MƏQALƏLƏR

Dünya iqtisadiyyatında Çin fenomeni

  • 27.01.2011

Dünya iqtisadiyyatında Çin fenomeni

 

Dünya təcrübəsi göstərir ki, iqtisadi və siyasi islahatlar uzunmüddətli mürəkkəb bir proses kimi hər bir ölkənin həyatında özünəməxsusluğu ilə təcəssüm olunur. Bu baxımdan hələ də prosesin meyar və ölçülərini dolğunluğu ilə əks etdirən müqabil vahid konsepsiyanı formalaşdırmaq mümkün olmamışdır. Bu çətinliyi həm də ayrı-ayrı ölkələrdə baş verən bir sıra iqtisadi uğur fenomenləri və onunla bağlı bu sferada iqtisadi tsiklin başa çatmaması kimi amillər daha da mürəkkəbləşdirir. Belə fenomenlərdən biri də dünya iqtisadiyyatının son 30 ildə ən mühüm hadisələri sırasında yer alan Çin iqtisadiyyatının bənzərsiz inkişaf uğurları hesab olunur. Hadisənin fövqündə əksəriyyətinin memarı hesab etdiyi Çin Kommunist Partiyasının görkəmli xadimi, inqilabçı, siyasətçi, islahatçı Den Syaopin şəxsiyyəti dayanır.

 

Dağıdıcı sosial və siyasi çəkişmələrdən sonra ölkəyə rəhbərlik edən Den Syaopin “Çin xüsusiyyətliyi ilə sosializm” prinsipi adı altında yeni sosialist təfəkkür formalaşdıraraq geniş miqyaslı iqtisadi islahatların təşəbbüskarı kimi ölkəsini dünya bazarının bir hissəsinə çevirdi. Çin bununla da dünyada ən sürətli iqtisadi inkişafa malik bir ölkə nüfuzu əldə etdi. Bu iqtisadi inkişaf prosesi təkamüllü olmaqla, həm də o qədər sıçrayışlı və geniş səmərədə nəticəli idi ki, tezliklə onu Çin “iqtisadi möcüzəsi” adlandırdılar.

 

Çin “iqtisadi möcüzəsi” əslində planlı sosialist iqtisadiyyatı ilə bazar təmayüllü kapitalist iqtisadiyyatının optimal sintezindən irəli gəlir. Ancaq qətiyyətlə demək də çətindir ki, planlı iqtisadiyyatla bazar iqtisadiyyatının birləşdirilməsi strategiyasında nəzəriyyə ilə praktika birinciliyi necə bölüşmüşlər?

 

Belə bir reallıq da mövcuddur ki, plan-bazar sisteminin qovuşmasının Çin modelinin yaranışından öncə, 1958-ci ildə Qərb elmində sənayecə inkişaf etmiş kapitalist və sosialist ölkələrinin müştərək iqtisadi sistem zəminində birləşməsini əsaslandıran “vahid industrial cəmiyyət” adlı doktrina formalaşmışdı. Bununla yanaşı, 1960-cı ildə dünya tarixinin mərhələləri və əsas səviyyələrinin sosial-fəlsəfi izahına yönəlmiş “artım mərhələləri” adlı digər bir nəzəriyyə meydana çıxmışdı. Eyni zamanda, bu əsasda tanınmış bir çox dünya alimləri kapitalizm və sosializmin qarşılıqlı təsir və qarşılıqlı əlaqəlilik prosesləri perspektivində yeni baxışları birləşdirən yaxınlaşma – konvergensiya adlanan nəzəriyyə yaratmışlar. Mahiyyətcə konvergensiya SSRİ və ABŞ-ın bir-birinə qarşı hərəkəti ilə ümumiləşmiş iqtisadi modelin əldə edilməsinə yönələn nəzəriyyəni ehtiva edir. Belə ki, Sovetlər İttifaqı kapitalizmdən mənfəətçilik konsepsiyasını, kapitalist ölkələri, o cümlədən ABŞ isə SSRİ-dən dövlət planlaşdırılması təcrübəsini götürür. Nəticədə təkamüllə iki müxtəlif siyasi sistemin yaxınlaşması əsasında strateji biçimli daha uğurlu iqtisadi model əldə olunur. Buradan yeni suallar doğur: möcüzəyə çevrilən Çin iqtisadi modelinin uğur strategiyası bu nəzəri əsaslara istinad etmirmi? Nə üçün keçmiş Sovetlər İttifaqında bu model sınaqdan çıxarılmamışdır? Ən başlıcası, Çin “iqtisadi möcüzəsi”nin sirləri arxasında dayanan fundamental amillər hansılardır? Bütün bunlar dünya iqtisad elmində uzun illər aktuallığını saxlayan tədqiqat mövzularından biridir. Bunlarla yanaşı, generasiya gücünü daim artıran Çin “iqtisadi möcüzəsi” yeni çoxsaylı proqnozların yaranışına da səbəb olmuşdur. İndi dünya iqtisadiyyatı potensialında və iqtisadi artım templərində ikinci yerə qalxmış Çin Xalq Respublikasının yaxın və orta perspektivdə ABŞ-ı ötərək dünya liderinə çevriləcəyi məsələsi hamını düşündürməkdədir. Hələ Çin Kommunist Partiyasının 2002-ci ildə keçirilən XVI qurultayında 2020-ci ilədək ölkədə ÜDM-in 4 dəfə artırılması məsələsi qarşıya qoyulmuşdur. Bu isə qeyri-şərtsiz Çinin yaxın gələcəkdə fövqəldövlətə çevriləcəyinə bir daha yəqinlik gətirir. Dünyanın beynəlxalq aparıcı korporasiyaları Çinə ən əlverişli perspektiv bir bazar olaraq yanaşırlar. O, xarici investisiya kapitalı müəssisələrinin sayı ilə də ABŞ-a yaxınlaşmışdır. Çin yalnız iqtisadiyyatda deyil, elm və innovasiya sferasında, hərbdə, təhsil və səhiyyə, idmanda və sosial-mədəni həyatın bütün digər sahələrində dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bütün bunlar isə Çinin yaxın 50 ildə dünya iqtisadiyyatının aparıcı və onu idarə edəcək bir ölkəyə çevriləcəyinə əsaslar yaradır.

