MƏQALƏLƏR

Respublikamızda arıçılıq təsərrüfatlarının inkişaf istiqamətləri YENİLƏNDİ

  • 24.11.2021

Müasir dövrdə ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifə sahələr arasında tarazlığı təmin etmək, əhalinin ərzaqla təminatını daim yaxşılaşdırmaq, sənaye sahələrinin kənd təsərrüfatı xammallarına olan tələbatının ödənilməsini və ixrac potensialının artırılaraq, inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmasını təmim etməkdir.
Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən rəhbərliyə gələrək, başlatdığı demokratik dövlət quruculuğu və iqtisadi inkişaf siyasəti hal-hazırda respublikamızın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Ölkə prezidentinin rəhbərliyi ilə qəbul edilən Strateji Yol Xəritələri, İqtisadi inkişaf Konsepsiyası, xeyli sayda dövlət proqramları və digər strateji xarakterli sənədlər, onların uğurla həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahənin inkişafının zəruri olduğu özünü daha çox büruzə verməkdədir. Dünya bazarında neftin ucuzlaşması və eyni zamanda manatın devalvasiyası nəticəsində idxal mallarının bahalaşması qeyri-neft sektorunu iqtisadiyyatın aparıcı qüvvəsinə çevirmək zərurəti yaradıb.
Bu gün qeyri-neft sektorunun aparıcı qüvvəsi sayılan aqrar sahənin yeni hədəflərinin əsası qoyulur, sosial və istehsal infrastrukturunun inkişafı, regional proqramların yerinə yetirilməsi, kənd ərazilərinin inkişafı, kənddə həyat tərzinin müasirləşdirilməsi, kənd iqtisadiyyatının inkişafı və alternativ iş mühitinin formalaşdırılması, kənd təsərrüfatının və kəndin çox funksiyalılığının gündəmə gətirilməsi ilə ölkənin daha da qüdrətlənməsinə şərait yaradılır.
Respublikamızda aqrar sektorda biznesin formalaşdığı müasir dövrdə istehsal sahələrinin müasir texnika və texnologiyalarla təchizatı, səmərəliliyin yüksəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək əsas vəzifələrdəndir. Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorda infrastrukturun yenilənməsi, müasir tipli yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına, yeni iş yerlərinin açılmasina şərait yarada bilər. Qeyd edilən tədbirlərin həyata keçirilməsi məqsədilə mühüm dövlət proqramları hazırlanaraq qəbul edilmişdir.
Kənd təsərrüfatında aparılan islahatların davamı olaraq ölkəmizdə 2016-cı il 06 dekabr tarixli fərmanla “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol Xəritəsi” təsdiq edilib. Hazırlanmış bu Yol Xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, qiymətləndirilmənin aparılması proqramı, yeni və daha müasir layihələrin hazırlanması və həyata keçirilməsi, fövqəladə hallarda həyata keçiriləcək tədbirlərin müəyyən edilməsi və s. işlərin səmərəliliyinin təmin edilməsi məsələləri öz əksini tapmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra inzibati amirlik və sovet sistemindən sosial yönümlü sivil bazar iqtisadiyyatına keçid etməklə inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Artıq ölkəmiz keçid dövrünü, əsasən başa vurmuş dövlət olaraq, mili maraqlara cavab verən, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən prinsiplərə uyğun, keyfiyyətli məhsul istehsalı və xaricdən asılılığı azaltmaqla, malik olduğu insan kapitalı və zəngin təbii resurslardan səmərəli istifadə etməklə inkişaf etmiş ölkəyə çevrilmişdir.
Sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycanın əldə etdiyi uğurlu nəticələri təhlil edən akademik Z.Ə.Səmədzadə "Çin qlobal dünya iqtisadiyyatında" adlı fundamental əsərində ölkəmizin XXI əsrə bazar münasibətləri əsasında inkişaf edən müstəqil ölkə olaraq daxil olduğunu qeyd edir. Beynəlxalq əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edən Azərbaycanın iqtisadi qüdrəti günbəgün artır, bu isə öz növbəsində maliyyə imkanlarının genişlənməsinə zəmin yaradır.
