MƏQALƏLƏR

Ziyad Səmədzadə: Qlobal Bakı Forumu - Azərbaycana olan yüksək qlobal etimadın təcəssümü YENİLƏNDİ

  • 21.07.2022

Son onilliklərdə dinamik inkişaf yolu keçən, beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın dünya nizamına təsir gücünə malik ölkəyə çevrilməsi reallığını son illər dövlətimizin təşəbbüsü və evsahibliyi ilə keçirilən beynəlxalq tədbirlər də bir daha təsdiqləyir. Bu mənada Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olması və müstəqil siyasət həyata keçirməsi ilə tanınmır. Vətən müharibəsindəki zəfəri ilə dünyanın daha yaxından tanıdığı Azərbaycanı beynəlxalq aləmə layiqincə təqdim edən başqa bir sə­bəb respublikamızın dünyada sül­hün və təhlükəsizliyin möh­kəmlənməsinə, milli və ümum­bəşəri dəyərlərin, multi­kul­turalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr ver­məsidir.
2013-cü ildən başlayaraq, 9 forum keçirilib.

Beynəlxalq tədbirlər ünvanı
Yuxarıda qeyd olunanların nəticəsidir ki, ölkəmiz həm də qlobal və regional səviyyəli tədbirlərə evsahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan, mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar məkan kimi tanınır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Dünyanın müxtəlif dövlətlərindən siyasətçilərin, ictimai xadimlərin, akademik dairələrin təmsilçilərinin qatıldıqları qlobal əhəmiyyətli bu toplantılarda bəşəriyyəti narahat edən bir sıra məsələlər müzakirəyə çıxarılır. Hər kəsin maraqlarında olan suallara cavablar, problemlərə həllər axtarılır. Bakıdan dünyaya çağırışlar ünvanlanır.
Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc şəkildə, yanaşı mövcud olduğu Azərbaycan bu formatlarda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir. Azərbaycanın təşəbbüsü ilə yaranan Bakı Prosesi qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir.
Bir faktı xüsusi qeyd etmək lazımdır - Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir ki, o, eyni zamanda, həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu baxımdan Azərbaycanın humanitar əməkdaşlığa, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, bu istiqamətdə təşkil etdiyi tədbirlər sanballı olmaqla bərabər, çağdaş çağırışlarla daha çox səsləşir.
Azərbaycanı dünyaya tanıdan qlobal siyasi platforma
Artıq 9 ildir dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən Qlobal Bakı Forumu da Azərbaycanın beynəlxalq miqyasda oynadığı əhəmiyyətli rolun, sülhə və təhlükəsizliyə verdiyi təşəbbüslərin təcəssümüdür. Qlobal forumun Bakı şəhərində keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.
Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Hansı ki bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Ona görə də bu Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Qlobal Bakı Forumu da daxil olmaqla belə tədbirlər həm də Azərbaycanın beynəlxalq təbliğində müstəsna rol oynayır. Bu tədbirlər vasitəsilə dünya ictimaiyyəti Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və respublikamızın inkişafının, artan gücünün, regiondakı rolunun, habelə ölkəmizdəki multikultural dəyərlərin şahidinə çevrilir.

Bakıdan verilən sülh və təhlükə­sizlik mesajları
İndiyədək 9 forum keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai- siyasi xadim qatılmışdı.
2014-cü ilin aprelində keçirilən ikinci Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim, o cümlədən 32 ölkənin sabiq dövlət və hökumət başçısı iştirak etdi. Tədbirin gündəliyinə isə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi. Həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə də müzakirələr zamanı xüsusi diqqət ayrıldı.
Üçüncü Forum 2015-ci ilin aprelində keçirildi və 60-dan çox ölkədən ümumilikdə 200-dən artıq nümayəndə, 55 ölkədən sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, həmçinin bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak etdi. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri müzakirə etdilər.
IV Qlobal Bakı Forumu 2016-cı ilin martında keçirildi. Fo­rumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bos­niya və Herseqovina və Gür­cüstan prezidentləri ilə yanaşı, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil idi.
2017-ci ilin mart ayının 16-17-də keçirilən V Qlobal Bakı Forumu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuşdu. V Forumda bir sıra dövlətlərin fəaliyyətdə olan və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 56 ölkədən 260 nümayəndə – 16 dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak etdilər. Forumun qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal var idi.
İki gün davam edən Forumun iştirakçıları beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınmasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizənin yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qar­şı təhdidlərini müzakirə edə­rək, qlobal problemlərin həll yolları barədə təkliflərini səsləndirdilər. İştirakçıların 40-dan çoxunun fəaliyyətdə olan və sabiq prezident, baş nazir, parlament sədrləri olması toplantının yüksək səviyyəsini göstərməklə yanaşı, tədbirdə maraqlı müzakirələrin aparılacağını əvvəlcədən müəyyən edirdi. Və belə də oldu.
2018-ci ilin mart ayının 15-17-də Azərbaycan Respublikası­nın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ni­zami Gəncəvi Beynəlxalq Mər­kəzinin təşkilatçılığı ilə VI Qlo­bal Bakı Forumu keçirildi.
“İnklüziv cəmiyyətlərin qu­rul­ması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan həmin Forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edildi.
Forumun işində Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Ilir Meta, Makedoniya George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım və Xarici işlər naziri Mövlud Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall daxil olmaqla 10-dan çox ölkənin rəhbər şəxsləri iştirak etdi. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdilər.
VII Qlobal Bakı Forumu 2019-cu il martın 14-16-da keçirilib. Forumun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edirdi. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşmışdılar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan mövzular müzakirə edildi. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var.