 

 Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən alimlərdən ilki olaraq özünün dərin elmi-təhlili əsərləri, sanballı tədqiqat nəticələri ilə bu istiqamətdə mövcud fəaliyyətlərin ön sırasında dayanır. Onun tədqiqatları məzmun, həcm və elmi-analitik keyfiyyətcə bu işlə fundamental məşğul olan digər ölkə alimlərinin, habelə çinli mütəxəssislərin özlərinin tədqiqatları ilə belə rəqabətlidir.

 

Hələ 16 il öncə Çin Xalq Respublikasına ilk dəfə səfər edən akademik Ziyad Səmədzadə özünün qeyd etdiyi kimi, bu ölkə haqqında təsəvvürləri köklü dəyişmiş, praktiki aldığı təəssüratlar, topladığı geniş statistik materiallar onu Çin və dünya iqtisadiyyatı problemləri haqda daha çox düşündürməyə vadar etmişdir. Bundan irəli gələrək apardığı tədqiqatları dərinləşdirərək Ziyad müəllim 2001-ci ildə “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” adlı kitabı nəşr etdirmişdir. Bir hadisəyə çevrilərək bu kitab oxucularda, elmi ictimaiyyətdə və dünya iqtisadiyyatını öyrənmək istəyənlər arasında çox böyük maraq doğurmuşdur. Geniş rezonans yaradan kitabın təəssüratlarının əks-sədası müəllif qarşısında yeni tədqiqat tələbləri qoymuşdur. Bu tələblər həm də üstün olaraq keçid dövrünü adlayaraq dünyəvi bir dövlətə çevrilmiş Azərbaycanın iqtisadiyyatının daha modern əsaslarda davamlı inkişafını təmin etmə və möhkəmləndirmədə beynəlxalq təcrübədən hərtərəfli faydalanmaq zərurətlərindən irəli gəlmişdir. İndi Azərbaycanın da milli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modeli vardır. Artıq XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir. Bu uğur modeli Prezident İlham Əliyevin nitqindən götürülərək kitabda əks olunduğu kimi daha dərin mahiyyət daşıyır: “Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq”. Bütün bunlara istinadən müəllif araşdırmalarını dərinləşdirərək yeni statistik və təcrübi materialların toplanması üçün Çinə təkrar səfərlər etmiş, mütəxəssislər, iş adamları və alim həmkarları ilə fikir mübadiləsi aparmış, tədqiqatlarının məlumat bazasını konkret faktlarla zənginləşdirərək, ümumiləşdirmələr əsasında daha dərin elmi nəticələrə nail olmuşdur. Burada bir elm fədaisi kimi axtarışlar, tədqiqatlar zəminində Çin səfərlərinin “Elm Çində olsa belə onun ardınca gedin” Peyğəmbər kəlamı ilə bariz harmoniya təşkil etdiyi göz önünə gəlir. Bütün bunlar əsasında akademik Ziyad Səmədzadə Çin “iqtisadi möcüzəsi”ni geniş məzmunda elmi-təhlili araşdırmalarla dolğunlaşdıraraq elmi ictimaiyyətə, çoxsaylı geniş oxucu kütləsinə “Çin qlobal dünya iqtisadiyyatında” adlı yeni kitab bəxş etmişdir.

