MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: 20 Yanvar faciəsi XX əsrin böyük müsibətlərindən biri kimi tarixdə qalacaq

  • 18.01.2022

XX əsr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı üçün taleyüklü bir dövr olmuşdur. Bu əsrdə respublikamız enişli-yoxuşlu yollarla üzləşməli olsa da, bir neçə yüzilliyə bərabər inkişaf yolu keçmişdir. Lakin tərəqqiyə aparan bu yolda böyük qurbanlar, itkilər, faciələr və məhrumiyyətlər də az olmamışdır. Zaman-zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qəsdlər törədilmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Bütün Şərqdə və türk dünyasında ilk demokratik respublika yaradan Azərbaycan Milli Şurası öz üzərinə icra və qanunvericilik səlahiyyətlərini götürdü. Azərbaycan dili dövlət dili elan edildi, dövlət bayrağı təsdiq olundu, milli ordu yaradıldı, gənc müstəqil dövlətin xarici siyasətinin formalaşması istiqamətində bir sıra ciddi addımlar atıldı.
1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurası respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Amma gənc respublika döv­lət quruculuğu prosesində ciddi çətinliklərlə üzləşirdi. Belə ki, Ermənistan Azərbaycanın Naxçıvan, Şərur-Dərələyəz qəzalarına və Dağlıq Qarabağa dair iddia­lar irəli sürdü, eyni zamanda Azərbaycana məxsus olan Zəngəzur ərazisini də ələ keçirməyə başladı. Bu proses 1921-ci ilin iyununda Zəngəzurun qərb və yuxarı hissələrinin Ermənistana birləşdirilməsi ilə başa çatdı. Azərbaycanın göstərilən tarixi əraziləri onunla razılaşdırılmadan sovet Rusiyası tərəfindən Ermənistana birləşdirildi. Tarixi sənədlərdə də göstərilir ki, Azərbaycan SSR Xalq Təsərrüfatı Komissarlığının 25 oktyabr tarixli arayışına görə, keçmiş Zəngəzur qəzasından 405 000 desyatin (4 424,6 kv.km), Qazax qəzasından 379 984 desyatin (4 151,3 kv.km) ərazi Ermənistan SSR-ə verilmişdi. Amma bu da hamısı olmadı. Azərbaycan SSR MİK-nin 1923-cü il 7 iyul tarixli dekreti ilə ərazisi 4161 kv.km olan mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Azərbaycan SSR-in tərkibində DQMV-nin yaradılması Azərbaycan xalqının iradəsi əleyhinə olub, onun ərazi bütövlüyünə qarşı qanunsuz zorakılıq aktı idi. Belə ki, Sovet İttifaqının tərkibində Ermənistan Respublikası olduğu bir şəraitdə başqa bir respublikanın tərkibində əlavə inzibati-idarəçilik qurumunun yaradılması, həqiqətən, məkrli bir niyyət, bədxah bir siyasət idi.
Beləliklə, inzibati-ərazi bölgüsündə dəyişikliklər nəticəsində Azərbaycan SSR-in tabeliyində bir muxtar respublika (Naxçıvan - ərazisi 5 988 kv.km), bir muxtar vilayət (DQMV- ərazisi 4161 kv.km) və 13 qəza (Ağdam, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Quba, Laçın, Lənkəran, Nuxa, Salyan, Şamaxı) yaradıldı. 1929-cu il fevralın 18-də Moskva və Qars müqavilələrinin şərtləri kobud şəkildə pozularaq Zaqafqaziya MİK-nin qərarı ilə Naxçıvan MSSR-in 9 kəndindən ibarət 657 kv.km ərazi (Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, Sultanbəy, İqtiran kəndləri, Ordubad qəzasının Karçevan kəndi, Kilid kəndi torpaqlarının bir hissəsi) Ermənistan SSR-ə verildi. Bolşevik rejiminin və erməni millətçilərinin Azərbaycan xalqına qarşı bu haqsızlığı sonralar, xüsusən də 1947-1948-ci illərdə Ermənistandan azərbaycanlıların öz tarixi yurdlarından kütləvi surətdə deportasiyası yolu ilə davam etdirildi. Lakin erməni millətçiləri bununla kifayətlənmək istəmir, Azərbaycan xalqına qarşı çirkin əməllərini davam etdirirdilər.
