MƏQALƏLƏR

Azərbaycanda "Yaşıl büdcə" çərçivəsinin tətbiqi

  • 02.12.2021

İqlim dəyişikliyinin insan sağlamlığı, biomüxtəliflik və ekosistemlər üçün yaratdığı problemlər və artan mənfi təsirləri bütün dünyanı narahat etməkdədir. Azərbaycan da digər ölkələr kimi, iqlim dəyişikliyinin neqativ təsirlərinə məruz qalmaqdadır. Ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri özünü daha çox havanın orta illik temperaturunun artması, daşqınlar, sellər, quraqlıq və s. kimi təbiət hadisələrinin sayının artması ilə göstərir. Bu problemlə mübarizə istiqamətində tədbirlərin maliyyələşdirilməsi, bu sahəyə maliyyə resurslarının səmərəli mobilizasiyası, monitorinq, qiymətləndirmə və hesabatlılıq sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və “yaşıl artım” 5 milli prioritetdən biri olaraq müəyyən edilmiş və bu prioritet daxilində yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının təmin edilməsi kimi iki strateji məqsədin reallaşdırılması nəzərdə tutulmuşdur. Həmin məqsədlərin həyata keçirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl iqtisadiyyat”a keçid üçün böyük məbləğdə maliyyə resursları tələb olunur ki, bu resursların da cəlb olunması və səmərəli mobilizasiyası üçün büdcə siyasətinin milli ətraf mühit və iqlim prioritetləri və məqsədləri ilə əlaqələndirilməsi və iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin büdcə sisteminə sıx inteqrasiyası vacibdir.
Dövlət maliyyəsinin iqlim dəyişikliyinə həssaslığının artırılması büdcə siyasətinin və dövlət xərclərinin ətraf mühit və iqlim təsirlərinin qiymətləndirilməsinə və iqlim məqsədlərinə uyğunlaşdırılmış, daha əsaslı büdcə qərarlarının verilməsinə imkan yaradır. İqlimə həssas büdcənin tətbiqi iqlimlə bağlı dövlət xərclərinin müəyyən edilməsi, monitorinq və qiymətləndirməsi ilə yanaşı, iqlim dəyişikliyinin artan mənfi təsirləri ilə bağlı fiskal risklərin də qiymətləndirilməsinə və idarə olunmasına şərait yaratmaqla fiskal dayanıqlığın möhkəmləndirilməsinə kömək edir. Dünyada dekarbonlaşma meyillərinin, alternativ və bərpa olunan enerjiyə keçid təşəbbüslərinin artması fonunda ölkə iqtisadiyyatının enerji keçidinə hazırlıq səviyyəsinin və dayanıqlığının gücləndirilməsi üçün bu proseslərin mümkün mənfi təsirlərinin, iqlim dəyişikliyi ilə bağlı fiskal risklərin qiymətləndirilməsi olduqca vacibdir.
Təsadüfi deyildir ki, İqlim Dəyişikliyi üçün Maliyyə Nazirlərinin Koalisiyasının Helsinki Prinsiplərində də iqlim dəyişikliyinin makroiqtisadi siyasət, fiskal planlaşdırma, büdcə, dövlət investisiyalarının idarə edilməsi və satınalma təcrübələrində nəzərə alınması əsas prinsiplərdən biri kimi müəyyən edilmişdir.
Son illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), BMT-nin İnkişaf Proqramı (BMTİP) kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən müəyyən metodoloji təlimatlar və tövsiyələr təqdim edilsə də, hazırda dünyada büdcə siyasətinin iqlim dəyişikliyinə təsirlərinin və ya büdcənin nə qədər “yaşıl” olduğunun qiymətləndirməsində istifadə olunan vahid bir metodologiya, standart və ya qayda mövcud deyil. Bununla belə, bir sıra Avropa və Asiya ölkələrində iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin büdcə proseslərinə inteqrasiyası, monitorinq, qiymətləndirmə və hesabatlılıq sisteminin qurulması və “yaşıl büdcə”nin tətbiqi istiqamətində mühüm addımlar atılmaqdadır.
