MƏQALƏLƏR

362

Gələcək üçün liderlik gündəliyi barədə

  • 09.09.2021

Oxucuların nəzərinə çatdırılır ki, dünya üzrə fəaliyyət göstərən 4 auditor şirkətlərindən biri olan “Pricewaterhouse Coopers International” tərəfindən dünyada və Azərbaycanda baş verən COVİD-19 pandemiyası, audit, konsaltinq və s. mövzularda aparılmış sorğuların nəticələrinə dair Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təhlil aparılmış və həmin təhlil əsasında mülahizələrimizi Sizə təqdim edirik.
Audit sistemi yarandığı ilk gündən etibarən dünyada fəaliyyət göstərən bütün transmilli auditor şirkətləri ölkəmizdə öz filial, nümayəndəlik və ya törəmə müəssisələrini yaratmışlar. Əlamətdar hadisədir ki, o dövrdə yeni yaranmaqda olan və hələ təşəkkül tapmamış auditor kadrları öz fəaliyyətlərində bu beynəlxalq şirkətlərlə əməkdaşlıq etməklə və onların zəngin təcrübələrindən yararlanmaqla milli auditin inkişaf etdirilməsi istiqamətində öz töhfələrini vermiş və bu ənənəni bu gün də davam edirlər.
“Pricewaterhouse Coopers” konsaltinq və audit xidmətləri təklif edən, beynəlxalq arenada kifayət qədər tanınan şirkətlər şəbəkəsidir. "Pricewaterhouse Coopers" hər biri ayrı hüquqi şəxs olan “Pricewaterhouse Coopers International Limited” şirkətlər şəbəkəsinə aid şirkətlər qrupudur. 160 ildən də uzun bir müddətdə fəaliyyət göstərən şirkət, həm də dünyadakı ən böyük dörd audit şirkətlərindən biridir. Şəbəkənin qərargah şəhəri isə Londondur.
1849-cu ildə Londonda təməli qoyulan kompaniya 1998-ci ildə “Price Waterhouse və Coopers & Lybrand” şirkətlərinin birləşdirilməsi nəticəsində quruldu və indiki “PricewaterhouseCoopers” adını aldı.
“Gələcək üçün liderlik gündəliyi” sənədi ümumi olaraq 2020-ci ilin payız aylarında aparılan sorğuların nəticələri barəsindədir. “Pricewaterhouse Coopers” tərəfindən aparılmış sorğular və təhlillər aşağıdakıları müəyyən etmişdir:
1) Azərbaycandakı şirkət rəhbərlərinin 71%-i, qlobal səviyyədə isə 76%-i və MŞA-da 64%-i dünya iqtisadi artımının 2021-ci ildə yaxşılaşacağına inanır (diaqram 1).
Önümüzdəki 12 ayın gəlirliliyi baxımından, Azərbaycanda sorğuda iştirak edənlərin 63%-i müəssisələrinin gəlirlilik səviyyəsində artım gözləyir, 29%-i isə eyni səviyyədə qalacağını və 4%-i azalacağını düşünür (diaqram 2).
Bir çox şirkətlərin pandemiyaya cavab tədbirləri sırasında mühüm xüsusiyyəti olan sürətli və yüksək keyfiyyətli qərar qəbuletmə əksər liderlərin siyahılarında əsas yer tutacaq.
Azərbaycandakı şirkət rəhbərlərinin növbəti il ərzində təşkilatların gəlirliliyinə inamı MŞA və qlobal səviyyədəki göstəricidən iki dəfə artıqdır.
2) Pandemiyanın sənayə sektoruna təsiri:
Qonaqpərvərlik, istirahət, nəqliyyat və logistika sektorları təkcə Azərbaycanda deyil, həm də dünya miqyasında ən çox təsirə məruz qalmış sahələr arasındadır və bu səbəbdən sektorlarda fəaliyyət göstərən rəhbərlərin gələcəyə inamı daha aşağı səviyyədədir.
Telekommunikasiya, əyləncə, media, texnologiya, informasiya və rabitə sektorunu təmsil edən azərbaycanlı rəhbərlərin demək olar ki, yarısı “təmassız təcrübələrə tələbin artması”nın şirkətlərinə ən uzunmüddətli fayda verəcəyini söyləyirlər.