1985-ci ildə M. Qorbaçovun SSRİ-nin ali rəhbəri təyin edilməsi erməni millətçilərinin əl-qolunu xeyli dərəcədə açdı. Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması isə erməni millətçiləri üçün əsl bayrama çevrildi. M.Qorbaçova arxalanan erməni millətçiləri də yaxşı bilirdilər ki, H.Əliyev ölkə rəhbərliyində qalarsa, Azərbaycana qarşı heç bir məkrli plan baş tutmayacaqdır. Ona görə də məhz H.Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı, sonra Azərbaycana qarşı fitnəkar siyasət bütün çılpaqlığı ilə özünü göstərdi. Erməni separatizmi Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün çox böyük fəaliyyətə başladı.
Ölkədə yenidənqurma dövrünün başlaması ilə ictimai-siyasi, sosial-iqtisadi proseslərin ziddiyyətli inkişafı, keçmiş SSRİ miqyasında aparılan iqtisadi islahatların yarımçıqlığı, təzadlı olması və ləng getməsi, istehlak bazarında maddi-texniki təchizatın pisləşməsi, maliyyə, pul dövriyyəsi sistemlərinin tarazlığının pozulması, inflyasiyanın getdikcə artması müttəfiq respublikaları taleyüklü qərarlar qəbul etməyə məcbur edirdi. Təsadüfi deyildir ki, artıq bir neçə respublika suverenlik haqqında bəyannamə qəbul etmişdi. Dağlıq Qarabağda baş verən hadisələr o qədər sürətlə inkişaf edir, gərgin xarakter alırdı ki, artıq xalqımız nicat yolunu müstəqillik əldə etməkdə görürdü.
Azərbaycan isə bu cür bəyannamə hələ qəbul etməmişdi, lakin müstəqilliyə doğru yola daha ciddi addımla - 1989-cu ilin sentyabrında Suverenlik haqqında Konstitusiya Qanununu qəbul etməklə başlamışdı ki, bu da xalqımızın milli şüurunun artmasının, onun siyasi fəallığının qanunauyğun nəticəsi idi. Yeri gəlmişkən, iqtisadi müstəqillik problemləri barədə materialları ictimaiyyətə çatdıran Azərbaycan televiziyasının, Azərinform informasiya agentliyinin “Kommunist”, “Bakinski raboçi” qəzetləri redaksiyalarının işini ayrıca qeyd etmək istərdim.
Gələcəkdə milyonlarla insanın əqidəsinə və qəlbinə hakim olan iqtisadi müstəqillik ideyasına güclü təkan verən başlıca amillərdən biri isə İttifaq hökumətinin Azərbaycanın taleyüklü problemlərinə biganəlik göstərməsi idi. Bir daha qeyd etmək istəyirik ki, bu ideyanın sürətlə yayılmasına İttifaq rəhbərliyinin respublikamızın mənafelərini həyasızcasına tapdalamasının bariz nümunəsi olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələr, erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddialarının mərkəz tərəfindən dəf edilməməsi rəvac verdi.
Hamıya məlumdur ki, Sovet sistemində kommunist ideologiyasına uyğun gəlməyən fikirlər, baxışlar çox ciddi təzyiqlərə məruz qalırdı. O sistemin qurbanları içərisində Azərbaycan xalqının qeyrətli, ziyalı övladları çox olub. Ötən əsrin 50-ci illərinin ortalarında Sovet cəmiyyətində hakim partiya söz, fikir azadlığına münasibətini nisbətən yumşaltsa da, bütövlükdə sistemin dayaqlarını sarsıtmağa yönəldilmiş hər bir tədbirə qarşı amansız mövqe tuturdu. Buna baxmayaraq, SSRİ iqtisadiyyatında mərhələlərlə baş verən kəskin ziddiyyətlər, hökumətin tez-tez təkrar olunan və sarsıntılarla müşayiət edilən tədbirləri sovet sisteminin iç üzü barədə fikirlərin geniş yayılmasına gətirib çıxarır, insanları azadlıq uğrunda mübarizəyə qalxmağa sövq edirdi. Azərbaycanda gündən-günə ağırlaşan siyasi, iqtisadi və sosial durum bu proseslərin inkişafını daha əsaslı şərtləndirir, əlverişli şərait yaradır, cəmiyyətdə ziyalı sözünə ehtiyacı artırırdı. Xalq çox çətin bir imtahan qarşısında idi. Çünki təsadüfi adamların ürəyindən xalqa liderlik etmək istəyi keçirdi. Xalqa liderlik etmək qabiliyyətinə malik olmayanlar isə ziyalıları yaxına buraxmırdılar. Əlbəttə, ziyalıların da təşəbbüskarlığı yüksək deyildi.