Müasir dövrdə ölkənin iqtisadiyyatında neft sektoru aparıcı rol oynasa da, aqrar sahə çox böyük həyati əhəmiyyətə malik olan sahə kimi qalmaqdadır. Bu, onunla əlaqədardır ki, aqrar sahə ölkədə əhalinin ərzaq məhsullarına, bir sıra sənaye sahələrinin xammala olan tələbatının ödənilməsində, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və deməli, cəmiyyətin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Ona görə də hər bir ölkə, xüsusilə də inkişaf etməkdə və keçid iqtisadiyyatında olan ölkələr özlərinin təbii iqlim potensialına uyğun gələn və ərzaq təhlükəsizliyini təmin edə bilən aqrar sahəyə malik olmağa çalışır.
Ölkəmizdə aqrar setorun tərkib hissələrindən biri olan arıçılıq ənənəvi məşğuliyyət növlərindən biridir. Bunun bariz nümunəsi kifayət sayda yaşayış məntəqələrimizin və yerlərin arı və onun məhsullarının adı ilə məşhur olmasıdır. Keçmiş tariximizdən gələn bu adların əksər hissəsi bu gün də qalmaqdadır. Tarix boyu insanlar tərəfindən arıçılığın inkişaf etdirilməsinin bir sıra məqsədləri olmuşdur. İnsanlar arıçılığı inkişaf etdirməklə özlərini müalicəvi qida məhsulu və qiymətli pəhriz sayılan balla, xalq təsərrüfatını mumla, tibb sahəsini bu sahə üçün xüsusi əhəmiyyəti olan arı zəhəri, arı südü və s. ilə təmin etməyə çalışmışlar. Milli ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən arıçılıq məhsulları baxımından kənd təsərrüfatının davamlı inkişafına nail olunması həllini gözləyən problemlərdəndir.
Göstərilənlərlə əlaqəli olaraq mövcud potensialdan daha səmərli istifadə olunmaqla və kənd təsərrüfatının mütərəqqi strukturunun üstünlüklərindən istifadə etməklə yeni müxtəlif formalı kənd təsərrüfatı müəssisələrinin təşkili və idarə edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə təminatının daha da yaxşılaşdırılması yollarının və xüsusiyyətlərinin araşdırılması, təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi ölkəmizin aqrar elmi qarşısında duran ən mühüm vəzifələrən biridir.
Respublikamızda aparılan iqtisadi islahatlar dərinləşdikcə, aqrar sektorun bir çox sahələri öz üzərinə düşən tarixi-iqtisadi vəzifələrin həllində xeyli çətinliklərə məruz qalır, əsas funksiyalarını yerinə yetirə bilmirlər. Bu sahələrdən biri olan arıçılıq təsərrüfatları da son illərdə ölkəmizdə əlverişli torpaq-iqlim şəraitinin olmasına baxmayaraq, əhalinin əvəzsiz yeyinti məhsulu olan bala və digər arıçılıq məhsullarına olan tələbatını tam ödəmir. Odur ki, respublikamızda arıçılıq məhsullarının istehsalının təşkili və idarə edilməsinin iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin tədqiqi obyektiv zərurətə çevrilmişdir.
