MƏQALƏLƏR

Qarabağın görkəmli simları!

  • 18.11.2021

Keçəçioğlu Məhəmməd (1864-1940)

 Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdır. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir.

Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1926-cı ildə Ü.Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.

Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Həmçinin, "Nəva", "Mahur", "Bayatı-Qacar" muğamını orijinal bir şəkildə ifa edirdi. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava, 1912) və "Ekstrafon" (Kiyev, 1914) şirkətləri tərəfindən qramofon valına yazılmışdır.

Keçəçioğlu Məhəmməd 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir.

 

Mir Mehdi Xəzani (1819-1894)

 Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə oxumuşdur. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının dəvəti ilə Dizaq mahalına köçmüşdür. Bir müddət bu kənddə müəllimlik edəndən sonra kürəkəninin dəvəti ilə  1859-cu ildə Tuğ kəndində yerləşmişdir. O, burda da müəllimliklə məşğul olmuşdur. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani uşaqlar üçün Azərbaycan dilində müsəlman dini ehkamına dair mənzum bir əsər yazıb, 1884-cü ildə çap etdirmişdir.

Mir Mehdi Xəzani kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi və yaradıcılığında ən əsas yeri "Kitabi-tarixi-Qarabağ" tutur. Özünün qeyd etdiyinə görə, əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin «Qarabağnamə»lərindən geniş istifadə edilərək, Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə xalis türk dilində yazılmışdır.

Mir Mehdi Xəzani  həm də şair idi. Xəzani təxəllüsü ilə şeirlər yazırdı.