MƏQALƏLƏR

Turist axınının formalaşmasında kənd turizminin əlverişli istiqamətləri

  • 12.05.2022

Aygün Səmədova,

Azərbaycan Kooperasiya Universitetinin doktorantı


 

Kənd turizmi, turizm fəaliyyətinin bir növü olub, turistlərin kənd yerlərinə dincəlmək və ya kənd təsərrüfatı işlərində bilavasitə iştirak etmək məqsədi ilə müvəqqəti olaraq regionun kənd ərazisinə gəlməsini təklif edir və kənd turizminin milli iqtisadiyyatın və regionun inkişafında xüsusi rolunu ifadə edir. Turizm sahəsinin bir fəaliyyət sektoru kimi kənd turizmi kompleks turizm məhsulunun spesifikliyindən, eyni zamanda onun müxtəlif ehtiyatlarından (təbii, mədəni-tarixi, dini və s.) istifadəyə istiqamətləndirilir. Belə ki, kənd turizmi turistlərin kənd ərazilərində fərdi evlərdə (tam və ya qismən komfortlu şəraiti olan evlərdə) və ya xüsusi komfortlu şəraitə malik olan yerləşdirmə vasitələrində müvəqqəti məskunlaşması prosesini şərtləndirir. Kənd turizmi ilk növbədə ərazidə səssizliyin (sükunətin), təmiz havanın, sakitliyin və ekoloji təmiz hava və ya ekoloji cəhətdən natural məhsulun, komfortlu şəraitdə yaşamanın, yerləşdirmə vasitələri və ticarət-iaşə obyetlərinin müvafiq qiymətlərinin, təbiətlə üz-üzə dayanma hissiyatının, kənd haqqında yeni təəsüratların əldə olunmasını, yerli adət-ənənələrlə tanışlığı və onlara hörmət bəslənilməsini, həmçinin əyləncə məqsədilə uşaqların xüsusi yerlərdə oynamasını təmin edən müşayiətçilərin bu sahələrə sərbəst buraxılması və s. təşkilindən ibarətdir.
Ölkənin aqrar sferasında kənd təsərrüfatı istehsalı prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, məhsul istehsalı və emalında məşğul əhalinin sayının azalması və s. kimi dəyişikliklər, bu sahəni hərtərəfli əvəz edə bilən və ya ona yaxın olan digər fəaliyyət növlərinin araşdırılaraq tapılması bu istiqamətdə tədqiq edilməyə ehtiyac duyulan əsas məsələlərdən biri hesab edilir. Bu baxımdan ölkəmizdə kənd turizminin inkişafına əlverişli imkanların yaradılması bilavasitə yuxarıda qeyd etdiyimiz məsələlərin həllində, o cümlədən kəndin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır. Digər tərəfdən, kənd turizminin iqtisadi artımı region ərazisinin bir sıra göstəricilərinin lazımi səviyyədə təmin edilməsini şərtləndirir. Bu fəaliyyət növü digər sahələrdən özünün bir sıra spesifik xüsusiyyətlərinin fərqləndirilməsi ilə izahlandırıla bilər: birincisi, kənd turizmi ilk başlanğıcda həcmcə çox da böyük olmayan investisiya tələb edir, ikincisi, bu fəaliyyət növü yüksək səmərəli və rentabelli səviyyəyə malik olan gəlirli təsərrüfat subyektidir, üçüncüsü, digər fəaliyyət növlərinə nisbətən qısa müddət ərzində gəlir əldə edilməsinin və xərclərin qısa müddətdə özünü ödəməsinin təminatçısıdır.
Azərbaycanda da turist resurslarına tələbat vardır və bu, qeyri-mütəşəkkil turist dəstələrinin ölkənin müxtəlif regionlarına səyahət etməsi ilə izahlandırıla bilər. Odur ki, kənd ərazilərində yerləşən turizm obyektlərində, qonaq evlərində kənd turizmi ilə əlaqəli infrastrukturun çox hissəsinin qənaətedici səviyyədə olmaması səbəbindən kəndlərdə turistik məqsədlə qəbul edilən turistləri kənd turizmi növünə deyil, kəndin qonaqpərvərliyinə aid etmək daha məqsədəuyğun hesab edilir. Kənd turizminin inkişafı bu turizm növünün böyük həcmdə turməhsulunun satışına nail olur, kifayət sayda kənd əhalisinin və ya bu növ fəaliyyətlə məşğul olan iş adamlarının orada işləməsi üçün cəlb edilməsinə əlverişli şərait formalaşdırır və insanların kənd yerlərində yaşamasını sığortalayır. Kənd yerlərinə turist axınının formalaşmasında kənd turizminin əlverişli istiqamətlərini əsasən üç qrupda cəmləşdirmək olar:
- ailə atmosferinin istirahətinin səmərəliliyinə istiqamətlənmiş və bu atmosferdə üstünlük təşkil edən şəraitə uyğun olaraq turistlərin kiçik və ya yığcam strukturunu əhatə edən istiqamət;
- uzun müddət şəhər şəraitində müvafiq müəssisədə istirahətsiz, səs-küylü şərait, iş yerinin qeyri-komfortluluğu və s. kimi iş şəraiti mühitindən kənarlaşaraq, sakit, ekoloji təmiz, dağlıq və ya yaşıllıq ərazisi olan kənd yerlərində aktiv fəaliyyət vaxtının keçirilməsinin təşkilini əhatə edən istiqamət;
- turist qrupunun tərkibində region ərazisinin mədəni dəyərlərinə, yerli əhalinin adət-ənənələrinə, ölkənin təqvimində nəzərdə tutulmuş müvafiq bayramlara olan yüksək maraq dairəsini əhatə edən istiqamət (sxem 1).
Hazırda kənd ərazilərində tətbiq edilən turizmin müxtəlif məqsədli istiqamətlərinə son illərdə dinamik artım tendensiyasına malik olan aktiv və passiv formalı istirahət, mədəni-tarixi abidə obyektləri və muzey kolleksiyaları, rəssamçılıq mənzərəsi, folklor bədii kollektivləri, xüsusi istedada malik və maraq doğuran şəxslər ilə tanışlıq turizmi, kolleksiyaçı turizmi (alkoqollu içkilər, tütün, ölkələrin milli pul vahidləri, digər fərqli məhsul və malların kolleksiyasını toplayan turistlərin dünyanın müxtəlif yerlərinə olan marağının cəlb edilməsi) aiddir.
2021-ci ildə yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair Mətbuat Konfransında KOBİA-nın ötən il ərzində görülmüş işlər və perspektiv planları müzakirə edilmişdir. KOBİA-nın məlumatına əsasən, 2021-ci ildə Agentliyə 5 mindən çox müraciətin 25,3%-i KOB maraqlarının müdafiə edilməsinə, 26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində məsələlərin həllinə aid olmuşdur.
44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciəti qəbul edilmiş, o cümlədən “Suqovuşan” qəsəbəsində, hətta yeni mövsümdə turizm şirkətlərinin fəaliyyətə başlaması nəzərdə tutulur. Onu da qeyd edək ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub, bunlardan 47,2%-i investisiya layihələri, 52,8% isə digər iş və xidmətlərin (əsasən, podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciət edən şirkətlər sırasında 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, 18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. Buradan görünür ki, həmin ərazilərdə turizmlə məşğul olmaq istəyən təşkilatlar çox az pay hissəsinə malikdirlər. Fikrimizcə, bu sferanın genişləndirilməsi, o cümlədən kənd turizminin təşkili işləri qısa müddət ərzində öz inkişaf prioritetlərini müəyyənləşdirə biləcək və bu istiqamətdə onların fəaliyyətinə dövlət dəstəyi vacib məsələlərdən biridir.
