MƏQALƏLƏR

“Azərbaycan” adlı Günəşin parladığı gün...

  • 26.05.2022

“Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Ancaq buna baxmayaraq, Azərbaycan Demokratik Respublikası bir çox işləri görə bildi. Dövlət atributları təsis edildi və bu gün bizim dövlət bayrağımız, dövlət himnimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş dövlət atributlarıdır...”

İlham ƏLİYEV

 


 

Ötən 20-ci əsr Azərbaycan xalqının tarixində bir çox mühüm, unudulmaz hadisələrlə zəngin olub. Bunlar arasında qanlı-qadalı, millətimizin məhvinə, onun bir toplum olaraq, yer üzündən silinməsinə yönəldilmiş hadisələr (1918-ci ildə baş verənlər, 30-cu illərin qanlı repressiya əməlləri və s.) olsa da, qürur və iftixar hissi doğuracaq, imzalar içində imzası olacaq hadisələr də az olmayıb. Bu hadisələr, yaşantılar içərisində, heç şübhəsiz ki, əsrin əvvəllərində, ikinci dekadasında tarixdə ilk müstəqil Azərbaycan dövlətinin yaradılması ən öndə gəlir. 1918-ci ildə babalarımız, istiqlal mücahidlərimiz, işıqlı ziyalılarımız tarixdə ilk dəfə müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya (ADR) yaradılmasına nail oldular. Qeyd edək ki, həmin vaxta qədər dünyada onlarla dövlət (və ya imperiyalar) mövcud olsa da, Demokratik sözünü də öz adında ilk dəfə gerçəkləşdirən, rəsmiləşdirən məhz cümhuriyyət qurucularımızın qurub-yaratdığı, necə deyərlər, quru torpaq üzərində yoxdan var etdikləri dövlətimiz oldu. Azərbaycan o zaman təkcə müstəqil dövlət kimi tarixə düşmədi, həm də ilk olaraq demokratik dəyərləri özündə ehtiva edən və onu adı ilə qoşalaşdıran bir dövlət, məmləkət kimi tarixə yazdırdı...
Qeyd edək ki, hər bir müstəqil dövlətin var olma, ayaqüstə dik dura bilmə səbəblərindən biri də onun milli qanunverici orqanının mövcudluğudur. Cümhuriyyət qurucularımız da məhz bu mövqedən çıxış edərək, Müsəlman-Şərq aləmində nəinki ilk demokratik respublikanı elan etdilər, həm də onun əsas atributlarından olan milli qanunverici orqanı - Azərbaycan Parlamentini formalaşdırdılar.
1918-ci ilin may ayının 28-də Zaqafqaziya Seymində müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla əslində Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi, “Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar təşkilati tədbirləri həyata keçirdikdən və onu bütün dünyaya bəyan etdikdən (30 may 1918-ci il) sonra, Azərbaycan Milli Şurası və Azərbaycan hökuməti fəaliyyətini bilavasitə öz ölkəsi ərazisində həyata keçirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Milli Şura və Azərbaycan hökuməti burada mürəkkəb daxili və xarici çətinliklərlə üzləşdi. Xoyski istefa verdi. Lakin Milli Şura hökumətin təşkilini yenidən ona tapşırdı. Müxtəlif partiyaların nümayəndələrindən təşkil olunmuş yeni hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də tutdu...
1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Azərbaycan Milli Şurasının 1918-ci il noyabr ayının 19-da böyük öndər Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlər təmsil olunmalıdır. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2750000 nəfər əhali vardı ki, onlardan 1900000 nəfəri müsəlman, 500000 nəfəri erməni, 230000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməli idilər. Və beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Azərbaycan Milli Şurası adından onun sədri M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.
Və beləliklə, 1918-ci ilin dekabr ayının 7-də gündüz saat 13:00 radələrində Azərbaycan xalqının böyük oğlu, dünya mesenatları arasında şərəfli yeri olan Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.
“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.
Parlamentin I dövrü – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.
Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və əməli əhəmiyyətini saxlamaqdadır.

* * * * *

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Xüsusilə də Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi bir neçə ay müddətində qızğın müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə ciddi mübahisələr getmişdi. Bəzi deputatlar universitetdə dərs demək üçün yüksəkixtisaslı milli kadrların olmaması səbəbindən universitetin rus dilində açılması təklifi ilə çıxış edirdilər. O dövrdə Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Buna baxmayaraq, xalqın elmə, təhsilə olan güclü meyili Bakı Dövlət Universitetinin yaranması ilə nəticələndi. Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi məqsədilə xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də cümhuriyyət parlamenti və hökuməti mühüm işlər görmüşdü. Azərbaycan hökumətinin 100 nəfər azərbaycanlı gənci xarici ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında hazırlanmış qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olunmuşdu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti xaricə göndərilən tələbələr üçün 7 milyon rubl vəsait ayrılması haqqında qərar çıxarmışdı. Xaricə göndəriləcək tələbələri seçmək üçün parlament üzvləri - Məmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına əməli kömək göstərdi.

* * * * *

Bu gün görülən möhtəşəm işlər Azərbaycan dövlətinin və ilk növbədə, ölkə Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycan Parlamentinə hörmət və ehtiramının ən böyük ifadəsi sayıla bilər. Bundan yüksək dəyərləndirmə və qiymətləndirmə qeyri-mümkündür. Bu, əsl dövlət və dövlətçilik nümunəsidir, bu, əsl vətənsevərlik və millətsevərlik nümunəsidir. Təbii ki, öz milli dövlətinə, ilk müstəqil cümhuriyyətinə, onun qurucularına, öz milli parlamentarizm tarixinə bu cür yüksək dəyər və qiymət verən dövlətin də, dövlət rəhbərinin də yaşamaq, yaratmaq haqqı hamıdan daha çoxdur. Bu haqq Azərbaycanındır, bu haqq ümummilli lider Heydər Əliyevindir, bu haqq ölkə prezidenti İlham Əliyevindir!

 

Ziyad Səmədzadə, Azərbaycan iqtisadiyyatı 100 ildə.

5 cilddə, 1-ci cild. Bakı, 2021