MƏQALƏLƏR

336

Əziz Talıbov: “Kitablarımla sürücülərə təsir etməyə çalışıram ki, onlar avtomobilin yüksək təhlükə mənbəyi olduğunu başa düşsünlər”

  • 06.01.2011

Bu gün polkovnik-leytenant Əziz Talıbovun yol hərəkəti qaydaları haqqında hazırladığı kitablar sürücülər və sürücü olmaq istəyənlərin həvəslə oxuduqları vəsaitlərdir. Hətta yol polisləri, sürücülük məktəblərinin müəllimləri də onun kitablarından geniş istifadə edirlər. O, bu sahədə böyük informasiyaya malik olan insandır, hətta yol hərəkəti qaydaları ilə bağlı öz təkliflərini tez-tez Milli Məclisə təqdim edir. Qərara aldıq ki, qəzetimizin bu buraxılışında polkovnik-leytenant Əziz Talıbovun hazırladığı kitablar haqqında və yol hərəkəti qaydaları ilə bağlı fikirlərini öyrənmək məqsədilə ondan müsahibə alaq. Biz onunla görüşdük və apardığımız müsahibəni Sizlərə təqdim edirik.

-Əziz müəllim, yol hərəkəti qaydaları ilə bağlı kitablar hazırlamaq qərarına necə gəldiniz?

-2003-cü ildən etibarən pedaqoji fəaliyyətimə başlayandan sonra mən Azərbaycanda baş verən yol hərəkətinə dair prosesləri yaxından izləməyə başladım. Gördüm ki, bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Onların da əsasında maariflənmənin olmaması durur. İstədim ki, bu istiqamətdə nə isə edim. Baxdım ki, ədəbiyyat yoxdur. Kimsə yol hərəkəti qaydalarını öyrənmək istəyirsə, o ən yaxşı halda Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununu əldə edə bilər. Qanun da şəkilsiz, şərhlərsiz və heç bir illüstrasiyası olmayan yazılı bir topludur. Bu topludan öyrətmək və öyrənmək çox çətindir. Beləliklə, mənim ilk kitabım 2005-ci ildə işıq üzü gördü. Bu kitab “Yol hərəkətinin təşkili və hərəkət təhlükəsizliyinin əsasları üzrə bütün kateqoriyalara aid test imtahan çalışmaları” adlı kitab idi. 700 nüsxə çap olunmuş həmin kitab qısa bir zaman ərzində insanlar tərəfindən alındı. 2006-cı ildən bu günə kimi yol hərəkəti ilə bağlı qanunvericiliyə çoxlu əlavə və dəyişikliklər edilmişdir. Bütün bu hallarda kitabların yeniləşdirilmiş variantı çap olunmuşdur. Hal-hazırda bu sahədə müxtəlif hazırlıq səviyyəsi olan insanlar üçün 7 variantda kitablar çap olunur. Bunlar “Yeniləşdirilmiş yol hərəkəti qaydaları” , “Sürücülər üçün məlumat kitabçası”, “Yol hərəkəti qaydaları üzrə 800 sual 800 cavab” , “Sürücülük vəsiqəsi almaq üçün Dövlət Yol Polisində keçirilən imtahanlara hazırlıq vəsaiti” və “...Test imtahan çalışmaları” kitablarıdır. Azərbaycan dünyəvi ölkədir, burada xeyli sayda rusdilli insanlar yaşayır. Onları nəzərdə tutub iki kitab hazırlamışam. Rusdilli vətəndaşlarımız yol hərəkəti qaydalarını “Правила дорожного движения с иллюстрациями” və «Экзаменационные тесты для подготовки к теоретическим экзаменам на право управления транспортными средствами всех категорий» adlı vəsaitlərdən öyrənirlər.

-Əziz müəllim, yol hərəkəti qaydaları ilə bağlı fikirlərinizi bilmək maraqlıdır. Sizcə yol-nəqliyyat hadisələrinin baş verməsinin, qayda pozuntularının artmasının kökündə nələr durur?

-Yollarda təhlükəsizliyin təmin edilməsi məsələsi çox ciddi bir məsələdir. Mən bu yaxınlarda “Sürücünün psixoloji durumunun hərəkətin təhlükəsizliyinə təsiri” adlı məqalə yazmışam. Belə ki, aparılan statistika göstərir ki, baş verən yol-nəqliyyat hadisələrinin 80-90 faizində sürücü faktoru, insan faktoru vardır. Bu sırf sürücünün psixoloji durumu ilə əlaqədardır. Yol hərəkət qaydalarını bilmək - bu hələ tam şəkildə hərəkətin təhlükəsizliyinin təmin edilməsi demək deyil. İnsan yol-hərəkəti qaydaların bilirsə o, buna riayət edir. Amma onun psixoloji keyfiyyətləri özünü istər-istəməz büruzə verir. Yəni, yolda təyin olunmuş sürət həddinin bilərəkdən təhlükəli həddə kimi aşılmasına görə saxlanılmış sürücünü yol hərəkəti qaydalarını bilməməkdə günahlandırmaq olarmı? Xeyr. Sürətin təyin olunmuş həddən çox artırılması insanın psixoloji durumu ilə əlaqəli bir məsələdir. Statistika göstərir ki, ABŞ-da 90 faiz, Rusiyada 80 faizdən çox, Avropanın bir sıra qabaqcıl dövlətlərində də 80-90 faiz hadisələrə səbəb psixoloji durumdur. Statistikaya nəzər yetirsək, görərik ki, cari ilin 10 ayı ərzində ölkə ərazisində 2194 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 755 nəfər həlak olmuş, 2292 nəfər xəsarət almışdır. Həmin hadisələrin baş vermə səbəblərindən birinci yerdə - nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması – 940 hadisə (393 nəfər ölmüş, 835 nəfər xəsarət almışdır) durur. Kitablarımla sürücülərə təsir etməyə çalışıram ki, onlar avtomobilin yüksək təhlükə mənbəyi olduğunu başa düşsünlər. Bilsinlər ki, istənilən yerdə və şəraitdə təhlükəsizlik təmin olunmadıqda, sürücü diqqətsiz olduqda yol-nəqliyyat hadisəsi qaçılmaz olacaqdır. Bizim əsas problemimiz ondadır ki, Azərbaycanda yol nəqliyyat hadisələrinin statistikası əsasında aparılan təhlildən irəli gələn tədbirlər praktikada tam lazımi nəticəni verə bilmir. Yol-nəqliyyat hadisələrinin statistikası, zənnimcə, sırf texniki faktorlar və səbəblər əsasında aparılır. Yəni, səbəb kimi sürətin həddən çox yüksəldilməsi, qarşı hərəkət zolağına çıxma, ötmə əməliyyatının düzgün aparılmaması, yolayırıcının düzgün keçilməməsi və s. faktlar göstərilir. Amma bu hadisələrdən əvvəl sürücünün və digər yol hərəkəti iştirakçılarının psixoloji durumunun araşdırılması üzrə təhlilin də aparılması, hesab edirəm ki, məqsədəuyğun olardı. Məsələn, 21.04.2010-cu il tarixində, saat 07.30-da Bakı-Qazax yolunun 418-ci km-də “Mersedes” markalı 10-VT-205 dövlət qeydiyyatı nişanlı avtobusun sürücüsünün sola dönərkən qarşıdan düzünə gələn digər avtobusun yoluna çıxaraq törətdiyi yol-nəqliyyat hadisəsini göstərmək olar. 8 nəfərin ölümünə və 1 nəfərin ağır bədən xəsarəti alması ilə nəticələnən bu qəzaya səbəb “Mersedes” markalı avtobusun sürücüsünün yorğun olduğundan onda reaksiya müddətinin artması, duyğu və diqqətin zəifləməsi səbəbindən vaxtında və düzgün qərarın verilməməsi olmuşdur. Belə hadisələrin bir də təkrar olunmaması məqsədi ilə sürücülərin psixoloji keyfiyyətlərinə müsbət təsir göstərən tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin aparılması daha səmərəli olardı.

-Mən dediklərinizdən belə nəticə çıxarıram ki, vətəndaşlara sürücülük vəsiqələri verilməzdən öncə onların psixoloji durumlarına, davranışlarına, mədəniyyətlərinə fikir verilməlidir.

- Təəssüflər olsun ki, bizdə sürücülərin hazırlanması prosesi hələ tələblərə cavab verən səviyyədə deyil. Sürücülərin hazırlığına lazımınca diqqət yetirilmir. İndi istənilən şəxs sürücülük məktəbinə getmədən, sürücülük kursunda iştirak etmədən sənədləri əldə edə və gedib sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilər. Məndə olan məlumata görə Avropanın bir sıra ölkələrində insanlar sürücülük vəsiqəsi almaq üçün üç ilədək oxuyurlar (hazırlıq keçirlər). Əgər gələcəyin sürücüsü yol hərəkəti, hərəkətin təhlükəsizliyi qaydalarını praktiki olaraq bilməzsə, həkimə qədər ilkin tibbi yardımın göstərilməsini praktiki olaraq yerinə yetirə bilməzsə, psixofizioloji baxımdan bu işə hazır olmazsa, ona heç vaxt sürücülük vəsiqəsi verilmir. Lazımi səviyyədə ailə tərbiyəsi görməyən, mədəniyyəti zəif olan insan heç vaxt yaxşı sürücü ola bilməz. Avtomobilləşmə uzun bir müddət həyatımızın ayrılmaz bir hissəsi kimi qalmaqda davam edəcəkdir. Buna görə gələcəyin sürücüsünün uşaq baxçalarından, orta məktəblərdən hazırlanmasına diqqət artırılmalıdır. Siz diqqət yetirin (yoldakı şəraiti göstərərək söhbəti davam etdirir) avtomobillərin intensiv hərəkət etdiyi yolun düz ortasında qadın uşağı ilə hərəkət edir. Tələbə də, qoca da, cavan da onun kimi. Piyada məsuliyyətini və onunla hansı hadisənin baş verə biləcəyini bilmir. Amma qeyd etmək istəyirəm ki, bu ilin 10 ayı ərzində Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin növləri üzrə təhlili göstərir ki, piyadaların vurulması halları – 848 hadisə (265 nəfər ölmüş, 655 nəfər xəsarət almışdır) təşkil edir.

-Piyadalardan söz düşmüşkən, sürücülərin yol hərəkəti qaydalarını pozduqlarına görə ciddi məsuliyyətlər nəzərdə tutulduğu halda, piyadaların məsuliyyəti cəmi 10 manat müəyyənləşdirilmişdir. Bəlkə piyadanın məsuliyyətini bilməməsi onlara qarşı qanunların “yumuşaq” olmasından irəli gəlir?

-Mən bu məsuliyyətin sərtləşdirilməsinin tərəfdarıyam. İnsanlar cəmiyyətdə qayda-qanunlara iki aspektdən yanaşır və onlara əməl edir. Birincisi-qaydaların mənasını və məsuliyyətini şüurlu şəkildə dərk etmək yoludur. Şüurlu insan başa düşür ki, qayda-qanuna əməl etmək lazımdır. Bu baxımdan onları yerinə yetirir və başa düşür ki, yerinə yetirmədikdə nə baş verə bilər. İkinci təbəqə üçün isə cəza qarşısında qorxunun olması vacibdir. Ona görə də piyadalar tərəfindən yol verilə bilən qayda pozuntularına görə məsuliyyətin sərtləşdirilməsi məqsədəuyğundur.

- Yol nişanlarının yerində və düzgün yerləşdirilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkəti baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda yollarımız bu baxımdan tələblərə uyğundurmu?

