MƏQALƏLƏR

Azərbaycanda xarici kapitalın son dövrlərdəki inkişaf istiqamətləri

  • 26.05.2022

Məlum olduğu kimi, investisiya imkanları ölkənin iqtisadi inkişafını xarakterizə edən əsas göstəricilərdən biridir. İnvestorlar iqtisadi və siyasi sabitliyə malik ölkələrə investisiya yatırmağa üstünlük verirlər.
Azərbaycandakı iş və investisiya mühiti sahibkarlara hər cür fəaliyyətlə məşğul olmağa imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilə qədər sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyalar və icazələr tələb olunan fəaliyyətlərin sayı, eyni zamanda rüsumlar əhəmiyyətli dərəcədə azaldılıb. Ölkədə vergi, gömrük sahələrində, sosial ödənişlər sistemində genişmiqyaslı islahatlar aparılır. Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar həm də sahibkarlığın inkişaf etdirilməsi və sərmayələrin təşviqi məqsədi daşıyır.
Xarici investisiyanın iqtisadiyatımıza təsir istiqamətləri
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri həm yerli, həm də xarici sahibkarlar tərəfindən biznesin aparılması üçün şərait yaradır. Azərbaycan açıq dənizə (yəni, dünya okeanına) çıxışı olmayan bir ölkə olsa da, ölkəmiz beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. 2017-ci ildə istifa-dəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında mühüm nəqliyyat mərkəzi olan Şərq-Qərb Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan qitələri birləşdirir. Son 15 ildə ölkədə 15 min kilometr uzunluğunda yol və magistral yollar çəkilmişdir. “Davos Dünya İqtisadi Forumu”nun hesablamalarına görə, Azərbaycan yolun keyfiyyətinə görə dünyada 34-cü yerdədir.
Ölkə iqtisadiyyatına yönəldilən xarici investisiya növlərindən biri də neft bonuslarıdır. Tipik olaraq, neft bonusları neft sahibinə ya maddi, ya da nağd şəkildə ödənilir. Bu, neft hasilatı və ya nəqlini təmin edən razılaşma müqabilində sahibinə bir növ güzəştdir. Bu cür bonuslar, həmçinin xarici şirkətlər tərəfindən Azərbaycanda neft və qaz hasilatı ilə bağlı müqavilələrin bağlanması ilə əlaqədar olaraq Azərbaycan hökumətinə ödənildi. İlk neft bonusu Azərbaycan hökumətinə BP və Statoil tərəfindən 1992-ci ilin sentyabrında Çıraq və Günəşli yataqlarının işlənməsi barədə sazişin imzalanması ilə əlaqədar verildi. Bu cür bonuslar sonradan bağlanmış müqavilələr üçün də təmin edildi. 1995-ci ildən 2013-cü ilə qədər bağlanmış neft və qaz sazişləri üçün Azərbaycan Hökuməti 197 milyon dollardan çox məbləğdə vəsait aldı.
Portfel yatırımı həm də ölkə iqtisadiyyatına qoyulan xarici investisiya növlərindən biridir. Ümumiyyətlə, bu investisiya növü, xarici vətəndaşlar və ya hüquqi şəxslər tərəfindən ölkənin təsərrüfat subyektləri tərəfindən buraxılmış səhmlər və ya digər qiymətli kağızlar alması yolu ilə, bir ölkəyə investisiya qoyuluşu istiqamətidir. Bu cür qiymətli kağızlara istiqrazlar, veksellər, depozit sertifikatları, bank zaymları və s. daxildir. Azərbaycanda qiymətli kağızlar bazarı lazımı səviyyədə inkişaf etmədiyindən, bu növ xarici investisiyaların Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici sərmayələrin ümumi həcmindəki payı azlıq təşkil edir. Portfel yatırımı ən çox bank sektorundadır.
2021-ci il vəziyyətinə görə Azərbaycan respublikasının dövlət borcu 17,1 milyard ABŞ dollarıdır. Azərbaycan kimi iqtisadiyyatı olan ölkə üçün bu qədər xarici borc çox böyük sayılmır.
Azərbaycan iqtisadiyyatına cəlb olunan ümumi xarici investisiyaların əksəriyyəti birbaşa investisiyalardır. Bu növ investisiya qoyuluşunun böyük hissəsi enerji sektoruna, daha doğrusu, neft sektoruna yönəldilib.