 

Çinin iqtisadi inkişaf modelinin mahiyyəti, perspektivləri və onun tətbiq effektivliyinin elmi təhlilinin qarşıya tədqiqat məqsədi qoyulduğu kitabda, müəllif klassik və neoklassik elmi yanaşmada, iqtisadi davranışın səviyyəsi, tənzimlənməsi və dinamik inkişaf meyillərini səciyyələndirən silsilə sualları cavablandırır: Çin xalqının əldə etdiyi nailiyyətlərin hərəkətverici qüvvəsi nə olmuşdur? İslahatların ana xəttini nə təşkil etmişdir? Dövlət nəhəng ölkənin sürətlə inkişaf etdirmək strategiyasını hazırlayarkən hansı üstün istiqamətləri müəyyənləşdirmişdir? Çinin yaxın gələcəkdə dünya iqtisadiyyatında rolu necə dəyişəcəkdir? Burada həmçinin, xüsusi diqqət vurğulandığı kimi, iqtisadi inkişafının qlobal meyillərindən və Çin iqtisadi modelindən istifadədə Azərbaycan üçün örnəklər şeçiminə yönəldilmişdir. Ayrı-ayrı aparıcı dünya ölkələrinin rəqabət strategiyası, onların qloballaşmaya təsiri, iqtisadi tsikllər, böhranlar və digər bu kimi məsələlər müəllif konsepsiyasında tədqiqat ümumiləşdirmələri ilə 608 səhifəni əhatə etməklə 15 fəsil, çoxsaylı paraqraf və bölmələrdə əksini tapmışdır.

 

 


Müəllif Çin iqtisadi fenomenini dəyərləndirməzdən öncə kitabın “Dünya ölkələrinin inkişaf səviyyəsinin dəyişilməsi meyilləri: reallıq və perspektivlər” adlı giriş fəslində ayrı-ayrı ölkələrdə dinamik inkişaf modellərinin mahiyyətini elmi şərh etmiş, konkret olaraq Lüdviq Erhardın Almaniyanın sosial-iqtisadi dirçəliş konsepsiyası, Yapon “iqtisadi möcüzə”si, Cənubi Koreyanın iqtisadi sıçrayışının əsasları, iqtisadi inkişafın Malayziya modeli və türk dünyası ölkələrinin inkişaf strategiyası kimi tədqiqat işləmələrini yerinə yetirmişdir. Burada müəllif həmçinin iqtisadiyyata sistemli yanaşmanın “Leontyev modeli”, qloballaşan dünyada neft siyasəti, OPEK və milli mənafelər probleminin təhlilini reallaşdıraraq göstərmişdir ki, əsasən XX əsrin ikinci yarısından başlayaraq, bir çox ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatlar dünyanın gələcək taleyi ilə əlaqədar proqnozlar hazırlayaraq böyük fəlakətli fövqəladə hadisələrin baş verəcəyinə diqqəti cəlb etmişlər. Məşhur “Roma klubu”nun da ötən əsrin 70-ci illərində çıxış etdiyi “İnkişafın həddi” konsepsiyasında dünyanın iqtisadi durumu, ərzaq təhlükəsizliyi və digər iqtisadi kataklizmlərin baş verəcəyini göstərmişdir. Lakin bu proqnozlar özünü doğrultmamış, əksinə, dünya iqtisadiyyatı ara-sıra böhran yaşantılarına baxmayaraq irəliləmişdir. Böyük uğurlar Avroatlantik məkanda, Çənub-Şərqi Asiyada və digər bir sıra ölkələrdə daha geniş imkanlı və miqyaslı olmuşdur. Müəllif bu iqtisadi gerçəklikləri müvafiq ölkə qrupları təsnifatında statistik materialların müqayisəli təhlil metodikası işlənmələri əsasında bir daha ümumiləşdirərək öz oxucularına təqdim etmişdir.
 