Xatırladaq ki, XX əsrin əvvəllərində Azərbaycanda böyük ziyalı ordusu yox idi, lakin ayrı-ayrı ziyalılar xalq üçün çox əhəmiyyətli, daha dəqiq desək, tarixi iş görmüşlər. Təkcə Üzeyir bəy Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında nə qədər böyük rol oynamışdır. Əli bəy Hüseyn­zadə, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov o qədər nəhəng simalardır ki, xalq onların arxasınca inamla və iftixarla gedə bilərdi. Çünki onlar millətin taleyi naminə ən çətin mübarizədən qorxmayan əsl vətəndaş idilər.
1988-ci ildə Qarabağ hadisələri başlananda ziyalılar xalq hərəkatına qoşulmuşdular və bir sıra taleyüklü məsələlərin müzakirəsində öz sözlərini deyirdilər. Lakin xalqla rəhbərlik arasında dərin uçurumun olduğu şəraitdə onların bəziləri öz mövqelərini müəyyən edə bilmədilər. Müxalifətin radikal mövqedən çıxış edən bəzi nümayəndələri ziyalıların əksəriyyətini, demək olar, qorxutmuşdu. Amma başı bəlalar çəkmiş Azərbaycan xalqı ayılmışdı. Mərkəzin respublikaya sərt münasibəti isə dəyişmirdi, Dağlıq Qarabağda erməni millətçilərinin dəstəklənməsi davam edirdi ki, bütün bunlar da Azərbaycanda onsuz da ağır olan ictimai-siyasi şəraiti daha da gərginləşdirirdi. Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün xalq arasında nüfuz sahibi olan ziyalılar, qeydiyyatdan keçmiş Xalq Cəbhəsinin və digər təşkilatların nümayəndələri yaranmış vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün intensiv görüşlər keçirir, danışıqlar aparırdılar.
Amma ziyalılar çox böyük narahatlıq keçirirdilər. Azadlıq, müstəqillik sözləri o qədər tez-tez işlənirdi ki, onların öz əhəmiyyətini itirməsi təhlükəsi yaranırdı. Rəhbərlik ilə xalq arasındakı boşluğu doldurmaq istiqamətində konkret addımlar atılmırdı. Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, xalqdan ayrı düşməmək üçün onun qayğıları, arzuları ilə yaşasın.
Tarixdən məlumdur ki, azadlıq siyasi mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilir. İttifaq hakimiyyəti maraqlı idi ki, müxalifətdən olan radikal qüvvələr hər hansı təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ problemi kölgədə qalsın. Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə soxularaq dinc əhalini məhv edir, amma mərkəz səsini çıxarmır, biganəlik göstərirdi. Gözləyirdi ki, Azərbaycan xalqı qəzəblənsin, hansısa bir hərəkətə əl atsın və bundan istifadə edən Mosk­va öz gücünü işə salsın, Azərbaycan xalqını susdursun. Rəhbərlik və müxalifətdə olan qüvvələr isə bunu açıq-aşkar görə-görə düşmənə qarşı vahid cəb­hədə birləşə bilmirdilər.
Bunlar tarixi faktlardır, o dövrün reallıqlarıdır. O vaxt çoxları başa düşmürdü ki, Sovet hökuməti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini, ona ziyalıların rəhbərlik etməsini istəmir, elə ona görə də xalqdan uzaq olan zəif respublika rəhbərinin əli ilə xalq içərisində böyük nüfuzu olan ziyalıların siyasi meydandan uzaqlaşması üçün bütün vasitələrdən istifadə edirdi.
1989-cu ilin son aylarında, respublikamızın hər yerində olduğu kimi, Bakının və onun ətraf kəndlərinin əhalisi də mərkəzin və erməni millətçilərinin xalqımıza qarşı xəyanətkar siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxır, soyuğa, şaxtaya, yuxusuzluğa baxmayaraq, küçələrdə qurduqları maneələrdə (barrikadalarda) növbə çəkərək sovet qoşunlarının Bakıya daxil olmasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyə hazır olduqlarını nümayiş etdirirdilər. Nə qədər bəsit olsa da, əhali böyük haqsızlığa və ədalətsizliyə qarşı mübarizə üçün özünün bacardığı bu yolu seçmişdi. Qəzəblənmiş xalq azadlığa çıxmaq, Vətən torpağını müdafiə etmək üçün hər cür əzaba dözməyə hazır idi. Əlbəttə, ayrı-ayrı radikal qüvvələr əhalinin sadəlövhlüyündən istifadə edib, onu ordunun, tankların, zirehli maşınların qabağına çıxarmaqda xüsusi məqsəd güdürdülər. Hətta müxtəlif yerlərdə əhaliyə silah paylanacağı da vəd edilmişdi.
