MƏQALƏLƏR

336

DİSTANT TƏHSİL: PROBLEMLƏR, PERSPEKTİVLƏR

  • 04.02.2011

DİSTANT TƏHSİL:  PROBLEMLƏR,  PERSPEKTİVLƏR

 Dünyada mövcud  olan   ən  qabaqcıl  texnologiyaları  tətbiq et­mək

Təhsil Nazirliyinin gərək   prioritet  vəzifəsi olsun.  Azərbay­canda  gərək   virtual dərslər, yeni  texnologiyalar geniş yayılsın, bütün  məktəbləri əhatə etsin. Bu   çox  böyük,  mürəkkəb, çoxlu maliyyə vəsaiti  tələb  edən  proqramdır.

Amma biz bunu etməliyik. Çünki  biz gələcəyə  baxmalıyıq.

 İlham Əliyev.  Azərbaycan Respublikasının  Prezidenti

 

Son  vaxtlar  təhsil  ictimaiyyəti  qiyabi  təhsilin  distant  formada  aparılması haqqında, bu sistemin yaradılmasına nə  qədər  vaxt  lazım olması  barədə müzakirələr aparır. Məqalədə  məqsəd  ölkədə  distant  təhsilin yaranması  və  inkişafı, universitetlərdə  distant  təhsilin  təşəkkülü  barədə fikirlərimizi   bölüşməkdir. 

 1.  DİSTANT TƏHSİL ÖLKƏ TƏHSİLİNİN   İNKİŞAF  GÖSTƏRİCİSİDİR

Dünyada  gedən qlobal  proseslər,  biliyə  əsaslanan iqtisadiyyatın sürətli   inkişafı keyfiyyətli   insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə  saxlamağı  tələb  edir.   Təhsilin   modernləşdirilməsi  zərurəti,  respublikanın  regionda  İKT  sahəsində  lider  dövlət olmaq məqsədləri  üçün   bu  gün  ölkədə virtual təhsil sistemini  inkişaf   etdirmək  zəruridir.  Azərbaycan  Respublikasının  Prezidenti, cənab İlham Əliyevin təhsil  sistemi  qarşısında qoyduğu mühüm tələblərdən  biri  - “...Azərbaycanda   virtual   dərslər   keçirilməlidir”  kimi  müəyyən edilmişdir.  Bu  tələb milli   təhsil  sisteminin  perspektiv  inkişaf  vektorunu  müəyyən  edir. Bu  səbəbdən bütün strateji təhsil  sənədlərində   respublikada vurtual təhsilin, distant təhsilin  (DT)  yaradılması  və  inkişafı  xüsusi  qeyd  edilmişdir. 

 DT  texnologiyalarının tətbiqi bu  gün dünyada  geniş vüsət almaqdadır. Bu sahənin  inkişafı   milli təhsil sisteminin təkmilləşdirilməsi,  beynəlxalq  tələblər səviyyəsinə qaldırılması, qlobal  informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da  əhəmiyyətlidir.

DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq qloballaşmanın  tələbidir.

İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq  DT sisteminə inteqrasiya olunmuş, vahid  milli informasiya- təhsil məkanı yaranmışdır.  Bu gün dünyada on milyonlarla insan DT  texnologiyaları əsasında sistematik təhsil alır.  DT  auditoriyalara  sığmayan,  sərhədsiz, transmilli  təhsil texnologiyasıdır. Təhsil  yönümlü   Beynəlxalq Təşkilatların,   cəmiyyətlərin, o  cümlədən  YUNESCO-nun  təhsil  siyasətinin  mühüm  istiqamətlərindən  biri  DT  sisteminin inkişafıdır.  YUNESCO  artıq  qlobal şəbəkə universiteti  yaratmışdır.  MDB  səviyyəsində  isə  20  universitetin iştirakı  ilə  “Universitetlərin  şəbəkə  işbirliyi (əlaqələri)” adlı  layihə reallaşır.  Layihənin məqsədi MDB  ərazisində   DT texnologiyaları  əsasında   ali  təhsilin inkişafını  dəstəkləməkdir. Layihə   çərçivəsində   bu  ilin  əvvəlində  YUNESCO-nun dəstəyi  ilə “İnnovativ  iqtisadiyyatın kadr  təminatı  üçün  Universitetlərin şəbəkə  əlaqələri” adlı beynəlxalq konfrans təşkil edilmişdir. Bu  gün  DT-nin  yaradılması kütləvi  və  əlyetərli   ali  təhsili  formalaşdırmaqla bərarər,  iqtisadiyyatın kadr  təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət  imicinin  formalaşmasına dəstək verir.

Bu gün dünyada  təhsil  böyük  bir  bisnesdir.  DT   beynəlxalq  təhsil xidməti bazarında  təhsilin ixracının  mühüm   vasitəsi  və  texnologiyasıdır.  ABŞ hər il  DT texnologiyaları əsasında təhsil ixracından  7 milyard dollar,  Avstraliya  3 milyard dollar  mənfəət götürür.   Qlobal   məkanda  DT  bu  gün  elə bir  templə inkişaf edir ki,  proqnozlara  görə 2015-ci  ildə  dünya   universitetlərinin  80%-i   bu  texnologiya əsasında təhsil verəcəklər. 

DT–təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya–təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. 

İnformasiya–təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.

DT tələbə  və  müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm  dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır.  DT–nin əsas texnologiyaları aşağıdakılardır:

-   Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi «keys» formasında komplektləşdirilir, müstəqil mənimsənilmə  üçün tələbələrə göndərilir. Tələbə ilə    məsləhətçi- müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.

-   TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.

-   Şəbəkə texnologiyası. Tələbələri  tədris metodik materiallarla təmin etmək, həmçinin tələbə  və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən  istifadə edilir. Şəbəkə texnologiyasında  lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir.   Bu  halda distant dialoq İnternet resursları vasitəsi  ilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron  tədris  vasitələri təşkil edir.

Beynəlxalq təhsil  məkanında  belə bir vəziyyət   müşahidə olunur:  hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi  ya  ümumiyyətlə olmur,  ya  da   çox  zəif inkişaf edir.  Çünki,  virtual təhsil  real  təhsil  üzərində  qurulur, inkişaf  edir, təhsilin  məzmunu   hər  iki  halda  eyni  kriteriya  ilə- milli təhsil  standartları ilə  müəyyən  edilir.  Əgər  universitetin professor-müəllim heyəti  keyfiyyətcə  müasir  tələblərə   cavab  vermirsə (bu vəziyyət  əsasən  professor-müəllim heyətinə  az  məvacib  verilən  ölkələrdə  müşahidə  edilir), bakalavr  və  magistrlər  keyfiyyətli  dərslik  və tədris  metodik  komplekslərlə   təchiz  edilməyiblərsə,    onda   bu  materialların  elektronlaşmasının, pedaqoji  heyətin   virtual  fəaliyyətinin   səmərəsi olmaz (əgər  pedaqoji  heyətin  ümumiyyətlə  virtual iş  vərdişləri  varsa).    Bu  səbəbdən  ali  təhsilin ümumi səviyyəsinin   aşağı   olduğu  ölkələrdə  DT-nin  yaradılması  təhsilin  məzmun  və texnologiya  baxımından   köklü  yeniləşməsini  tələb  edir.   Bu  iki  işin az  vaxt  ərzində paralel  aparılması  əlavə  problemlər yaradır,  daha  böyük  resurslar  tələb  edir.  Proses  düzgün  qurularsa,  sinergetik  qarşılıqlı  təsir  effekti  yarana  bilər.   Bunun  müəyyən  faydası mümkündür,  bu  halda real təhsilin inkişafı  DT-nin inkişafına və əksinə, DT-nin inkişafı real təhsilin inkişafına təkan verə  bilər.

  Real  təhsili  zəif  olan  ölkələr   təhsilin  məzmun  yönümlü   problemlərini  həll  etmədən  öz  “nailiyyəti”ni  virtual  aləmə  keçirməklə  heç  nə  qazana  bilməzlər,  olsa-olsa  İnternet  vasitəsi  ilə  öz  təhsil  “səviyyə”sini  bütün dünyaya   nümayiş  etdirə  bilərlər. Bu  isə   antireklamdır.  Bu   halda  DT-in  məzmunu  və  keyfiyyətini   müəyyən  edən  elektron  kontent  keyfiyyətsiz  olduğundan  onun  səmərəsi  ola  bilməz. Bu  mənada  virtual  təhsil  real  təhsilin   proyeksiyasıdır, nəticəsidir   desək  səhv  etmərik.   

Dünya təhsil təcrübəsində DT-in  müxtəlif modelləri mövcuddur.

1. Distant Təhsilin Asiya modeli. Bu model açıq universitetlərin yaradılmasını nəzərdə tutur. Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi Koreya kimi ölkələr bu modeldən istifadə edirlər.

