MƏQALƏLƏR

362

Qarabğ iqtisadi rayonun maliyyə potensialı onun iqtisadi artım və inkişaf strategiyasının əsasıdır

  • 17.09.2021

 

UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən

məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir

 


Labüd olduğunu azərbaycanlıların həmişə dönə-dönə söylədikləri “Qarabağ Azərbaycandır” nidası felən baş vermişdir. Bu millətimizin möhkəm mənəvi iradəsi, birliyi, diriliyi və gücü hesabına əldə olunmuşdur. Qazanılmış böyük Qələbə millətimizə dərk edilmiş könüllü fədakarlıq və qurbanlar bahasına nəsib olmuşdur. Məhz buna görə səbirsizliklə gözlənilən və can fədakarlığı ilə qazanılan bu Qələbə Azərbaycan xalqı üçün müqəddəs, doğma və əzizdir.

Baş vermiş triumfal zəfər şərəfinə hələ uzun illər möhtəşəm fikirlər söylənəcək, əsərlər yazılacq, bədii kompozisiyalar bəstələnəcəkdir. Yağı düşmən və onun əli qanlı riyakar havadarları üzərində qazanılmış bu şanlı Qələbə, eyni zamanda, təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi kimi qavranılmayacaqdır. Bu möhtəşəm zəfər, habelə xalqımızın mənəvi-əxlaqi, siyasi-təşkilati, milli bütövlük və saflıq identifikasiyasının özünəqayıdışının bir şəhadəti olacaqdır. Nəticə etibarı ilə bu o deməkdir ki, azərbaycanlıların bir millət kimi substantiv olaraq ruhən və cismən bütövləşməsi prosesi tam və qəti şəkildə başa çatacaqdır. “Bu millət və onun qurduğu dövlət əbədidir” fikri bir daha təsdiqlənəcəkdir.
Millətimizin bu tarixi qələbəsində milli birlik, tarixi, mənəvi-əxlaqi ədalət hissi, haqqa olan sonsuz inam, gəncliyin milli sədaqəti, milli ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, dost və qardaş dəstəyi bir ruhi cövhər kimi qaynaqlanacaqdır. Kürəsal miqyasda tarixi ədaləti təmin etmək iqtidarında olan bir millət, eyni zamanda, bu işi, ölkə daxilində də onun bütün sferalarında – dövlət quruculuğunda, kadr və məmur keyfiyyətində, iqtisadiyyatda, təhsil və səhiyyə sistemində, ictimai həyatda - əmək kollektivlərində, konkret fərdlər arasındakı münasibətlərdə - bir toplum olaraq təmin edə biləcəkdir. Bu baxımdan, şanlı zəfər tarixi yazan bir millət və dövlətin bilavasitə prinsipial idarəçiliyi və rəhbərliyi altında hərbi quruculuq işinin düzgün formalaşdırılması nəticəsində əldə olunan bu Qələbə, Azərbaycan dövlətinin və millətinin digər xarici və daxili fəaliyyət sahələrində də əldə edəcəyi möhtəşəm uğurların yeni başlanğıcı olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə formalaşdırılmış Qarabağ iqtisadi rayonu 2020-ci ilin Vətən müharibəsindən sonrakı dövrdə bərpa və quruculuq işlərinin möhtəşəm platsdarmına çevrilməkdədir. Müasir mərhələdə işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin görülməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində yeni layihələr hazırlanması prosesi sürətlə getməkdədir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli aeroportunun tikilməsi, Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi çox böyük önəm daşıyır. Qeyd edək ki, təkcə 2021-ci ildə dövlət büdcəsində Qarabağda quruculuq işlərinin aparılması üçün 2,2 mlrd. manat vəsait xərclənməsi proqnozlaşdırılaraq icra olunmaqdadır.
Apardığımız empirik ekstrapolyasiya təhlili əsasında gəldiyimiz qənaət belədir ki, Qarabağ iqtisadi rayonunun maliyyə potensialının (regionun öz vəsaiti və cəlb edilmiş resurslarının məcmusu) 2050-ci ilədək olan dövrdə ölkə maliyyə potensialının 30-40 faizinədək yüksəlmək ehtimalı kifayət qədər realdır. Qeyri-karbohidrogen ehtiyatları sektorunun dinamik artımı və iqtisadiyyatın şaxələndirilməsi prosesinin dərinləşməsi bizə bu qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, təkcə Qarabağın Dağlıq bölgəsinə 1971-1985-ci illərdə təqribən 96,6 mln. ABŞ dolları (483 mln. sovet rublu) sərmayə yatırılmışdır ki, bu da ildə orta hesabla 6,5 mln. dollar investisiya demək idi. Qarabağın Dağlıq bölgəsinin həmin dövrdə onun aran bölgəsindən 0,7-0,8 dəfə üstün sürətlə inkişafını nəzərə alsaq, hətta Sovet dövründə belə Qarabağ iqtisadi rayonunun kifayətedici iqtisadi potensiala malik olmasını qeyd etməliyik. 30 illik işğal dövründə barbarcasına dağıdılmış bu potensialın bərpasına və tədrici inkişafına 2021-ci ildən etibarən start verilmişdir (cədvəl 1).