“Yaşıl büdcə” və ya İqlim Dəyişikliyi üzrə Maliyyələşmə Çərçivəsi (İDMÇ) ətraf mühit və iqlim məqsədlərinə nail olmaq üçün büdcə siyasətinin alətlərindən istifadəni özündə ehtiva edir. İƏİT-in təqdim etdiyi “Yaşıl büdcə” çərçivəsinə əsasən effektiv “yaşıl büdcə” bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd təməl sütun üzərində qurulur: möhkəm strateji çərçivə, məlumatların toplanılması və siyasətin uyğunlaşdırılması üçün alətlər, hesabatlılıq və şəffaflıq və büdcənin idarə olunması çərçivəsi.
1. Strateji Çərçivə. Maliyyə planlaşdırmasına dəstək göstərmək üçün hökumətin ətraf mühit və iqlimlə bağlı strateji prioritetlərinin və məqsədlərinin aydın şəkildə müəyyən edilməsi xüsusilə vacibdir. Məsələn, müvafiq prioritetləri və məqsədləri müəyyən edən milli iqlim dəyişikliyi və ya ətraf mühit strategiyaları və fəaliyyət planları bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün vergi və xərc siyasəti qərarlarına bələdçilik etməyə kömək edir.
Azərbaycan hal-hazırda iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səviyyədə qüvvədə olan əsas beynəlxalq sazişlərə və təşəbbüslərə qoşulsa da, hələlik ölkənin xüsusi bir iqlim dəyişikliyi strategiyası qəbul edilməmişdir. Mövcud qanunvericilikdə yalnız atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması kimi bir sıra sahələr üzrə tənzimləyici hüquqi normalar qəbul edilmişdir. Son illər ərzində ölkədə qəbul edilmiş müxtəlif sahələri əhatə edən bir sıra dövlət proqramlarında, strateji sənədlərdə, fəaliyyət planlarında və s. ətraf mühitlə bağlı müəyyən hədəflərin də reallaşdırılması nəzərdə tutulmuşdur.
Hazırda Milli Prioritetlərə uyğun olaraq hazırlanan “2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda ətraf mühit və “yaşıl iqtisadiyyat”la bağlı müəyyən ediləcək məqsəd və hədəflər bu sahədə strateji çərçivənin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
2. Məlumatların toplanılması və siyasətin uyğunlaşdırılması üçün alətlər. “Yaşıl büdcə” alətləri büdcə siyasətinin ətraf mühit və iqlim məqsədlərinə necə təsir etdiyinə dair informasiya toplamağa kömək edir. Bu alətlərin tətbiqi zamanı toplanan məlumatlar xərclərin təhlilini və daha məlumatlı və əsaslı büdcə qərarlarının verilməsini dəstəkləməklə büdcə qərarlarının ətraf mühit və iqlimlə bağlı strateji prioritetlərlə uyğunluğunu təmin etməyə kömək edə bilər. Belə alətlərdən ən geniş tətbiq olunan iki aləti nəzərdən keçirək:
İqlimlə Əlaqəli Dövlət Xərcləri və İnstitusional İcmal (İƏDXİİ) dövlət xərclərinin və onların iqlim dəyişikliyi, iqlim dəyişikliyi planları və siyasətləri, institusional çərçivə və dövlət maliyyəsi arxitekturası ilə əlaqələrinin keyfiyyət və kəmiyyət təhlilini aparmağa imkan verən fiskal diaqnostika alətidir. İƏDXİİ dövlət xərclərinin nəzərdən keçirilməsi metodologiyası əsasında işlənib hazırlanmışdır və BMT-nin İnkişaf Proqramı tərəfindən təkmilləşdirilərək, İƏDXİİ Metodoloji Bələdçisinin 2015-ci il buraxılışında dərc olunmuşdur. Həmin təlimatda göstərildiyi kimi, İƏDXİİ analitik çərçivəsinin üç əsas sütunu var: siyasət təhlili, institusional təhlil və iqlimlə bağlı dövlət xərclərinin təhlili.