2. Distant Təhsil qiyabi təhsilin  reallaşma modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr distant texnologiyalar  əsasında təhsil alırlar. Avstraliya, Yeni Zellandiya, Malayziya kimi ölkələrdə bu model tətbiq edilir.

3. Distant Təhsil əyani təhsilin reallaşma modeli kimi. Müəllimin auditoriya ilə audiovizual əlaqələri  telekommunikasiyalarla  reallaşır. Bu model  Amerikada da tətbiq edilir.

4. Tədris  materialı əsasında  tələbənin müstəqil  işinə əsaslanan distant təhsil modeli. Bu modeldə tədris kursları modullar  formasında  strukturlaşır. Bu modeldən Böyük Britaniyada istifadə olunur.

Bu  gün  bir  çox  ölkələrdə  DT-in eyni  zamanda  müxtəlif modelləri tətbiq  edilir. Bu  modellərin  tətbiqi  ilə  əlaqədar  qərarı  unuversitetlər   özləri qəbul  edirlər.  Universitetin hansı  model  əsasında DT  verməyə  imkanı  varsa,  o  modeli  də  seçir. Məsələn, Türkiyənin   Anadolu Universiteti uzun müddətdir  ki, açıq universitet formasında fəaliyyət göstərir. Anadolu Universiteti hal-hazırda  1,5 milyon tələbə ilə dünyanın 3-cü  meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə müasir, yüksək texnologiyalar əsasında DT  reallaşdırır. Türkiyənin  başqa  universitetləri  isə   digər  DT  modellərinə   üstünlük  verirlər.  Bu  gün  Türkiyənin  və  Rusiyanın  əksər  universitetləri   səmərəli  DT  sistemi yarada  bilmişlər.   DT  sistemi  resurslarından  nəinki qiyabi, eksternat   və  distant  formada  təhsil  alan  tələbələr,  eyni  zamanda əyani təhsil alan tələbələr  də səmərə  ilə istifadə edirlər.

Bu  gün  universitetlər  arasında  olan  qlobal  rəqabət  artıq  virtual  məkana  keçmişdir. Məsələn,  Rusiya ərazisində  Amerika  və  Avropanın  Distant  Universitetlərinin bir çox nümayəndəliyi  fəaliyyət  göstərir. Minlərlə Rusiyalı  gənc  distant  formada  xarici  ölkə universitetlərində  təhsil  alırlar.  Bu  həm  ucuz,  həm  təhlükəsizdir (dünyanın  indiki  narahat  vaxtında  əksər valideynlər  övladlarını gözlərindən  uzağa  göndərməyə  risk  etmirlər).  Bu  halda DT alan tələbələrin  təhsillərini  başa  vurduqdan  sonra  vətənə qayıdıb-qayıtmaması  kimi  bir  problem də yoxdur.  Bu  mənada  bizim  respublikadan dövlət  hesabına xarici  ölkələrə təhsil  almağa  göndərilən  tələbələrin  də  xeyli  hissəsini  distant  oxutmaq  məqsədəuyğundur.  Onlar  bu  halda  vətəndə qalacaqlar, məzunun ölkəsinə qayıdış  problemi  olmayacaq, onların xaricdə müəyyən  təsirlər altına  düşmə  ehtimalı olmayacaq, digər  tərəfdən  eyni  məbləğə  3-4  dəfə artıq sayda tələbə  oxutmaq  mümkündür. Respublikada  İKT  sektorunun inkişaf  səviyyəsi  də bu  məsələlərin  həllinə real  imkan  verir. Biz bu  təklifi hələ 3-4 il  əvvəl, müvafiq dövlət  proqramı  müzakirə  edilərkən irəli  sürmüşdük.

