları Azərbaycanda dost kimi qəbul edirlər.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da inkişaf edəcək, öz maraqlarını qətiyyətlə təmin edəcək. Dövlətimizin yüksəlişi Azərbaycanın müstəqil dövlət kimi uğurlarını və qələbələrini görmək istəməyənlərin bağrına xəncər kimi sapılacaq.

 

“İQTİSADİYYAT”