MƏQALƏLƏR

Vergilər Nazirliyində görüş

  • 25.01.2011

Vergilər Nazirliyində görüş

 ABŞ-ın USAID təşkilatının «Azərbaycanda rəqabətlilik və ticarət» adlı layihəsinin rəhbərliyi ilə görüşdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi vurğulanmışdır

Yanvarın 14-də Vergilər Nazirliyində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Azərbaycanda rəqabətlilik və ticarət” adlı layihəsinin rəhbərliyi ilə görüş keçirilmişdir.

Vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqları salamlayaraq onlara Vergilər Nazirliyinin “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı gördüyü işlər haqqında məlumat vermiş, ölkəmizlə Beynəlxalq İnkişaf Agentliyi  arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacib olduğunu vurğulamışdır. Nazir müavini son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə baş verən sosial-iqtisadi dəyişikliklərdən, əldə olunmuş böyük nailiyyətlərdən danışaraq Azərbaycanın həm xarici ölkələr, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda maraqlı olduğunu qonaqların diqqətinə çatdırmışdır.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin İqtisadi İnkişaf Departamentinin direktoru Şila Yanq ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş və qəbula görə öz təşəkkürünü bildirmişdir. Təmsil etdiyi qurumun “Azərbaycanda rəqabətlilik və ticarət” adlı layihənin həyata keçirilməsinə başladığını diqqətə çatdıran Ş.Yanq layihənin əsas məqsədinin yerli biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, ticarətin liberallaşdırılması və kənd təsərrüfatının inkişafına dəstək olduğunu söyləmişdir.

Görüşdə layihə çərçivəsində gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilmiş, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması, əmlak və torpaq vergiləri sahəsində elektron ticarət əməliyyatlarının vergiyə cəlb olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı müzakirələr aparılmışdır.

  Şəffaflığın təmin olunması diqqət mərkəzindədir

“Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə keçirilən tenderlərin qalibləri ilə bağlanılan, habelə dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması ilə əlaqədar bağlanılan, məbləği 50 min manatdan yuxarı olan müqavilələr barədə müvafiq göstəriciləri özündə əks etdirən məlumat forması və onun doldurulma qaydası təsdiq edilmişdir. Büdcə təşkilatları və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan hüquqi şəxslər bu forma üzrə məlumatları sözügedən müqavilələr imzalandıqdan sonra bir ay müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər. 2010-cu il yanvarın 1-dək imzalanmış müqavilələr barədə məlumatlar isə cari ilin yanvar ayının 31-dən gec olmayaraq, təsdiq olunmuş forma üzrə müvafiq hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Həmin müqavilələr barədə məlumatları təqdim etməli olan büdcə təşkilatlarının və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin ilkin siyahısı da müəyyən edilərək, qeydiyyat üzrə yerli vergi orqanlarına göndərilmişdir.

Məlumat formasının tətbiqi tenderlərdə iştirak edən və qalib gələn vergi ödəyicilərinin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi, onların vergi öhdəliklərini yerinə yetirməsinə sistemli qaydada nəzarət edilməsi və fəaliyyətlərinin şəffaflığının təmin olunması məqsədi daşıyır.

 Vergi hüquqpozmalarına  yol vermiş şəxslər məsuliyyətə cəlb edilmişdir

2010-cu  il ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 538 cinayət işi başlanmış və 163 iş üzrə ibtidai istintaq tamamlanmışdır. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən cəmi 48 nəfər barəsində 45 cinayət işi, o cümlədən vergiləri ödəməkdən yayınmaya görə 30 iş, qanunsuz sahibkarlığa görə 7 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə görə 1 iş və dövlət sərhədini qanunsuz olaraq keçməyə görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 87  cinayət işinə xitam verilmiş, 11 milyon 375 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 200 şəxsin məcburi qaydada gətirilməsi, 233 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 197 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir.

Vergi yoxlamalarından yayınan 302 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilmişdir.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

 Vergilər Nazirliyinin

Analitik-informasiya şöbəsi

 

  ƏDV-nin geri qaytarılması imkanlarından biri – «Tax-free»

Avropa Birliyində (AB) tətbiq edilən «tax-free» ifadəsinin lüğətdəki qarşılığı «vergidən azad» deməkdir və reallıqda əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mənasında işlədilir. Bu imtiyazdan yalnız AB ölkələrində yaşamaq icazəsi olmayan insanlar istifadə edə bilirlər. Qaytarılan məbləğ konkret ölkədəki ƏDV dərəcəsindən asılı olaraq, alınan malın dəyərinin 7-20 faizi arasında dəyişir.

 «Tax-free» ilə bağlı nəyi bilmək lazımdır?

Alıcının ödədiyi ƏDV-nin qaytarılması üçün «Tax Free Cheque» adlanan xüsusi kassa çekinin alınması birinci şərtdir. Bu çekdə alıcının kimliyi ilə bağlı müvafiq qeydlər aparılır. Alıcı hər hansı malı ticarət obyektindən alarkən ona verilən bu çekdə malın adı, qiyməti, alıcının şəxsiyyət vəsiqəsindəki məlumatlar dəqiq qeyd olunmalıdır.