Cədvəldən göründüyü kimi, 2030-2050-ci illər ərzində Qarabağ iqtisadi rayonunun maliyyə potensialının on dəfədən də çox artımı aydın görünür. Bu baxımdan Qarabağ əsrin ortalarına doğru nəinki ölkəmizin və Cənubi Qafqazın, eyni zamanda, Trans İpəkyolu regionunun ən inkişaf etmiş bölgəsinə çevriləcəkdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunun makro və mikro sosial-iqtisadi və maliyyə potensialının artırılması istiqamətləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasənda qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də tapmışdır. Milli Prioritetlərə istinad edərək qarşıdakı onillikdə ölkənin sabit və dayanıqlı inkişafında müəyyən olunmuş aşağıdakı beş milli fundamental vəzifənin yerinə yetirilməsi ölkəmizin qarşısında duran taleyüklü vəzifələr kimi qəbul olunmuşdur: a) dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; b)dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; c) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; d)işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; e) “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Milli Prioritetlərin məhz dördüncü istiqaməti işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sosial-iqtisadi, təşkilati-maliyyə və hü­quqi-praktiki əsaslarını özündə ehtiva edir.Apardığımız empirik nəzəri-substantiv təhlil bizə onu deməyə elmi əsas verir ki, regionun bərpası və gələcək inkişafı məhz dövlətimizin iqtisadi və maliyyə resursları hesabına reallaşdırılacaqdır ki, bunda da mərkəzləşdirilmiş büdcə sistemi vəsaitlərinin müstəsna rolu olacaqdır.
Apardığımız iqtisadi təhlil nəticəsində işğaldan azad olunmuş rayonlarda artıq müəyyən gəlirlər bazasının yaradılması prosesinin dinamikasını görə bilirik. Belə ki, təkcə, 2021-ci ilin büdcəsində Qarabağ iqtisadi rayonunun bir çox bölgələr üzrə yerli xərclərini hələ ödəyə bilməməsinə baxmayaraq, stabil müəyyən yerli gəlirlər formalaşmışdır (cədvəl 2).

Bizcə, müəyyən mənada məhz bu gəlirləri yaxın perspektivdə Qarabağ regionuna axıdılacaq milyardlarla dollarlıq daxili və xarici maliyyə axınlarının simvolik başlanğıcı da hesab edə bilərik.

