MƏQALƏLƏR

336

TOY: YENİ AİLƏNİN QURULMASI, YOXSA HƏLLİ OLMAYAN SOSİAL PROBLEM?

  • 28.01.2011

TOY: YENİ AİLƏNİN QURULMASI, YOXSA HƏLLİ OLMAYAN SOSİAL PROBLEM?

Analoqu olmayan toy mərasimi

Toy - el bayramıdır, el şənliyidir. Toy - iki gənci birləşdirən yolun başlanğıcıdır. Toy – övladlarını xoşbəxt görmək istəyən hər valideynin arzusudur.

Bu gün toy deyəndə, göz önünə ilk növbədə, təmtəraqlı restoranlar, növbənöv yeməklər, çeşid-çeşid içkilər, «bahalı» müğənnilər gəlir. Başqa cür mümkün də deyil... Şəhərin ortasında küftə-bozbaşlı çadır (palatka) toylarının vaxtı keçib artıq. 

Statistikaya görə, Azərbaycanda hər il restoran toylarına 500 milyon dollar (2006-2007) pul sərf olunur.  Hesablamalara görə, bu məbləğin təxminən 120-130 milyon dolları (toydan qalan artıq yemək-içmək) tullantıya gedir...

 RESTORAN BİZNESİ

Analoqu olmayan menyu

Övladlarına toy etmək istəyən valideynlər ilk növbədə, şadlıq evlərinə müraciət edir. Burada qarşılaşdıqları ilk siyahı restoran menyusudur. Bir-birindən ləziz yeməklər, çeşid-çeşid şirələr, dünyanın o başından gətirilmiş ekzotik meyvələrdən tutmuş diş çöplərinə qədər...  35 növ salat, kabablar, isti yeməklər. «Mərc-şou» iştirakçılarının da öhdəsindən gələ bilməyəcəyi bir iş... Görəsən, bütün bunları 3-4 saatın ərzində yeyib qurtarmaq mümkündürmü? Bir nəfərə hesablanmış menyunun qiyməti 35 manatdan 100 manata qədər və daha artıqdır.

Maraqlısı odur ki, biz getdikcə adət-ənənələrimizi nəinki unudur, onları dəyişirik, özümüz də dərk etmədən özümüzdən uzaqlaşır, kökümüzü unuduruq. Toyun el şənliyi deyil, «yeyib-içmək mərasimi»nə çevrilməsinin də səbəbkarları özümüzük. Çünki dünyanın heç bir yerində toylara bu qədər vəsait qoyulmur, heç bir yerdə bu qədər qonaq çağırılmır, bu qədər içki içilmir. Bəlkə də əcnəbi qonaqlar bizim toylarda iştirak etsələr, fikirləşərlər ki, azərbaycanlılar nə çox yeyirlər?! Biz unutsaq da, əcnəbilər bilir ki, İslam dünyasında israfçılıq günah sayılıb həmişə.

Bir məsələyə də toxunmaq istərdik. Toy sahibi 35 növ salatdan, tutaq ki, on beşini  ixtisara salmaq fikrinə düşür. Restoran sahibləri bununla heç cür razılaşmır. Hərçənd ki, bu salatlardan hətta 20-sinin ixtisar edilməsi süfrəyə xələl gətirmir.

Nə Şərq, nə də Qərb toylarına qazanc mənbəyi kimi baxılmır. Görəsən, Bakıda restoran və şadlıq evlərinin sayı çoxdur, yoxsa bir ay ərzində ailə quranların?

Müasir toylarımızda süfrələrimizin şahı olan aş toyun axırında gəlir və demək olar ki, elə süfrədə də qalır. 30-40 növ yeməkdən dadan qonaqlar artıq aşı yemək iqtidarında olmur. Hələ bəzi şadlıq evlərində aşın təqdimatı da maraqlıdır. Düzdür, bir çox yerlərdə aşı milli geyimdə oğlan və qız gətirir və aşı süfrəyə qoyandan sonra «Naz eləmə» rəqsini ifa edirlər. Bəzi yerlərdə isə (özüm bunun neçə dəfə şahidi olmuşam) aşı gətirən qız «göbək rəqsi» oynayaraq qonaqlardan pul yığır.

 MUSİQİ BİZNESİ

Yaxşı toy etmək istəyən valideynlər toya mütləq yaxşı müğənnilər dəvət etməlidir. Belə olmazsa, toy «bazara» çevriləcək, ara müğənnilər ara mahnıları oxuyacaq, 6 saatlıq toy ərzində 6-7 dəfə «İran təranələri», «Anan bilməsin», «Nənəm-nənəm», «Əmim qızı», «Sənin olsun» səslənəcək.