İqlimlə bağlı (və ya “Yaşıl”) Büdcə İşarələməsi (İBİ) – “Yaşıl büdcə” çərçivə­sinin əsas komponenti olaraq İBİ büdcədə iqlimlə əlaqəli xərclərin müəyyən edilməsi və təsnifləşdirilməsi üçün tətbiq edilir. Onun tətbiqi iqlimlə bağlı xərclərin monitorinqinə və qiymətləndirilməsinə imkan verir. Son illər dünyada mövcud büdcə sistemi daxilində iqlimlə bağlı xərcləri müəyyən etmək və müntəzəm olaraq qiymətləndirmək üçün İBİ mexanizmindən istifadə edən ölkələrin sayı artmaqdadır.
Avropa İttifaqı ölkələri daha çox mitiqasiyaya (məsələn, karbon vergisi), Asiya-Sakit Okean, Afrika və Latın Amerikası ölkələri isə daha çox adaptasiya tədbirlərinə diqqət yetirirlər. Bəzi ölkələrdə (məsələn, Fransa) hətta iqlim dəyişikliyinə mənfi təsir göstərən fəaliyyətlər üçün mənfi işarələmə (tagging) tətbiq edilir.
3. Hesabatlılıq və şəffaflıq. Maraqlı tərəflərə (məsələn, parlament və vətəndaş cəmiyyəti) hesabatların verilməsi “yaşıl büdcə”nin keyfiyyətinin və təsirinin qiymətləndirilməsini asanlaşdırır. Son illər ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Belə ki, büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı”, “Vətəndaşın Büdcə Bələdçisi” kimi sənədlər hər il Nazirliyin rəsmi saytında yerləşdirilir.
Gələcəkdə “yaşıl büdcə”nin tətbiqi istiqamətində əsas hesabat aləti kimi “Yaşıl Büdcə Bəyanatı” da yuxarıda qeyd olunan məlumatlara əlavə olunaraq, maraqlı tərəflərə açıqlana bilər. Bu sənəd hər hansı bir büdcə ilində büdcənin “yaşıl” məqsədlərlə necə uyğunlaşdırıldığına dair ümumi mənzərəni göstərməyə kömək etməklə parlament və vətəndaşlar kimi maraqlı tərəflərin büdcə müzakirələrində iştirakını təmin edə bilər.
4. Büdcənin İdarə Olunması Çərçivəsi. Müasir büdcə çərçivəsi “yaşıl büdcə” üçün güclü əlverişli mühit təmin edir. Burada söhbət strateji planlaşdırma və büdcə tərtibi, çoxillik büdcə zərfləri, nəticələr və performansa əsaslanan büdcə prosesləri, eləcə də parlamentlər və vətəndaş cəmiyyəti arasında əlaqələri özündə ehtiva edən bir büdcə çərçivəsindən gedir.
“Yaşıl büdcə”yə istənilən yanaşma ölkənin mövcud dövlət maliyyə idarəçiliyi çərçivəsinə əsaslanmalı və uyğunlaşdırılmalıdır. Məsələn, güclü performans büdcəsi, nəticəəsaslı büdcə sisteminə malik ölkələrdə milli ətraf mühit və iqlim məqsədləri ilə bağlı hədəflərin və performans göstəricilərinin büdcə prosesinə inteqrasiya edilməsi daha asandır.
Qeyd olunmalıdır ki, nəticəsaslı büdcə mexanizminə keçid istiqamətində son illərdə Azərbaycanda müəyyən uğurlar əldə edilmişdir. Belə ki, dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması məqsədilə 2019-cu ildə 3 pilot sektorda (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) və nəticəəsaslı büdcə tərtibi mexanizminin tətbiqinə başlanılmışdır. Büdcə xərclərinin funksional təsnifatının qeyd olunan 3 pilot bölməsinin ortamüddətli dövr üçün sektor strateji planları və həmin planlara uyğun olaraq Xərclər Çərçivəsi hazırlanmışdır. Pilot bölmələrin büdcələri ilk dəfə olaraq proqram/tədbir əsasında formalaşdırılmış və sektor strateji planlarda müəyyən edilmiş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi, habelə dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin ölçülməsini təmin etmək məqsədilə monitorinq və icra indikatorları tətbiq edilmişdir.
Qeyd olunan üç pilot sektorda proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqinə başlanılması iqlim maliyyəsinin büdcə proseslərinə inteqrasiyası üçün geniş imkanlar açır. Hesab edirik ki, “yaşıl büdcə”nin tətbiqinə də pilot olaraq həmin sektorlardan başlamaq olar.
