MƏQALƏLƏR

336

Gömrük siyasəti xarici iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi

  • 04.02.2011

Gömrük siyasəti xarici iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi

Beynəlxalq münasibətlərin tarixi ilkin insan cəmiyyətləri — qəbilələr arasında hərbi, təsərrüfat və s. əlaqələrin yarandığı andan hesablanır. Ticarətin inkişafı və onun tənzimlənməsinin bütün tarixi ərzində beynəlxalq münasibətlər tərəflərin həyatına aid olan, həlli birgə səylər tələb edən problemlər üzərində qurulmuşdur.
Müasirlikdə beynəlxalq iqtisadi münasibətlər dedikdə, dünya ölkələri arasında təsərrüfat əlaqələri (işçi qüvvəsinin miqrasiyası, kapital axını, beynəlxalq kredit, beynəlxalq valyuta münasibətləri, beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığı və s.) sistemi nəzərdə tutulur. Hər bir ictimai təzahür kimi beynəlxalq iqtisadi münasibətlər də müvafiq daxili və xarici amillərdən təsirlənir. Daxili amillər — hər hansı bir ölkənin milli maraqlarının təmininə, xarici amillər isə, əlahiddə milli mənafeləri münasibətlər çərçivəsində uzlaşdırmağa xidmət edir.

Bütün dünya dövlətlərinin xarici siyasəti daxili və xarici şərtlərin optimal nisbəti üzərində qurulur. Xarici ticarət siyasəti hökumət tərəfindən idxal və ixrac, gömrük rüsumları, tarifləri, məhdudiyyətləri, xarici kapitalın cəlb edilməsi və kapital axını, digər ölkələrə iqtisadi yardım, birgə iqtisadi layihələrin həyata keçirilməsi və s. sahələrdə aparılır.

Ölkələrin xarici iqtisadi münasibətləri və hər şeydən əvvəl, xarici ticarət gömrük fəaliyyəti ilə bilavasitə əlaqədardır. Məhz xarici ticarətin idarə edilməsinin zəruriliyi tarif tənzimlənməsi mexanizminin yaradılmasına, həmçinin spesifik qeyri-tarif tədbirlərinin və ixrac nəzarətinin yaranmasına gətirib çıxarmışdır. Bu tədbirlər ölkələr arasında gömrük münasibətləri sistemini formalaşdırır, daxili bazarın müdafiəsini təmin edir. Gömrük münasibətləri — xarici ticarət fəaliyyətinin tənzimlənməsi üzrə iqtisadi, təşkilati-hüquqi və psixoloji münasibətlərin məcmuyudur.

Gömrük işinin öyrənilməsi və inkişaf etdirilməsi prosesində gömrük siyasəti həmişə diqqət mərkəzindədir. Respublika səviyyəsində bu zərurət bir sıra şərtlərlə əlaqədardır.

Birincisi, Azərbaycan Respublikasının bazar iqtisadiyyatına doğru inkişaf yolunda olması, bununla bağlı aparılan islahatlar yeni təsərrüfat sisteminin yaranmasına, xüsusən özəl mülkiyyət növlərinin yaranması ilə əlaqədar cəmiyyətdə müxtəlif siyasi və iqtisadi maraqları olan, bəzən hətta hökumətin yürütdüyü siyasi və iqtisadi strategiyaya qarşı çıxan sosial qrupların meydana çıxmasına səbəb olmuşdur. Bunlar dövlətin daxili və xarici münasibətlərinin ayrılmaz hissəsi kimi, gömrük münasibətlərinə və onun özəyində dayanan gömrük siyasətinə labüdən öz təsirini göstərir.

İkincisi, son illərdə gömrük işində baş vermiş mühüm dəyişikliklər nəticəsində bu sahədə idarəetmənin təşkili daha mürəkkəbləşmiş, yeni institutlar — MDB dövlətlərinin gömrük əraziləri, azad iqtisadi və gömrük zonaları yaranmış, gömrük rejimlərinin məcmuyu formalaşmışdır.

Üçüncüsü, Azərbaycanın dünya bazarına inteqrasiyası, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istəyi və başqa iqtisadi və siyasi təşkilatlarla əlaqələri onun xarici iqtisadi fəaliyyətinin, bunun tərkibində isə, gömrük siyasətinin beynəlxalq birliyin tələblərinə uyğunlaşdırılmasını tələb edir. Bunlar xarici iqtisadi biliklərin elmi işlənməsindən, hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş, əmtəə nomenklaturasının, gömrük siyasətinin prinsiplərinin formalaşmasına, gömrük alətlərinin unifikasiyasına qədər geniş islahatları nəzərdə tutur.

Nəhayət, gömrük işinin inkişafı zaman keçdikcə daha çox bəşəri problemlərlə, hər şeydən əvvəl, təhlükəsizlik, milli bazanın müdafiə olunması və s. ilə bağlılığı artır, gömrük orqanlarının zaman və məkan üzrə fəaliyyəti genişlənir. Bu isə, öz növbəsində, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsində gömrük siyasətinin rolunun artmasını şərtləndirir.

Azərbaycan Respublikası öz daxili və xarici siyasətinin əsas tərkib hissəsi kimi, vahid gömrük və xarici ticarət siyasətini həyata keçirir. Bu vahidlik, hər şeydən əvvəl, dövlətin, xarici iqtisadi fəaliyyət iştirakçılarının və maddi nemətlərin əsas istehlakçıları olan sıravi vətəndaşların maddi və mənəvi maraqlarına əsaslanmalıdır. Xarici ticarət çərçivəsində vahidlik prinsipi ümumi normativ bazanın mövcudluğunu, əsas məqsədlər üzrə xarici ticarət və gömrük fəaliyyətinin vahidliyini və bu kimi digər halları nəzərdə tutur.

Azərbaycanın gömrük ərazisinin vahidliyi Azərbaycan Respublikasının gömrük siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsip Gömrük Məcəlləsinin 3-cü maddəsində aşağıdakı formada təsbit olunmuşdur: “Azərbaycan Respublikasının gömrük ərazisi — Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən, onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir”.

Gömrük siyasətinin vahidliyi gömrük ərazilərinin və sərhədlərinin vahid prinsiplər üzərində qurulmasını, iqtisadi və hüquqi cəhətdən vahidliyini nəzərdə tutur. Nəqliyyat, maliyyə, informasiya və əmtəə dövriyyəsi bazasında gömrük işinin institusional sisteminin yaradılması sayəsində XXI əsrdə gömrük işinin məzmununun tamamilə dəyişəcəyi, gömrük fəaliyyətinin kompüter texnikası və kosmik əlaqə vasitələrindən istifadə edən böyük bir orqana çevriləcəyi gözlənilir. Beynəlxalq texniki inkişafla ayaqlaşmaq üçün, hazırda respublikada gömrük orqanlarının istifadə etdiyi texnika və texnologiyaların müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, gömrük ittifaqı, MDB dövlətləri və s. çərçivəsində yeni “yaxınlaşma” meyllərinin hərtərəfli və daha dərindən öyrənilməsi zəruridir.

Bu günün ən aktual məsələlərindən biri — xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinin metod və qaydalarını işləyib hazırlayan, mühüm beynəlxalq institut olan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə sıx əlaqələrin yaradılmasıdır. ÜTT 1947-ci ildən fəaliyyət göstərən Tarif və Ticarət üzrə Baş Assambleyanın (QATT-ın) sələfi kimi, 1995-ci ildən fəaliyyətə başlamışdır. Bu qurumun əsas vəzifələri — idxal rüsumlarının get-gedə azaldılması, ticarətdə kəmiyyət və digər qeyri-tarif məhdudiyyətlərinin kənarlaşdırılması, beynəlxalq ticarətin sərbəst tarif metodları ilə tənzimlənən liberal sistemə çevrilməsidir.

ÜTT-nin əsas prinsip və qaydaları: qarşılıqlı ticarətdə heç bir ayrı-seçkilik tanımayan, ən əlverişli rejim prinsipinin tətbiqi, xarici mənşəli əmtəə və xidmətlərə milli rejimin təqdim edilməsi, ticarət mübahisələrinin məsləhətləşmə və danışıqlar yolu ilə həllidir.