Bu gün  Anadolu  Açıq  Meqa Universitetinin  bir  çox  ölkələrdə,  o  cümlədən Azərbaycanda  da   nümayəndəliyi  var,    bizim  ölkədən xeyli tələbə distant yolla bu universitetdə  keyfiyyətli və  müasir  standartlara  uyğun təhsil alır. Gələcəkdə  digər  açıq  və  virtual universitetlərin,  distant universitetlərin də  respublikamızda  nümayəndəliyinin açılması mümkündür.   Getdikcə  bu  proses vüsət alacaq,  bunun ölkəmizdə  insan  kapitalının  inkişafına  yalnız xeyri  ola  bilər. Bu proses  milli təhsildə beynəlxalq  rəqabət mühitini gücləndirəcək. Bu   prosesləri  inzibati  yollarla  məhdudlaşdırmaq, qadağalarla  qarşısını almaq mümkün  deyil. Bu  proseslər qloballaşmanın, Boloniya  prosesinin, tələbə  və müəllim mobilliyinin (hələlik virtual  mobilliyin)  addım  səsləridir,  bu  addım səsləri   ölkəmizdə getdikcə  daha  aydın eşidiləcəkdir. Çünki, bu qlobal informasiya  təhsil  məkanına  inteqrasiyanın yeganə  yoludur. Bu  prosesin qarşısını  almaq  ölkədə  İnternetə  məhdudiyyət  qoymaq,  informasiya  azadlığının qarşısını  almaq,  nəhayət vətəndaşların  təhsil hüquqlarının məhdudlaşdırılması demək  olardı.   Görəsən təhsil  sistemimiz,  universitetlərimiz   bu ciddi  rəqabətə  hazırdırmı?  Zənnimizcə  yox. 

Bu gün respublikada bəlkə də yüzlərlə gənc virtual olaraq müxtəlif ölkələrin universitetlərində  distant  ali  və  əlavə  təhsil  alırlar.  Yəqin  ki, valideynlər də,  tələbələr  də  təhsilin keyfiyyətindən və səviyyəsindən çox məmnundurlar.  Gələcəkdə   işə götürən  təşkilatlar  da  bu  kadrların  hazırlığından məmnun qalacaqlar.  Virtual  məzunların  alacaqları  diplom  da  bizim milli  diplomlardan  fərqli  olaraq bütün dünyada  tanınacaq. Boloniya  prosesi  tələblərinə  uyğun olaraq  bu  diplomlar   bizim  ölkədə  də problemsiz tanınacaqdır.  Gələcəkdə xaricdə  virtual  təhsil alan tələbələrimizin sayının  sürətlə artması ehtimal  edilir.   Nəticədə  milli  universitetlərimizə  tələbə  axını xeyli azalacaq, universitetlər maliyyə  problemləri  ilə qarşılaşacaqlar.  Ola   bilsin ki, tələbə  qıtlığı  səbəbindən bugünkü  50 universitetimizdən çoxu fəaliyyətini  saxlamalı  olsun.   Zənnimizcə, Təhsil Nazirliyinin  strateji  planları və tədbirləri  belə perspektivlərə  hazır olmalı, elmi  əsaslarla,  sivil yollarla, daha keyfiyyətli  və səmərəli  islahatlarla bu  proseslərə  cavab verməlidir.

Bu  problemləri lazımi  səviyyədə  həll etmək üçün çox  işlər  görülməlidir, ilk  növbədə  isə  təhsilə  qoyulan investisiyalar  dəfələrlə artmalıdır.  Təhsil investisiyalarının 80-90%-i məhz  təhsil prosesinə, onun  məzmununa, keyfiyyətinə, pedaqoji  heyətin  inkişafına, proqram təminatının alınması və ya hazırlanmasına, elmi  jurnalların dərcinə, elmi konfransların  təşkilinə, xarici  ölkələrə elmi  ezamiyyələrə,  bir  sözlə  təhsilə  birbaşa  aidiyyatı olan  sahələrə yönəlməlidir.  Təəssüf ki, təhsilin  inkişafını  təmin  edən   bu mühüm  sahələrə uzun  müddətdir ki,  maliyyə  vəsaiti ayrılmır. Təbii ki,  belə  şəraitdə  universitetlərdə heç  bir  inkişaf  mümkün deyil.  Dünya  səviyyəli  universitetlər  məhz təhsil prosesinə  istiqamətlənən məqsədli  investisiyalar  hesabına  inkişaf etmişdir. 

 2. AZƏRBAYCANDA  DISTANT  TƏHSIL:  OLSUN  YA  OLMASIN?

 Strateji məqsədi qlobal informasiya təhsil  məkanına inteqrasiya olan  milli təhsil  sistemimizdə  DT-in tətbiqi bu gün aktualdır. Bu  sahədə  qlobal  inkişafdan təxminən  15 il geri qalsaq  da,  hər  halda   nə vaxtsa əməli  işə  başlamalı,  bu  geriliyi  aradan  qaldırmalıyıq.  Çünki,  bu  gün DT sistemi  olmayan  ölkələrin  təhsilinin  sabah  heç  bir  perspektivi   ola  bilməz. DT təhsil innovasiyasıdır, informasiya  cəmiyyətinin, innovasiya  cəmiyyətinin  təhsilidir.