-Mən bir azərbaycanlı kimi fəxrlə deyə bilərəm ki, ölkəmizdə yol infrastrukturu çox gözəl inkişaf edir. Bunu etiraf etmək lazımdır. Yollarımız günü-gündən müasirləşir və təkmilləşdirilir. Eyni zamanda yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yol hərəkət qaydalarının və sürücülərin rahatlığının təmin olunması hələ də tam şəkildə təmin olunmayıb. Hesab edirəm ki, bu daha çox yaşayış məntəqələrində yol nişanlarının quraşdırılması, yolların xətlənməsilə əlaqədardır. Məsələn, bəzi yollarda sarı bütöv xətt həm ağ bütöv xəttin yerinə, həm də lazım olmayan yerlərdə çəkilir. Dairəvi hərəkət təşkil olunmuş yolayırıclarının müəyyən hissəsi və digər yolayırıcları müvafiq yol nişanları ilə tam təmin olunmayıb. “Yol hərəkəti haqqında” Qanuna əsasən sarı bütöv xətt dayanmanın və durmanın qadağan edildiyi yeri göstərmək üçün tətbiq olunur. Yollara baxanda adamda belə bir təəssürat yaranır ki, sanki yolları rəngli və yaraşıqlı etmək üçün sarı xəttdən istifadə olunur. Digər bir yanlışlıq bir tərəfli yollarda (hərəkət hissəsində) qoşa bütöv xəttin çəkilməsidir. “Yol hərəkəti haqqında” Qanunda göstərilib ki, qoşa xətt dörd və daha artıq hərəkət zolağı olan yollarda hərəkət istiqamətlərini ayırmaq üçün tətbiq edilməlidir. Eyni istiqamətli yolda qoşa xəttin tətbiq olunması qanunda yazılmayıb. Necə olur ki, bu xətlər düzgün çəkilmir? Bu xətləri çəkənlər nəzərdə nə tutublar, deyə bilmərəm.

-Bu gün yeni çəkilmiş müasir yollarımız avtomobillər üçün maksimum sürət həddini bir az artırmağa imkan verir. Amma “Yol hərəkəti haqqında” Qanuna görə avtomagistrallarda maksimum sürət 110 km/saat, digər yollarda isə 90 km/saatdan artıq ola bilməz. Bəs bir sıra yollarda maksimum sürət həddinin 120 km/saat göstərilməsi nəyin əsasında müəyyən olunmuşdur?

- 2010-cu ildə “Yol hərəkəti haqqında” Qanuna edilmiş son əlavə və dəyişikliklərdə mənim göndərdiyim təkliflərin bəziləri nəzərə alınmış, bəziləri isə qəbul olunmamışdır. Sürət rejimi ilə əlaqədar mən təklif etmişdim ki, Azərbaycanda sürət rejiminə baxılmalıdır. Ona görə ki, müasir avtomobillərin həm sürət, həm rahatlıq, həm də təhlükəsizlik baxımından texniki imkanları daha yaxşıdır. Yollarımız da sovet vaxtında olan yollar yox, avtomobili sürətlə idarəetməyə imkan verən yollardır. Bu baxımdan sürət rejiminin artırılması məqsədəuyğundur. Təklif etmişdim ki, yaşayış məntəqələrində bəzi yollarda (Hava limanı yolunda, Zığ şosesində, Nobel prospektində və s.) sürət rejimi 120 km/saata qədər artırılsın. Düzdür, bu yolların keçdiyi ərazi yaşayış məntəqəsidir, digər tərəfdən həmin yollarda 60 km/saatla getmək yerində saymaq deməkdir. Yaşayış məntəqələrindən kənar yollar üçün də təklif etmişdim ki, belə yollarda sürət həddini 120 km/saata qaldırmağın zamanı çatmışdır. Bu təkliflərimi qəbul etməsələr də praktikada tətbiq edirlər. Məsələn, indi Hava limanına gedən yolda 120 km/saat ilə hərəkət etməyə icazə verilib. Baxmayaraq ki, qanunda 120 km/saat maksimum sürət həddi yoxdur. Həmin yolda 90 km/saat olmalı idi. Amma, səlahiyyətli orqanlar hesab edirlər ki, həmin yollarda 120 km/saat ilə hərəkət etmək olar.

-Yol polislərinə təqib etmək səlahiyyətinin verilməsi sizin təklifiniz əsasında qəbul olunub?