Şəffaflıq və transformasiya. Fövqəladə çətinliklərə baxmayaraq, 2020-ci il xalis sıfır öhdəliklərinin sayını artırmışdır. Özəl sektorun iştirak səviyyəsi dövlət hədəflərini geridə qoymağa davam etsə də, şirkət rəhbərləri daha çox hesabat verməyə yönəlik işlərə meyil etmişlər. Azərbaycandakı şirkət rəhbərlərinin 16%-i ətraf mühitə təsirə dair sualı seçmişdir ki, bu da qlobal səviyyədə rəhbərlərin 43%-nin bu məsələyə önəm verməsini nəzərə alaraq ən aşağı göstərici hesab oluna bilər. Əlavə olaraq qeyd olunur ki, nağd ödənişlərə olan tələbin azalması ən çox Azərbaycandakı şirkətlərə təsir göstərir.
Covid-19 pandemiyası rəqəmsal tətbiq və əməliyyatlarda əhəmiyyətli artım yaratsa da, rəqəmsal sahə ilə əlaqəli riskləri də artırmışdır.
Eyni dərəcədə həm Azərbaycandakı, həm də qlobal nəticələrdəki cavablara 2020-ci il ərzində bariz görünən kiberhücumlarda yüksəlişin təsiri olmuşdur.
Azərbaycandakı şirkət rəhbərlərinin bildirdiyi kimi, Covid-19 pandemiyası yoluxma riski səbəbindən ölkədə nağd vəsaitlərin istifadəsini kəskin azalmışdır ki, (47%) bu tendensiyanın da davam edəcəyi gözlənilir.
3) Pandemiya nəticəsində rəqəmsal sürətlənmə baş vermişdir:
Sorğular nəticəsində 60% Azərbaycanlı rəhbərlər rəqəmsal transformasiyaya sərmayə yatırmağı planlaşdırırlar. Covid-19 böhranı nəticəsində yaxın üç ildə Azərbaycandakı şirkət rəhbərlərinin 39%-i kiber təhlükəsizlik və məlumat məxfiliyi investisiyalarında artım planlaşdırır.
4) Gələcək vergi ödəmə vaxtı:
Artan məhsuldarlıq Azərbaycanın iqtisadi dirçəlişinin vacib bir aparıcı amili olacaqdır. Bu müddətdə pandemiyanın həm daxili iqtisadiyyata, həm də fərdlərə təsirini azaltmaqda maraqlı olan hökumət öz üzərinə əhəmiyyətli borc götürmüşdür. Vergi siyasəti qeyri-müəyyənliyindən son dərəcə narahat olan azərbaycanlı rəhbərlərin sayı 2020-ci ilə nisbətən 20% artmışdır (diaqram 3).
Azərbaycandakı şirkət rəhbərləri müəssisələrin vergi öhdəliklərinin xərc strukturunun yenidən nəzərdən keçirilməsinə və təşkilatların qərar vermə və planlaşdırma işlərinə təsir göstərəcəyinə inanırlar.
5) Qlobal nüans:
Sərhədlərarası rəqabət qlobal vergi mübahisələrini qızışdırdıqca, Azərbaycandakı şirkət rəhbərləri qlobal ticarət gərginliyinin bir qədər azalacağını proqnozlaşdırırlar. Azərbaycanın iki qonşusu olan Türkiyə və Rusiya təşkilatların ümumi qısamüddətli artım perspektivləri baxımından yerli rəhbərlər üçün ən əlverişli yer olaraq qalırlar.
Bərpa tempinə dair qeyri-müəyyənliyi nəzərə alaraq, azərbaycanlı rəhbərlər artımı sürətləndirmək üçün ilk növbədə əməliyyat səmərəliliyinə etibar etməyə davam edirlər.
Azərbaycandakı şirkət rəhbərləri artım əldə etmək məqsədilə növbəti 12 ay ərzində əməliyyat səmərəliliyi üçün çalışmağı planlaşdırırlar.
Qlobal pandemiyanın bir illik mərhələsində rəhbərlər, həm dünyanın iqtisadi trayektoriyasında, həm də gələcəyi kəşf etmək imkanları baxımından dönüş etdiklərinə inanırlar. Bu potensialdan istifadə etmək etibar qurmağı və yorğun bir dünyanın həsrətində olduğu davamlı nəticələr verməyi tələb edəcəkdir.

 

Əhmədov Qoşqar,
Azərbaycan Respublikasının Auditorlar Palatasının idarə rəisi, doktorant,

Hüseynova Sənubər, magistrant