Kənd regionlarında məşğulluğun və sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə həyata keçirdiyi “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 2021-ci ildə İsmayıllı rayonunda 15 kənddə turistlərin qəbulu üzrə qonaq evləri istifadəyə verilmişdir ki, bu qonaq evlərində də 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilmişdir. Həmin layihə çərçivəsində 2022-ci ildə Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonları və daha 50 kənddə qonaq evlərinin yaradılması nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) modelinin geniş tətbiq edilməsi də nəzərdə tutulur.
Son dövrdə aqrar sfera müəssisələrindəki struktur dəyişikliklərinin və müəssisələrin işinin təşkilindəki durğunluğun kənd təsərrüfatının dayanıqlı inkişafına təsirini bir sıra iqtisadi rayonların sosial-iqtisadi-ekoloji aspektdən zəifləməsi şərtləndirə bilər. Bu qeyd edilənlər isə öz növbəsində kənddə məskunlaşmış əhalinin şəhərlərə miqrasiyası, iş yerləri və gəlir mənbələrinin getdikcə azalması ilə nəticələnə bilər. 1990-2020-ci illərdə Azərbaycan Respublikasında şəhər və kənd əhalisinin say dinamikasındakı dəyişiklikdə bu qeyd edilənləri daha aydın görmək olar (diaqram 1).
Diaqramdan göründüyü kimi, 1990-cı ildə kənd əhalisinin cəmi əhali sayında xüsusi çəkisi 46,1%, 2000-ci ildə 48,9%, 2010-2017-ci illərdə 46,8-47,0% və 2017-2020-ci illərdə 47,1-47,2% təşkil etmişdir ki, bu da şəhər əhalisinə nisbətən kənd əhalisinin yerləşmə sayının həmin illərdə azalması ilə müşahidə olunmuşdur.
Müasir kəndlər onun ərazi cəhətdən tabeliyindəki kənd infrastrukturunun zəif inkişaf etməsi və şəhərin inkişaf səviyyəsində nisbətən həddən çox geri qalması ilə xarakterizə olunur. Kənd ərazilərinin inkişaf etdirilməsi istiqamətində son illərdə ölkə rəhbərliyi tərəfindən müntəzəm olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu aspektdə iqtisadi rayonların, o cümlədən uzun müddət ermənilərin baxımsız halda nəzarətində qalmış, lakin rəşadətli ordumuzun gücü və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə prioritetlər müəyyən edilir. Burada, xüsusi olaraq Füzuli şəhərində qısa zaman kəsiyində tikilmiş və bu yaxınlarda istifadəyə verilmiş beynəlxalq hava limanını, Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsini, Şuşa şəhərində Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsini, həmçinin gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində turizmin, o cümlədən kənd turizminin inkişaf etdirilməsi ilə əlaqəli tədbirlərə start verilməsini və regionun turizm məkanına çevrilməsinin planlaşdırıldığını qeyd edə bilərik. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ağıllı qəsəbə və kəndlərin, o cümlədən fermer təsərrüfatları, yeni turistik mərkəzlər və s. tipli Qarabağ layihələrinin artıq icrasına start verilmişdir.
Beləliklə, kənd ərazilərində beynəlxalq və yerli turistlərin kütləvi yerləşdirilməsinin təminatı məqsədilə regionlarda yeni otel, hotel və s. tipli müəssisələrdə günlük yerləşmə saylarının artırılması, həmçinin kənd ərazilərində yüksək komfortlu qonaq evlərinin, yəni turist qəbulu evlərinin tikilib istifadəyə verilməsi gələcəkdə kənd ərazilərinin dayanıqlı inkişafına, həmçinin kənd əhalisinin əlavə gəlir mənbəyinə nail olmasına, kənddə yaşayan gənc nəslin kəndddən şəhərə axınının, yəni urbanizasiya prosesinin qarşısının alınmasına əlverişli şəraiti formalaşdırmış olacaqdır.