Bakının Buzovna, Mərdəkan, Şüvəlan, Şağan, Qala, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Hökməli, Binəqədi, Maştağa, Binə, Zirə, Türkan, Keşlə, Zabrat və başqa kəndlərinin əhalisi, xüsusən, cavanları dinc əhalinin üstünə göndərilən sovet qoşunlarının qarşısını almaq üçün Mərdəkan-Qala-Bakı magistralında keşik çəkirdilər. Onlar bilirdilər ki, Bakıya hərbi qüvvələr, əsasən, Qala hərbi hava limanı vasitəsilə daxil ola bilər. Lakin vəziyyətin getdikcə gərgin xarakter aldığını görən kənd ağsaqqalları, ziyalılar həmin günlər evdə oturmur, nizami qoşun qarşısına əliyalın, silahsız çıxan azadlıq aşiqlərini bu yoldan geri çəkməyə, onlara əsl həqiqəti başa salmağa, silahlı qoşun qarşısında durmağın mənasız olduğunu izah etməyə çalışırdılar.
Hadisələrin gedişindən hiss edilirdi ki, dinc əhaliyə qarşı SSRİ dövlətinin rəhbərliyi səviyyəsində qabaqcadan təxribatlar hazırlanmışdır. Amma vəziyyətin getdikcə gərginləşdiyi günlərdə Sov.İKP MK-nın yüksək vəzifəli nümayəndələrinin əhali ilə görüşlərində, habelə kütləvi informasiya vasitələri ilə verilən məlumatlarda bildirilirdi ki, Bakıya qoşunlar daxil olmayacaq. Əslində isə vəziyyət başqa cür idi. Bakıda fövqəladə vəziyyətin elan olunacağı və qadağan saatının qoyulacağı vaxt xalqdan gizlədilir, şəhərə qəfil hücum hazırlanırdı. Onu da qeyd etmək lazımdır ki, qoşunların Bakıya yeridilməsinə bir neçə gün qalmış hərbi komandanlıq Bakı şəhərindən hərbi qulluqçuların ailələrini SSRİ-nin müxtəlif regionlarına köçürməyə başlamışdı. Komandanlıq bu faktı onunla izah edirdi ki, guya həmin tədbir Bakıda ekstremist qüvvələrin basqınlarının qarşısını almaq üçün həyata keçirilir. Bu, ağ yalan idi. Reallıq sübut edirdi ki, o dövrdə Bakıda, eləcə də digər rayonlarda rus əhalisinin təhlükəsizliyi üçün heç bir qorxu yox idi.
1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisində idi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Azərbaycan Respublikasının Konstitusiyası tapdalanmışdı. Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövləti dinc əhaliyə qarşı görünməmiş bir cinayət işlədirdi.
Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhali atəşə tutulurdu. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınlarını gülləyə tuturdular. Qorbaçov hakimiyyəti əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin olunacaq, beləliklə də SSRİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Erməni millətçiləri öz arzularına nail olacaqlar. Ancaq bu, yanlış fikir idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ və Azərbaycan SSR konstitusiyaları kobud­casına pozulmuş, vandalizm aktları törədilmiş və Azərbaycanın suveren hüquqları tapdalanmışdır.
Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdur. Xalqda haqlı olaraq belə bir fikir formalaşmışdır: cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR­-in rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifətlə apardığı iş siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdır.
20 Yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, Yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır.
Heç bir hüquqi əsası olmadan Bakıda ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutulması Azərbaycan xalqına qarşı qatı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir. Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək idi.
Azərbaycan xalqına qarşı edilmiş bu təcavüz mərhələ-mərhələ həyata keçirilmişdir - şəhərdə qarətlərlə nəticələnən təxribatlar aparılmış, əhalini tərksilah etmək bəhanəsi ilə faciə ərəfəsində hətta milis işçilərindən silahlar alınmışdır və s.
Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi, Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq iformasiya almaq hüququndan məhrum edilmişdir.
Əgər tarixə diqqət yetirsək, görərik ki, Bakı Azərbaycanda baş verən hadisələrdə, xüsusən, xalqımızın azadlıq hərəkatında, yadellilərə qarşı aparılan mübarizədə daim mühüm rol oynamışdır. Hələ XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycana öz işğalçı qoşunlarını göndərərkən, ilk növbədə, Bakını tutmağı planlaşdırmışdı. Bakının strateji mövqeyi, burada neft yataqlarının mövcudluğu onu Rusiyanın işğalçılıq siyasətinin mühüm hədəfinə çevirmişdir. Gəncə, Şəki və Qarabağ işğal edildikdən sonra Bakı xanlığı üzərinə yürüş məhz belə bir məqsədlə həyata keçirilmişdi. Lakin rus generalı Bakını işğal edə bilməmişdir. O, İçərişəhərin qoşa qala qapılarının açarını təhvil aldığı yerdə Bakı xanı Hüseynqulu xanın əmisi uşaqları tərəfindən öldürülüb, başı kəsilmişdir. Qoca tarix dönə-dönə sübut edir ki, Azərbaycanı qəsb etmək niyyətinə düşənlər nə qədər çox olsa da, arzuları ürəklərində qalanlar da çox olub.
1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını daha sıx birləşdirdi. O günlər minlərlə gənc Bakının komendantı Dubinyakın, digər sovet zabitlərinin təhdidlərinə, təhqirlərinə, şaxtaya, yorğunluğa baxmayaraq, iki gün ərzində hava qaralana kimi Dağüstü parkda məzarlar qazdı, öz vətəndaşlıq borcunu yerinə yetirdilər.
Həmin dövrdə Bakı kəndlərinin əhalisi şəhəri qırmızı qərənfillərə qərq etmişdi. Milyonlarla qərənfil şəhidlərimizin müqəddəs ruhu qarşısında torpağa baş əymişdi. Dünyada, yəqin, az xalq tapılar ki, xalqının azadlığı uğrunda şəhid olmuş övladlarının məzarı üzərinə bu qədər gül səpsin. Məzarlıqdan boylanan qərənfillər də sanki ağlayırdı, yaşa qərq olmuşdu...
Həmin günlərdə mən al qərənfillər içərisində alışıb yanan Bakıya, öz elimə, xalqıma, Bakı kəndlərinin öz sadəliyi ilə seçilən, son tikəsini belə dostla bölməyə hazır olan əli qabarlı, alnı açıq əhalisinə baxıb dərin qürur hissi keçirirdim. Bu ənənə bu gün də davam edir və yəqin ki, əsrlər boyu davam edəcəkdir. Belə xalqa, belə camaata eşq olsun!
Bəşəriyyətin keçdiyi inkişaf yolu göstərir ki, tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Əsl lideri olmayan xalq köləliyə məhkumdur. Xalq yüz illər boyu köləlikdən çıxmağa can atsa da, şəxsiyyətini yetişdirməmiş, liderini tapmamış azadlığa yiyələnə bilməz. Şəxsiyyət zamanın, konkret tarixi şəraitin məhsuludur. Tarixi şəxsiyyət mövcud vəziyyəti düzgün qiymətləndirir, konkret fəaliyyət proqramı ilə hərəkət edir, çətinliklərlə, məhrumiyyətlərlə üzləşsə də, ona ümidlə baxan yüz minlərlə, milyonlarla insanı öz ardınca aparır, qələbəyə ruhlandırır. Bu gün də biz böyük tarixi şəxsiyyətlərin - Spartakların, Atillaların, Babəklərin xidmətlərini iftixarla yad edirik. Türk xalqının tarixindən Atatürkü silmək olarmı? Ruslar Rusiya üçün I Pyotrun xidmətlərini unudurlarmı? Dünya əhalisinin 1/4 hissəsini təşkil edən Çini dinamik inkişaf edən ölkəyə çevirmiş Den Syaopini qiymətləndirməmək mümkündürmü?