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə Qlobal Bakı Forumu
Sayca səkkizinci Forum pandemiyanın səngiməsindən sonra, 2021-ci ilin noyabr ayının 4-6-da keçirilib. “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən budəfəki Forumda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirdilər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulmuşdu.
Qeyd edək ki, bu həm də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra keçirilən ilk Forum idi. Düzdür, bu Forum pandemiyaya həsr olunmuşdu. Amma, eyni zamanda bu tədbir Azərbaycanın qələbəsini bir daha bütün dünyaya bəyan etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin çıxışı həm də Azərbaycanın Zəfərinə, ədaləti bərpa etməsinə yönəlmişdi. Dövlət başçısı artıq keçmişdə qalmış Qarabağ problemi, Azərbaycanın bu problemi təkbaşına həll etməsi və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə danışaraq deyib: «Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi 44 gün çəkdi və Ermənistan ordusunun tam məğlubiyyəti ilə bitdi. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Müharibənin ilk günlərində deyirdim ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq.
Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı. Dörd gün sonra Azərbaycan xalqı tarixi Qələbəmizin birinci ildönümünü qeyd edəcək.
Azad edilmiş ərazilərdə biz nəyi gördük? Tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur.
Hazırda biz azad edilmiş əraziləri fəal şəkildə bərpa edirik. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Əminəm ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu. Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik».

 

IX Qlobal Bakı Forumu 2022-ci ilin 16-18 iyun tarixlərində keçirildi. "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda isə dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan bəşəriyyətdə artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda müzakirələr aparıldı.
Təhlükəsizliklə bağlı yaranan prob­lemlər beynəlxalq arenada və qlobal gündəlikdə duran əsas məsə­lələrdən biri kimi son dövrlər daha da aktuallaşıb. Bu reallıq dünyadakı, o cümlədən Avropa regionundakı cari vəziyyət barədə açıq müzakirələrin aparılmasını tələb edir.
IX Qlobal Bakı Forumunda çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev bildirib ki, Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir: "Bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq".
Hazırda dünya nizamında baş verən proseslər böhranın qaçılmaz olduğunu və artıq çox yaxınlaşdığını göstərir. Böhranla mübarizənin effektivliyi üçün aparıcı beynəlxalq və maliyyə institutlarının rolunun müəyyən olunması zərurətə çevrilmişdir. Ona görə Azərbaycan prezidenti forumdakı çıxışı zamanı bunun üçün beynəlxalq təşkilatların və ölkələrin ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyətin diqqətdə saxlanılmasının vacibliyini qeyd etdi.
Dünya ölkələri üçün problem yaradan əsas amillərdən biri də enerji bazarlarındakı qeyri-müəyyənlikdir. Prezident İlham Əliyev də çıxışında bu barədə danışaraq qeyd etdi ki, qlobal enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq çox çətindir. Bazar trendləri, qiymətlərə təsir göstərən amillər sürətlə bir-birini əvəz edir. Mövcud vəziyyət isə istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır. Hazırda dünya bazarlarında enerji daşıyıcılarının qiyməti kifayət qədər yüksəkdir. Bu, neft-qaz istehsalçısı olan ölkələrin proqnozlaşdırılandan daha böyük qazanc əldə etməsinə şərait yaradır. Ona görə də ilk baxışdan mövcud vəziyyətin bu ölkələr, o cümlədən Azərbaycan üçün sərfəli olduğunu düşünmək olar. Əslində isə mövcud vəziyyət öz riskləri ilə enerji istehsalçıları üçün də ciddi problemlər yaradır.
Azərbaycan prezidenti forumdakı çıxışı zamanı bu məqamın aydın izahını verərək qeyd etdi ki, əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. Azərbaycanın istəyi istehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığının, sabit bazarın təmin edilməsidir. Enerji istehsalçıları üçün arzuedilən vəziyyət əslində budur. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər də belə bir məqsədə yönəlib. Prezident İlham Əliyev bütün bunların yeni çağırışlar olduğunu diqqətə çatdırdı. Durumun nə qədər sürətlə dəyişdiyini əyani bir misalla izah etdi: "Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil".
Bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı proqram xarakterli nitqi qlobal gündəlikdə yer alan məsələlərin həllində yeni yanaşmaların müəyyənləşməsi baxımından aydın istiqamətlər verdi. Ümumilikdə isə Qlobal Bakı Forumu bu cür müzakirələr üçün mükəmməl platforma rolunda çıxış etdiyini bir daha təsdiqlədi.
IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən indiki və sabiq dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi ilk növbədə IX Qlobal Bakı Forumunun siyasi aktuallığını göstərdi. Eyni zamanda, bu tədbirdə aparılan müzakirələr, fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına, həllinə töhfə verəcəyinə böyük ümidlər yaratdı.
Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. 2012-ci ildə yaradılmış bu mərkəz Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirir. Qeyri-hökumət təşkilatı kimi ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, birgə fəaliyyətlərə töhfə verməkdən ibarətdir. IX Qlobal Bakı Forumu da mərkəzin üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini göstərdi.