Respublikada DT sistemi  yaradıldığı  halda  dünya Azərbaycanlıların,  o  cümlədən  diasporada yaşayan Azərbaycanlıların öz  ana dilində təhsil almaq  imkanı  imkanı  yaranacaq.   Bu   yolla  onların ailə  üzvləri, uşaqları  vətəndən  uzaqda yaşasalar  da,   əcdadlarının  dilini, mədəniyyətini, tarixini  müstəqil   öyrənə  biləcəklər. Digər  tərəfdən  azərbaycanlıların kompakt  yaşadığı  ölkələrdə azərbaycandilli təhsil  müəssisələrinin   olmaması  problemi  də  bu  yolla  tədricən  həll edilə  bilər.  

Təəssüflə  qeyd  edək  ki,  bu   günə  qədər  biz  Azərbaycan dilini  müstəqil  öyrənmək  istəyən  əcnəbilər üçün  heç  bir  elektron  dərslik,  distant  təhsil  resursu   hazırlamamışıq.  Amma  Moskva Dövlət Beynəlxalq  Əlaqələr Universiteti azərbaycan dilini öyrənən  tələbələri  üçün  belə  bir  bir  elektron  dərslik artıq   yaratmışdır   ( azərbaycan  dili bu  universitetin regionşünaslıq ixtisası  alan tələbələrinə tədris  edilir).  Bu  istiqamətlərdə  elektron resurslarımızı artırmalıyıq,  bunun  xalqın  mədəniyyətinin təbliğində  böyük  imkanları  var.          

Bizim respublikada   distant  təhsilin  inkişafı məsələsinə ilk  dəfə  2000-ci  ildə,   təhsilin  təkmilləşdirilməsi  ilə  əlaqədar ölkə prezidentinin məlum  sərəncamında  rast  gəlinir. Sonralar  daha  bir  neçə  dövlət  proqramlarında  da DT-nin  inkişaf  etdirilməsi   xusysi qeyd  edilmişdir.  Təəssüf  ki,  bu  illər  ərzində  qeyd  edilən məsələlər  praktik  olaraq  reallaşmayıb.

 Əvvəlki   “Təhsil  Haqqında  Qanun”da  DT haqda  heç  bir  maddə  olmadığı  səbəbi  ilə bu  texnologiyanın  tətbiqi əsassız  olaraq   yubadıldı.  Bütün  dünyada bu  gün  DT  texnologiya  kimi  qəbul edilir,  çünki, onun  təhsil  forması  kimi  qəbul  edilməsi  bu  texnologiyanın  geniş  tətbiqini əngəlləyə  bilər.   Amma DT-nin  texnologiya  kimi  qəbul  edilməsi  ondan fasiləsiz təhsilin  bütün səviyyələrində (orta, ali və  diplomdan  sonrakı  mərhələlərdə), bütün formalarında (əyani, qiyabi, eksternat  v.s.) istifadəni  mümkün edir.  Bununla  belə yeni  “Təhsil  Haqqında  Qanun”da  DT təhsil  formalarından  biri  kimi qeyd  edilir. Yəqin  ki,  DT sistemi  respublikada formalaşdıqca,  gələcəkdə  bu  məsələlərə təkrarən baxılacaq, qanunda  müəyyən  əlavə  və  dəyişikliklər  ediləcəkdir.

Son  vaxtlar  təhsil  ictimaiyyəti  qiyabi  təhsilin  distant  formada  aparılması haqqında, bu sistemin yaradılmasına nə  qədər  vaxt  lazım olması  barədə müzakirələr aparır.   Bu   problemin  praktik həlli  çətin,  masştabı  geniş   əhatəli, maddi  məsrəfləri  isə  çox  böyükdür. Çünki,  DT  təhsilin  kompleks  informatlaşmasını  tələb  edir,  bu  isə  heç  də asan  məsələ  deyil. Təbii ki, böyük  işlərin  həlli asan olmur.   Milli təhsil  sistemimiz bu problemi  yaxın  10 il ərzində  həll edə  bilsə, onun rəqabətqabiliyyətliyi, keyfiyyəti  və  reytinqi yüksələ  bilər.   Bütün   inkişaf  etmiş  və  inkişafda  olan  ölkələr  kimi,   biz  də  DT-nin  köməyi  ilə  əlyetərli, keyfiyyətli və  kütləvi  fasiləsiz  təhsil  sistemi yarada bilərik. 

