MƏQALƏLƏR

Hüzeyir Hacıbəyli

  • 17.09.2021

Qarabğın görkəmli simaları

Musiqi ictimaiyyətimiz hər il dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin (Hacıbəyov)  doğum gününü (18 sentyabr tarixini) Milli Musiqi günü kimi qeyd edir. Üzeyir Hacıbəyli müasir Azərbaycan peşəkar musiqisinin və milli operasının banisi olmaqla bərabər, 100-lərlə publisistik məqalənin də müəllifidir. Onun 1918-20-ci  illərdəki fəaliyyəti Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə bilavasitə bağlı olmuşdur. 


 

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci il tarixində Ağcabədi rayonunda anadan olmuşdur. Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən idi.
Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçmüş və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, məhz onun bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid “Leylinin qəbri üzərində Məcnun” (“Leyli və Məcnun” sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu.
Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899-1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxumuşdur. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnmiş, bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış olmuş və onları möhkəm dostluq telləri bağlamışdır. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1905-ci ildən Bakıda ilk olaraq Bibi-Heybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs demiş, orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini tədris etmişdir. Elə o vaxt “Həyat” qəzetində tərcüməçi olaraq işə başlamış, sonra “İrşad” qəzeti ilə əməkdaşlıq etmişdir. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədi ilə Moskvaya yola düşmüş, bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs almış, daha sonra Sankt-Peterburq konservatoriyasında Vasili Kalafatinin tələbəsi olmuşdur. Onun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” adlı musiqili komediyaların müəllifidir.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. O, həm də böyük musiqişünas alim idi, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir.
Üzeyir bəy Hacıbəyli həm də bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. Dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
1937-ci ildə yazdığı “Koroğlu” operası bəstəkara böyük şöhrət gətirmiş, o, 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görülmüşdür. İki “Stalin” mükafatı laureatı (1941, 1946), “Lenin” ordeni kavaleridir (1938). Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948), 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941), Azərbaycan Xalq Cümhuriyəti və Azərbaycan SSR himnlərinin müəllifidir.
Üzeyir bəy Hacıbəyli 1948-ci ildə vəfat etmişdir, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Son 30 ilə yaxın dövrdə Üzeyir bəyin vətəni, Azərbaycanın musiqi beşiyi gözəl Şuşa düşmən işğalı altında idi. Lakin ötən ilin sentyabrında başlanan 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda, Şuşada Azərbaycan bayrağını ucaltdı.
Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalının açılışında Prezident İlham Əliyevin dediyi sözlər bizdə qürur hissi və azad gələcəyə böyük inam yaratdı: ”Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı.
Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bəli, dahi Üzeyir bəyin ruhu indi rahatdır, doğma Şuşa çəmənləri, dağları, bulaqları, mədəniyyət abidələri ilə bu torpağın əsl sahiblərini uzun həsrətdən sonra böyük sevinclə qarşılayacaqdır.”