Etibarlı iqlim dəyişikliyi statistikasının və iqlimə həssas monitorinq, qiymətləndirmə və hesabatlılıq sistemlərinin mövcudluğu İƏDXİİ və İBİ alətlərinin tətbiqi və “Yaşıl büdcə” çərçivəsinin formalaşdırılması üçün ilkin şərtdir. Son illərdə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı dərc olunan məlumatların əhatəsi genişləndirilmişdir. Qeyd olunmalıdır ki, 13-cü DİM iqlimlə bağlı 5 hədəfi və 8 indikatoru əhatə edir. Lakin hazırda Azərbaycanda bu 8 iqlim dəyişikliyi göstəricisindən yalnız ikisi (“13.1.1. Bütün ölkələrdə iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə qarşı dayanıqlığı və uyğunlaşma potensialını gücləndirmək” və “13.2.2. İstixana qazlarının ümumi illik emissiyaları”) mövcuddur.
İqlim dəyişikliyi ilə bağlı müəyyən statistik məlumat bazası formalaşdırılsa da, iqlimlə bağlı maliyyələşmənin büdcə prosesinə inteqrasiyana ehtiyac var. Ölkəmizdə hazırda büdcənin tərtibi, icrası və hesabatlılığında tətbiq olunan Beynəlxalq Valyuta Fondunun (BVF) Dövlət Maliyyə Statistikası Təlimatına (GFSM 2014) və BMT-nin Dövlət İdarəetmə Orqanlarının Funksiyalarının Təsnifatına (COFOG) əsaslanan vahid büdcə təsnifatında iqlim dəyişikliyi ilə mübarizə üzrə ayrılan xərclərin bir xərc maddəsində birləşdirilməsinin mümkün olmaması bu istiqamətə ayrılmış dövlət xərclərinin uçotunu, monitorinqini və təhlilini çətinləşdirir. Başqa sözlə, mövcud büdcə təsnifatı iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə nə qədər vəsait ayrıldığını təyin etməyə imkan vermir və Dövlət Maliyyəsinin İdarə Olunması (DMİ) Sisteminin iqlimə həssaslığının artırılmasına ehtiyac var. Bu problemi İBİ-nin tətbiqi ilə həll etmək mümkündür.
BMT-nin İnkişaf Proqramı iqlim maliyyəsinin büdcə prosesinə inteqrasiyasına mövcud xərc sxemini və iqlim dəyişikliyi maliyyəsini dəstəkləyən büdcə sistemlərini başa düşməyə kömək edən İƏDXİİ-nin tətbiqi ilə başlamağı tövsiyə edir. Bu baxımdan da Azərbaycanda İBİ-nin tətbiqinə İƏDXİİ həyata keçirilməsi ilə başlanılmalıdır. Daha sonra İBİ-nin tətbiqi üçün hüquqi və institusional baza yaradılmalıdır. Çünki hazırda iqlim dəyişikliyi ilə bağlı xüsusi ölkə strategiyasının və fəaliyyət planının olmaması İBİ-nin tətbiqi üçün əsas maneələrdən biridir. Birinci mərhələdə həyata keçiriləcək İƏDXİİ-nin nəticələri də nəzərə alınmaqla iqlim maliyyəsinin büdcə prosesinə inteqrasiyası istiqamətində növbəti addım Milli İqlim Siyasətinin və Milli İqlim Dəyişikliyi Strategiyasının işlənib hazırlanması, monitorinqi və koordinasiyası daxil olmaqla, iqlim dəyişikliyi ilə bağlı inteqrasiya olunmuş idarəçiliyə cavabdeh olacaq qurumun müəyyən edilməsi olmalıdır. Bu funksiyalar İqlim dəyişmələri üzrə Dövlət Komissiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilə bilər.
