MƏQALƏLƏR

Cənub Qaz Dəhlizi ölkəmizin gələcək inkişafına xidmət edir

  • 14.10.2021

Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. İqtisadiyyatı artan templərlə inkişaf edən respublikamız nəinki regional, həmçinin qlobal müstəvidə sayılıb-seçilən ölkəyə çevrilib. Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, 17 ildə cənab Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dövlətçilik modeli dayanır. Bu modelin əsas sütunlarından biri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” neft kontraktıdır. Həmin layihənin gerçəkləşdirilməsi fonunda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi və digər transmilli layihələrin reallaşdırılması Azərbaycanı iqtisadi tənəzzüldən çıxararaq, yüksək iqtisadi inkişaf və tərəqqi yoluna qovuşdurdu. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi illərində Azərbaycan nəinki enerji, eyni zamanda beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrildi.
Lakin yalnız bu layihələrlə kifayətlənilmədi. Onların ardınca yeni layihələr gəlməyə başladı.Azərbaycanın qlobal aləmdə tərəfdaş ölkə kimi önəmi artdı.
2011-ci il yanvarın 13-də Bakı şəhərində Avropa Komissiyası ilə Azərbaycan hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamə imzalandı. Bununla da Avropa bazarına çıxış üçün siyasi razılaşma əldə olundu. Bu sənəd qarşılıqlı maraqlara söykənməklə yeni əməkdaşlıq imkanları açdı. Layihənin gerçəkləşməsi Turkiyə ilə razılaşmadan keçirdi və Prezident İlham Əliyevin 2011-ci il oktyabrın 25-də Türkiyəyə səfəri çərçivəsində bu razılaşma əldə olundu. İmzalanan sənədlər Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün əlverişli hüquqi baza yaratdı. Hər iki ölkənin birgə təşəbbüsü ilə Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsinin əsası qoyuldu. Bununla da regionda enerji layihələrinin xəritəsinin şaxələndirilməsi üçün real imkanlar açıldı.
2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu Azərbaycan qazı­nın Avropaya nəql edilməsi üçün Trans-Adriatik boru kəmərinin (TAP) yaradıl­masını elan etdi. Bununla da Türkiyə, Yunanıstan, Albaniya və İta­li­yanı birləşdirən TAP boru kəməri Cənub Qaz Dəhlizinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi. Bu kəmər həm də qismən Bolqarıstanda qaz nəqlini nəzərdə tutur.
2021-ci ilin fevral ayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası baş tutmuş və həmin konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir:
“Əlbəttə, əvvəlcə hər birinizi Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrik etmək istəyirəm. Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhli­zinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki plan və ideyalarımız var”...
Avropa Komissiyasının enerji məsələləri üzrə kommissarı xanım Kadri Simson uğurlu tərəfdaşlıq məsələlərindən danışaraq demişdir: “Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qazın qiymətinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurlarımızın, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji tərəfdaşdır!”
Ekspertlərin rəyinə görə, Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını uzlaşdırmaq, bölgəyə 30 milyard dollarlıq sərmayə cəlb etmək, yeni iş yerləri yaratmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Asiya və Avropanın 7 ölkəsinin ərazisindən keçməklə 3,5 min kilometr məsafəni qət edən və dünyanın aparıcı enerji şirkətlərini birləşdirən Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlaması Azərbaycanın qlobal layihə idarəetməsində önəmini artırıb. Həm də layihənin maliyyələşməsinin 30 faizini üzərinə götürməklə onu Cənub Qaz Dəhlizinin reallaşmasında əsas söz sahibinə çevirib. Burada söhbət sadəcə bir enerji layihəsindən getmir. Bu layihə həm də Xəzər, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi kimi çox geniş və mühüm ekvatoriyada uzunmüddətli və etibarlı əməkdaşlıq platformasının yaradılmasına xidmət edir. Hazırda geosiyasi reallıqlar yeni çağırışlara adekvat cavab verməyi zəruri vəzifə kimi qarşıya qoyur. Qarşılıqlı razılaşma və əməkdaşlıq mühitinin yaradılması bu cür transmilli layihələrin gerçəkləşməsində həlledici rol oynayır. Neft hasilatı ilə məşğul olan elə ölkələr var ki, orada tez-tez kataklizmlər, xoşagəlməz hallar özünü göstərir. Şimali Afrika, Yaxın Şərq, Latın Amerikası ölkələrinin bir çoxunda karbohidrogen ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevrilib. Azərbaycan isə öz ehtiyatlarını ölkənin iqtisadi gücünün artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına sərf edir. Məhz bu səbəbdən də istər regional, istərsə də beynəlxalq müstəvidə bir çoxlarına əlçatmaz olan nailiyyətlər qazanılır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Cənub Qaz Dəhlizinin perspektivləri ilə bağlı jurnalistin sualına cavab verərkən denişdir ki, bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. O, sözünə davam edərək demişdir: “Azərbaycanda qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır”.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın iştirakı ilə reallaşan yeni transmilli layihələr enerji bazarında öz layiqli yerini tutacaq. Çünki Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə böyük töhfə vermək üçün güclü potensiala malikdir. Avropanın enerji doktrinasında kömürlə atom enerjisinin payının azaldılması məsələsi mühüm yer tutur. Bərpa olunan enerjinin və qazın payı isə artan dinamika üzrə inkişaf edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanın sonrakı bütün uğurlarına vəsilə oldu. Qısa zaman kəsiyində ölkədə sıçrayışlı iqtisadi inkişaf baş verdi və bunun nəticəsində cəmi 17 il ərzində Azərbaycanın hər bir guşəsi çiçəkləndi, gözəlləşdi, müasirləşdi. Neft kapitalının insan kapitalına keçidi baş verdi, ölkədə azad rəqabətə söykənən iqtisadi sistem bərqərar oldu. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə də bu amillərdən qaynaqlanır. Elə bir qələbə ki, Azərbaycanı əbədi yüksəlişə və inkişafa doğru aparacaq!


Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri