MƏQALƏLƏR

Yarışlarda döyüşlərə

  • 19.05.2022

Redaksiyaya məktub 

İlk növbədə, öz və klubumuzun idmançıları adından “İqtisadiyyat” qəzetinin 18-24 iyul 2019-cu il tarixli yayımında haqqımızda geniş və ətraflı məqalə dərc etdiyinizə görə Sizə - Milli Məclisin deputatı, qəzetin təsisçisi Səmədzadə Ziyad müəllimə, baş redaktoru Səmədzadə Aytən xanıma, məqalənin təşəbbüskarı və elmi redaksiya şurasının üzvü Səmədzadə Elşad bəyə və məqalənin müəllifi Məmmədova Yeganə xanıma dərin təşəkkürümü bildirir və Böyük Qələbə münasibətilə təbrik edirik.
Qeyd edim ki, “Boz Oğuz” CCFİK təkcə idmançılar yetişdirməklə kifayətlənməyib. Klubumuzun yetirməsi olan, əslən buzovnalı, 17.10.2001-ci il təvəllüdlü İsmayılzadə Vüsal Əlbəndə oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlik də (şərq döyüş növü olan karatedə “da do” kəlməsi yol mənası daşıyır) bir yoldur. Hansı yol? Bu yol bütöv Azərbaycana, türk dövlətləri təşkilatına – Turana aparan əzəmətli və şərəfli bir yoldur. Və bu yolda vuruşmaq və şəhid olmaq hər azərbaycanlıya qismət olmur. Allah Şəhidlərimizə rəhmət eləsin!
Ötən məqaləmizdə qeyd etdiyimiz kimi, mən özüm elə 1992-ci ilin yayında şanlı Milli Qvardiya sıralarında Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam. Təsadüfi deyil ki, kiçik idmançılardan qəhrəman döyüşçülər yetişdi. Yetirmələrimdən əslən buzovnalı olan, 17.01.2002-ci il təvəllüdlü, müxtəlif yarışların qalibi, göy kəmər sahibi Mahmudov Samir Hikmət oğlu başından və ayağından qəlpə yarası alaraq, cənab Prezidentimiz İlham Əliyev tərəfindən 18 dekabr 2020-ci il tarixli 2353№-li sərəncamla “Cəsur döyüşçü” və 25 dekabr 2020-ci il tarixli 2364 №-li sərəncamla “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 206 №-li orta məktəbin məzunudur. 2014-cü ilin dekabrında “31 dekabr - Dünya Azərbaycanlılarının Həməylik Günü”nə həsr olunan ciu-citsu birinciliyində - 45 kq çəki, 12-14 yaş qrupunda çempion olmuş, əslən neftçalalı, 206 №-li orta məktəbi bitirmiş, 30.06.2001-ci il təvəllüdlü, ciu-citsu üzrə I olan, qara kəmər sahibi Quliyev İsgəndər Fazil oğlu cənab Prezidentimiz İlham Əliyevin 24 dekabr 2020-ci il 2358 №-li sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 29 dekabr 2020-ci il 3369 №-li sərəncamla “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Digər yetirməmiz, əslən gəncəli, 125 №-li orta məktəbin məzunu, 2015-ci ildə Antalyada kempo üzrə keçirilən 12-ci dünya çempionatında 65 kq çəkidə, 14-16 yaş qrupunda II yerə layiq görülmüş, ciu-citsu üzrə qara kəmər sahibi Məmmədov Orxan Müşfiq oğlu hal-hazırda Şuşada “N” saylı hərbi hissədə xüsusi təyinatlı bölmədə xidmət edir. Yolumuz təməlini ulu öndər Heydər Əliyevin qoyduğu, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən bütöv Azərbaycana – Turanadır!


Hörmətlə,


“Boz Oğuz” Ciu-Citsu
Fərdi İdman klubunun
prezidenti, əməkdar məşqçi
İlham Ağaverdiyev