Enerji təhlükəsizliyinin müasir dünyanın bir nömrəli məsələsinə çevrildiyindən irəli gələrək əsərdə bu mövzuya çox böyük önəm verilmişdir. Sistemli çərçivədə və metodoloji tələb ardıcıllığı ilə neftin dünya iqtisadiyyatında rolu, bu sahədə OPEK-in təsir imkanları yeni motivasiyada araşdırılmış, enerji və daşınmalar problemi, mühüm qlobal enerji layihələrinin təşəbbüskarı və birbaşa iştirakçısı kimi fəaliyyət imkanları artan Azərbaycanın nailiyyətləri təhlili əsaslandırmalarla tədqiq edilmişdir. Əsərdə dinamik dəyişən iqtisadi göstəricilərə əsaslanaraq elmi yanaşmada ulu öndər Heydər Əliyevin başladığı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli neft strategiyasının ölkə iqtisadiyyatında nə qədər önəmli rol oynadığının və bundan sonra da mühüm əhəmiyyət daşıyacağının bir daha isbatı verilmişdir. Müəllif fikrini əsaslandıraraq göstərmişdir ki, “Neft sənayesi XXI əsrdə də respublika iqtisadiyyatının aparıcı strateji sektoru kimi fəaliyyət göstərəcək, Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayacaqdır. Neft amili olmasaydı, bu gün Azərbaycana investisiya axını bu qədər olmazdı, biz keçid dövründə daha böyük çətinliklər, təhlükələrlə üzləşə bilərdik. Hamımız bunu dərk etməliyik”. Bununla yanaşı, müəllif vurğulayır ki, Tanrının xalqımıza bəxş etdiyi bu zəngin sərvətlərdən milli mənafelər naminə daha biçimli və daha səmərəli istifadə edilməlidir. Dövlət başçısı İlham Əliyev qeyd etdiyi kimi, işimizi elə qurmalıyıq ki, dünyada qəflətən baş verən və baş verə biləcək iqtisadi titrəmələr bizə baha başa gəlməsin. Bunun üçün isə dünya iqtisadiyyatının inkişaf meyilləri, ayrı-ayrı uğurlu inkişaf etmiş ölkələrin, xüsusən də Almaniya, Yaponiya, Cənubi Koreya, Malayziya və qardaş Türkiyənin təcrübəsi dərindən öyrənilməli, öz növbəsində qloballaşmanın mənfi təsirlərinin qarşısının alınması üçün də müvafiq konsepsiyalar işlənməli və proqram sənədlər hazırlanmalıdır.

 

Çini dünyanın kənarı hesab edirlər. Çinlilər isə dünyanın mərkəzində yaşadıqlarının ovqatındadırlar. Onlar tarixi keçmişləri, coğrafi şəraiti, təbii sərvətləri, mental xüsusiyyətləri, iqtisadi potensialı, dövlət quruculuğu uğurları, müdrik filosofları, dünya sivilizasiyasına verdiyi neçə-neçə orijinal innovasiya töhfələri ilə haqlı öyünməkdədirlər. Bunlar bir gerçəklikdir. Ziyad müəllimin əsərində bütün bu gerçəkliklər təhlili əsasda, elmi rakursda və başlıcası da asan qavranılan formada interpretasiya olunur. Bu baxımdan kitabın növbəti iki fəsli Çinin iqtisadi tarixi, coğrafi mövqeyi, təbii sərvətləri, insan resursları, demoqrafik inkişaf problemləri və bütün bunların səmərəli uzlaşmada təsərrüfatlaşmasından irəli gələrək ölkə iqtisadiyyatında ifadəsini tapmış mənəvi irs keyfiyyətlərinin tədqiqinə həsr olunmuşdur. Burada leksik informasiyanın köməyi ilə oxucu təsəvvürünə mümkün geniş dəqiqliklə Çinin iqtisadi tarixi, siyasi, fiziki və demoqrafik sisteminin virtual xəritələri köçürülür. Aydınlığı ilə təəssürat yaranır ki, 20 əsr bundan öncə Roma imperiyasından da güclü, lakin onun mövcudluğundan xəbərsiz uzaq Asiyada möhtəşəm Çin imperatorluğu formalaşmış və bəşər sivilizasiyasının inkişafında özünəməxsus rolu ilə fərqlənmişdir. Hələ bu zamanlardan bir millət olaraq təşəkkül tapan çinlilər yaranışları ilə bərabər dünyaya, varlığa, təbiətə baxışlarını təcəssüm etdirən “Çin ruhu” mental effektini də formalaşdırmışlar. Buna rəğmən müəllif kitabda göstərir ki, “Çin ruhu” dedikdə, onu bəzən “qəlbin harayı” və “qan yaddaşı” kimi də başa düşürlər. Çin ruhu haqqında isə dərindən fikirləşməyə dəyər. Çünki Çin tarixi, mənəviyyatı bənzərsizliyinin parlaq faktları ilə çox zəngindir. Biz burada təbii olaraq insan şüuruna da müraciət etmiş oluruq. Çünki fəlsəfi bir konsepsiya kimi, “şüur”un mahiyyəti barədə başqa baxışlar da var”. İqtisadiyyatda mənəvi irs keyfiyyətlərini araşdırarkən müəllif çinlilərin dünyagörüşünün təməlində dayanan və müasir Çin ideologiyasının əsasına çevrilmiş Konfutsi fəlsəfəsinın rolunu bir daha təhlili aspektdə oxucuların mühakiməsinə yönəldir.