ƏDV-nin qaytarılması üçün hər hansı xarici vətəndaş hava limanını tərk edərkən «Duty free» mağazasının yanında yerləşən «Tax Free cash Refund» («Tax-free pulunun qaytarılması») məntəqəsinə yaxınlaşıb mağazanın verdiyi çeki və öz şəxsiyyətini təsdiq edən sənədi məntəqənin əməkdaşına verməklə pulunu geri ala bilir.

Digər qaydaya əsasən, alıcı sənədləri çap edir və xüsusi «tax-free» zərfinə yerləşdirərək onu «tax-free» qutusuna atır. Burada alıcının bank hesabları barədə məlumatlar qeyd edilir və alıcıya qaytarılan məbləğ bank hesabına (o cümlədən kredit kartına) köçürülür.

Üçüncü qaydaya əsasən, alıcı malı ticarət obyektindən alarkən ödədiyi verginin məbləğini başqa bir yerə getmədən elə həmin ticarət obyektinin özündə geri ala bilir.

Maraqlı məqamlar

 AB-yə daxil olan bir sıra ölkələrdə, o cümlədən Niderlandda və İsveçdə alınan mal üçün ödənilmiş ƏDV-nin «tax-free» prinsipi ilə qaytarılmasında müəyyən məhdudiyyətlər var. Belə ki, həmin dövlətlərdə sərhəd məntəqəsini keçən zaman ƏDV o zaman qaytarılır ki, alıcıya çekin verildiyi vaxtdan  30 gün keçməmiş olsun. Almaniya və İsveçdə isə ƏDV-nin geri qaytarılması üçün alınan mal istifadə olunmamış halda və ilkin qablaşdırıldığı formada olmalıdır. Alınan malın üzərində möhürün olması da vacib şərtlərdəndir.

 «Tax Free Cheque» olmadan da ƏDV-nin geri qaytarılması mümkündür

Malın alındığı ölkəyə bir daha qayıtmağı arzu edən şəxs ödəmiş olduğu ƏDV-ni xüsusi kassa çeki («Tax Free Cheque»)  olmadan da geri ala bilir. Məsələn, Niderlandda AB üzvü olmayan xarici ölkə vətəndaşı hər hansı mağazadan mal alarkən ƏDV-nin 17%-i elə həmin mağazada onun özünə qaytarılır. Lakin məsələ bununla başa çatmır. Malı alan şəxs bu ölkəni, daha doğrusu, AB ərazisini tərk edərkən sərhəd-gömrük məntəqəsində həmin malın adi satış çekinə  gömrük möhürü vurulur. Əgər gömrük möhürü çekin üzərinə mal alındıqdan sonra ən uzağı 30 gün müddətində vurulmuşdursa, həmin alıcı nə vaxtsa yenidən Niderlanda qayıdanda malı aldığı mağazadan həmin malın dəyərinin 10%-i qədər əlavə pul alır.

Beləliklə, Niderlandda səfərdə olmuş qeyri-AB vətəndaşı aldığı malın qiymətinin ümumilikdə 27%-i məbləğində pulu geri ala bilir. Əslində, bu, turizmi təşviq etmək üçün düşünülmüş maraqlı üsullardan biridir.

 Bir qədər də statistika

«Delfi» informasiya agentliyinin məlumatına görə, 2010-cu il ərzində Latviyada «tax-free» sisteminin tətbiq olunduğu mağazalarda malların satış dövriyyəsi 5,2 milyon avroya çatmışdır ki, bu da 2009-cu illə müqayisədə 73 faiz artım deməkdir. Bu ölkədə ümumilikdə satış dövriyyəsinin orta məbləği isə dəyişməz qalaraq, təxminən 398 avro təşkil etmişdir. Burada alıcılar daha çox paltar, ayaqqabı, zərgərlik malları və saata pul xərcləyirlər.

2010-cu ildə Latviyada «tax-free» sisteminin tətbiq olunduğu mağazalarda satış dövriyyəsinin artımı bu ölkəyə səfər edənlərin sayının çoxalması ilə izah olunur. Keçən il Latviyaya səfər edənlər, əsasən, Ukrayna, Rusiya və Belarusdan olmuşdur. Maraqlı bir faktı da diqqətinizə çatdırmağa dəyər ki, hazırda Latviyada «tax-free» mağazalarının sayı 1200-dən artıqdır və bunların böyük əksəriyyəti ölkənin paytaxtı Riqada yerləşir. Latviya ilə müqayisədə Finlandiyada «tax-free» üzrə alıcılıq dövriyyəsinin həcmi nisbətən az artmışdır.

Xatırladaq ki, ƏDV-nin geri qaytarılması üçün ayrı-ayrı ölkələrdə konkret hədlər müəyyənləşdirilmişdir. Məsələn, ödənilmiş ƏDV-nin geri qaytarılması üçün Finlandiyada minimum 40 avro, Latviyada isə minimum 42 avro məbləğində mal almaq lazımdır.

Toğrul ƏLİYEV