Yaxşı müğənnilərin toya dəvət edilməsi isə orta səviyyədə yaşayan ailələr üçün çox çətindir. Elə keçənilki qiymətlərə nəzər salsaq, bunun şahidi olarıq. İnternetdə yayılan məlumatlara görə, “bütün toy” nominasiyası üzrə qiymətlər aşağıdakı kimidir:

Aygün Kazımova  – 10.000 $

Faiq Ağayev - 8.000 $

Rəqsanə  - 7.000 $

Brilliant Dadaşova – 7.000 $

Nazpəri Dostəliyeva – 6.000 $

Abbas – 5.000 $

Nadir Qafarzadə - 4.500 $

İradə İbrahimova – 4.500 $

İlqar Muradov – 4.000 $

İzzət Bağırov – 3.500 $

Eyyub Yaqubov – 3.000 $

Cavanşir – 3.000 $

Cabbar – Könül - 3.000 $

Xəyyam – 3.000 $

Səməd Səmədov – 2.500 $

Elariz – 2.000 $

İlqar Sail – 2.000 $

Xuraman Şuşalı – 2.000 $,

«Yarım saat» nominasiyası üzrə qiymətlərə nəzər salaq:

Aygün Kazımova  – 4.000 $

Faiq Ağayev - 3.000 $

Röya - 2.500 $

Ədalət Şükürov - 2.000 $

Rəqsanə  - 2.000 $

Manana - 2.000 $

Brilliant Dadaşova – 3.000 $

Nazpəri Dostəliyeva – 2.000 $

Abbas – 1.000 $

Nadir Qafarzadə - 2.000 $

İradə İbrahimova – 2.000 $

İlqar Muradov – 2.000 $

İzzət Bağırov – 3.500 $

Eyyub Yaqubov – 1.000 $

Cabbar – Könül - 1.000 $

Xəyyam – 800 $

Elariz – 800 $

Vüqar - 800 $

Xuraman Şuşalı – 800 $

Burada deyiblər ki, «Kərəmi ağlamaq tutdu».

 ÖZÜMÜZƏ KƏNARDAN BAXAQ...

Nəhayət, hər birimizin arzuladığı toy günü gəlib çatmışdır. Gəlin hesablayaq görək, gəlinin geyiminə, aksessuarlarına, makiyajına çəkilən xərclər nə qədərdir? Şükür Allaha, indi bütün gözəllik salonları ixtiyarımızdadır. Əvvəllər gəlinin bəzədilməsinə  cüzi xərc çəkilirdisə, hazırda bu məbləğ az qala 1000 manatı keçir. (Bəzən elə təkcə gəlinlik paltarının qiyməti 1000 manatdan artıq olur). Amma bir şey də var ki, hər kəs «yorğanına baxır, ayağını uzadır». Vay o gündən ki, ailə quran gənclərimiz tay-tuşlarına baxıb, yorğanlarının eninə-uzununa baxmaq istəməsinlər...

Toyda gəlinlə bəyin rəqs etməsi də qədim adətlərdən biridir. Amma hazırda bütün toy boyu, hər yarım saatdan bir gəlinlə bəyin ortalığa düşüb rəqs etməsi heç də yaxşı görünmür.  Bəzi toylarda gəlinlə bəyin «Hop-stop», «Papaq» kimi rəqsləri ifa etməsinin şahidiyik.

Süfrələrdə külqabıların olması heç də o demək deyildir ki, toyboyu kişilər siqareti tüstülədib qonaqları zəhərləməlidir. Təəssüf ki, bu cür hallara toylarımızda daim təsadüf olunur. Yəqin ki, bütün bunlar hər kəsin mədəniyyətinin, tərbiyəsinin təzahürüdür.

Əvvəllər kimisə toya dəvət edəndə sevinir, toy sahibinin sevincinə şərik olurdu. İndi orta səviyyəli ailəni ayda heç olmasa bir toya dəvət etdikdə, hesab edin ki, aylıq maaşının yarısını həmin toya salır. Vay o gündən ki, ay ərzində 2-3 toya dəvət etsinlər...

Toy mərasimlərini təşkil etmək, israfçılığa yol verməmək üçün nə etməliyik? Axı hamı başa düşür ki, müasir toylarımız sivil dünyanın heç bir ölkəsində keçirilən toy mərasimləri ilə müqayisəyə gəlmir. Məgər bu da özümüzdən asılı deyilmi? Bu toyları təşkil edən özümüz deyilikmi? Düzdür, sağlam toy təşkil edənlər tapılsa, buna da əvvəl-əvvəl rişxənd edənlər, bəyənməyənlər, ağız büzənlər tapılacaq. Yəqin ki, bunun üçün də müəyyən vaxt, zaman keçməsi lazım gələcək. Yəqin ki, hələ də masaların üzərində 40-a qədər təamı görüb “bu toyda aclıq idi” deyənləri siz də görmüsünüz...

Gəlin toy etməzdən qabaq düşünək, bu toy yeni ailənin qurulması, iki gəncin xoşbəxtliyi üçündür, yoxsa çoxlu pul xərcləməklə özümüzü qohum-əqrabaya, dostlara, tanışlara göstərmək üçün?!

Yeni ailə quranlara xoşbəxtlik və səadət arzusu ilə...

M.YEGANƏ