 

Ölkənin resurs potensialına istinadən müəllif göstərir ki, Çin dövləti özünü təmin edəcək kifayət qədər ilkin təbii-coğrafi şərtlərə malikdir. Onun təbii sərvətləri 16,5 trilyon dollar qiymətləndirilir və bu göstəriciyə görə Çin dünyada üçüncü yeri tutur. Ölkə ərazisində faydalı qazıntıların məlum olan 150 növünün əslində hamısı mövcuddur. Lakin ölkə əhalisinin sayını nəzərə alsaq, bir çinliyə yalnız 15,1 min dollarlıq təbii sərvət düşür. Bu, ümumdünya göstəricilərinin yalnız 58 faizini təşkil edir. Bununla belə Çin iqtisadiyyatının geniş material tutumluluğu da ekoloji fəsadlara səbəb olur. Mütəxəssislərin hesablamalarına görə, ölkədə çirkləndirici maddələrin ləğv edilməsi üçün böyük vəsaitlərin ayrılmasına ehtiyac getdikcə artır. Hökumət bu məsələni diqqət mərkəzində saxlayır və onun həlli üçün kompleks tədbirlər müəyyən edir. Bundan başqa ölkənin artan, genişlənən iqtisadiyyatında neft sənayesi ilə də bağlı problemlər yaşanır. Paytaxt Pekini ən çox enerjidaşıyıcılarının idxalından asılılıq narahat edir. Çinin neft şirkətləri karbohidrogen xammalı ehtiyatının azalması problemləri ilə artıq qarşılaşırlar. Ölkənin ən böyük neft yataqlarının cəmləşdiyi Dassində resurs potensialı 2,2 milyard tondan 500 milyon tona qədər azalmışdır. Ekspertlərin hesablamalarına görə, Dassin yataqlarında neft çıxarılması hər il 7 faizə qədər azalacaqdır. Ona görə də Çin hökuməti daim yanacaq-energetika kompleksinin göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və enerji resurslarından səmərəli istifadəni mühüm dövləti vəzifə kimi qarşıya qoyur. Bu məqsədlə ölkədə ÜDM-in hər min vahidinin enerji tutumunun azaldılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, Ziyad müəllimin neft sənayesinə olan böyük marağı onun yolunu Çinin bu ən böyük neft şəhərindən salmışdır. Özünün qeyd etdiyi kimi, “Bu şəhəri hər dəfə xatırlayanda xoş təəssüratlarım yada düşür. Çünki neft sənayesi ilə məşhur olan şəhər mənə bir qədər doğma Bakımızı xatırladırdı. Şəhərə daxil olan andan onun neft şəhəri olduğunu anlamaq çətin deyil. Şəhər boyu – küçələrdə, həyətlərdə, buruqlar, hətta yaşıllığa bürünmüş bağlar, parkların yanında quraşdırılmış digər neftçıxarma avadanlıqları buna sübutdur”.

 

Kitabın növbəti dörd fəsli Çin iqtisadi islahatlarının atası Den Syaopin fenomenindən başlanğıc alan “Bir dövlət – iki quruluş” konsepsiyasına və Çin “iqtisadi möcüzə”sinin effektləri ilə bağlı təhlili mülahizələrə həsr olunmuşdur. Müəllif bu bölmələrdə tədqiqat vəzifələri kimi qarşıya qoyduğu bir sıra elmi aktuallıq kəsb edən məsələlərin təhlilini şərh edir. Əsas aksentlər cəsur insan, görkəmli dövlət xadimi, dahi praqmatik islahatçı Den Syaopinin “Planlı iqtisadiyyat hələ sosializm demək deyildir, bazar iqtisadiyyatı heç də kapitalizm demək deyildir” konseptual mahiyyətli fikir hikmətinə yönəldilir. Burada xatırlanır ki, Den Syaopin islahatların strategiya və taktikasını irəli sürəndə ölkədə iqtisadi tənəzzül və dərin siyasi ziddiyyətlər hökm sürürdü. Amma o, dünyasını dəyişəndə Çin qüdrətli bir dövlətə çevrilmişdi. Den Syaopindən sonra da bu islahatlar daha ritmik və davamlı olmuşdur. Çünki Çin “iqtisadi möcüzə”sinin patriarxı islahatlar strategiyasının yalnız iqtisadi və siyasi təməl meyarlarını hazırlamamış, onun konseptual qayəsinə bolluca “Çin ruhu” qatmışdı. Buradan bir nəticə də hasil olunur. Uğur strategiyasında bütün komponentlərlə yanaşı milli genetik kodun, nukleotidlərin də rolu və əhəmiyyəti danılmazdır.

 

Kitabın bu bölmələrində geniş spektrdə ölkədə aparılan “açıq qapı” siyasətindən, cəlbedici investisiya mühitinin yaradılmasının təşkilati özəlliyindən, dövlətin iqtisadiyyata müdaxiləsi və perspektiv planlardan mühüm iqtisadi mexanizm kimi istifadə edilməsindən, mövcud mülkiyyət formalarının ümumi inkişafa pozitiv təsirindən, sənayedə struktur islahatlarının mərhələli aparılmasının əhəmiyyətindən, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının mövcud problemlərindən, ümumiyyətlə dünyada analoqu olmayan Çin inkişaf modelinin təfərrüatlarından bəhs olunur. Burada həmçinin konkret olaraq ölkənin idxal və ixrac potensialı qiymətləndirilir, iqtisadi stimullaşdırmada qanunvericilik bazasının optimallığı və idarəetmə sisteminin səmərəliliyi və eyniliklə də ümummilli məhsulun istehsalında Çin diasporunun da rolu göstərilir. Nailiyyətlərin əsasında elm və təhsilin dövlət siyasətini prioritet sahələrindən biri olması və korrupsiyaya qarşı sistemli mübarizə taktikası da əhəmiyyətini nümayiş etdirir.

 

Kitabın 9 və 10-cu fəsillərində ölkədə mövcud məşğulluq, miqrasiya, sosial infrastruktur problemləri, kiçik və orta sahibkarlığın inkişafı, ölkənin büdcə sistemi, pul-kredit siyasəti forması, bankçılıq quruluşu, milli valyuta-yuanın məzənnəsinin optimallaşdırılması, inflyasiyanın idarə olunması kimi iqtisadi inkişaf dominantlarının təhlili aparılır. Göstərilir ki, Çində demoqrafik məsələlərin həlli istiqamətində də çoxlu pozitiv meyillər əldə olunmuşdur. Burada əhalinin sayı hazırda 1,34 milyon nəfəri keçmişdir. Bu isə o deməkdir ki, dünyanın demoqrafik strukturuna nəzər yetirdikdə hər 4 bəşər övladından birinin çinli olduğunu görərik. Ölkədə 56 millətin nümayəndələri yaşayır və burada 700 milyondan çox məşğul əhali vardır. İşsizlik səviyyəsi isə 4,2%-dir. İqtisadi artım templərindən qaynaqlanaraq ölkədə aparılan səmərəli məşğulluq siyasəti nəticəsində hər il sayı milyonlarla hesablanan yeni iş yerləri açılır. Diqqəti cəlb edən cəhət odur ki, hökumət məşğulluq təminatı məsələsinə – “zəhmətkeşlər sərbəst surətdə işə düzəlir, bazar məşğulluğu tənzimlənir, hökumət işə düzəlməyə kömək edir” prinsipi ilə yanaşır. Belə yanaşma və təminatçılıq ölkədə sosial infrastrukturun da inkişafını stimullaşdırır, sosial təminat sahəsinə ayırmaları ilbəil artırır. Burda iş yerləri heç də “Sosializmin əsas qanunu” kontekstində yaradılmır. Üstün olaraq Çin xalq məsəlində deyildiyi kimi – “İşləyənlərin sayı azaldıqca keyfiyyət artır” zəminində təsis edilir.

