MƏQALƏLƏR

AZƏRBAYCAN AVRASİYANIN MÜHÜM NƏQLİYYAT-LOGİSTİKA MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİR

  • 12.05.2022

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizinin inkişafı istiqamətində son illər görülən işlər xüsisi önəm daşıyır. Şərq-Qərb Nəqliyyat Dəhlizi Çinlə Avropa arasında ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb Nəqliyyat Dəhlizinin tranzit müddəti 15 gündür. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı və dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə daşınmasının səmərəli təşkilinə etibarlı təminat yaradıb, daha əlverişli şərtlərlə, qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına nail ola bilmişdir. Respublikamızın Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə imkan verən infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının istifadəyə verilməsi bu sahədə qazanılan ən ciddi uğurlardan biridir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” (QSC) bu gün beynəlxalq tələblərə cavab verən dəniz nəqliyyatı xidmətləri göstərir və ölkəmizin iqtisadi gücünün artmasına dəyərli töhfələr verir. Uğurla gerçəkləşməkdə olan iqtisadi islahatlar fonunda qeyri-neft sektoru keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur və bu prosesdə sözügedən səhmdar cəmiyyətin fəaliyyəti aydın nəzərə çarpır. Son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən Gəmiqayırma Zavodunun işə salınması, zavodun gəmilərinin sayının getdikcə artması deyilənlərin əyani göstəricisidir. Yeri gəlmişkən onu da deyək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci ildə “Qafqaz” və “Merkuri” səhmdar cəmiyyətlərinin yaradılması ilə qoyulub. 2013-cü ildə respublikada mövcud olan iki böyük donanma – Dövlət Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm hissəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin tranzit potensialının reallaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirakı bu sahənin inkişafının xüsusi olaraq diqqət mərkəzində saxlanılmasından xəbər verir. Bu dəniz nəqliyyatı vasitəsilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili, TIR daşımaq mümkündür. Ötən ilin əvvəllərində istismara verilən “Azərbaycan” və yerli fəaliyyətə başlayan “Zərifə Əliyeva” gəmiləri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar edilən digər gəmi-bərələrdən üstünlüyü ilə seçilir. Ötən ilin martında Suveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi zərurətini beynəlxalq gündəlikdə önə çıxardı. Bugünkü geosiyasi kataklizmlər fonunda bu məsələ aktuallığını xüsusilə artırıb. Transxəzər Şərq-Qərb Dəhlizinin cəlbedici görünməsi ilə əlaqədar Azərbaycan dövləti də yeni çağırışlara uyğun nəqliyyat-logistika infrastrukturunun yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması da təsadüfi deyil, bu, görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevaya Azərbaycan dənizçilərinin sonsuz ehtiramından irəli gəlir. Gəmi-bərədə Zərifə xanım Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, xeyirxah əməllərini, fədakarlıqla dolu ömür yolunu əks etdirən guşə yaradılıb.
Əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının yüksək olduğunu dilə gətirən cənab Prezident İlham Əliyev demişdir: “Dünya standartlarına cavab verən belə bir bərənin Azərbaycanda inşa olunması bir tərəfdən dövlətimizin qüdrətini, iqtisadi müstəqiliyini nümayiş etdirir, digər tərəfdən onu göstərir ki, ölkəmiz böyük sənaye potensialına və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın yeni inkişaf mərhələsində uğurla addımlayır”.
Hazırda pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı tənəzzülə rəğmən, Azərbaycan iqtisadi inkişafında, bu xüsusda beynəlxalq nəqliyyat dəhlizləri sistemində artan roluna uyğun olaraq bütün infrastruktur layihələrini uğurla davam etdirir. Prezident İlham Əliyevin nəqliyyatın, o cümlədən gəmiçiliyin inkişafına xüsusi diqqəti Azərbaycanın bu sahədə imkanlarını daha da gücləndirir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasında hazırda 13 bərə gəmisi, “Ko-Ko” tipli 2 gəmi və “Ro-Pax” tipli 1 gəmi vardır. Bu donanma Xəzərdə dəmir yolu vaqonlarının dəniz vasitəsilə daşınmasını təmin edən yeganə bərə operatorudur. Donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən hər bir istifdəçi yararlana bilər. Bu sahədə uğurları şərtləndirən ən mühüm amillərdən biri də 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsidir. Zavodun istismara verilməsi gəmilərin alınması üzrə idxaldan asılılığı aradan qaldırıb.
Azərbaycanda belə bir müəssisənin yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətləri və hövzədə mövcud olan texniki imkanları nəzərə almaqla bütün növ gəmilərin tikintisinə imkan verir. “Ro-Pax” tipli gəmilər də bu qəbildəndir. Hazırda səhmdar cəmiyyətinin donanması üçün daha 2 tankerin inşası davam etdirilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-cü ildə qəbul olunmuş Strateji İnkişaf Planının icrası çərçivəsində ötən müddət ərzində, ümumilikdə 24 gəmi istismara verilib. Azərbaycan gəmiləri Xəzərdən kənarda – Qara və Aralıq dənizi hövzələrində fəaliyyət göstərir. Burada 7-si quru yük gəmisi və 6-sı tanker olmaqla 13 gəmi istismar edilir. İşlər səngimədən davam edir, bu sahədə gələcək illərdə daha böyük uğurların şahidi olacağıq.

 

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri