MƏQALƏLƏR

Rəqəmsal mühitin hüquqi tənzimlənməsi sistemində dəyərli töhfə

  • 30.12.2021

Müasir dövrün simasını müəyyən edən səciyyəvi cəhətlərdən biri informasiya cəmiyyətinin formalaşması və rəqəmsal münasibətlərin inkişafıdır. Sivil bazar münasibətlərinin təşəkkülü get-gedə informasiya münasibətlərinin xarakterindən daha çox asılı olur.

Rəqəmsallaşmanın iqtisadi səmərəlilikdə rolu artır, genişlənən rəqəmsal fəaliyyət məkanı taleyüklü problemlərin poliqonuna çevrilir. Bu baxımdan informasiya münasibətlərinin inkişafının hüquqi tənzimlənməsi sahəsində səmərəli və məhsuldar tədqiqatçı, hüquq elmləri doktoru Rəşad Əzizovun “İnternet-məkanda hüquqi tənzimləmə: tarix, nəzəriyyə, komparativizm” adlı çapdan çıxmış monoqrafiyası təqdirəlayiq hadisə hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun monoqrafiyaya yazdığı ön söz rəqəmsal idarəetmənin perspektivlərinə və əsərin rəqəmsal idarəetməyə verəcəyi töhfəyə dair mühüm elmi-nəzəri fikirləri ilə diqqəti cəlb edir.

Rəqəmsallaşma idarəetmənin bütün səviyyələrdə yeni keyfiyyət səviyyəsinə qaldırılması üçün indiyə qədər misli görünməmiş yeni imkanlar açır. Əsərdə haqlı olaraq qeyd edilir ki, dinamik inkişaf edən milli iqtisadiyyata adekvat rəqəmsal mühitin formalaşdırılması və inkişafı məqsədilə Azərbaycanda strateji əhəmiyyətli və konseptual əsasları müəyyən edən bir neçə vacib sənəd, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi hazırlanmışdır. Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli sərəncamı və digər normativ aktların qəbulu işlərin yeni keyfiyyət səviyyəsinə qaldırılması üçün etibarlı hüquqi zəmin yaratmışdır. Müəllif haqlı olaraq bu sənədlər sırasına həmçinin dördüncü sənaye inqilabında ölkəmizin mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs” yaradılmasını vacib bir hadisə kimi qiymətləndirir.

Rəqəmsal münasibətlərin tənzimlənməsinin hüquqi bazasının inkişafı baxımından Azərbaycan Respublikası Pre­zidentinin ölkədə müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, eləcə də müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişaf etdirilməsi sahəsində işlərin effektiv əlaqələndirilməsi məqsədilə imzaladığı “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli fərmanı ötən illərdə bu sahədə aparılan uğurlu islahatların məntiqi davamı olmuşdur.

Hazırda internet informasiya məkanında baş verən proseslər, onların insan həyatının bütün cəhətlərinə artan təsiri tənzimləməni, xüsusilə hüquqi tənzimləmə məsələlərini aktuallaşdırır. İnsanlar üçün dinamik və çevik bilik mənbələrindən birinə, bəzən hətta birincisinə çevrilmiş, ünsiyyət qurmaq, işgüzar fəallığı təmin etmək, dövlət idarəçiliyində iştirak baxımından əvəzedilməz məkan kimi internetin rolu artmaqda, arealı genişlənməkdədir.

Artıq internet-məkandakı fəaliyyətlərin tənzimlənməsinə yeni baxışın formalaşdırılması, hüquqi tənzimləmənin predmetinin və mexanizmlərinin yenidən qiymətləndirilməsi gündəliyə çıxır. Bu sahədə nəzəriyyəni qabaqlayan təcrübi dəyişikliklər hüquqi bazanın möhkəmləndirilməsində operativ reaksiyaları zəruri edir. Milli internet seqmentində dövlətin tənzimləmə imkanlarının hüdudları və imkanlarının qiymətləndirilməsi özü belə mürəkkəb işdir. Virtual məkanda sərhəd anlayışının yeni çalarlar kəsb etməsi milli qanunvericiliyin və beynəlxalq təcrübənin əlaqələndirilməsini xeyli dərəcədə çətinləşdirir. Hazırda müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar internetin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, müvafiq yeni mexanizmlərin hazırlanması istiqamətində fəal iş aparırlar. Bu zaman internetin tənzimlənməsinin aktual problemləri kimi haqqında danışılan məkanda yurisdiksiyanın müəyyən edilməsi, fərdi məlumatların saxlanması və mühafizəsi, domen adları sisteminin idarə edilməsi, habelə provayderlərin hüquqi məsuliyyətinin müəyyən edilməsi məsələləri ön plana çəkilir. Əlbəttə, rəqəmsal mühitdə fəaliyyətin kiber təhlükəsizliyinin təmin edilməsi, kibercinayətkarlıqla səmərəli mübarizə xüsusi diqqət mərkəzində olmalıdır.