 

Regionların tarazlı inkişafı, ölkənin iqtisadi təhlükəsizliyinin təminatı problemləri isə kitabın 11-12-ci fəsillərində tədqiq edilir. Müəllif burada məhsuldar qüvvələrin yerləşdirilməsinin başlıca prinsipləri, urbanizasiya problemləri, ekoloji təhlükəsizlik məsələlərinə diqqət ayırır. Ekologiyanın, ətraf mühit problemlərinin ən önəmli qlobal məsələlərdən biri olduğuna diqqət çəkərək, müəllif Beynəlxalq Energetika Agentliyinin məlumatlarına istinadən qeyd edir ki, 2002-ci ildə Kioto protokoluna qoşulan Çində karbon 4 oksidin tullantıları hər il artmaqdadır. Buna görə də ölkədə ətraf mühitin qorunması və qlobal istiləşmə problemlərinin mülayimləşdirilməsi sahəsində hökumət geniş tədbirlər proqramı işləyib hazırlamışdır. Proqramda ÜDM-in ümumi həcmindən resursların istehlakı və iqtisadi fəaliyyət nəticəsində ətraf mühitə dəyən zərərin çıxılması nəzərdə tutulmuşdur. Ekoloji tarazlığın təmin edilməsi istiqamətində ölkədə köhnə istehsal güclərinin təsərrüfat dövriyyəsindən çıxarılması prosesi həyata keçirilir. Bu sahədə praktiki təyinatlı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ekoloji təhlükəsizliyin təmin edilməsində əhali daha fəal iştirak edir. Təkcə son 4 ildə ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına dair ölkədə 10 min nəfərin təklifinə baxılmışdır. Bunları əsas götürərək müəllif haqlı olaraq göstərir ki, “Biz bu məsələdə də dünya təcrübəsindən, o cümlədən Çinin uğurlarından istifadə edə bilərik. Bunun üçün təbiət-iqtisadi inkişaf məsələlərinə yeni baxışların formalaşdırılması istiqamətində böyük işlər görülməlidir”. Ekoloji təhlükəsizliyin gənc müstəqil respublikamız üçün də mühüm dövləti əhəmiyyət daşıdığını bir daha vurğulayaraq, müəllif tərəfindən tövsiyə olunur ki, ölkədə tullantısız texnologiya əsasında yeni müəssisələrin yaradılmasına xüsusi diqqət yetirilməli və bu istiqamətdə elmin son nailiyyətlərindən dolğunluğu ilə geniş istifadə edilməlidir.

 

Tədqiqatın bu fəslində həmçinin çoxsaylı materiallar əsasında ölkənin iqtisadi təhlükəsizlik modelinin mahiyyəti açıqlanır, Çini qlobal maliyyə sarsıntılarından mümkün mühafizə edən səmərəli müdafiə sisteminin mükəmməlliyi diqqətə çatdırılır. Müəllif bir daha əsaslandırır ki, Çinin iqtisadi təhlükəsizliyinin təminatında ölkənin büdcə siyasəti, pul-kredit, bank-maliyyə sisteminin çevikliyi, koordinasiyalılığı və başlıca olaraq praqmatik şəkildə aparılan iqtisadi və institusional islahatlar strategiyası dayanır. Bu fikirlər kitabın xüsusi iqtisadi zonaların ölkənin iqtisadi tərəqqisində oynadığı rolu əks etdirən növbəti 13-cü fəslində göstərilir. Texnoparkların, texnopolislərin bu sırada əhəmiyyəti vurğulanır. İqtisadiyyatı gücləndirəcək yeni inkişaf indikatorları sırasında Çinin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün dayandığı əsaslandırılır. Bu məqsədlə müəllif tam bir, növbəti 14-cü fəsli ölkənin ÜTT-yə inteqrasiyası proseslərinə və əldə olunan ilkin konsensuslara həsr etmişdir. Müəllifin fikri belədir ki, bu çoxaspektli məsələnin dərin təhlilin araşdırmalar aparmadan çözülməsi və qərarlaşdırılması müşkül məsələdir. Bu təcrübədən qaynaqlanaraq müəllif Azərbaycan üçün də nümunə ola biləcək məqamları ayırır və haqlı olaraq qeyd edir ki, Azərbaycanın ÜTT-yə üzvlük məsələsində tələskənliyə yol verilməməlidir. Bu istiqamətdə çalışmalı və ölkə üçün daha çox əlverişli şərtlər əldə edilməlidir.

 

Nəhayət, maraq doğuran xüsusi bir məqam, Çinin iqtisadi uğurlarından, onun iqtisadi inkişaf modelindən Azərbaycanın iqtisadi inkişafında istifadə perspektivliyini əks etdirən son yekun fəsil. Burada müəllif ilk olaraq göstərir ki, “Qloballaşan dünya iqtisadiyyatı kontekstində Çinin iqtisadi yüksəlişi barədə düşüncələrimizə heç də hamı birmənalı münasibət bəsləməyəcəkdir. Bu təbiidir. Amma inkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan, islahatlarda radikal mövqe tutmayan Çin xalqı iqtisadiyyatda möcüzə yaratmış, özünü aclıqdan, ağır sosial sarsıntılardan xilas etmiş, dünyanın siyasi həyatında mövqeyini, imicini ildən-ilə möhkəmləndirən bir dövlətə çevrilmişdir”.