-Yol polislərinə avtomobilləri təqib olunmasına səlahiyyət verilməsi mənim təklifim deyildi. Bu məsələ Milli Məclisdə müvafiq komissiyada müzakirə olunan zaman mən də iştirak etmişəm. Müzakirə zamanı şəxsən mənim təklifim o idi ki, bu maddə qəbul olunmasın. Vətəndaşların hüquqları pozulmasın, bundan sui-istifadə halları yaranmasın deyə razı deyildim. Amma digər tərəfdən fikirləşirdim ki, hər hansı sürücü öz hərəkətləri ilə insanlar üçün təhlükə yaradırsa, o cinayətkardırsa, yenə də cinayət törədəcəksə, nə üçün təqib olunmamalıdır?! Elə qanunda da bu nəzərdə tutulub. Əgər sürücü polisin avtomobili dayandırmaq əmrini yerinə yetirmirsə, o, öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaradırsa, onda polis əməkdaşı öz rəisinə məlumat verdikdən sonra onu təqib edə bilər. Hətta lazım gəldikdə dayandırma vasitələrindən istifadə etməklə onu saxlamağa cəhd etməlidir. Bu polis əməkdaşının həyatı üçün təhlükəli olsa belə, o başqalarının həyatını xilas etmək baxımından bunu etməyə borcludur. Lakin Qanunda nəzərdə tutulmayıb ki, yol polisinin dayan əmrini yerinə yetirməyən və ya xoşlarına gəlməyən bütün sürücüləri təqib etməlidirlər.

-“Yol Hərəkəti haqqında” Qanuna başqa əlavə və dəyişikliklərin olunmasına ehtiyac varmı?

-Həyat davam edir, elm və texnika, cəmiyyət inkişaf edir. Bu baxımdan da Qanunlara daima lazımi əlavə və düzəlişlərin edilməsi aktuallıq kəsb edir. Hazırda “Yol hərəkəti haqqında” Qanuna bəzi əlavə və düzəlişlərin edilməsinə ehtiyacı vardır. Hesab edirəm ki, “Yol hərəkəti haqqında” Qanunun 1, 37,42,49,50-52,55,73 və s. maddələrinə bəzi əlavə və düzəlişlərin edilməsi məqsədəuyğun olardı. Göstərilən maddələrə aid mən öz təkliflərimi hazırlamışam və Milli Məclisə müvafiq qaydada təkliflərimi edəcəyəm.

-Bu gün ölkəmizdə kar, görmə qabiliyyəti zəif olan insanların sürücülük vəsiqəsi aldığını görürük. Digər tərəfdən müxtəlif səsli siqnallar avtomobillərə quraşdırılıb insanların dincliyi pozulur. Siyahısı uzun olan belə problemləri aradan qaldırmaq üçün Siz çıxış yolunu nədə görürsünüz?

- Sürücülük vəsiqələrinin dəyişdirilməsində əsas məqsəd vətəndaşın sağlamlığını yoxlamaqdır. Xüsusilə də psixoloji vəziyyətini. Ən böyük bəla ondan ibarətdir ki, çox vaxt həkimlər tərəfindən bunlar yoxlanılmır. Bu məsələdə sürücülük məktəblərinin rəhbərliyi və orada çalışan müəllimlər də diqqətli olmalıdırlar. Əgər sürücü olmaq istəyən şəxsin tərbiyəsində, şəxsi mədəniyyətində, təfəkküründə, insanlara münasibətində ciddi problemlər varsa, o necə sürücü ola bilər? İndi avtomobillərə müxtəlif səslər çıxardan siqnalları quraşdırırlar. Yaşayış binalarının, məktəblərin, xəstəxanaların yaxınlığında bu siqnallardan necə gəldi istifadə edirlər. Məlumdur ki, belə siqnallar insanların narahatçılığına səbəb olur. Mənim bununla bağlı bir aksiomam vardır. Kobud səslənsə də bir az yumşaldıb söyləyəcəm. “Sürücünün mədəniyyətsizlik səviyyəsi onun öz maşınında quraşdırdığı siqnalın tonu ilə və ondan istifadəetmə ardıcıllığı ilə düz mütənasibdir”. Belə siqnallardan istifadə etməklə digərlərini narahat edən sürücülər başa düşmürlər ki, siqnal verməklə özlərini “qəhrəman” kimi hiss etsələr də, ətrafdakılar onlara çox pis baxır.

-Müsahibənizə görə təşəkkür edirəm.

-Çox sağ olun.

Müsahibəni apardı: Seymur Yunusov