Arıçılıq bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanılmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir. Bu sahəni inkişaf etdirmək iqtisadi cəhətdən gəlirli olması ilə yanaşı, ətraf mühitin ekoloji durumunun yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Aparılan araşdırmalar göstərir ki, bu gün respublikamızda arıçılıq təsərrüfatlarının maddi bazası tamamilə köhnəlmiş, arıçılıqla məşğul olanların hətta ən xırda avadanlıqları və materialları çatışmır. Respublikamızda arıçılıq təsərrüfatlarına xidmət göstərən infrastrukturların yaradılması istiqamətində tədbirlər həyata keçirilsə də, hələ də çoxlu çatışmazlıqlar mövcuddur. Arıçılar istehsal etdikləri məhsulları satmaq üçün böyük çətinliklərlə qarşılaşırlar. Əhalinin keyfiyyətli Azərbaycan balına tələbatı olmasına baxmayaraq, balın alıcılara çatdırılması mexanizmi bu günün tələblərinə cavab vermir. Bu baxımdan arıçılıq təsərrüfatlarının formalaşması və inkişaf etdirilməsi məsələlərinin elmi tədqiqi aktuallıq kəsb edir.
Azərbaycanda arıçılığın tarixinə səyahət etməklə onun dərin köklərə və zəngin təcrübəyə malik olduğunun şahidi oluruq.
Azərbaycanda arıçılıq Sovet hakimiyyəti dövründə bəzi kolxoz və sovxozların tərkibində fəaliyyət göstərmiş, ilk olaraq xırda dağınıq arıçılıq təsərrüfatları yaradılmış, sonralar ixtisaslaşdırılmış iri arçılıq təsərrüfatlarına çevrilmişdir. 1919-cu ildə “Arıçılığın mühafizəsi haqqında” dekret qəbul edilmişdir. Sənədə görə, arıçı kəndlilər əvvəllər tutulan “arı pulu” vergisindən azad edilirdilər.
XX əsrin 50-90-cı illərində Azərbaycanda arıçılıq dövlətə və arıçılıqla məşğul olanlara xeyli gəlir gətirən, inkişaf etmiş sahəyə çevrilmişdir. Rəsmi məlumatlara görə, o dövrdə Azərbaycanda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olmuşdur. Demək olar, bütün kolxozlarda arıçılıq təsərrüfatları, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu, Lənkəranda ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərmişdir.
Azərbaycan balı istər ölkəmizdə, istərsə də xaricdə yüksək qiymətləndirilir. Azərbaycanın misilsiz müalicəvi bal sortları olan dağ may balı, sitrus meyvələrindən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı bütün dünyada layiqincə qiymətləndirilmiş və qəbul olunmuşdur.
Ötən əsrin 70-80-ci illərində Şamaxı arıçılıq sovxozunun may balı (arıçı Mariya Samoylovanın arıxanası) Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində dəfələrlə nümayiş etdirilmiş və medallara layiq görülmüşdür.
Araşdırmalar göstərir ki, 1960-80-ci illərdə respublikamızda ixtisaslaşdırılmış arıçılıq sovxozlarının təşkili, arıçılığa mütə­xəssislər tərəfindən əməli köməklik göstə­ril­məsi xeyli yaxşılaşmışdır. Əvvəlcə mövcud xırda arıçılıq təsərrüfatları kolxoz və sovxozların nəzdində yaradılmış, sonradan isə inkişaf edərək, iri arıçılıq təsərrüfatlarına çevrilmişdir. Arıçılıq sovxozları da özlüyündə müəyyən istiqamətdə ixtisaslaşmışdır. Belə ki, Şəki və Qusar arıçılıq sovxozları damazlıq arıyetişdirmə istiqamətində, qalan sovxozlar isə bal istehsalı üzrə ixtisaslaşmışlar.
Azərbaycanın arıçılıq təsərrüfatı 1990-1999-cu illərdə 45 faiz azalmışdır. Bunun bir çox səbəbləri vardır. Arıxanaların əksəriyyəti erməni təcavüzü nəticəsində hərbi əməliyyatların aparıldığı ərazilərdə məhv edilmişdir. İslahatların həyata keçirilməsi ilə əlaqədar sovxoz və kolxozların ləğv edilməsi zamanı 10 arıçılıq sovxozunun və kolxozlara məxsus arıçılıq təsərrüfatlarının hamısı qeyri-peşəkar insanların əlinə keçmişdir. Səriştəsizlik üzündən arı ailələri baxımsız qalmış və tələf olmağa başlamışdır. Həmin dövrdə arıçılığa xidmət göstərən infrastruktur, o cümlədən baytarlıq xidməti də dağıldı. Yenicə fəaliyyətə başlayan arıçılar arı xəstəliklərini diaqnozlaşdıra və müalicə edə bilmirdilər. Arı dərmanlarının davamlı alınması pozulmuşdu.

