MƏQALƏLƏR

Azərbaycanın maliyyə sektorunun inkişafı: işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahibkarlığın inkişafının əsas istiqamətləri

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

XX əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Nəhayət, 27 sentyabrdan başlayaraq 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu 30 ildir işğal altında olan torpaqlarımızı geri qaytarmış, Qarabağın hər bir guşəsində üçrəngli Azərbaycan bayrağını dalğalandırmışdır.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən biri oldu. Uzun illərə söykənən zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, öz gücünü bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
İşğaldan azad olunmuş ərazilərdə monitorinqlər aparılmış və düşmənin torpaqlarımızda həm maddi, həm mənəvi ziyanı aşkar edilmişdir. Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilmişdir. Bütün müəssisələr demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. 28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilmişdir.
Sonrakı mərhələdə artıq bərpa işlərini həyata keçirmək üçün müəyyən addımlar atılmışdır. Layihələr hazırlanmış, təkliflər irəli sürülmüş, iclaslar keçirilmiş və qərarlar qəbul edilmişdir. Təbii ki, bu proses həm vaxt həm də müəyyən vəsait tələb edir.
Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımız tarixi-mədəni dəyəri, füsunkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala eyni zamanda, turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərdə Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.
Azərbaycan sahibkarları üçün işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq imkanı yaradılmış və bu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli biznes mühiti, kiçik və orta sahibkarlığın formalaşması qeyri-neft sektorunun inkişafına əsaslı təkan vermiş olacaq. Nəticədə idxalı əvəz edən məhsulların və ixrac yönümlü məhsulların istehsalı da artacaqdır. Bu prosesin bazasını işğaldan azad edilən ərazilərin təbii ehtiyatları və öz doğma yurdlarına qayıdacaq insanlar təşkil edir.
Müharibənin qısamüddətli olması və Azərbaycan hökumətinin təhlükəsizlik zəmanəti investorları sərmayə yatırmağa daha inamlı etmişdir. Müharibədən dərhal sonra Azərbaycan şirkəti “Azerenerjinin” İtaliyanın “Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması buna misal ola bilər.
İşğaldan azad edilən rayonlarda sahibkarlığın təşkili və inkişaf etdirilməsi üçün konsepsual yanaşmaya üstünlük verilməlidir. Buna misal olaraq, 2010-cu ildə Qafqaz Strateji Tədqiqatlar İnstitutunun dəstəyi ilə iqtisadçı alimlər - Nazim Müzəffərli və Eldar İsmayılov tərəfindən hazırlanmış “Azərbaycanın postkonflikt ərazilərinin bərpası (konseptual əsaslar)” adlı fundamental monoqrafiya işğaldan azad edilən ərazilərin bərpası üçün normativ-hüquqi baza kimi çıxış edə bilər.
Bu monoqrafiya ilə yanaşı, sahibkarlığın inkişafına dair son illər qəbul edilmiş normativ-hüquqi aktlarda qarşıya qoyulan məqsəd və vəzifələrin icrasını rəhbər tutaraq işğaldan azad edilən bölgələrdə sahibkarlıq fəaliyyətini bərpa və inkişaf etdirmək üçün hədəflərin, təklif və tövsiyələrin də nəzərə alınması məqsədəuyğundur.
Hazırda işğaldan azad edilən rayonlar üçün icra olunacaq tədbirlər nəzərdə tutulmamışdır. Lakin bir sıra təkliflər, fikirlər irəli sürülmüşdür. Müharibə dövründə Ermənistan yalnız müharibə gedən rayonlarımızda deyil, Bərdə, Gəncə kimi ərazilərdə də dağıntılar törətmişdir. Bütün bu ərazilərdə aparılacaq genişmiqyaslı bərpa və tikinti işləri beynəlxalq standartlara və müasir dövrün tələblərinə uyğun aparılmalıdır. Bundan başqa Qarabağın inkişafı bir sıra prioritetlər üzrə həyata keçirilə bilər. Azad olunmuş ərazilərdə iqtisadi infrastrukturun bərpa olunması və inkişaf etdirilməsi vacibdir. Təbii ki, də bu ərazilərin inkişaf etdirilməsi üçün sosial infrastrukturla yanaşı, məcburi köçkünlərin də mərhələli şəkildə yerləşdirilməsi əsas məsələlərdən biridir. Bütün bu faktlar onu göstərir ki, həmin ərazilərdə sahibkarlığın müxtəlif mülkiyyət formalarında geniş şəbəkəsinin yaradılması üçün kifayət qədər xammal və enerji resursları mövcuddur. İndiki və gələcək nəslin qarşısında duran başlıca vəzifə həmin resurslardan qənaətlə istifadə etməklə Qarabağın dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yeni layihələrin həyahata keçirilməsi planlaşdırılır. Bu layihələr vətəndaşlarımızin işlə təminatına da müsbət təsir göstərəcək, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaqdır. Onu da söyləmək lazımdır ki, erməni vandalları tərəfindən darmadağın edilən əraziləri, maddi və mənəvi sərvətləri qısa müddətdə bərpa etmək o qədər də asan olmayacaq.
Bütün bu proseslər xalqımız üçün 30 illik həsrətə son qoyan, öz cəsarəti, uzaqgörən siyasəti, diplomatik bacarığı və qətiyyəti ilə doğma Qarabağımızın işğaldan azad edilməsi prosesinə uğurla rəhbərlik edən ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə dəstəyi ilə öz müsbət həllini tapacaqdır. Və son olaraq 44 günlük müharibədə həyatını itirən 2900 şəhidə, əsgərlərimizə, qazilərimizə, ümumiyyətlə müharibədə iştirak etmiş hər bir şəxsə çox şey borcluyuq!

 

Abbasova Ləman Şahin qızı,
UNEC-in Maliyyə və
mühasibat fakültəsinin 2-ci kurs 604-cü qrup tələbəsi
Elmi rəhbər: i.f.d., dosent
Flora Kaşiyeva