Ölkədə  DT-nin  yaradılması  və inkişafı  üçün  görülməli işləri  şərti olaraq  4 səviyyəyə ayırmaq  olar: ölkə  səviyyəsində  görülməli işlər; sahə  nazirlikləri  səviyyəsində  görülməli işlər;  təhsil  sistemi səviyyəsində  görülməli işlər; universitetlər səviyyəsində  görülməli işlər. 

Ölkədə DT-nin yaradılması və inkişafı  üçün  ilkin mərhələdə  “Azərbaycan Respublikasında distant  təhsilin  yaradılması  və  inkişafı” strategiyası   hazırlanmalıdır. Stratyegiyada  hər  bir  səviyyənin  görməli  olduğu  işlər  istiqamətlər  üzrə  qeyd edilməlidir. Daha sonra bu stratyegiya əsasında xüsusi Dövlət  Proqramı  hazırlanmalıdır.  Bu proqram çərçəvəsində  ölkə  səviyyəli  ümumi  işlər  icra  edilməli, hüquqi-normativ  baza, texniki, pedaqoji, təşkilati,   standartlaşma  v.s.  məsələlər  həll edilməlidir.   

Sahə  nazirlikləri  səviyyəsində  isə  hər  bir  nazirlik  öz  tabeliyində  olan  ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, kadrların  attestasiyası, bir  sözlə fasiləsiz  əlavə   təhsilin   bu  nazirliyə    dair  fəaliyyətini  distant  texnologiyalara  transfer  etməlidir.  Bu  iqtisadi  cəhətdən, keyfiyyət və səmərəlik  baxımindan,  insanların  rahatlığı  baxımından əlverişlidir. Regionlarda  işləyən  kadrların   bu halda paytaxta  uzunmüddətli  və  ya  qısamüddətli  kurslara ezam olunmasına  ehtiyac olmayacaq.   Bu  mənada  hər bir  nazirliyin DT  sisteminin  yaradılması  və  inkişafına  dair  xüsusi  proqramı olmalıdır.  

Bu  gün  əksər  ölkələrdə (o cümlədən  bir  çox  MDB ölkələrində)  yaşlıların  təhsili  elektron formada, distant  texnologiyalar  əsasında  reallaşır. Respublikada  sahə  nazirliklərinin  insan  resurslarının inkişafında, peşəkarlıq  səviyyəsinin  yüksəlməsində, kütləvi  maariflənmə  tədbirlərində  distant  texnologiyalardan  faydalana  bilməməsinin əsas  səbəbi  distant  texnologiyaların hələ  də  təhsil  sistemində  praktik  olaraq tətbiq edilməməsidir.

Respublika pedaqoji  kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma  kursları  hələ də distant  texnologiyalara  aparılmır (bir  çox  MDB  ölkələri  10  ildən artıqdır ki, pedaqoji  kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma  kurslarını  distant  texnologiyalarla aparır). Bu  iş  respublikada  əvvəlcə məhz təhsil  sistemində  yaradılmalı  idi. Sonra  isə  sahə nazirlikləri  bu nümunə əsasında   sahə DT   sistemlərini  qurmaları,  öz kadrlarını bu  yolla  təkmilləşdirmə  və  ixtisasartırma  kurslarına   cəlb etməli    idilər.    

DT-in  inkişafı  ilə  əlaqədar   qlobal  problemlərə   varmadan,  təhsil sistemi  səviyyəsində  görüləcək  bəzi işləri  qeyd etmək  istərdik. Təhsil  sistemində təhsilin  səviyyələri  üzrə  və peşə təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün konkret layihələr  reallaşmalıdır.   Təhsil  sistemində  DT-nin  inkişafı  məqsədi ilə  kadr  təminatı, proqram-texniki   təminat,  kontent  təminatı  problemləri həll edilməli, ciddi investisiyalar  cəlb edilməlidir. 