Amma tarixdə elə insanlar da olmuşdur ki, rəhbərliyin ağır yükü altına girsələr də, onun öhdəsindən gələ bilməyərək, xalqı ağır problemlərlə, faciələrlə üz-üzə qoyub getmişlər. Vaxtilə Azərbaycanda milli təəssübkeşlikdən uzaq bir partiya işçisi kimi ad çıxarmış Ə.Vəzirov Azərbaycanın ali rəhbəri təyin olunmasına gərək razılıq verməyəydi. Çünki onun daxili potensialı belə mürəkkəb və ağır dövrdə respublikanı lazımi səviyyədə idarə etmək üçün kifayət deyildi. Ona savadsız, təcrübəsiz demək də qəbahət olardı. Belə olsaydı, təbii ki, uzun illər komsomol, partiya işində yüksək vəzifələrə irəli çəkilməz, SSRİ kimi nəhəng dövləti səfir kimi xaricdə təmsil etməzdi.
Ə.Vəzirov əgər respublika rəhbəri kimi Qarabağ hadisələrinə öz xalqının ədalətli mənafeyi baxımından obyektiv yanaşsaydı, hadisələrin inkişafı başqa istiqamətdə gedə bilərdi. Əgər Azərbaycan rəhbəri kimi o, Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə mane olmasaydı, yəqin ki, qanlı müharibə bu qədər uzanmazdı və dərinləşməzdi.
Tarixdən məlumdur ki, təsadüfən hakimiyyət başına gəlmiş bacarıqsız dövlət rəhbərləri mürəkkəb siyasi hadisələrlə üzləşdikdə çıxış yolu tapmağı bacarmayıb, xalqı böyük müsibətlərə düçar ediblər. Güclü şəxsiyyət isə xalqın gələcəyini təmin edib, özünü sağlığında əbədiləşdirib. Çox əfsuslar olsun ki, Azərbaycan xalqının o ağır günlərində respublikanın ali rəhbəri bu keyfiyyətlərə malik olmadı. Azərbaycan tarixində dövlət başçısının xalqın qəzəbindən qaçıb gizlənməsi, bəlkə də, sonuncu tarixi hadisə kimi daim xatırlanacaqdır.
Keçdiyimiz tarixi yola bu gün bir daha nəzər saldıqda belə qənaətə gəlirəm ki, milli kökdən uzaq, milli varlıqdan xali olan şəxslər heç vaxt xalqı başa düşə bilməzlər, bu cür adamların dövlət başçısı seçilməsi milləti ancaq uçuruma apara bilər.
1990-cı ilin yanvar ayında Azərbaycan xalqının başına gələn bu böyük faciənin düzgün siyasi qiymətini ilk dəfə olaraq Heydər Əliyev verdi.
1990-cı il yanvarın 21-də, Sovet qoşunlarının Bakıya girməsinin ikinci günü o, heç bir təhlükədən çəkinməyərək, Mosk­vada SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in Daimi Nümayəndəliyinə gəldi və çıxış edib qanlı cinayət əməlini qətiyyətlə pislədi. Onun sözləri SSRİ və Azərbaycan SSR rəhbərliyinə qarşı kəskin ittiham kimi səslənirdi:
“Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, təqaüddəyəm. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş verən hadisələrdən dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizm və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm.
Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan rəhbərlərinə, eləcə də ölkənin ali partiya-siyasi rəhbərliyinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi-rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün, ilk növbədə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevr­ləri ilə xalqla özü arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir.
Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir.
İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərdə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdür. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir.
Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdir. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsəydi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla müzakirəyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və Daxili İşlər Nazirliyi qoşunlarının iri kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.
Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən, deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?
Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda onsuz da kifayət qədər qoşun yerləşdirilmişdi: 4-cü ordu, Xəzər Hərbi-Dəniz Donanması, desant qoşunlarının diviziyası, hava hücumundan müdafiə qoşunları, DİN-in daxili qoşun birləşmələri. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır.
Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalı­dırlar. Zənnimcə, ölkənin siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!...”
Bəli, xalqımızın başına gətirilən müsibətlər Heydər Əliyevin haqq səsini boğa bilmədi. Bu çıxışı dünyanın hər yerinə yayıldı, onun böyüklüyünü, xalqına sadiqliyini, mətin lider, güclü şəxsiyyət olduğunu, həmişə xalqı ilə bir olduğunu bir daha təsdiqlədi.
1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan üçün həm də böyük imtahan idi. Respublikamızın bütün əhalisi bu imtahandan mərdliklə çıxdı. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz azadlığı uğrunda mübarizə aparmağı bacaran xalqdır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz. O ağır günlərdən 32 il keçir...

 

Akademik
Ziyad SƏMƏDZADƏ