“Qızıl pətək” qeyri-hökumət təşkilatı (QHT) müxtəlif rayonların və Kənd Təsərrüfatı Nazirliyinin, arıçıların köməyi ilə 2001-2005-ci illərdə arıçılıq sahəsinin vəziyyəti haqqında böyük bir material toplaya bilmişdir. Sorğu və araşdırmalarımıza görə, həmin illərdə Azərbaycanda arıçılıqla təxminən 3500 fermer məşğul olurdu, arıçılıq təsərrüfatında isə 100 mindən bir qədər çox arı ailəsi vardı. Bu, arıçılığın inkişafı və optimal fəaliyyəti üçün zəruri olandan təxminən 5 dəfə azdır. Respublikanın yem bazası isə 8-10 dəfə çox arı ailəsini təmin etməyə qabil idi.
Arıçılığın inkişafını ləngidən amillərdən biri 100 və daha az arı ailəsindən ibarət arıxanaların mövcud olmasıdır. Bu tip arıxanalarda adətən arıçılığı zəif bilən adamlar çalışdığından, onun maddi-texniki bazası da zəif olur.
Yüksək rentabelli sənaye arıxanaları 500 və 1000 arı ailəsindən ibarət olmalıdır. Kiçik arıxanaların istehsalat mədəniyyəti və sanitariya vəziyyəti aşağı səviyyədə olur. Arı ailələrinin şan və yemlə təminatı aşağı səviyyədə olduğu üçün arıçının əmək məhsuldarlığı aşağı olur, arıxana ziyanla işləyir. Odur ki, bu vəziyyətdən çıxış, kiçik arıxanaları birləşdirməklə təmərküzləşmə və onun sənaye əsasına keçirilməsi zərurəti yaranır.
Azərbaycan Respublikasında qeyri-neft sənaye sahələrinin 2014-2020-ci illər üçün prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsində əsas məqsəd respublikanın elm tutumlu və yüksək texnologiyalı, rəqabətə davamlı və ixrac yönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsidir. Odur ki, qeyri-neft sənaye sahələrinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənayeyə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi, bölgələrin təbii sərvətləri və əmək resurslarından səmərəli istifadə edilməsi sahəsində tədbirlər həyata keçirməklə bu sektorun dayanıqlı və davamlı inkişafına nail olunmalıdır.
Arıçılıq təsərrüfatlarının sənaye əsasına keçirilməsi mürəkkəb və uzunmüddətli proses olub, maddi-texniki bazanın möhkəmlənməsini, məhsul istehsalı texnologiyasının mütərəqqi üsullarının tətbiqini tələb edir.
Arıçılığın sənaye əsasına keçirilmə prosesi istehsalatın ixtisaslaşması və təmərküzləşməsi, təşkilati-təsərrüfat strukturunun təkmilləşməsini təmin edən tədbirlərdən ibarətdir. Arıçılığın sənaye əsasında təşkilində əsas məqsəd az əmək və vəsait sərf etməklə istehsalın həcmini artırmaqdan ibarətdir. Bu istehsalat vəsaitlərinin bir yerə cəmləşdirilməsi, ixtisaslaşmanın ardıcıllığı, sənaye texnologiyasının və mexanikləşdirilməsinin tətbiqi, istehsal proseslərinin səmərəli təşkili və istehsalın bütün ehtiyat mənbələrindən səmərəli istifadə edilməsi nəticəsində əldə olunur.