Respublikada DT-nin inkişafı üçün  bu  gün  real şərait  var. İKT sektorunun respublikada prioritet  sahə  elan  edilməsi, bu sektorun  son  illər  sürətli inkişafı,  o  cümlədən  İKT üzrə milli  strategiyanın qəbul  edilməsi, «Elektron Azərbaycan» Dövlət Proqramının, təhsil sisteminin informatlaşması üzrə 2 dövlət proqramının reallaşması bu sahənin real  inkişafı üçün infrastruktur  və texniki baza yaratmışdır. Digər  tərəfdən ali  təhsilin  inkişafı  üzrə, orta ixtisas təhsilinin inkişafı  üzrə, texniki peşə təhsilinin inkişafı  üzrə Dövlət proqramlarının hər birində DT-nin  yaradılması və  inkişafı  məsələləri xüsusi  qeyd  edilmişdir. İstək  olarsa,  bu  proqramlar  çərçivəsində  real  iş  görmək  mümkündür. Bunun  üçün bir  sıra  ciddi  işlərin  görülməsinə,  o  cümlədən  hal-hazırda  icra  olunan bu  proqramların  əlaqələndirilməsi  və DT-nin  inkişafı məqsədləri  ilə  bir  meqalayihə  formasında  icra edilməsinə,  böyük  həcmdə  əlavə  investisiya  qoyulmasına   ehtiyac  var.

Hər  bir  sahədə  olduğu  kimi, DT-nin inkişafında da  insan resursları, onların  peşəkarlıq  səviyyəsi həlledicidir (bu amil  texnologiyaya daha nisbətən  prioritetdir). DT texnologiyasının reallaşması üçün   ilkin  şərt  hər  bir  universitetdə xüsusi  hazırlıq  keçmiş kadr heyətinin olmasıdır.  Çünkü, bütün elektron  tədris  resurslarının hazırlanması və  tətbiqi, virtual  təlimin  təşkili və idarəedilməsi,  yeni  texnologiyalardan  səmərəli  istifadə məhz pedaqoji və texniki heyətin hazırlıq  səviyyəsindən  asılıdır.  Kadr problemlərinin  həlli maliyyə məsələsinə bağlıdır, bu günə qədər DT-nin yaradılması və inkişafı üzrə  investisiya qoyulmadığından bu istiqamət üzrə  kadr hazırlanmamışdır.  Bu  səbəbdən  respublikanın demək  olar ki,  heç  bir  universitetində  beynəlxalq   standartlar  səviyyəsində DTsistemi yarada bilən komanda formalaşmamışdır (bir çox  universitetlərdə  ümumiyyətlə  bu  barədə  anlayış  yoxdur).  Eyni  vəziyyət  ali  təhsilin informatlaşması  sahəsində  də  mövcuddur  (əslində bu  iki  məsələyə  bir  rakursdan  baxmaq  lazımdır).   

Universitetin DT texnologiyasını  reallaşdırması üçün professor-müəllim heyəti, mühəndis-texniki və tədris–köməkçi personalı  təhsil proqramlarının distant texnologiyalarla reallaşması üçün xüsusi hazırlıq kurslarına cəlb edilməlidir. Beynəlxalq  təcrübə  göstərir ki, bu tədris kurslarının həcmi 72 saatdan az olmamalıdır.  DT sistemində fəaliyyət göstərən professor-müəllim heyəti informasiya-kommunikasiya texnologiyalarına da  yaxından  bələd  olmalıdır.

Universitetlərdə  DT-ni təşkilatı  baxımdan reallaşdırmaq üçün  əlavə  bir  çox  məsələlər həll  edilməlidir. Əvvəla  universitetin İnternetdə xüsusi kontentlə  zəngin  təhsil portalı olmalıdır (bunu informasiya  portalı  ilə qarışdırmaq  olmaz). Hər bir ixtisas üzrə tədris planında olan fənlərdən normativlə müəyyən edilmiş  sayda (təxminən tədris kurslarının  80-90%-i) elektron dərsliklər hazırlanıb  portalda yerləşdirilməlidir. Bundan  əlavə hər fənn üzrə elektron formada tədris–metodik kompleks hazırlanmalı və  virtual formada onlara  əlyetərlik  təmin edilməlidir. Bu tədris kontentlərinin  (məzmunun) idarə edilməsi  LCMS tipli  proqram sistemi ilə, tədris prosesinin idarə edilməsi isə LMS  tipli  proqram sistemi ilə  həyata keçirilir. Bu iki sistem və DT  portalı birgə DT  platformasının  özəyini  təşkil  edir.   Ümumən  DT platforması proqram kompleksi olub, xeyli  sayda  proqram modullardan ibarətdir. Bu  modullar  tədris  prosesinin ayrı-ayrı servislərini virtual  olaraq icra  edir. DT platforması  açıq  və  qapalı kodlu   ola  bilərlər.