Hüquq elmləri doktoru Rəşad Əzizovun monoqrafiya­sının “İnternet-məkanda hü­quqi tənzimləmənin nəzəri hüquqi problemləri” adlı birinci fəslində müasir informasiya cəmiyyəti internet-məkanın məzmun konteksti kimi nəzərdən keçirilmiş, internet-məkan anlayışına aydınlıq gətirilmiş, bu məkanın əhə­miyyətini şərtləndirən amillər xarakterizə olunmuşdur. Müəllif bu fəsildə həmçinin internet-məkanın hüquqi prob­lemlərini dəqiqləşdirmiş, həmin məkanda hüquqi tən­zimləmənin mövcud modellərini şərh etmişdir. Daha sonra internet-məkan sosial tənzimləmə sahəsi kimi nəzərdən keçirilmiş, fəslin sonunda internet-məkanda hüquqi tənzimləmənin təhlilinin sistemli metodoloji elementləri ümumiləşdirilmişdir.

Bir sözlə, uzunmüddətli və sistemli tədqiqatların məhsulu olan monoqrafiyada hər şeydən əvvəl internet informasiya məkanında hüquqi tənzimləmənin xüsusiyyətləri aşkar edilmişdir. Bu zaman araşdırılan problemlərin tarixi-nəzəri və müqayisəli-hüquqi aspektləri önə çəkilmişdir. Belə ki, “İnternet-məkanda hüquqi tənzimləmənin tarixi-hüquqi təhlili” adlı ikinci fəsildə ilk növbədə internetin formalaşması və inkişafı tarixi nəzərdən keçirilmiş, müşahidə edilən meyillərə müəllif mövqeyi bildirilmişdir. Müəllif sinxron və diaxron təhlilin müqayisəli-hüquqi metodlarını tətbiq etməklə, ilkin yanaşmada internet-məkanın hüquqi diasinxronizminin yeni elmi konsepsiyası elementlərini əsaslandırır.

İnternet-məkanda hüquqi tənzimləmənin müqayisəli-hüquqi təhlili məsələlərinə həsr olunmuş üçüncü fəsildə sinxron müqayisəli-hüquqi tədqiqatda internet-məkanda hüquqi tənzimləmənin mahiyyət və məzmununun sistemli təhlilinin metodoloji tətbiq prinsipləri müəllif mövqeyi bildirilməklə, kifayət qədər ətraflı açıqlanmışdır. Müəllifə görə, internet şəbəkəsində münasibətlərin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı perspektivlərini nəzərə alaraq, müvafiq dünya praktikasının “xəritəsini çəkmək üçün” ayrıca götürülmüş hüquq sistemində tənzimləmənin ümumiləşdirilmiş mənzərəsini formalaşdırmaq imkanı vardır. Həmin prinsiplərin sinxron aspektdə məcmusu hüquq sistemlərini bir-biri ilə müqayisə etməyə və ümumi nəzəri nəticələr çıxarmağa imkan yaradır. Fikrini inkişaf etdirərək, müəllif tədqiqat kontekstində anqlosakson, roman-german hüquq ailələrinə aid olan sistemlərin ən reprezentativ nümunələrini səciyyələndirir, Çin Xalq Respublikasının və Rusiya Federasiyasının müvafiq hüquq sisteminə xüsusi yer ayırır. Burada müvafiq dünya təcrübəsi təhlil edilməklə, ayrı-ayrı ölkələrin qanunvericiliyinin səmərəli approksimasiya və unifikasiya üsulları şərh olunur. Müəllif internetin hüquqi tənzimlənməsi sahəsində mövcud olan problemləri üç əsas istiqamət - istifadəçilərin eyniləşdirilməsi, informasiya vasitəçilərinin məsuliyyəti və yurisdiksiyanın müəyyənləşdirilməsi vektoru üzrə ümumiləşdirilməsini məqsədəuyğun hesab etmişdir.

Azərbaycanın internet məkanında hüquqi tənzimləmə məsələlərinə xüsusi yarımfəsil həsr olunmuş, internetin milli seqmentində hüquqi tənzimləmə məsələlərinin həlli ilə bağlı elmi əsaslandırılmış təklif və tövsiyələr irəli sürülmüşdür. Azərbaycanda informasiya texnologiyaları və internetin sürətli inkişafı qeyd edilməklə, internet üzərindən fəaliyyətin arealının genişlənməsini şərtləndirən amillər səciyyələndirilmişdir. Bu baxımdan ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun əsas istiqamətləri müəyyən olunduğu Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın roluna xüsusi diqqət verilmişdir. Bu strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması prosesi təhlil edilmişdir.

Şəbəkə iqtisadiyyatında informasiya təhlükəsizliyinin, xüsusilə kibertəhlükəsizliyin təmin edilməsi həlledici əhəmiyyətə malik vəzifədir. İnternet-məkanda inkişaf hər mərhələdə kibertəhlükəsizliyin təmin olunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini tələb edir. Bu baxımdan Azərbaycana daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, rəqəmsal proseslərin mühafizəsi, informasiya ehtiyatlarının və sistemlərinin mümkün təhdidlərdən qorunması istiqamətində görülən tədbirlər dəyərləndirilmişdir.