Məlum olduğu kimi, xarici kapitalın yeni bazara, xüsusən də bank sektoruna genişlənməsinin əsas stimullaşdırıcı amili daha çox mənfəət əldə et-mək və gəlir mənbələri yaratmaqla əlaqədardır. Buna görə hüquqi aspektlər investisiya qurumlarının maraqlarını nəzərə almalı və əlbəttə ki, xarici kapital subyektlərinin bank bazarına daxil olması ilə bağlı qanunların tələblərini optimallaşdıraraq, ölkənin bank sektorunun maliyyə sabitliyini təmin etməlidir. Vurğulamaq lazımdır ki, son 25 ildə dünyanın bir çox böyük bankı gəlirlərini şaxələndirmək və yeni xidmət bazarlarını fəth etmək üçün postsosialist dövlətlərinin və postsovet respublikalarının bank sistemlərində fəal iştirak edir. Bankçılıq sahəsindəki hüquqi baza və xarici kapitalla əlaqəli işlər yüksək səviyyədə olmazsa, xarici kapital subyektlərinin yuxarıda göstərilən ölkələrin bank sektorlarına fəal şəkildə girməsi şübhəsizdir. Əslində, xarici tərəfdaşları investisiya edilən əmlak paylarının nisbəti yox, əmlak paylarının sərbəst şəkildə geriyə alınmasının hüquqi zəmanəti, mənfəətin ixracı, mübahisələrin həlli üçün qəbul edilmiş üsullar və digər praktiki məsələlər maraqlandırır.
Xarici bank kapitalının iştirakının hüquqi müdafiəsi səviyyəsinin yaxşılaş-dırılması və artırılması zamanı bank sisteminin maliyyə əsaslarının inkişafına, bank xidmətlərinin siyahısı və coğrafiyasının genişləndirilməsinə diqqət yetirilməlidir. İnvestisiya subyektlərinin (başqa sözlə, xarici bankların) qarşılıqlı fəaliyyəti və birgə fəaliyyəti uzunmüddətli perspektiv üçün etibarlı münasibətlər və qanunvericilik bazası çərçivəsində qurulmalıdır. Bank sektorundakı investisiya subyektlərinin qarşılıqlı fəaliyyətinin hüquqi tənzimlənməsinin əsas elementləri bank işlərinin təşkili və aparılması üçün beynəlxalq standartların, bankın maliyyə sabitliyinin meyarlarına uyğun olmasının, bankların kredit portfelinin şaxələndirilməsinin və borc kapitalından səmərəli istifadənin nəzərə alınmasıdır. Bundan əlavə, xarici kapitalın cəlb edilməsi prosesləri kommersiya banklarının sərəncamında tələb olunan kredit resurslarının formalaşması nəzərə alınmaqla maliyyə və kredit təşkilatlarının fəaliyyətinin modelləşdirilməsinə birbaşa və dolayı yolla təsir göstərir. Xarici kapitalın ölkənin bank sektorunda fəal iştirakı mövcud bank mexanizmlərinin səmərəliliyini və kommersiya banklarının məcmu kapitalını artırmaqla modernləşdirmək üzrə işləri gücləndirir. Bundan əlavə, xarici kapitalın milli bank sistemində iştirakı müasir bank texnologiyalarının, idarəetmə və marketinq metodlarının, bank risklərinin səviyyəsinin minimuma endirilməsinə yanaşmaların tətbiqinə imkan verir. Bu proseslərdə dövlət tənzimlənməsi və hüquqi aspektlər beynəlxalq bank praktikasına uyğundur və milli qanunvericilikdən irəli gələn tələblər nəzərə alınmaqla, ölkənin bank sektoru subyektlərinin və xarici kapital sahiblərinin aktiv fəaliyyətini təşviq etməlidir. Həmin proseslərin dünya üzrə vəziyyətini xarici investisiyaların ölkələr üzrə bölünməsi göstəricisi əks etdirir (diaqram 1).
Diaqramdan göründüyü kimi, 2020-ci ildə xarici investisiyalar daha çox Birləşmiş Krallıqdan gəlmişdir və 1,680 mlrd. manat təşkil etmişdir. Həmin ölkədən investisiyalar əsasən neft sahəsinə yatırılmışdır. İkinci yerdə Türkiyə dayanır, 577,9 mln. manat həcmində invesitisiya yatırmışdır. Üçüncü yerdə Amerika Birləşmiş Ştatlarıdır və onun investisiya məbləği 475,2 mln. manat təşkil edir. Digər tərəfdən, xarici investisiyaların milli iqtisadiyyatın sahələr üzrə paylaşmasının da müəyyən pozitiv dinamikasını müşahidə edə bilərik