Vaxtı  ilə Təhsil Nazirliyi  tərəfindən (2005- ci  ildə)  ali təhsilin bəzi  istiqamətləri üzrə (məsələn,  ali  pedaqoji  təhsil  istiqaməti) distant texnologiyaların  tətbiqi üçün  konseptual və stateji əhəmiyyətli müəyyən sənədlər hazırlanmışdır. Bu  sənədə müəyyən  əlavələr  etməklə, ali pedaqoji təhsili  distant  texnologiyalar  əsasında  reallaşdırması istiqamətində hazırlıq işlərinə  başlamaq mümkündür.  Növbəti mərhələdə  universitetdə distant təhsilin reallaşması üçün  müfəssəl  texniki  tapşırıq,  strateji sənədlər və  operativ  tədbirlər planı  hazırlanmalıdır. Universitetdə DT-nin  yaradılması  prosesini 5-10 illik  böyük  bir  meqalayihə formasında reallaşdırmaq məqsədəuyğundur. Bu  müddət ərzində mərhələlərlə,  ayrı-ayrı ixtisaslar üzrə real  təhsili tədricən distant texnologiyalar əsasında  virtual  formaya keçirmək olar. Bu  sistemin  istismarı (real  olaraq tədrisdə   tətbiqi)  üçün paralel olaraq müəyyən  infrastruktur  yaradılmalıdır (məsələn, universitetin  “Distant Təhsil Mərkəzi” və  ya  “Distant Təhsil”  fakultəsi).

Hər hansı ixtisasın tədris planına  uyğun  olaraq  fənlər üzrə elektron resursların hazırlanması  (prosesin təşkili və  maliyyələşməsi səviyyəsindən asılı olaraq) işi  2-4 il ərzində reallaşa bilər.  Əgər  tədris  planında 40  fənn  varsa, deməli 30-35  fənn üzrə elektron dərslik  və  elektron  tədris metodik  kompleksi yaradılmalıdır.  Bu işi paralel olaraq bir neçə ixtisas üzrə eyni   zamanda reallaşdırmaq mümkündür.  Bir  universitetdə  5-6  ixtisas  üzrə DT-nin  həyata  keçirilməsi  üçün hazırlıq işi  təxminən 5-6  il  ərzində  aparıla  bilər. Bu  halda   150-200   fənn  üzrə elektron  dərsliklər, mükəmməl  test  sistemi  və  digər  tədris-metodik  materialların elektron  versiyaları hazırlanmalıdır. 

Ölkə  səviyyəsində  ali  təhsilin  bütün mühüm istiqamətləri  üzrə DT sistemini  yaratmalı olsaq,  minlərlə elektron  dərslik  hazırlanmalıdır.  Bu  işə 10  il vaxt və  150  milyon manatdan  artiq vəsait  lazım  ola  bilər.  Bu məqsədlə təhsilin  illik  büdcəsindən  hər il 1-2%  vəsait ayrılarsa  problem  10  il  ərzində  həll edilə  bilər. Inkişaf   etmiş və  inkişafda  olan bir  çox  ölkələr  bu  işi  10-15  il  əvvəl və daha  çox  investisiya  ilə həll  etmişlər.   Bu işin  həcmini  təsəvvür  etmək üçün  qeyd  edək  ki,  respublikada   1995-2010-cu  illər  ərzində (elektron dərsliklər məhz 1995-ci  ildən sonra təhsilə  inikas   etməyə başlamışdır)  orta  ümumtəhsil  sistemi  üzrə cəmi 4-5  adda elektron dərslik hazırlanmışdır.  Ali  təhsil  sistemi üçün  isə hələlik  bir  dənə də olsun  elektron dərslik hazırlanmamışdır.   

Göründüyü  kimi  DT sisteminin yaradılması çətin və  böyük maliyyə tutumlu məsələdir.  Belə olduğu halda, görəsən  Azərbaycanda DT-nin yaradılmasına  başlamağımna  dəyərmi? Görəsən Azərbaycanda  DT  sistemi  olsun  ya  olmasın?  Hesab edirik ki,  daha  vaxt  itirməyə  haqqımız  yoxdur, onsuz  da xeyli vaxt  itirmişik. Milli  DT  sistemini hökmən yaratmalıyıq.  Çünki, cənab Prezidentin  bildirdiyi  kimi,  “... Azərbay­canda  gərək   virtual dərslər, yeni  texnologiyalar geniş yayılsın.... bu   çox  böyük,  mürəkkəb, çoxlu maliyyə vəsaiti  tələb  edən  proqramdır. Amma biz bunu etməliyik. Çünki  biz gələcəyə  baxmalıyıq”.

   dos.İlham Əhmədov  

ADPU-nun “Kompüter Mərkəzi ”nin direktoru