 

Prezident İlham Əliyevin bəyan etdiyi həqiqətlər
Prezident İlham Əliyev bu forumlarda çıxışı zamanı həmişə Azərbaycanın üzləşdiyi ədalətsizliklər, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması barədə tədbir iştirakçılarını məlumatlandırıb. Ötən ilin noyabr ayında keçirilən VIII və bu günlərdə keçirilən IX forumlarda tədbir iştirakçıları Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə daha aydın təsəvvürlərə malik oldular.
IX forumda dövlətimizin rəhbəri Azərbaycanın zəfəri ilə başa çatmış Vətən müharibəsindən sonrakı vəziyyətlə bağlı fikirlərini, Qafqazda regional təhlükəsizliklə əlaqədar yanaşmalarını forum iştirakçıları və onların şəxsində dünya ictimaiyyəti qarşısında bir daha açıq şəkildə ifadə etdi: "Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir".
Ermənistan Azərbaycan torpaqlarını təxminən 30 il işğalda saxlamaqla, öz təcavüzkar mövqeyi ilə əslində ümumən Cənibi Qafqazın inkişafına çox böyük zərbə vurdu. Bu 30 il region üçün itirilmiş illər oldu. Halbuki dövrün imkanlarından faydalanaraq bu bölgədə çox böyük uğurlara imza atmaq mümkündür.
Məsələnin ibrətamiz tərəfi isə budur ki, işğalçı siyasətdən ən çox itirən də elə Ermənistan oldu. Azərbaycanın uğurlu diplomatiyası, tarixi həqiqətlərimizin dünyaya düzgün çatdırılması sayəsində Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar ölkə kimi tanındı. Azərbaycanın zəfəri, azad olunmuş yurdlarımızdakı mənzərə onların mahiyyətini bütün dünyaya göstərdi. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. İşğalçı ölkənin 30 il ərzində Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm aktları bütün erməni xalqı üçün böyük bir utancdır. Əsrlər ərzində özü haqqında mədəni xalq imici yaratmağa çalışmış saxtakar ermənilər bu vandalizm mənzərəsi ilə çox böyük bir fakt qarşısında qaldılar. Eyni zamanda, hər kəsə bəlli oldu ki, Ermənistanın bu 30 il ərzində Qarabağda, Şərqi Zəngəzurda inkişaf adına gözə görünən nə varsa, söküb-dağıtmaqdan, pula gedən hər şeyi satmaqdan başqa "qazancı" olmayıb. Halbuki əgər münaqişə yaranmasaydı, bu bölgədə həyata keçirilən inkişaf layihələrindən, kommunikasiya imkanlarından hər kəs uğurla faydalana bilərdi.
Tarixi zəfərimizdən dərhal sonra azad yurdlarımızda genişmiqyaslı quruculuq, abadlıq tədbirləri başlanıb. Ermənistanın dağıtdıqlarını Azərbaycan qısa müddətdə və ən müasir şəkildə yenidən qurur. Bununla ölkəmiz kimin hansı niyyətdə olduğunu, regionun gələcəyinə nələri vermək arzusunu və potensialını bütün dünyaya nümayiş etdirir. Azərbaycanın amalı Cənubi Qafqazın inkişaf mərkəzinə çevrilməsidir, bu bölgədə bütün maraqlı tərəflər arasında əməkdaşlığın əldə olunmasıdır. Birgə inkişaf layihələrinin icrası, hər kəsin bu inkişafdan, bu imkanlardan faydalana bilməsidir. Çünki müasir dünyanın reallıqları göstərir ki, nailiyyətlər, uğurlu nəticələr, irəliləyişlər, ən böyük qazanclar münaqişələrdə deyil, məhz əməkdaşlıqdadır, mövcud fürsətlərdən birlikdə yararlanmağı bacarmaqdadır. Azərbaycanın da istəyi bu əməkdaşlığa nail olmaqdır. Ölkəmiz sülhü inkişaf naminə istəyir.
Prezident İlham Əliyev ölkəmizin sülh razılaşması üzərində çalışmağa başlamaq təklifini bir daha dilə gətirdi. Dövlətimizin başçısı dedi: "Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük". Ölkə rəhbəri onu da xatırlatdı ki, Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyir. Bu addım atılan kimi danışıqlara başlanacaq.
Nə üçün biz sülhü seçdik sualına cavab olaraq Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf görmək istəyir: "Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır".
Yaranmış tarixi reallıqlar, gedən proseslərin məcrası Azərbaycanı bölgədə sülh və inkişafın təminatçısına çevirir. Regionda davamlı inkişaf mühitinin təmin edilməsindən ötrü isə atılan addımların qarşılıqlı olması çox mühümdür.
Prezident İlham Əliyev bunu xüsusi vurğuladı və qeyd etdi ki, gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik.
Azərbaycanın artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaratması ölkəmizin bu məsələdə səmimi niyyətini, əməli addımlarını göstərir. Ölkəmiz eyni addımı indi Ermənistandan da gözləməkdədir.