Arıxanalarda əmək məhsuldarlığının artırılmasına yeni və mütərəqqi texnologiyaların böyük həcmli arıxanalarda tətbiqi ilə nail oluna bilər. İri arıçılıq təsərrüfatları daha çox müasir vasitələr əldə edə bilər və onlardan səmərəli istifadə etməklə çəkilən xərclərin tez bir zamanda ödənilməsinə nail olarlar.
Arıçılığın sənaye əsasına keçirilməsi zamanı sahələrarası və təsərrüfatlararası ixtisaslaşmadan istifadə olunması xüsusi əhəmiyyətə malikdir. Bu cür ixtisaslaşma zamanı aşağıdakı istiqamətlərin seçilməsi daha məqsədəuyğundur:
- ballıq;
- ballıq-tozlandırıcı;
- arıyetişdirmə.
Ballıq istiqamətli iri sənaye arıxanası təşkil etdikdə, yüksək əmək məhsuldarlığı üçün və istehsal olunan balın maya dəyərini aşağı salmaq məqsədilə arıçını və onun köməkçisini ana arı yetişdirmək işindən azad etmək lazımdır. Arıxananı mayalanmış ana arı ilə yalnız təsərrüfatın xüsusi arı yetişdirmə arıxanası təmin etməlidir.
Beləliklə, araşdırmadan belə məlum olur ki, müasir arıçılıq təsərrüfatlarının yaradılması, yerləşdirilməsi, idarə olunması və onların sənaye əsasında təşkili ixtisaslaşma və təmərküzləşmə tətbiq olunmaqla, ən son texnolgiyaların istifadə olunması ilə həyata keçirilə bilər (sxem 1).
Sxemdən göründüyu kimi, müasir arıçılıq təsərrüfatları yaradılarkən müxtəlif sahələr üzrə mütəxəssislərin birgə fəaliyyəti və təsərrüfatlara xidmət edəcək infrastrukturların olması zəruridir. Lakin respublikamızda bu sahənin inkişaf etdirilməsi üçün münbit şərait yaranmalıdır. Bu sahənin inkişaf etdirilməsi üçün hesab edirik ki, elm adamları, alimlərimiz özlərinin birgə konsepsiyalarını hazırlamalı, müasir arıçılıq təsərrüfatlarının yaradılması istiqamətində elmi tədqiqat işləri aparmalıdırlar. Arıçılıq təsərrüfatlarının səmərəli fəaliyyət göstərə bilməsi üçün müxtəlif sahələrin mütəxəssisləri birgə fəaliyyət göstərməlidirlər:
- bioloqlar bu sahənin bioloji məsələlərini;
- ekoloqlar sahəyə təsir edəcək ekoloji amilləri;
- respublika və yerli icra hakimiyyəti orqanları;
- iqtisadçılar sahənin iqtisadi məsələlərini və s. araşdırmalı və nəzarətdə saxlamalıdırlar.
Bu gün bütün dünyada arıçılıq təsərrüfatları müxtəlif formalarda fəaliyyət göstərir. Respublikamızda müasir dövrdə arıçılıq təsərrüfatları müvafiq elmi tədqiqat institutlarının nəzdində, yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları tərəfindən yaradıla bilər.
Müasir arıçılıq təsərrüfatının yaradılması kompleks şəkildə həyata keçirilməlidir. Arıçılıq təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi, arıxanaların müxtəlif bitkiçilik məhsulları əhatəsində yerləşdirilməsi, arı xəstəlikləri ilə mübarizəni təmin etmək üçün baytarlıq xidməti və arıçıların normal fəaliyyətinin təşkili üçün köməkçi bina və qurğularla, avadanlıqlarla təmin olunma, reklam xidməti, paketləmə, qablaşdırma, saxlanılma məsələləri və sonda satışın həyata keçirilməsi vacib məsələlərdəndir.
