MƏQALƏLƏR

İşğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahiblarlığın inkişafının əsas istiqamətləri

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.

 


 

Ali Baş Komandan, cənab İlham Əliyevin uzaqgörən siyasəti və möhtəşəm rəhbərliyi ilə şanlı,rəşadətli, qorxmaz və bir yumruq altında birləşən Azərbaycan ordusu uzun müddət həsrət qaldığımız, Azərbaycanın döyünən ürəyi olan Qarabağ torpaqlarını mənfur düşməndən azad edərək, bizə qələbə sevincli günlər yaşatmışdır. Bu gözəl günləri bizə nəsib etdiyi üçün uca Allaha şükür edərək,ölkə Prezdenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusuna təşəkkürlərimizi bildiririk. Və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik! Geri qaytarılan torpaqlar şəhidlik zirvəsinə ucalan igidlərin qanı bahasına alınan torpaqlardır. Mənfur düşmənlər azad olunmuş torpaqlarda demək olar ki, hər şeyi məhv etmişdir. Buna baxmayaraq, bu torpaqların hər qarışı bizim milli sərvətimizdir. Bu ərazilərin böyük iqtisadi potensialı vardır və təbii ehtiyatlarla zəngindir. Gözəl Qarabağ torpaqları yeraltı və yerüstü sərvətlərlə zəngindir ki, bunun da iqtisadiyyatımıza böyük dividendlər gətirəcəyi şübhəsiz haldır. İşgaldan azad olunmuş ərazilərdə dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlbi azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Fərəhverici hallardan biri odur ki, Azərbaycanımızın iqtisadi əsasları getdikcə güclənir, iqtisadiyyatımız günü-gündən inkişaf edir, yeni müəssisələr, iş yerləri açılır. Azərbaycan dünya ölkələri ilə sıx əməkdaşlıq edərək böyük, uğurlu layihələrə imza atır. Qürur duyduğumuz üçrəngli bayrağımız isə beynəlxalq ölkələrin bayraqları sırasında dalğalanır.İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialı olması hamıya bəllidir artıq. Bu ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər ərazilərin bərpası üçün çəkilən mailiyyə xərclərini dəfələrlə üstələyəcəkdir. İşğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın formalaşması qeyri-neft sektorunun inkişafına böyük təkan vermiş olacaqdır. Nəticədə ixrac yönümlü məhsulların istehsalı da artmış olacaqdır. Bütün bunları işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatları hesabına fədakar və vənpərvər insanlar təşkil edəcəkdir.Azad olunmuş ərazilər sənaye ve tikinti əhəmiyyətli müxtəlif növ resurslarla, su ehtiyatları ilə zəngindir ki, bu da sənaye və kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu ərazilərdə müalicə əhəmiyyətli 100-dən çox mineral su yataqları mövcuddur. Azərbaycanın ümumi mineral sularının təxminən 40%-i azad olunan ərazilərin payına düşür.Bu ərazilərdə sahibkarlıq formalarının yaradılması üçün kifayət qədər xammal və enerji resursları vardır. Qarabağın dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək gələcək nəslin qarşısında duran başlıca vəzifədir.
Son illərdə Azərbaycanın qeyri-neft ixracında qızıl mühüm yer tutur. Dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. Yeni yaradılacaq tikinti təyinatlı sahibkarlıq subyektlərinin, fərdi qaydada yaradılacaq kiçik müəssisələrin regionda mövcud olan və dağıntıya məruz qalan çoxsaylı yaşayış məntəqələrinin və 14 şəhər və 46 qəsəbənin yenidən bərpası işində fəal iştirakı şübhə doğurmur. Güman edirik ki, həmin sahibkarlıq subyektlərinin təşkili prosesinə güzəştli vergi və kredit sistemləri şamil ediləcəkdir. Bu ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlıq subyektləri bir neçə il vergilərdən azad olunmalı və onlara aşağı faizli kreditlər verilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə başlamış yenidənqurma işlərinə sərmayə qoymaqda maraqlı ölkələr çox olacaqdır. Azərbaycanın işgaldan azad edilmiş torpaqlarının regionun iqtisadi inkişafında böyük rolu olacaqdır. Bu inkişafdan təkcə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri, sərmayə qoyan və yenidənqurmada iştirak edən ölkələr də yararlanacaqdır.Hal-hazırda Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkələr sırasındadır. İqtisadiyyatımızın maliyyə təminatı yüksək səviyyədədir və iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmdə investisiyalar yönəldilir. Bütün bunlar dünyadakı gücümüzü, reytinqimizi artıran başlıca amillərdəndir. Xalqımız üçün 30 illik həsrətə son qoyan, uzaqgörən siyasəti, cəsarəti və qətiyyəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsinə uğurla rəhbərlik edən, Milli Qəhrəman adına layiq olan ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə sosial- iqtisadi problemlər də qısa müddətdə öz həllini tapacaqdır.Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!

 

Həmidova Rəvanə,
UNEC-in Biznes və
menecment fakültəsinin
3-cü kurs, 22-ci qrup
tələbəsi, Elmi rəhbər:
i.f.d., dosent Flora Kaşiyeva