Minsk qrupu funksiyasını itirib
Prezident İlham Əliyevin forumda diqqətə çatdırdığı həqiqətlərdən biri də ATƏT-in Minsk qrupu barədə oldu. Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanırdı. Lakin bu missiya heç vaxt öz mandatına uyğun fəaliyyət göstərə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilmədi. Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan hərbi yolla həll etdi. Elə buna görə də 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.
Artıq Minsk qrupu kimi səmərəsiz formatlarla boş cəhdlər etmək zamanı deyil. Ona görə də Minsk qrupu ilə bağlı hər hansı bir fərziyyə Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri də öz həllini tapıb. İndi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması yolları barədə düşünmək və sülh müqaviləsi imzalamaq zamanıdır.
Digər tərəfdən artıq uzun müddətdir ki, Minsk qrupunun adı çəkilmir. ABŞ və Fransanın Minsk qrupu formatı çərçivəsində Rusiya ilə əməkdaşlığı dayanıb. Dövlət rəhbərimiz forum iştirakçılarının timsalında ümumən dünya ictimaiyyətinə bu reallıqları çatdırdı. Eyni zamanda, qeyd etdi ki, Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Çünki münaqişənin həlli ilə Minsk qrupu öz funksiyasını itirib. Artıq onlarla vidalaşmaq və qrupu təqaüdə göndərmək vaxtıdır. Prezident İlham Əliyev bildirdi ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq - bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək: "Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır".

 

IX Bakı Forumu dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək
IX Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda, forum Vətən müharibəsindən sonra regiondakı yeni reallıqların, Azərbaycanın sülh prosesi ilə bağlı təşəbbüslərinin, bu istiqamətdəki addımlarının bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu tədbirdə iştirak etmək üçün Bakıya gələn siyasətçilər bir daha Azərbaycanın yürütdüyü qətiyyətli siyasətə şahidlik etdilər.
Eyni zamanda, onu qeyd etməliyik ki, Qlobal Bakı Forumu dünyanın, demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanı rolunu oynadı. Ötən 9 Forumun tərkibi göstərdi ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siya­sətçilər qoşulurlar. Ona görə də bu Forumun dövlətlərarası əmək­daşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qar­şılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Ona görə Forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır.
Bu tədbirin məhz Bakıda keçirilməsi isə Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir.
"Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Bakı Forumu regionun gələcəyinə aydın baxışını, sülh və inkişaf perspektivlərini ortaya qoydu. Böyük ümidlər yaradan əsas məqam isə ondan ibarətdir ki, bu gün regiondakı reallıqları, əsas prosesləri məhz Azərbaycan diktə edir. Bu isə Cənubi Qafqazın rifahını, bu bölgədə yaşayan insanların firavan gələcəyi ilə bağlı arzularını gerçəkliyə yaxınlaşdırır.
Əvvəldə qeyd etdiyim kimi bu cür forumlar Azərbaycanı dünyaya daha yaxından tanıdır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycanla bağlı məsələlərlə məlumatlıdır. Lakin Bakıya gəlməyi onun təsəvvürlərini tamamilə yeniləyir. Nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünür. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır.

Akademik Ziyad Səmədzadə