İBİ-nin tətbiqi istiqamətində hüquqi və institusional tədbirlərin davamı kimi aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- İBİ-nin həyata keçirilməsinə daha çox aidiyyəti olan dövlət qurumları (Maliyyə Nazirliyi, ETSN, İqtisadiyyat Nazirliyi, DSK) və digər seçilmiş sahə nazirlikləri tərəfindən öz təşkilati strukturlarında İBİ-nin icrasına cavabdeh olan əsas struktur bölmə və işçi heyətinin müəyyən edilməsi;
- Maliyyə Nazirliyi tərəfindən İBİ-nin tətbiqi üzrə Tədbirlər Planının hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi;
- Tədbirlər Planının icrası ilə bağlı mütəmadi olaraq hesabatların hazırlanması və yaranan problemlərin həllinin koordinasiyası məqsədilə texniki İşçi Qrupunun yaradılması;
- Maliyyə Nazirliyi və ETSN tərəfindən inkişaf tərəfdaşlarının mümkün dəstəyi ilə İBİ üzrə Metodiki Təlimatın layihəsinin hazırlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilməsi;
- İnkişaf tərəfdaşlarının, yerli QHT-lərin və beyin mərkəzlərinin dəstəyi ilə ETSN-in DMİ üzrə, Maliyyə Nazirliyinin büdcə prosesinin iqlim dəyişikliyi elementləri üzrə, sahə nazirliklərinin isə nəticələrə əsaslanan və iqlimə həssas büdcə üzrə potensialının artırılması;
- Maliyyə Nazirliyi və ETSN tərəfindən inkişaf tərəfdaşlarının dəstəyi ilə iqlim dəyişikliyi və İBİ üzrə hökumət qurumlarında, Milli Məclisdə, Hesablama Palatasında və yerli orqanlarda aidiyyəti işçi heyətinin məlumatlılığının və potensialının artırılması;
- Maliyyə Nazirliyi tərəfindən təqdim olunan büdcənin icrası ilə bağlı illik hesabata İBİ-nin tətbiqi ilə bağlı irəliləyişlər barədə məlumatların daxil edilməsi.
İBİ-nin tətbiqində sonrakı mərhələ iqlim dəyişikliyinin büdcə tsiklinin müxtəlif mərhələlərinə inteqrasiyası üçün müxtəlif tərəflərin və qurumların müvafiq alətlərlə və təkmilləşdirilmiş funksiyalarla təchiz olunmasını nəzərdə tutan sistem islahatlarını əhatə edir. İqlim dəyişikliyi üzrə maliyyə alətlərinin tətbiqi büdcə layihəsinin hazırlanmasından tutmuş iqlim dəyişikliyi xərclərinə dair büdcə hesabatlılığının təkmilləşdirilməsinə qədər büdcə prosesinin, demək olar ki, bütün elementlərini əhatə edir. Bu mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
- İqlim dəyişikliyinin planlaşdırılmasını müntəzəm büdcə prosesləri ilə əlaqələndirmək üçün İDMÇ-nin OMXÇ-nin hazırlanması prosesinə, eləcə də büdcə təlimatlarına inteqrasiya edilməsi. Dövlət qurumlarının ortamüddətli büdcə sifarişlərinin iqlim ölçülərini adekvat şəkildə əks etdirmək üçün OMXÇ təlimatlarına iqlimlə bağlı tələblər daxil edilə bilər. Təlimat məktubu və illik büdcə sifarişi formaları vasitəsilə Maliyyə Nazirliyi büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan iqlim dəyişikliyinin qiymətləndirilməsini və iqlim dəyişikliyi ilə bağlı məlumatların büdcə sifarişlərinə daxil edilməsini tələb edə bilər;
- Maliyyə Nazirliyi tərəfindən iqlim dəyişikliyi meyarlarının xərclərin prioritetləşdirilməsi prosesində əlavə çəki kimi müəyyən edilməsi;
- İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət İnvestisiya Proqramı ilə bağlı qanunvericiliyə və tənzimləməyə təklif olunan dövlət investisiya layihələrinin iqlim ölçülərinin əks etdirilməsi kimi tələblərin daxil edilməsi;
- Parlamentə təqdim edilən büdcə layihəsində onun iqlimə uyğunluğu barədə məlumatların daxil edilməsi. Xüsusilə, nəzərdə tutulan proqram və fəaliyyətlərin iqlim dəyişikliyinə təsirlərinin müzakirəsi OMXÇ sənədinə daxil edilə bilər;
- Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən iqlim dəyişikliyi ilə bağlı büdcə xərclərinin monitorinqi üzrə beynəlxalq təcrübənin nəzərdən keçirilməsi və mövcud DMİ sistemi çərçivəsində iqlim dəyişikliyi üçün büdcə xərclərinin monitorinqinə dair təkliflərin təqdim edilməsi;
- Maliyyə Nazirliyi tərəfindən Parlamentə təqdim olunan illik büdcə icrası hesabatlarında iqlim dəyişikliyi ayırmalarının əks etdirilməsi, eləcə də İqlim Dəyişikliyi üzrə Vətəndaş Büdcəsi sənədinin dərc edilməsi;
- Parlament tərəfindən ölkədə iqlim dəyişikliyinin vəziyyəti və iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün hökumətin həyata keçirdiyi və təklif etdiyi tədbirlər haqqında məlumat vermək üçün ETSN-in büdcə dinləmələrinə dəvət edilməsi;
- İqlim dəyişikliyi üzrə büdcə xərclərinin hesabatlılığını artırmaq məqsədilə vətəndaş cəmiyyəti institutlarının iqlim maliyyəsinə dair birgə tədqiqat işlərinə cəlb edilməsi.
