MƏQALƏLƏR

“Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimatı

  • 19.05.2022

Bu günlərdə Bakının qədim kəndlərindən biri olan, Xəzərin qoynunda yerləşən Buzovna kəndində “Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimat mərasimi keçirildi. Buzovnanın sayılıb-seçilən insanlarının, ziyalılarının, elm və mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin toplaşdığı bu tədbir Buzovnaya həsr edilmiş ensiklopediyanın yaranmasının ilk təşəbbüskarı olmuş və onun bünövrəsini qoymuş, bu işin uğurla və layiqincə tamamlanması üçün illərlə çalışmış vətən fədaisinin - mərhum Rəhimağa İmaməliyevin ruhuna bir minnətdarlıq təsiri bağışlayırdı.
Tədbir Azərbaycan Respublikasının himni ilə başlanmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbiri giriş sözü ilən açan tarix üzrə fərsəfə doktoru Leyla Abasova bu ensiklopediyanın Buzovna kəndinin tarixində ilk dəfə tərtib edilən uğurlu nəşr kimi işıq üzü gördüyünü bildirmiş, bu nəşrin gələcək tədqiqatlar üçün əsaslı mənbə və istinad yeri olacağını qeyd etmişdir.
Tədbirə ilk xeyir-duasını Qafqaz Müsəlmanları idarəsinin Xəzər rayonu üzrə qazısı, Buzovna Cümə məscidinin axundu, Buzovna Dini İcmasının sədri, tədqiqatçı-yazıçı Axund Hacı Soltan Əlizadə verdi. O, kitabın cümlə insanlar üçün böyük əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, müqəddəs kitabımız olan Quran əslində böyük yaradanın öz bəndəsi ilə ən səmimi ünsiyyət vasitəsidir. Bəşəriyyətin ən mühüm kəşflərindən biri olan kitab bəhs etdiyi sahədən asılı olaraq insanlar üçün tarixin qaranlıq səhifələrini işıqlandırır, onları maarif və tərəqqi yoluna, mənəvi zənginliyə doğru aparır. O, bildirdi ki, təqdimatına toplaşdığımız bu ensiklopediya oxucu ilə bərabər, Buzovnanın coğrafiyasına, yerləşdiyi əraziyə, əsrlərdən bizə miras qalan tarixi memarlıq abidələrinə nəzər salır, oxucuya kəndin qədim məhəllələrini, dolanbac küçələrini tanıdır, bu qədim yaşayış məskənində sakinlərin məşğuliyyəti, onun əlverişli iqliminə uyğun təsərrüfatçılıq, eləcə də bir çox qədim sənətkarlıq növləri ilə məşğuliyyətindən söz açır, özünəməxsus adət-ənənələri haqqında maraqlı məlumatlar verir. İslam dünyasının qədim dini abidələri, müqəddəs ocaqları ilə tanınan Buzovna torpağının ulu keçmişini, tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini bir daha yad edir, onların şərəfli adını yaşatmağı gələcək nəsillər üçün əmanət edir.
Bu savab işin, təqdirəlayiq əməlin təşəbbüskarı buzovnalı mərhum publisist, ensiklopedist, Bakı kəndlərindən ilk dəfə olaraq məhz Buzovnada “Boz Oğuz” nəşriyyatını təsis etmiş Rəhimağa İmaməliyev olmuşdur. Məhz ötən əsrdə o, ilk dəfə Buzovna ensiklopediyasının tərtibi və nəşri ideyasını irəli sürmüş, bu yolda ilk cığırlarını salmışdır. Lakin ömür vəfa etmədiyindən başladığı bu xeyirxah və şərəfli işi yarımçıq qalmışdır. İllər sonra Azərbaycan Milli Ensiklopediyasında onunla birgə çalışmış ömür-gün yoldaşı, Buzovna kəndinin dəyərli ziyalı qadınlarından biri olan Validə xanım İmaməliyeva və qızı Tomiris İmaməliyeva-Babanlı bu şərəfli işin məsuliyyətini anlayaraq, bütün ağırlığını öz zərif çiyinlərinə götürmüş və bunun öhdəsindən layiqincə gəlmişlər.
Daha sonra “Buzovna ensiklopediyası. Vətənnamə” kitabının “Təhsil” nəşriyyatında çapa hazırlanması prosesini əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim edildi.
Təqdimat mərasimində çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səmədzadə bu gözəl təşəbbüsü gerçəkləşdirən Rəhimağa İmaməliyevin yadigarlarına öz dərin minnətdarlığını bildirmiş, bu ideyanın müəllifini böyük ehtiramla yad etmişdir: “Bizi mərhum Rəhimağa müəllimlə daha incə tellər bağlayır. Vaxtılə məhz Rəhimağa İmaməliyev mənim fəaliyyətimi mətbuatda ilk dəfə işıqlandıran jurnalislərdən biri olmuşdur”. Ziyad müəllim daha sonra qeyd etmişdir ki, Buzovna ensiklopediyasının nəinki Buzovna, Bakının digər kəndləri, eləcə də vətənimizin digər bölgələrinin tanıdılması, öyrənilməsi, təbliği baxımından böyük əhəmiyyəti var. O, xüsusilə vurğulamışdır ki, qloballaşan müasir dünyamızda qədim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması bugünkü, həm də gələcək nəsillərin inkişafı, tərəqqisi üçün olduqca vacibdir. Bu qədim kəndin elm, təhsil, sənət sahəsində çalışan fəallarının bir araya gəlməsi kəndin inkişafına, burada olan problemlərin aradan qaldırılmasına, sakinləri narahat edən məsələlərin həllinə bilavasitə kömək edə bilər. Eləcə də istər ölkəmizdə, istərsə də müxtəlif xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alan buzovnalı gənclərimizi də unutmamalı, müasir gənclərin istək və təklifləri ilə maraqlanmalı, onlara dəstək olmalıyıq. Bu baxımdan belə görüşlərin keçirilməsi olduqca təqdirəlayiqdir.
Buzovna ensiklopediyasının işıq üzü görməsinə həsr olunmuş tədbirdə kitabın tərtibçilərindən biri, bu nəşrin ağırlığını, məsuliyyətini öz üzərinə götürmüş Əməkdar mədəniyyət işçisi Tomiris İmaməliyeva-Babanlı, tədqiqatçı şair, qəzəlxan Arif Buzovnalı, yazıçı-ssenarist, şair, tərcüməçi Kənan Hacı, tanınmış həkim, ictimai və dövlət xadimi Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov, AMEA-nın Memarlıq və İncəsənət institutunun elmi işçisi Elçin Əliyev, Əfqan Əliyev adına Buzovna 125 saylı tam orta məktəbin direktoru Zeynəb xanım Əliyeva, həmin məktəbin qocaman ədəbiyyat müəllimi, Əməkdar müəllim Tamilla Muradova çıxış etmişlər. Qeyd edək ki, bu kitabda torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda I və II Qarabağ müharibəsində canlarını qurban vermiş qəhrəman oğullarımız haqqında da geniş məlumatlar yer almışdır. Şəhidlərimizin böyük qürur hissi ilə yad edildiyi bu tədbirdə Buzovna şəhidlərindən Vüsal İsmayılzadənin anası Lalə xanım və Ağəmi Heybətovun bacısı Həlimə xanım çıxış edərək, kitabın müəlliflərinə onların övladlarına göstərilən diqqətə görə öz minnətdarlığını bildirdilər.
Tədbirin sonunda Əməkdar mədəniyyət işçisi, Həsən bəy Zərdabi mükafatı laureatı, AMEA Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin redaksiya müdirinin müavini Validə xanım İmaməliyeva bu kitabın işığına toplaşmış Buzovna ziyalılarına, elm, mədəniyyət, ictimaiyyət nümayəndələrinə təşəkkür etmiş, bu taleyüklü işin ərsəyə gəlməsində onunla çiyin-çiyinə çalışmış hər kəsə, kitabın işıq üzü görməsində əmək sərf etmiş insanlara, ona verdikləri dəstəyə görə redaksiya heyəti və məsləhətçilərə öz dərin minnətdarlığını bildirmişdir.
“Buzovna ensiklopediyası. Vətənnamə” kitabı Rəhimağa müəllimin ürək sözlərilə başlayır: “Vətənnamə adı ilə nəşr etdiyim bu ensiklopediyada qədimlərdən qədim kəndimizin şəxsiyyətləri – şairlər, elm və söz-sənət adamları, xeyriyyəçilər, maarifpərvərlər, üləmalar və başqaları haqqında nəsə demək istədim. Və... istədim ki, bu insanların şəxsiyyəti, kəndimizin əbədiyaşarlığı üçün əməlləri bir daha yad edilsin, bu günün, sabahın nəsillərinə xatirə kimi ərməğan olsun... Elimin, kəndimin adıyla bağlı nə varsa, burada yazdım. Siz də çalışın yeni-yeni əməlləri yaşadasınız, yazıb-yaradasınız. Övladlarım, nəvələrim qədər mənə əziz olan bu kitab kəndimizin hər dövrünün mədəni-mənəvi güzgüsüdür. Bu güzgüyə baxanlar kəndimizin tarixi keçmişini öyrənəcək, bu tarixin şanlı səhifələrini yazan şəxsiyyətləri tanıyacaq, tanıdıqca da onları fəxarət hissi ilə anacaqlar”.
Tədbirdə bildirilmişdir ki, mərhum Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı bu ensiklopediyanı 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir. O, dünyasını dəyişəndən sonra bu ensiklopediya üzərində iş ailə üzvləri tərəfindən davam etdirilmişdir.
20 il ərzində Vətənimizdə baş verən tarixi, ictimai-siyasi hadisələr, Buovnada həyata keçirilən bir çox dəyişikliklər, yeni nəsillərin nailiyyətləri də nəzərə alınmaqla kitab yenidən işlənib hazırlanmışdır. Məhz bu baxımdan son 20 ildə Buzovnada baş verən dəyişikliklər, dövlətin qəsəbəyə qayğısı, neçə-neçə sağlamlıq və təhsil ocaqlarının, uşaq bağçalarının təmir və bərpasının Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsi nəşrdə ətraflı işıqlandırılıb. Qeyd edilib ki, Cümə məscidinin bərpası, digər məscidlərin təmiri, qazilər üçün reablitasiya mərkəzinin açılması dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Qədim məişət əşyaları, tikmələr, abstrakt rəsmlər qalereyası, həmçinin tarixin müxtəlif dövrlərini əks etdirən səhifələrdə fotoşəkillər, əlyazmaları da nəşrə daxil edilib. Tədbirdə Əfqan Əliyev adına 125 nömrəli məktəbin 8-ci sinif şagirdlərinin ifasında buzovnalı şairlərin şeirləri səslənmiş, Buzovnada fəaliyyət göstərən “Xəzri” xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnılar ifa olunmuşdur.
Tədbirdə Buzovna kəndinin həm uzaq tarixi keçmişinə, həm də müasir dövrünə işıq salan “Sahildəki inci” adlı bədii-sənədli film nümayiş olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Fəridə Əliyevanın müəllifi olduğu filmdə son dövrlərdə Buzovnada aparılan quruculuq işlərini əks etdirən kadrlarla yanaşı, bu qədim Bakı kəndində qorunub saxlanan və gələcək nəsillərə ötürülən adət-ənənələrin təbliği də geniş yer almışdır.


AYTƏN SƏMƏDZADƏ