Son dövrlərdə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv xarakter almışdır. Azərbaycanın xarici ölkələrə qoyduğu birbaşa xarici investisiyaların genişlənməsi və gələcəkdə böyük gəlirlər gətirəcəyi düşünülür.
2020-ci ilin statistikasına görə, Azərbaycanın birbaşa xarici investisiya qoyduğu ölkələr içərisində ön sırada xüsusi çəkisi 26,9 faizlə Türkiyə olmuşdur - 334,4 mln. dollar. İkinci yerdə xüsusi çəkisi 13,8 faizlə Amerika Birləşmi Ştatları gəlir - 171,7 mln. dollar. Üçüncü yerdə xüsusi çəkisi 9,9 faizlə Lüksemburqdur - məbləğ 123,1 mln. dollar. Dördüncü yerdə xüsusi çəkisi 8,2 faizlə Monteneqro gəlir - 101,4 mln. dollar. Beşinci yerdə Rusiya Federasiyasıdır - xüsusi çəkisi 7,6 faizlə 95,2 mln. dollar. Altıncı yerdə isə xüsusi çəkisi 7,5 faiz olan Avstriya dövləti gəlir - 93,5 mln. ABŞ dolları (diaqram 2).
Diaqramdan göründüyü kimi, Azərbaycana birbaşa investisiya axını olması ilə yanaşı, həmçinin Azərbaycan da birbaşa invesitsiya yatırmaqda maraqlıdır və bu tendensiya ildən-ilə artmaqda davam edir. Aydın məsələdir ki, xaricə qoyduğumuz investisiyalar bir müddət sonra bizə mənfəət olaraq geri qayıdacaqdır.
Fikrimcə, xarici investisiyalar iqtisadiyyatın inkişafında mühüm amildir, lakin indiki inkişaf mərhələsində iqtisadiyyata xarici kapital cəlb etməyi çətinləşdirən bəzi problemlər var. Müəyyən olunmuş problemlərin həlli əlverişli investisiya mühitinin yaradılmasını və Azərbaycan iqtisadiyyatına xarici investisiyaların artmasını təmin edəcək xarici investorların cəlb edilməsi kimi tədbirlər iqtisadi inkişafın təmin olunmasının əsasını təşkil etməlidir.
Azərbaycanda kapital ixracının hazırki vəziyyəti energetika sahəsində digər sahələrlə müqayisədə daha müsbət tərzdə cərəyan edir. Bu sahədə yatırılmış xarici investisiyalar daha böyük həcmdə həyata keçirilmişdir və bu tendensiya hələ də saxlanılmaqdadır. Eyni zamanda, xarici investisiyaların ölkədə müxtəlif sahələrdə əlavə dəyər yaradılmasında rolu hələ ki olduqca azdır və bu prosesi sürətləndirmək üçün hökumətimiz tərəfindən köklü və fundamental islahatlar aparılmalıdır.
Bundan əlavə, bankçılıq sahəsində qəbul edilmiş qaydalara riayət etmək üçün bank orqanlarına nəzarət sistemi gücləndirilir. Fikrimcə, qəbul edən ölkənin Mərkəzi Bankı və kommersiya bankları xarici investor seçərkən çox diqqətli olmalıdırlar və bununla da xarici kapitalın cəlb edilməsi, onun istifadəsi zamanı yaranan risklərin minimuma endirilməsi təmin edilir. Yerli banklar qabaqcıl informasiya texnologiyalarından istifadə edərək, bank xidmətləri spektrini daim genişləndirməkdə və xarici bank kapitalının xarici subyektləri üçün öz cəlbediciliyini artırmaqda maraqlı olmalıdırlar. Xarici kapitalın iqtisadiyyatda iştirakını, kapitalın ixracını və qorunmasını artırmaq üçün aşağıdakıları qeyd etmək məqsədəuyğundur:
• Bank məhsulları və xidmətlərinin lisenziylaşmasını müstəsna əsasda həyata keçirmək;
• Bank sektorunda xarici kapitala qoyulan kvotanın monitorinqi və hesablanması baxımından bank tənzimlənməsini təkmilləşdirmək. Nəticədə, gələcəkdə özünü tənzimləyən təşkilatlar cəmiyyəti yarada biləcək və ya əksinə, bank sektorunda ixtisaslaşmanın ayrı-ayrı sahələri müəyyənləşdiriləcəkdir.

 

F.O.Hacıyev, doktorant
Azərbaycan Kooperasiya Universiteti