Bu mərhələdə həmçinin İBİ-nin tətbiq dairəsinin genişliyi və dərinliyi ilə bağlı qərar qəbul edilməlidir. Əgər İBİ bütün büdcə maddələrinə tətbiq edilirsə, bu zaman əhatə dairəsi geniş (Qana, Kenya, Nepal, Pakistan), yalnız əvvəlcədən müəyyən edilmiş iqlim dəyişikliyi siyasəti sahələrinə (proqram və ya layihələrə) tətbiq edilirsə, əhatə dairəsi dar (Banqladeş, İndoneziya, Filippin) hesab edilir. Azərbaycanda başlanğıc mərhələdə İBİ-nin yalnız OMXÇ və nəticəəsaslı büdcə tətbiq olunan büdcə xərclərinə tətbiqini, daha sonra isə əhatə dairəsinin genişləndirilməsini məqsədəuyğun hesab edirik. Əhatə dairəsinin dərinliyi isə xərclərin iqlim dəyişikliyi ilə əlaqəlilik meyarlarının və əlaqəliliyin çəkisinin müəyyən edilməsində tətbiq olunan qiymətləndirmə metodunun (skorinq) seçimi ilə bağlıdır. Xərclərin iqlim dəyişikliyi ilə əlaqəliliyini müəyyən etmək üçün ekspert rəyinə əsaslanan sürətli qiymətləndirmə üsulundan, məqsədə yönəlik (objective-based) qiymətləndirmə yanaşmasından və ya iqlim dəyişikliyi ilə bağlı faydalılıq qiymətləndirilməsi üsulundan istifadə edilə bilər.
İBİ-nin tətbiq zamanı iqlimlə bağlı xərcləri təsnifləşdirmək və ya iqlimlə əlaqəliliyini müəyyən etmək üçün İƏİT-nin İnkişafa Dəstək Komitəsinin (İDK) hazırladığı Rio markerlərdən də istifadə etmək olar.
Bundan əlavə, xərclərin iqlim dəyişikliyi ilə əlaqəliliyi və iqlim dəyişikliyi çəkisi maliyyə və ya iqlim dəyişikliyi üzrə məsul qurum tərəfindən mərkəzləşdirilmiş şəkildə və ya sahə nazirliklərinin özləri tərəfindən həyata keçirilə bilər. Bu sahədə vahid yanaşmanın təmin edilməsi üçün Azərbaycanda bu prosesin Maliyyə Nazirliyi və ETSN tərəfindən birgə həyata keçirilməsi məqsədəuyğun olardı. Sahəvi qurumlarda bu sahədə potensial formalaşdırıldıqdan sonra bu funksiya icraçı quruma ötürülə bilər.
Nəhayət, sonda tətbiq olunan ayrı-ayrı iqlim maliyyəsi alətləri mövcud sistemə uyğunlaşdırılır və “Yaşıl büdcə” çərçivəsində əks etdirilir.

 

 

Həsənov Rəşad Bayram oğlu, AMEA-nın
İqtisadiyyat İnstitutunun doktorantı, Azərbaycan
Respublikası Maliyyə Nazirliyi, direktor müavini