MƏQALƏLƏR

336

GÜLLƏ "İŞIĞ"I İLƏ "AYDINLANAN" GECƏ

  • 20.01.2011

GÜLLƏ "İŞIĞ"I İLƏ "AYDINLANAN" GECƏ...

"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa Vətəndir." (Mithat Camal Kuntay)

 20 Yanvar  -  Xalqımızın şərəf günlərindən biri...

 O gecə küçələri boyamış al şəhid qanları milli məfkurəmizin oyanan günəşini simvolizə edir. Xalqımız həmin gün üstünə zəhərli ilan tək hücum çəkən Sovet qoşunlarına qarşı sinəsini verməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Bu onu göstərdi ki, millətimiz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının bərpa olunması uğrunda döyüşmək əzminə sahibdir.

Həmin gün - o qara gecədə Sovet qoşunları Bakıda 137 nəfəri qanına qəltan etdi, 700-dək adam isə ağır yaralandı.

Qırmızı imperiyanın əliqanlı əsgər və zabitləri qoca, körpə demədən hamilə qadınlara, şikəstlərə baxmadan hamını gülləbaran etdilər. Bəli, Vətənimin bütün daşı-divarları qan ağladı o gün! Yüzlərlə insan şəhid edildi. Qadınlar dul, körpələr atasız-anasız qaldı.

O səhəri anam, atam, alimim, şairim, həkimim, fəhləm ağlayırdı - Millətim ağlayırdı. Ancaq bu ağlamaq başqa ağlamaqlara bənzəmirdi. Bu göz yaşı millətin paklıq, aydınlanma yaşıydı. Bu gözyaşında şəhidlərin ruhu «yuyulurdu». O soyuq səhər tamam başqa SƏHƏRiydi. 1990-cı ilin qanlı yanvar gecəsi böyük bir xalqın milli mənlik şüurunun məhv edilməsinə, onun dövlətçilik tarixi boyunca əyilməz, şahanə qürurunun sındırılmasına yönəldilən бarбarcasına atılmış, düşünülmüş bir addım idi. (O gecənin səhəri divarlara yazılmış «Горбачов ты палач и убийца» (Qorbaçov, sən cəllad və qatilsən) sözü yaddaşımdan ölənə kimi çıxmayacaq. O səhər MİLLƏT nə olduğunu anladım. - O.O.). Yüzlərlə günahsız qurban verdiyimiz həmin gecə bizi daha da mətinləşdirdi, sərtləşdirdi. Bizi bir xalq, bir millət olaraq daha sıx birləşdirən ümumi kədərimizdən, ümumi dərdimizdən müqəddəs bir and yerimiz yarandı: ŞƏHİDLƏR XİYABANI!

Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı o dövrdə Moskvada olan Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev verdi. İmperiyanın mərkəzində dünyanın onlarla KİV təmsilçisi qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu. Artıq 21 il - bir igid ömrüdür ki, xalqımızın tarixinə qara hərflərlə yazılmış 20 yanvar faciəsinin ildönümlərini böyük hüzn və kədərlə qarşılayır, yola salırıq. O qanlı, müdhiş gecədən bizi kifayət qədər uzun zaman fasiləsi ayırsa da, xalqımız o dəhşətli yaşantını bircə an da olsun yaddan çıxarmır. O il doğulan uşaqlar artıq yeniyetmə gəncdirlər. Torpaq uğrunda canlarından keçə biləcək, ya şəhid, ya qazi olmağa hazır bir cəngavərdirlər. Faciəmizin qan yaddaşımızdan silinməməsi, belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün öz milli varlığımızı, gücümüzü, yenilməz xalq olduğumuzu düşmənə sübut etməliyik. Bu gün kiçikdən-böyüyəcən hamımız şəhidlərimizin məzarını, onların müqəddəs ruhlarını elliklə yad etdiyimiz günləri yenidən yaşayırıq. İllərdir Şəhidlər Xiyabanına, o günahsız insanların dəfn olunduqları məzarıstana axışıb gələn insan seli birliyimizin təsdiqini bir daha nümayiş etdirir.   Xoşməramlı, sülhsевяr bir ölkənin azadlıq, müstəqillik ideyalarına qarşı açıq-aşkàr müharibə elan edənlərin mənfur niyyətləri, həyata keçirdikləri irimiqyaslı yanlı qırğından hər kəs çoxdan xəbər tutsa da, susmağa, gördüklərini görməzliyə vurmağa üstünlük veriblər.

Qızlara və ya qonaq getdiyimiz yerə apardığımız qərənfillər də o gün öldü. Ləkələndi. Gül də şəhid oldu. Lakin hər ilin 20 yanvarında Şəhidlər Xiyabanına üz tutan ziyarətçiləri gün ərzində müşayiət edən həzin, kədərli milli musiqimiz matəm musiqisi kimi ürəklərimizi parçalayır. Bəli, bunlar hər il təkrar olunur. Nə qədər ki, şəhidlərimizin qanı alınmayıb, bu göz yaşları axacaq...

Azərbaycanımızın qan yaddaşına əbədi yazılmış matəm günlərimizin xatirinə bir diləyim var. Bu günlərin xatirəsinə «Əbədiyyət simfoniyası» bəstələnsin - bir himn kimi! Bu himni uşaqdan-böyüyə hər kəs əzbər bilsin və var səsiylə oxusun!

Təsəvvür edin ki, televiziya ilə elаn olunur: - «Sabah, yanvar ayının 20-də gündüz saat 12.00-da Şəhidlər Xiyabanında şəhidlərimizin ruhuna «Əbədiyyət simfoniyası» ifa olunacaq. Bu himn qəlbində vətəndaşlıq yanğısı olan hər bir azərbaycanlının dilində səslənməlidir!»

Bir anlığa təsəvvür edin. Gözlərinizin önünə gətirirsinizmi?! Sükut əvəzinə, sonsuz izdişama qoşulan insanlar deyilən vaxtda ъanlı heykəllərə dönərək böyük ehtişamla bu himni səsləndirir, gəmilərin fiti nəhəng izdihamın səsinə səs verir. Bu qan coşduran birlik, həmrəylik simfoniyasının səsi bütün Bakını ayağa qaldırır. Evlərdə, küçələrdə olan bütün insanlar bir andaca ayaq saxlayır, yumruqlarını düyünləyərək başları üzərinə qaldırırlar. Bütün şəhər, bütün Azərbaycan, bütün Türk dünyası həmin an «Əbədiyyət simfoniyası»nı ifa edir və bu səsi təkcə dostlarımız eşitmir, düşmənlərimizin qulaqlarında da uğuldayan bu himnin sədaları onları da təşvişə salır, qorxudaraq, lərzəyə gətirir. Bu himn onların bizdən oğurlayaraq zorla özlərininki etmək istədikləri xalq mahnılarına bənzəməz. Çünki bu himn bizim üçün «Əbədiyyət simfoniyası», onlar üçünsə ölüm hökmü olacaq!

Milli birliyimiz, milli qurtuluşumuz bu himni səsləndirməyimizlə başlanmalıdır! «Əbədiyyət simfoniyamız»ın tezliklə bəstələnib səsləndirilməsi ümidiylə.

 

 

Oqtay ORUCLU