Araşdırmadan məlum olur ki, bu gün yuxarıda sadalanan bu və ya digər məsələlər respublikamızda fəaliyyət göstərən arıçılıq təsərrüfatlarında kompleks şəkildə öz həllini tapmamışdır.
Bazar münasibətlərinin formalaşdığı hazırkı dövrdə arıçılıq təsərrüfatlarının fəaliyyətinin yüksəldilməsi, məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyinin təmin edilməsi istehsal olunan məhsulların satışının düzgün təşkilindən birbaşa asılıdır. Odur ki, müasir arıçılıq təsərrüfatlarının təşkili və idarə edlməsi bu sahənin marketinq məsələlərindən bilavasitə asılıdır. Arıçılıq məhsullarının reklamının, paketlənmə, qablaşdırılma və saxlanması işlərinin həmin təsərrüfatların özündə həyata keçirilməsi və sonda təsərrüfatın “Firma” mağazasında satışının həyata keçirilməsi daha məqsədəuyğundur.
Son illərdə bütün sahələrdə olduğu kimi, arıçılıq sahəsində də aparılan məqsədyönlü islahatlar bu sahənin inkişafına təkan vermişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanda arıçılığın tədricən inkişaf etdiyini, sahibkarların bu sahəyə diqqət artırmasının vacibliyini qeyd etmişdir.
Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar ayının 1-nə olan məlumatına görə, respublikamızda 542,8 min arı ailəsi (vahid) mövcuddur. Respublikamızın ərazisində bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. 2019-cu ildə hər arı ailəsindən orta hesabla 9,8 kq olmaqla 5,8 min tona yaxın bal istehsal olunmuşdur. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də həyata keçirilməlidir.
Azərbaycan respublikasında arı ailələrinin və istehsal edilən arıçılıq məhsullarının milli standartları qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və qeydiyyata alınır. Ölkə daxilində istehsal edilən və idxal olunan arıçılıq məhsulları satışa çıxarılarkən qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılmalıdır.
Arı məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən sertifikatlaşdırılır. Respublikamıza idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir. Respublikamızda keyfiyyəti və təhlükəsizliyi srandartlara və tələblərə cavab verən, dövlət gigiyena qeydiyyatına alınmış, mənşəyi və keyfiyyəti barədə sənədləri olan yeyinti məhsulları satışa çıxarıla bilər.
Ölkəmizdə hər il bal yarmarkaları keçirilir. Arıçılıq təsərrüfatları istehsal etdikləri bal və digər arıçılıq məhsullarını (çiçək tozu - polen, arı südü, propolis, vərəmum, mum), yarmarkalarda satışa çıxarırlar.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib. Bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arıxanaya qulluq göstərirlər. Ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.
Son illərdə respublikamızda arıçılığın inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. 02 fevral 2009-cu ildə qəbul edilmiş “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin inkişafını təmin edə biləcək hüquqi bazanın yaranmasına zəmin yaratmışdır. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramlarında, Strateji yol Xəritələrində və s. normativ aktlarda arıçılığın inkişafını nəzərdə tutan bir sıra məsələlər öz əksini tapmışdır. “Arıçılıq haqqında” Qanun 2010-cu ildə və 2019-cu ildə təkmilləşdirilmiş, yeni tələblər baxımından köməkçi qanuni aktlar işlənib hazırlanmışdır.
“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə, 2019-cu ildə 31041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 57813 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun - 13,0 manat, vərəmumun - 129,5 manat, güləmin - 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olmuşdur.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilmişdir ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərmişdir.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artmışdır. Eyni zamanda, arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.
Respublikamızda ayrı-ayrı iqtisadi rayonlarda arı ailələrinin müxtəlif olmasına səbəb odur ki, əlverişli təbii-iqlim şəraitindən asılı olmayaraq, bir sıra iqtisadi rayonların tərkibində olan bəzi rayonlar arıçılıqla məşğul olsalar da, onların göstəriciləri statistik məlumatlarda tam olaraq öz əksini tapmamışdır.