Apardığımız empirik təhlil nəticəsində belə bir qənaətə gəlmək mümkündür ki, işğal olunmuş ərazilərdə faktiki işğal müddəti ərzində (1988-2020-ci illər) itirlmiş yerli və mərkəzləşdirilmiş büdcə sistemi gəlirlərinin təqribi multiplikativ məbləğinin 40-50 milyard manat civarında olması ehtimalı kifayət qədər real görünür. Təhlil göstərir ki, bu məbləğin müəyyən edilməsi üçün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik situasiya, məhsuldar qüvvələrin yerləşdirilməsi səviyyəsi, sahibkarlıq strukturlarının sayı və dinamikası, kənd təsərrüfatı müəssisələrinin inkişafı tendensiyası və s. nəzərə alınmaqla yaradıla biləcək ümumi daxili məhsulun həcminin tapılması işi ilk növbədə həyata keçirilməlidir. Ümumi daxili məhsulun proqnozlaşdırılan həcmi tapıldıqdan sonra həmin ərazilər üzrə 30 illik orta vergi yükü səviyyəsi tapılmalı və bu əsasda korrelyasion metodla Azərbaycan Respublikasının dövlət büdcə sisteminin əldə edə bilmədiyi daxilolmalarının məbləğinin təqribi və ehtimal həcmini müəyyən edə bilərik.
Tədqiqatın sonrakı mərhələsində daxilolmaların analitik və diferensial təhlilini davam etdirərək, yəni fiziki şəxslərin gəlir vergisi, mənfəət vergisi, torpaq vergisi və əmlak vergisi və sosial sığortaya ayırmalar üzrə itkilərin ayrı-ayrılıqda hesablayıb, əldə edəcəyimiz ehtimal rəqəmi daha da dəqiqləşdirə bilərik. Biz tədqiqatı müqayisəli “analoq” metodu ilə zənginləşdirib, həm də Qarabağ iqtisadi bölgəsinin iqtisadiyyatına yaxın rayonlar üzrə, məsələn, Bərdə, Tərtər, Ağcabədi və s. rayonların 1990-2020-ci illər ərzindəki inkişaf və iqtisadi artım sürətinə əsaslanıb və bu real faktiki orta dinamik sürəti Qarabağ bölgəsinə tətbiq etmək yolu ilə Qarabağ rayonlarının inkişaf istiqamətlərini də dəqiqləşdirə bilərik. Bizcə, məhz bu istiqamətdə tədqiqatların aparılması büdcə daxilolmalarının azalması məbləğinin daha da dəqiq müəyyən edilməsinə əsas verə bilər. Digər tərəfdən, bu işdə regionun təbii ehtiyatları, mövcud olmuş və dağıdılmış potensial maddi texniki bazası da diqqətdən yayınmamalıdır.
Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi sahələrinin müvazinətli və dinamik inkişafı fonunda tərəqqi edən Qarabağ iqtisadi rayonunun əsrimizin ortalarına doğru bütün Qafqazın mini “İsveçrəsinə” çevrilməsi proqnozunu tamamilə real hesab edirik. Onlarla yerli və xarici banklar və filialları, sığorta və broker şirkətləri, investisiya fondları və maliyyə qurumları, nəqliyyat və turizm şirkətləri – bütün bunlar nəhəng infrastruktur konqlomeratın fundamental əsaslarını formalaşdıracaqdır. Logistik kommunikasiya əlaqələri, böyük nəqliyyat – avtomobil, dəmiryolu və hava dəhlizləri nəhəng kapital axınlarına şərait yaradacaqdır.
İqtisadiyyatın ənənəvi sahələri kənd təsərrüfatı, emaledici sənaye, yüngül, o cümlədən toxuculuq sənayesi, yeyinti-ərzaq istesalı, kənd təsərrüfatı maşınqayırması və cihazqayırma, tikinti sektoru, aktiv turizm, xidmət və əyləncə sektoru, sanatoriya-kurort müalicəsi və s. sahələrin inkişafı Qarabağ regionunun iqtisadi və maliyyə potensialının yüksəldilməsinin real maddi bazasına çevriləcəkdir.


Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC)
“Maliyyə və maliyyə institutları“
kafedrasının professoru,
iqtisad elmləri doktoru Nizami Xudiyev