MƏQALƏLƏR

“İQTİSADİYYAT”- Neft, qaz və energetika sahəsində peşəkarların görüş yeri…

  • 21.07.2022

Azərbaycanın uğurlu enerji diplomatiyasının mühüm göstəricilərindən biri də hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisidir. Əvvəlcə onu qeyd edək ki, Azərbacan yalnız bölgənin lideri, dünyada söz sahibi ölkə olması və müstəqil siyasət həyata keçirməsi ilə tanınmır. Vətən müharibəsindəki Zəfəri ilə dünyanın daha yaxından tanıdığı Azərbaycanı dünyaya layiqincə təqdim edən başqa bir səbəb respublikamızın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Artıq xeyli müddətdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü qlobal miqyaslı təşəbbüslər beynəlxalq birlik tərəfindən daim dəstəklənir. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də Azərbaycanın uzun illərdir ki, evsahibliyi etdiyi və qlobal miqyasda maraqla qarşılanan tədbirlərdən biridir.İlk dəfə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutub. O vaxt ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanıb. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz sərgisi həmçinin hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.
Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim ediblər.
İştirakçıların 55 faizini Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçıları təşkil edir. 1994-cü ildən etibarən hər il sərgilərin təşkili, miqyasının, əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının yüksəlməsi, təbriklər - bütün bunların əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasının uğuru və təntənəsi kimi qiymətləndirilir.
Bakı Enerji Həftəsi
Koronavirus pandemiyasının yaratdığı ikiillik fasilədən sonra Bakı Enerji Həftəsi (“Baku Energy Week”) çərçivəsində bu il iyunun əvvəllərində Bakı Ekspo Mərkəzində növbəti Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirildi. Sayca 27-ci olan bu dəfəki sərgidə 30 ölkəni təmsil edən 249 şirkətin bir-birindən maraqlı və məlumat baxımından zəngin stend və ekspozisiyaları istər iştirakçıların, istərsə də ziyarətçilərin diqqət mərkəzində oldu.
Lakin bu dəfəki Neft və Qaz Sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirildi. Bakı Enerji Həftəsində “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”. “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” kimi şirkətlərin iştirakı bu tədbirin yüksək statusundan xəbər verdi.
İyunun 1-dən 4-dək davam edən Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirmişdi: 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Tədbirlərdə dünyanın enerji nəhəngləri yenidən bir araya gəldilər, daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması üçün yeni əməkdaşlıq və tərəfdaşlıq əlaqələri yaratdılar.
Neft və Qaz Sərgisində SOCAR, ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP (Böyük Britaniya), onların tərəfdaşları - "Total" (Fransa), "Equinor" (Norveç), "İnpeks" (Yaponiya), "Türkiye Petrolleri" (Türkiyə), bir sözlə, 30 ölkəni təmsil edən 249 şirkət öz nailiyyətlərini nümayiş etdirdi. Hansı ölkəni və hansı sahəni əhatə etməsindən asılı olmayaraq, bütün şirkətlər sərgidən məmnun qaldılar. Aydın məsələdir ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin Azərbaycan üçün böyük əhəmiyyəti var. İlk növbədə, dünyanın ən qabaqcıl və müasir texnologiyaları ilə Azərbaycan tanış olur, öyrənir. Digər tərəfdən də respublikamız özünün əldə etdiyi nailiyyətləri nümayiş etdirir. Qonaqlar, həmçinin ölkəmizlə yaxından tanış olmaq və xalqımızın qədim tarixi və mədəniyyətinə bələd olmaq imkanı qazanırlar. Prezident İlham Əliyevin iyunun 1-də Bakı Ekspo Mərkəzindəki çıxışında dediyi kimi: "Artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb".
27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də bu baxımdan vacib məqamlarla yadda qaldı. Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak etdi. Bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, yaşıl hidrogen kimi məsələlər bu sərginin yenilikləri idi. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və digər nailiyyətlərini nümayiş etdirdilər. Ənənəvi Xəzər Neft və Qaz sərgisi bu dəfə də dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirdi.
Sərgidə diqqəti çəkən məqamlardan biri də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanın ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu oxuması oldu. Bu yaxınlarda ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. ABŞ ötən dövrdə olduğu kimi, bu gün də Azərbaycanın sadiq tərəfdaşı kimi qalır. Məktubda əksini tapan önəmli məsələlərdən biri də Prezident İlham Əliyev sayəsində Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı addımlarının alqışlanmasıdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlar və onların nəticələri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək qiymətləndirilir, Azərbaycanın nüfuzunu artırır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasət, əsas hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik strategiya, verilən qərarlar ölkəmizin iqtisadi, siyasi nüfuzunu artırmaqla yanaşı, regionda və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təminində ölkəmizin iştirakını, mövqeyini daha da gücləndirir.
“Enerji keçidi” və ya “Yaşıl enerjl” qlobal
enerji siyasətinin proritet müzakirələridir
10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi də Bakı Enerji Həftəsinin ən maraqlı və yaddaqalan tədbirlərindən biri oldu.Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim etdi.
Məlumdur ki, zaman dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə alaraq, Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir.
Bakı Konqres Mərkəzində keçirilən Bakı Enerji Forumunda qlobal enerji perspektivləri, «enerji keçidi», «yaşıl enerji»yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olundu. Dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak etdi. Proqrama 50 məruzəçinin 25-dən çox mövzusu daxil idi. Bir sözlə, Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə genişləndirdi.
Təsadüfi deyil ki, Bakı Enerji Həftəsındə bərpaolunan enerji məsələsi müzakirə edilən əsas mövzulardan biri idi. Bu da təsadüfi deyil. Çünki dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutların müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Qeyd edildiyi kimi, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Azərbaycan, xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr reallaşdırır. Prezdent İlham Əliyevin Bakı Enerji Həftəsınin iştirakçılarına ünvanladığı məktubunda bu barədə belə deyilir: "Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz "yaşıl artım" ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb".
Qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini, yəni yaşıl enerjini özündə ehtiva edir. Bu gün dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərindən biri “yaşıl enerji” keçidini sürətləndirməkdədir. Beynəlxalq təşkilatlara görə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi enerji keçidinin vacib sütunlarındandır və sürətlə inkişaf etdirilməlidir.
Respublikamızın enerji siyasətində «enerji keçidi» və «yaşıl enerji»yə keçid əsas yerlərdən birini tutur. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. «Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinə təsir azaldılmalıdır», - deyə sənəddə qeyd olunur.
Azərbaycanda bərpa olunan enerjinin payının artırılması istiqamətdə mühüm addımlar atılır. Bütün bunlar müasir çağırışların respublikamızda sürətlə reallaşdığını göstərir və qlobal enerji bazarında mövqelərimizi gücləndirir. Respublikamızda keçirilən sərgilər və forumlar isə enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, perspektiv əməkdaşlıqlar üçün unikal imkanlar yaradır. Hər il bu sərginin keçirilməsi, ildən-ilə əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının artması Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın neft, enerji təhlükəsizliyi strategiyasının uğuru və təntənəsidir. Əlbəttə ki, bu gün əldə olunan nailiyyətlərdə bu tədbirlərin çox böyük rolu olub.

“İQTİSADİYYAT”