Aparılan araşdırma zamanı məlum olmuşdur ki, respublika üzrə mövcud arıçılıq təsərrüfatlarından ümumi olaraq 80 coğrafi rayondan 36 rayon barədə məlumatlar əksərən qeydiyyata alınmışdır, 44 rayonda isə məlumatlar heç də reallığı əks etdirmir. Zənnimcə, bu kimi halların qarşısının alınması məqsədilə ölkə üzrə tətbiq edilən yeni layihə - “Asan imza” vasitəsilə elektron qeydiyyatın aparılması daha məqsədəuyğun olardı.
Lakin respublikamızda bu günə kimi mövcud olan arıçılıq təsərrüfatlarının “Elektron” qeydiyyatının lazımı səviyyədə aparılmaması bu sərəncamın həyata keçirilməsində çətinliklərə səbəb olacaq. Odur ki, qısa zamanda “Elektron” qeydiyyatın aparılmasını zərurət hesab edirik.
Ölkə prezidentinin bu sərəncamı arıçılığa marağın artmasına və keyfiyyətli Azərbaycan balının böyük ixrac məhsuluna çevrilməsinə şərait yaradacaq. Hazırda respublikamızda iri layihələrdən biri olan ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır.
Bu gün respublikamızda arı ailələrinin əksər hissəsinin şəxsi təsərrüfatlarda yerləşdiyini nəzərə alsaq, arıçılıq üzrə arı yetişdirmə elmi təcrübə stansiyalarının dövlətin birbaşa nəzarəti altında, elmi mərkəzlərdə yaradılması daha məqsədəuyğundur. Elmi-tədqiqat institutlarında bu cür mərkəzlərin yaradılmasında məqsəd arıçılıq təsərrüfatlarının elmi əsaslarla təşkili və idarə edilməsidir.
Müstəqillik illərində elmi araşdırmalar istiqamətində arıçılığın inkişaf etdirilməsində ilk addımlardan biri 2012-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində «Arıçılıq laboratoriya»sının yaradılması olmuşdur. 2014 və 2015-ci ildə Gəncə şəhərində Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığının I və II Toplantısı keçirilmişdir. 2015-ci ildə AZETİİ-nin ləğvindən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq İnstitutunun nəzdində «Arıçılıq mərkəzi» yaradılmışdır. Mərkəzin əməkdaşları 2017-ci ildə İsraildə «Arıçılığın müasir metodları» kursunda və beynəlxalq arıçılıq təşkilatı olan APİMONDİYA-nın konfransında iştirak etmişlər.
Zənnimcə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən “Arıçılıq mərkəzi” bu gün elmlə istehsalatın birgə fəaliyyətinin bariz nümunəsi olmaqla, respublikamızda arıçılığın inkişafına öz töhfəsini verməkdədir.
Korporativ idarəetmənin ən geniş yayılmış formalarından biri olan səhmdar cəmiyyətlər bu gün bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Aparılan araşdırmalar əsasında belə nəticəyə gəlmək olar ki, ölkə ərazisində fəaliyyət göstərən kiçik həcmli arıxanaların öz vəsaitlərini bir yerə toplamaqla səhmdar cəmiyyət yaratması daha məqsədəuyğun olardı. Beləliklə, iri arıçılıq təsərrüfatlarının yaradılması və fəaliyyəti iqtisadi cəhətdən daha səmərəli olardı. Bu cür səhmdar cəmiyyətlərin xırda təsərrüfatların öz vəsaitlərini bir yerə toplaması və bitkiçiliklə məşğul olan təsərrüfatlarla birgə yaradılması hər iki sahənin inkişafına şərait yaratmış olardı.