Monoqrafiyada dini və ənənəvi hüquq ailələrinə daxil olan ölkələrin internet məkanında hüquqi tənzimləmə sistemlərinə münasibət maraqlı və kifayət qədər orijinaldır. Müəllif haqlı olaraq göstərir ki, dini və ənənəvi hüquq ailələrinə daxil olan ölkələrin internet məkanında hüquqi tənzimləməyə münasibətin ən reprezentativ nümunəsi islam hüququ ola bilər.

İnternet-məkanda hüquqi tənzimləmənin təhlilinə dair sistemli metodologiyadan istifadənin nəticələrinə həsr olunmuş dördüncü fəsildə, əvvəlcə haqqında danışılan metodologiyaya əsaslanan nəzəri nəticələr əsaslandırılır, daha sonra isə onların praktiki əhəmiyyəti açıqlanır. Fəslin sonunda internet-məkanda hüquqi tənzimləmə problemləri qismində həmin məkanda axtarış mexanizmlərinin tənzimlənməsi, fərdi məlumatların qorunması və intellektual hüquqların müdafiəsi problemlərinə xüsusi münasibətin zəruriliyi vurğulanır.

Monoqrafiyanın sonunda əldə edilmiş elmi-nəzəri əhəmiyyətli nəticələr xülasə edilir. İnternet-məkanda yaranan ictimai münasibətləri hüquqi tənzimləmənin keyfiyyətcə yeni obyekti hesab edən müəllifin həmin obyektə münasibətdə əsaslandırdığı müddəalar, əldə etdiyi nəticələr, irəli sürdüyü təkliflərdən istifadə etməklə ciddi praktiki fayda əldə etmək mümkündür.

Gənc alim Rəşad Əzizov haqlı olaraq hesab edir ki, rəqəmsal tənzimləmənin əsas vəzifələrindən biri internetin keyfiyyətinin yüksəldilməsi, auditoriya iştirakçıları arasında sağlam münasibətlərin formalaşdırılmasıdır. Bu baxımdan bir çox məsələlər hüquqi tənzimləmənin predmetidir. Rəqəmsal bazar iştirakçıları arasında münasibətlərin sağlam rəqabət əsasında qurulması üçün hüquqi tənzimləmənin artan rolu nəzərə alınmalıdır. Məhz rəqəmsal bazarın oyunçuları, o cümlədən provayderlər arasında sağlam rəqabətin olması, internetin keyfiyyətinə, sürətinə, istifadəçi sayına və xidmətlərin səviyyəsinə müsbət təsir göstərə bilir. Etiraf etmək lazımdır ki, internetin keyfiyyəti arzuolunan səviyyədə deyildir. Belə vəziyyət xeyli dərəcədə bazarın hələ də zəruri dərəcədə liberallaşmaması, oyunçuların birmənalı şəkildə müəyyən edilməməsi ilə əlaqədardır. Bu baxımdan onlayn kontentlərin tənzimlənməsinin hüquqi bazasının möhkəmləndirilməsi məsələsi də gündəlikdə olmalıdır.

Rəqəmsal infrastrukturun inkişaf səviyyəsi rəqəmsal mühitdə səmərəliliyi şərtləndirən mühüm amildir. Məhz inkişaf etmiş və yaxın perspektivin tələblərini nəzərə almağa imkan verən infrastruktur rəqəmsal mühitin üstünlüklərini reallaşdırmağa imkan verə bilir. İnternetin çoxsəviyyəli tənzimlənməsi infrastruktur təminatı, onlayn-servislərin vəziyyəti ilə bağlıdır. Haqqında danışılan qlobal şəbəkədə böyük platformaların formalaşması, maliyyə texnologiyalarından, onlayn ödənişlərdən, blokçeyn texnologiyalarının təbiqindən gözlənilən səmərənin əldə edilməsi infrastrukturun inkişafında çoxvariantlı yanaşmaların müqayisəli təhlilinə əsaslanan hüquqi tənzimləmədən asılıdır. Həmin imkanların reallaşdırılması isə mükəmməl tənzimləmə mexanizminin yaradılması və adekvat hüquqi təminat sayəsində mümkündür. Bu və digər məsələlərin həllinə dair müəllifin mövqeyi kifayət qədər əsaslı olub, mühüm elmi və təcrübi əhəmiyyətə malikdir. Qeyd etmək olar ki, bu monoqrafiya rəqəmsal hüquq üzrə ixtisaslaşan tədqiqatçının artıq altıncı elmi əsəridir.

Rəşad Əzizovun “İnternet-məkanda hüquqi tənzimləmə: tarix, nəzəriyyə, komparativizm” adlı monoqrafiyası rəqəmsal mühitin hüquqi tənzimlənməsi sisteminə dəyərli töhfədir. Əsər sahənin tədqiqatçıları, mütəxəssislər və ümumilikdə zəruri hazırlıq səviyyəsinə malik oxucular üçün maraqlı və faydalı olacaqdır.

 

 

Ziyad SƏMƏDZADƏ, akademik,

Kamil SƏLİMOV, hüquq elmləri doktoru, professor,

Rəsul BALAYEV, iqtisad elmləri doktoru, professor