ÜTT-nin əsas funksiyaları:

— Uruqvay raundunun bütün sazişlərinin, həmçinin danışıqlarda və imzalanmış digər sənədlərdə razılaşdırılmış şərtlərin yerinə yetirilməsinin və tətbiqinin təşkili;

— artıq razılaşdırılmış və qəbul ediləcək qərarlara dair müvafiq məsələlər üzrə ÜTT üzvləri arasında danışıqların təşkili;

— ÜTT üzvləri arasında mübahisəli və münaqişəli vəziyyətlərə baxılmasının təmin edilməsi;

— ÜTT üzv-ölkələrinin ticarət siyasətinə dair məlumatların dövri nəşrlərinin təmin edilməsi.

ÜTT-nin bütün üzv-ölkələri “çoxtərəfli ticarət razılaşmaları” adı altında birləşən müqavilələrin və digər sənədlərin yerinə yetirilməsi üzrə öhdəliklər qəbul edirlər. ÜTT, mahiyyət etibarı ilə, çoxtərəfli müqavilələrin səhm paketi hesab oluna bilər; onun norma və qaydaları ilə dünya əmtəə və xidmət ticarətinin 90 faizdən artıq hissəsi tənzim edilir.

ÜTT-nin əsas prinsiplərindən biri iştirakçı ölkələrin öz iqtisadiyyatlarını beynəlxalq səviyyədə ancaq gömrük siyasəti vasitəsilə müdafiə etmələrindən ibarətdir. Xüsusən, gömrük rüsumunun səviyyəsi qarşılıqlı danışıqlar əsasında aşağı salınmalı və azaldılan rüsum dərəcələrinin gələcəkdə yenidən artmasının qarşısı alınmalıdır.

Azərbaycanın çoxtərəfli ticarət sistemində iştirakının yüksək səmərə vəd etməsi aşağıdakı mülahizələrlə əsaslandırılır:

— ixracatçılar üçün daha təhlükəsiz ticarət mühiti yaradılır ki, bu da ticarət əməkdaşları tərəfindən xarici iqtisadi münasibətləri tənzimləyən daha sərfəli norma və qaydaların istifadəsindən irəli gəlir;

— satış bazalarına çıxmaq imkanı yaxşılaşır;

— intellektual mülkiyyət hüququna dair məsələlər və investisiya tədbirləri üzrə çoxtərəfli ticarət sazişlərində, həmçinin xidmət ticarəti üzrə baş razılaşmada iştirak imkanı açılır;

— ÜTT-nin tədbirlərində birbaşa iştirak etməklə çoxtərəfli ticarət sisteminin təkmilləşdirilməsinə yardım göstərmək üçün real imkan yaranır;

— ticarət əməkdaşları tərəfindən sıxışdırılan zaman öz iqtisadi maraqlarının müdafiəsi üçün səlahiyyətli instansiyaya müraciət etmək imkanı yaranır və s.

Hal-hazırda ticarət-iqtisadi münasibətlərin tənzimlənməsinin çoxtərəfli sistemində 130-dan artıq dövlət bərabərhüquqlu iştirakçıdır. Bu faktı, həmçinin, tarif rüsumunun aşağı salınmasından ölkələrin əldə etdiyi iqtisadi səmərəni nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, ÜTT çərçivəsində mövcud olan rejim bərabərhüquqlu, qarşılıqlı səmərə və ümumi maraq prinsipi əsasında Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə səbəb olacaq.

ÜTT çərçivəsində fəaliyyət göstərən daha mühüm bir mexanizm tranzit daşımalar mexanizmidir. Onlara münasibətdə ÜTT daha səmərəli və ayrı-seçkiliyi istisna edən prinsiplərdən istifadə edir. Bu, okeana birbaşa çıxışı olmayan ölkə kimi, Azərbaycanın xarici iqtisadi maraqlarının təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan geniş miqyaslı iqtisadi islahatlara 1995-ci ildən başlamışdır. Bu müddət ərzində inflyasiya prosesi dayandırılmış, büdcə kəsirinin ‚DM-ə nisbətdə 1—2 faizə qədər aşağı salınmasına nail olunmuş, pul tədavülü sabitləşdirilmiş, xarici iqtisadi fəaliyyətdə və valyuta bazarında kifayət səviyyədə liberallığa nail olunmuş, iqtisadiyyatın artan tempi təmin edilmiş, valyuta bazarında canlanma yaranmışdır. Bütün bunlar, nəticə etibarı ilə, əhalinin həyat səviyyəsində ötən illərlə müqayisədə, böyük irəliləyişə səbəb olmuşdur. Nailiyyətlər sırasında xarici fəaliyyətin əldə olunmuş dinamik inkişaf səviyyəsi də vurğulanmalıdır. Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası göstərilən vəzifənin həllində mühüm amil hesab olunur.

ÜTT sisteminə tam hüquqlu üzv kimi qoşulan zaman Azərbaycanın sərf edəcəyi məsrəfləri də qeyd etmək lazımdır. Həmin xərclər, ölkə iqtisadiyyatının, xarici iqtisadi əlaqələrin liberallaşdırılması, beynəlxalq rəqabətin daha sərt qaydalarına uyğunlaşması zəminində meydana çıxacaqdır. ÜTT-yə üzvlük müəyyən daxili məsrəflərlə də müşayiət olunacaqdır. Bu xərclər beynəlxalq norma və qaydalara uyğun olan milli qanunvericilik bazasının yaradılması, həmçinin çoxtərəfli öhdəliklər üzrə nəzarətin institusional mexanizminin formalaşdırılması zərurətindən irəli gəlir.

Azərbaycanın ÜTT-nin fəaliyyətində iştirakı təşkilatın büdcəsinə müəyyən haqların müntəzəm ödənilməsini, Azərbaycan nümayəndələrinin ÜTT orqanlarının işində iştirakı üçün xərclərin çəkilməsini tələb edəcəkdir.

ÜTT-yə birləşmənin son mərhələsi daha mühümdür. Çünki, danışıqlar hansı şərtlərlə başa çatarsa, ÜTT sistemində ölkənin uzun müddətə əldə edəcəyi səmərə bundan asılı olacaqdır. ‚mumiyyətlə, həm işçi qrupu çərçivəsində, həm də tarif güzəştləri üzrə danışıqlara hərtərəfli hazırlaşmaq lazımdır. Hazırlıq üçün, ilk növbədə, gömrük tarifi vasitəsilə müdafiəsi tələb olunan sənaye sahələri, əmtəə siyahısı müəyyən olunmalıdır. Bu, əlbəttə, ixrac yönümlü və kənd təsərrüfatı sahələridir. Nəzərə almaq lazımdır ki, danışıqlara qədər Azərbaycandan müəyyən əmtəələr və əmtəə qrupları üzrə tarif güzəştləri tələb olunacaqdır.

Azərbaycana gətirilən əmtəələrə qoyulacaq rüsum dərəcələrinin optimal səviyyəsinin müəyyən edilmə prosesi məsuliyyətli işdir. Milli bazarın liberallaşdırılmasının mümkün həddi də dəqiq müəyyən olunmalıdır.

Müəyyən əmtəə kütləsi daxili bazarın tələbatını ödəyirsə, həmin əmtəə mövqeləri üzrə gömrük rüsumu dərəcələri 25 faizdən aşağı olmamalıdır. Milli istehsalçılara heç bir təhlükə yaratmayan əmtəə mövqeləri üzrə isə, gömrük rüsumu 5—20 faiz hüdudlarında müəyyən olunur. Bu, daxili bazarın həmin əmtəə üzrə təminatlı olub-olmamasından asılıdır. Kənd təsərrüfatı məhsullarına münasibətdə isə, əmtəələrin geniş dairəsi üzrə tarifləşmə tez bir zamanda həyata keçirilməlidir.

Xarici iqtisadi fəaliyyətin liberallaşması şəraitində “dempinq ticarəti” məsələsi qarşıya çıxır. Bir tərəfdən, Azərbaycan mənşəli əmtəələrin dempinq qiymət üzrə ixracı problemi həll edilməli, digər tərəfdən, Azərbaycana dempinq qiymətləri ilə əmtəələrin gətirilməsi üzrə nəzarət mexanizmi yaradılmalıdır. Belə mexanizmin yaradılması, milli əmtəə istehsalçılarına, qeyri-bərabər xarici rəqabətdən qorunmağa imkan verəcək. O, əsas etibarilə, dempinqin müəyyən edilməsinin ÜTT çərçivəsində tanınmış kəmiyyət meyarlarını əks etdirməlidir. Bu zaman:

— dempinq ölçüsünün ixrac qiymətini 2 faiz üstələməsi;

— hər hansı bir ölkədən dempinq qiymətləri üzrə idxal həcminin Azərbaycana analoji məhsulların idxal həcmini 3 faiz üstələməsi;