 

Çində aparılan iqtisadi islahatların səmərəli təcrübəsi dünya iqtisadi inkişafında yeni hadisədir. Ən nüfuzlu ekspertlər, dünya şöhrətli iqtisadçılar bu fikirlə razılaşırlar ki, nə Dünya Bankı və nə də Beynəlxalq Valyuta Fondu burada aparılan islahatlarda müəllif və məsləhətçi olmamışdır. Bu strategiyada Çin xalqının mentaliteti, ona xas olan dinclik, zəhmətsevərlik, mütəşəkkillik və Qərbin qabaqcıl ölkələrində toplanmış təcrübədən biçimli və düzgün istifadə əsas rol oynamışdır. Müəllifin özünün sözləri ilə desək: “Bu ölkədə köhnənin inqilabi tərzdə sındırılması yolu ilə deyil, yaranmış potensiala, müqəddəs amallar naminə ictimai həmrəyliyə nail olmuş insanların əmək fəallığının artımına qayğılı münasibət yolu ilə getmişlər”.

 

 


Akademik Ziyad Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabının nəşrə hazır olması və çap edilərək geniş əks-səda doğuran prezentasiyasının məhz 2009-cu ilə təsadüf etməsi həm də rəmzi məna daşıyır. Kitabın epiqrafından göründüyü kimi, o Çin Xalq Respublikasının 60 illik yubileyinə və Azərbaycan-Çin xalqlarının dostluğuna həsr olunmuşdur. Ona görə də onun Çin və Azərbaycan əlaqələrinə möhtəşəm töhfə olunduğu bir daha dəyərləndirilməlidir. Bu kitab həm də, Çin “iqtisadi möcüzəsi”ni elmi müstəvidə xarakterizə edən tədqiqat çoxaspektliyi, təhlil metodikası, leksik formatı, informasiya təminatlılığı, illüstrasiyalılığı, annotasiya çoxdilliliyi, geniş oxucu auditoriyasının tələb ödənişlərinə hesablanmış statusluluğu, eləcə də nəfis poliqrafik keyfiyyəti ilə tamamilə fərqli modern tədqiqat əsəri olaraq sanballı elmi sənət nümunəsi kimi də qiymətləndirilir.

Kitab həm də ensiklopedik struktur və məzmuna malikdir. Bu təmayül ondan irəli gəlir ki, müəllif burada Azərbaycan, qlobal və Çin triadasında geniş bir informasiya məkanı formalaşdırmışdır. Qrafik kompozisiyada isə onu Azərbaycandan başlanğıc alaraq qlobal dünya iqtisadiyyatı orbitindən keçən, böyük Çin səddini aşan yol-bilim xəritəsi də adlandırmaq olar.

 

Kitabda cəlbedici məqamlardan biri də burada yaradıcı məqsədlərindən irəli gələrək müəllif təxəyyülü ilə uzlaşan seçmə Çin zərb-məsəllərinin təqdimatı ilə bağlıdır. Sanki müəllif bununla bir daha demək istəyir ki, bir-bir inci kimi axtarıb tapdığım bu kəlamlar əsərin süjet xəttini təşkil edən Çin iqtisadi fenomenini ilk indikatorlarıdır. Baxın: “Əmələ çevrilməyən bilik əzabdır”, “Əsl ustad o adamdır ki, köhnəyə söykənib, yenini kəşf edir”, “Əzaba dözməyin özü də bir nəcabətdir”, “Öyrənə-öyrənə ustad olarsan”, “Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür”. Bu sınanmış və hamı üçün ümumi səciyyə daşıyan Çin hikmətlərini bir neçə bənd də davam etdirmək olar. Biz isə böyük alim, akademik Ziyad Səmədzadəyə elmi axtarış və yaradıcılıq uğurları, işıqlı sabahlar, həyat sevincləri arzulayır və qeyd olunan son Çin məsəlindən çıxış edərək bildiklərini bizlərlə bir daha bölüşdüyü üçün ona dərin təşəkkürlərimizi bildiririk.

 

Akademik, Akif ƏLİZADƏ

i.e.d., professor, Elşən HACIZADƏ