Burada arıçılıqda zəruri inkişafın təmin edilməsi, rəqabət qabiliyyətli və gəlirli sahəyə çevrilməsi, mövcud qabaqcıl arıçılıq təcrübələri və texnologiyalarının ölkəmizdə tətbiqi, arıçılıqda kadr təminatı, damazlıq işinin yaxşılaşdırılması, qiymətli yerli arı genofondumuzun qorunub saxlanması, arıçılıq məhsullarının istehsalının artırılması və istifadəsinin genişləndirilməsini təmin edən hüquqi baza yaradılmışdır. Ölkə arıçılığına aqrar sahənin strateji sektoru kimi baxılmaqla, sistemli yanaşma yolu ilə planlı kompleks tədbirləri özündə birləşdirən, qısa və uzunmüddətli konkret hədəfləri ilə yuxarıda qeyd olunan problemlərin həllinə təminat verən, proqram xarakterli arıçılıq layihəsinin həyata keçirilməsi zərurətdir.
Arıçılığın inkişaf etdilməsi üçün əsas amillərdən biri də sahənin problemlərinin aradan qaldırılması üçün infrastrukturun yaradılmasıdır. Ölkəmizdə arıçıların birgə fəaliyyətlərinin və onların təşkilatlanmasının təmini üçün ictimai əsaslarla bir çox rayonlarda arıçılıq birlikləri fəaliyyətə başlamışdır və regionlarda arıçıların problemlərinin həllinə köməklik göstərməyə çalışmışlar.
Bu birliklərin bazaları əsasında 2008-ci ildə respublikamızda Arıçılar İttifaqı yaradılmışdır. Yaranmış Arıçılar İttifaqı keçən bu müddət ərzində respublikamızda arıçılığın problemlərini təhlil etmiş və mütəmadi olaraq bu problemlərin həlli istiqamətində təkliflər hazırlayaraq müvafiq orqanlara göndərmişlər. Fəaliyyət göstərdiyi dövrdə Arıçılar İttifaqı arıçılığın inkişaf etdirilməsi istiqamətində xeyli işlər görmüşdür.
2016-ci ildə isə Arıçılar Assosiasiyası yaradılmışdır. Arıçılar Assosiasiyasının təşəbbüsü ilə «Made in Azerbaijan» brendinin təşviqi çərçivəsində bir sıra ölkələrə keyfiyyətli Azərbaycan balının ixracı həyata keçirilmişdir. 2017-ci ildən etibarən respublikamızda həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən olub. Bu gün artıq Azərbaycan balı Dubay, Almaniya və Yaponiya bazarlarına ixrac edilir.
Statistik məlumatlara görə, 2017-ci ildə 6,6 ton, 2018-ci ildə isə 8,3 ton bal ixrac edilib. İxrac edilən balın 96,4%-i Yaponiyanın payına düşür.
Respublikamızda arıçılığın inkişafı üçün mövcud təbii-iqlim şəraiti və digər potensialdan səmərəli istifadə edilmir. Ölkəmizdə arıçılıq məhsulları istehsalı üzrə potensial imkandan istifadə faizi aşağı səviyyədədir. Buna bir çox obyektiv və subyektiv amillər təsir göstərir. Bu amillərdən biri də arıçılığın inkişafında təbii şəraitinə və bitki örtüyünə görə xüsusilə əhəmiyyətli Qarabağ zonasıdır.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı ordumuz tərəfindən işğal altında olan ərazilərimizin düşmən tapdağından azad edilməsi arıçılığın bu ərazilərdə inkişaf etdirilməsinə və ümumilikdə ölkəmizdə arıçılığın inkişafına öz töhfəsini verəcəkdir. Qarabağ zonası tarixən arıçılığın inkişaf etdirilməsində özünəməxsus əhəmiyyətə malik olmuşdur. Artıq son günlərdə arıçılıq təsərrüfatlarının işğaldan azad olunmuş ərazilərə köçürülməsinə başlanmışdır.

 

Yusif Hümbətov, Azərbaycan
Texnologiya Universiteti,
iqtisad üzrə fəlsəfə doktoru, dosent