— dempinq qiymətləri üzrə idxalın analoji məhsulların milli istehsalçılarına mühüm ziyan vurması nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, ölkəyə gətirilən əmtəə axını üzrə monitorinq mexanizminin fəaliyyəti iqtisadi islahatların ilkin mərhələsində xüsusilə vacibdir. Belə ki, xarici ticarətin liberallaşdırılması ilə birlikdə iqtisadiyyat strukturca yenidən qurulmalı, sənayenin rəqabət qabiliyyəti təmin edilməlidir. Sözsüz ki, ölkəyə gətirilən məhsullar milli məhsulun nəinki rəqabət qabiliyyəti olmayan növlərini sıxışdıra, hətta, milli iqtisadiyyatın perspektivli, rəqabət qabiliyyətli sahələrinin bərpası prosesinə ciddi təhlükə törədə bilər. Belə vəziyyətin yaranmasının qarşısını almaq üçün respublikada idxal üzrə dəqiq fəaliyyət göstərən monitorinq tərtib edilməlidir. Monitorinq müvafiq tədbirlərin vaxtında görülməsinə, insanların və bütün canlıların həyatına və ictimai mənəviyyat meyarlarına uyğun gəlməyən məhsulların idxalını dərhal dayandırmağa imkan verəcəkdir.

İslahatların aparılması zamanı xarici ticarətin kəmiyyət məhdudiyyətlərindən ibarət tənzim mexanizmi tətbiq olunmalıdır. Bu mexanizmin tətbiqi bir sıra şərtlərlə həyata keçirilir:

— məhdudiyyətlər ancaq onları yaradan səbəblərin kənarlaşdırılması üçün tətbiq olunmalıdır;

— tətbiq olunan məhdudiyyətlər vəziyyət yaxşılaşdıqca yumşaldılmalı və aradan qaldırılmalıdır.

QATT-ın çoxillik fəaliyyətini öyrənərkən aydın olur ki, dəqiq müəyyənləşdirilmiş hazırlıq işləri respublikamızın Beynəlxalq Ticarət Təşkilatına tam hüquqlu üzv kimi birləşməsini və müəyyən səmərənin əldə edilməsini təmin edə bilər. “Hazırlıq işi” dedikdə, əmtəə və xidmət bazarlarına çıxış üçün Azərbaycanın mövcud Gömrük Tarifinin təkmilləşdirilməsi; beynəlxalq iqtisadi münasibətlərin geniş spektri üzrə qanunverici aktların hazırlanması və qəbul edilməsi üzrə danışıqlarda iştirak edəcək mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlər kompleksi nəzərdə tutulur.

İstənilən ölkənin ticarət imkanları ticarətin tənzimlənməsinin çoxtərəfli sistemində onun iştirak dərəcəsindən asılıdır. Qarşılıqlı razılaşdırılmış prinsip və qaydalar üzərində qurulan ticarət-iqtisadi münasibətlər təsərrüfat subyektlərinə təhlükəsiz ticarət mühitindən səmərəli istifadə imkanı verir. Beynəlxalq səviyyədə tanınmış hüquqi norma və prinsiplərsiz xarici iqtisadi əlaqələrin səmərəli tənzimlənməsinə nail olmaq mümkün deyil. Bununla əlaqədar olaraq, ekspertlər ÜTT çərçivəsində baş verən prosesləri daim izləməli və təhlil etməlidirlər.

Mehriban HƏMİDOVA,

iqtisad elmləri namizədi.

Ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikasının Gömrük məcəlləsi. Bakı. Qanun nəşriyyatı. 2010..

2. Azərbaycan Respublikasının Vergi məcəlləsi. Bakı. “Hüquq ədəbiyyatı”. 2010.

3. Azərbaycan Respublikasının Cinayət məcəlləsi. Bakı. “Hüquq ədəbiyyatı” nəşr. 2010.

4. Пресняков В.Ю. Современная зарубежная практика регулирования внешней торговли: таможенный аспект. М.: РИО РТА. 1996. 540 с. [Presnyakov V.Y. Xarici ticarətin tənzimlənməsində müasir xarici praktika].

5. Нуреев Р.М. Экономика Развития: модели становления рыночной экономики. 2-е издание. М.: 2008. 639 с. [Nuryeyev R.M. İnkişafın iqtisadiyyatı: bazar iqtisadiyyatının formalaşması modeli].