MƏQALƏLƏR

336

10 ən səs-küylü birja məğlubiyyətləri barədə

  • 14.01.2011

Treyderlərin birjada şirkət pulları ilə Rogue Trading adlandırılan nəzarətsiz oyunu həmişə potensial sensasiyadır. Bir nəfərin milyon, üç milyon, lap bir milyard itirməsi hər hansı kəskin süjetli filmdən artıq təəccübləndirir. Həmin adamın uduzduğu pullar özünün deyil, başqasınınkı olduqda isə – bu artıq heç nə ilə müqayisəyə gəlmir…

Birjalarda başqalarının pullarını uduzan Top-10-a düşmüş  ən uğursuz treyder və maliyyə menecerləri ilə siz də tanış olun.

10. Nik Lison: zərər – 1,3 milyard dollar

Nik Lison tarixə düşmüş ən məşhur oyunçulardan biridir. 1992-ci ildə o, treydinqin 28 yaşlı parlayan ulduzu idi. Son dərəcə şanslı olması ona Sinqapur beynəlxalq valyuta birjasında əməliyyat şöbəsinə rəhbərlik etməyə imkan vermişdi. Lisonun əməlləri, hər şeydən əvvəl, Nikkei-in fyüçers və opsionları ilə sanksiyalaşdırılmamış alver hesabına bank böyük itkilərə məruz qaldı.  Məlum oldu ki, treyder bunları uzun müddət məxfi hesabında gizli saxlayırmış. Lisonun həyatında dönüş nöqtəsi Nikkei-yə “şort-streddl” qoyduğu an baş verdi – onun hərəkətinin nəticəsi zəlzələni xatırladırdı. Bir gün sonra adıçəkilən aparıcı yapon indeksi çökdü. Başqasının pullarını itirməyə başlayan Lison bir-birinin ardınca riskli addımlar ataraq, oyunu davam etdirirdi. Bütün bunlar daha ağır itkilərə aparırdı və nəhayət, 1995-ci ildə Barings-in müflisləşməsi ilə nəticələndi.

Sonradan 230 il tarixi olan bu bank simvolik 1 funta satıldı. Lison ömrünün 4 ilini Sinqapur həbsxanasında keçirdi. Xəstəliyə görə 1999-cu ildən vaxtından əvvəl həbsdən azad edilən Lison “Aqressiv treyder” adlı bestsellerini yazdı və həmin ssenari üzrə kinofilm çəkildi.

Hazırda Nik Lison İrlandiyanın Galway United futbol klubunun icraçı direktoru vəzifəsində işləyir.

 9. Con Rasnek: zərər 691 milyon dollar

1993-cü ildə Con Rasnek İrlandiyanın ən iri bankı Allied İrich-ın Amerikadakı bölməsi olan Allfrist Finanjiala valyuta treyderi vəzifəsində işləməyə başlayır. 1996-cı ildə o, yapon iyeni ilə riskli əməliyyatlar həyata keçirməyə başlayır. O, hətta ikili oyuna girməkdən belə çəkinmir. Təbiətən çox sakit olan bu ailəli adam yapon iyeni üzrə artan maliyyə dəliyini gizlətmək üçün ayrı-ayrı adlardan istifadə etməklə saxta sənədlər hazırlayır. 1997-ci ildə Rasnekin əməllərindən dəyən zərər 29,1 mln., 2001-ci ildə isə artıq 300 mln. dollar təşkil etmişdir. Rasnek nəinki itkiləri gizlədir, həm də hesabatları saxtalaşdırırdı, belə ki, sənədlərdən bankın hələ də mənfəət gətirdiyi görünürdü. Nəticədə “bacarıqlı” treyder dələduz əməliyyatlarına görə 433 min dollar mükafat da almışdı!

Opsionlarla əməliyyatlardan 300 min dollar ziyan çəkmiş bankın məcmu zərərlərinin həcmi 691 milyon dollara çatmışdı. Rasneki 7,5 il həbs cəzası və bankın itirdiyi 691 milyon dolları ödəmək gözləyirdi.

Federal Kəşfiyyat Bürosu Rasnekin fırıldağını “ABŞ-da son onilliyin ən böyük bank falsifikasiyası” adlandırmışdır.

 8. Yasuo Hamanaka: zərər 2,6 mlrd. dollar

“Mister mis” və “hesabında 5% olan mister” adı ilə məşhur olan Yasuo Hamanaka Yaponiyada mis ticarəti üzrə ixtisaslaşmış ən iri topdansatış ticarət şirkətlərindən biri olan Sumitomo  Corporation-da treyder işləmişdir. Hamanakanın sözlərinə görə, karyerasının müəyyən mərhələsində onun apardığı əməliyyatların həcmi həmin qiymətli metalla aparılan bütövlükdə dünya əməliyyatlarının 5%-ni təşkil etmişdir.

Bir sıra ekspertlərin fikrincə, onun fırıldaqlarının miqyası 1986-cı ildən 1906-cı ilə qədər təkbaşına deyil, kotirovkaların səviyyəsinin dəyişdirilməsi üzrə sövdələrdə iştirak etməsinə dəlalət edir.

1996-cı ildə Hamanaka 8 illik həbs cəzasına məhkum olunur. İstintaq göstərmişdir ki, o, zərəri gizlətmək üçün başqa treyderlərin imzalarını saxtalaşdırırmış. Hamanaka 7 il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılmışdır.

       7. Lyu Çi Bintəxmini vurduğu zərər – 1 milyard dollar

O, Çin Xalq Respublikası Metallar üzrə dövlət ehtiyat bürosunda aparıcı treyder vəzifəsində işləmişdir.  Lyu Çi Bin London metal birjasında (LMB) mis kotirovkalarının enməsi zamanı böyük pullar qoymuş, 200 min ton mis almaq niyyətində olduğunu bildirmişdir. Qeyd edək ki, bu həcmdə mis ehtiyatı LMB-da olan ehtiyatlardan yüksək olub, Çinin özündə olan mis ehtiyatlarının həcmi ilə müqayisə edilə bilər. Onun bu niyyəti misin kotirovkalarının qalxmasına xeyli təsir etmişdir. Lakin səriştəsiz oyunçu kontraktların öhdəliklərinə əməl etmədən Londonu tərk etmişdi.

Nəticədə Çin hökuməti kotirovkaları aşağı salmaq məcburiyyətində qalmaqla yanaşı, həm də investorları sakitləşdirmiş, onları inandırmışdı ki, dövlətin mis ehtiyatının həcmi əvvəlki qiymətlərdən beş dəfə artıqdır. Eyni zamanda, Çin hökumətinin fikrincə, Lyu Çi Bin sərbəst hərəkət etdiyinə görə, vurduğu ziyana görə özü cavab verməli idi.

Lakin ekspertlər onu da istisna etmirlər ki, mis fyüçerslərinin bahalaşması treyderin strateji məqsədi olub, belə ki, bu zaman baş verən ajiotaj zamanı bu qiymətli metalı satanlar böyük mənfəət əldə etmişlər.

Çindən yayımlanan ziddiyyətli məlumatlar hələ ki, Lyu Çi Binin vurduğu zərəri dəqiq qiymətləndirməyə imkan vermir. Treyderin isə yeri indiyədək məlum deyil.

 

“İqtisadiyyat” qəzeti M.YEGANƏ