MƏQALƏLƏR

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)

  • 30.12.2021

Qarabağın görkəmli simaları

Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929), Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev həm də Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur. O, 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövründə azad müdavim sifətilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyil oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmiş (1902-1903), həmçinin o, burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazaraq, "İki hekayət" adı ilə çap etdirmişdir.

1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirmişdir. O, "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və s. əsərlərinin müəllifidir.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər İttifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi tədqiqat müəssisəsi idi. O, Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Bunlardan başqa, ədib Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini də tərcümə etmişdir.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur.

Azərbaycan Xalq Komissarları Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

1933-cü il dekabrın 12-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.