MƏQALƏLƏR

ZÜLFÜ İLYASOV: PEŞƏ TƏHSİLİ YENİ ÇAĞIRIŞLARA UYĞUNLAŞDIRILIR

  • 03.09.2020

Artıq dünya dəyişib. Sovet təhsil sistemi bugünkü çağırışlara cavab verə bilməz. Elə götürək peşə təhsili sistemini. O vaxtlar, bir qayda olaraq, orta məktəblərdə zəif oxuyan şagirdlər səkkizinci sinifi bitirdikdən sonra texniki-peşə məktəbinə göndərilirdi. Sovetlər sistemi çökdükdən, sərhədlər açıldıqdan sonra bəlli oldu ki, xarici ölkələrdə peşə təhsilinə ən çox orta məktəblərdə yaxşı oxuyan şagirdlər üz tuturlar Xarici ölkələrdə nəinki məktəb yaşlı yeniyetmələr, həmçinin əhalinin bütün təbəqələrindən və yaş qrupundan olan vətəndaşlar, fiziki qüsurlu insanlar peşə təhsilinə cəlb olunurlar. Bu ölkələrdə orta məktəbi bitirən gənclərin 40-60 faizi peşə təhsilini seçirlər.
Azərbaycanda ilk peşə məktəbi 1883-cü ildə Şəkidə açılıb. Orda ipəkçilik üzrə ustalar hazırlanırdı. Bundan xeyli müddət sonra Bakıda texniki inşaat sənət məktəbi yaradıldı.
1914-cü ildə artıq 10 sənət məktəbində 2400 şagird peşələrə yiyələnirdi. İkinci Dünya müharibəsindən sonra texniki peşə təhsili şəbəkəsi daha da genişləndi, artan tələbata uyğun peşə növləri açıldı, təhsil üçün binalar, təlim-təcrübə bazarları yaradıldı.
Keçən əsrin 90-cı illərindən respublikada başlanan ictimai-siyasi və iqtisadi böhran bütün digər sahələr kimi, peşə təhsil sistemini də iflic vəziyyətinə saldı, mövcud tikililər, infrastruktur, maddi-texniki təchizat sistemi dağıdılıb sıradan çıxarıldı. Respublikamız böhran və xaosdan çıxdıqdan sonra peşə təhsilinə də diqqət yetirilməyə başlandı. 1996-cı ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Bəzi məktəblərin bazası əsasında liseylər yaradılmağa başlandı.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) təsdiq olundu. Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birgə həyata keçirdiyi “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində müəyyən işlər görüldü. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsili müəssisəsi yaradıldı. Hazırda peşə təhsili müəssisələrinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.
İlkin olaraq ötən il sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, bu il isə 4 müəssisə publik hüquqi şəxs statusu alıb.
İlin sonunacan daha bir neçə bu tipli müəssisənin yaradılması nəzərdə tutulur. Bunlar əsasən regionlarda aparılmış optimizasiyanın nəticəsi olaraq yaradılan müəssisələrin bazasında açılacaq.
Peşə təhsili müəssisələrinin maddi-texniki bazası, innovativ texnologiyaların tətbiqi və bu sahədə ixtisaslı mühəndis-pedaqoji heyətin olması onun inkişafını şərtləndirən mühüm amillərdir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yaradılan Peşə Təhsili Mərkəzində artıq ötən ildən pilot layihə kimi başlamış və Koreya Respublikasının təcrübəsi əsasında yaradılmış tədris proqramlarından və materiallarından istifadə olunur.
Pandemiya ilə bağlı peşə təhsili müəssisələri də mart ayından fəaliyyətlərini məsafədən həyata keçirməyə başladı. İndiyədək 80-dən artıq teledərs hazırlanıb keçirilmişdir. Bu dövrdə Azərbaycanın peşə təhsili pilləsi üzrə tətbiq etdiyi yanaşma Avropa Təlim Fondu tərəfindən maraqla qarşılanmış və müvafiq hesabatlarda öz əksini tapmışdır. Artıq yüzlərlə gənc hazırlanan teledərslərə baxıb dərziliyi, aşbazlığı, bitkiçiliyi və s. öyrənmək imkanı əldə etmişdir. Görülən tədbirlər peşə təhsilinin cəlbediciliyini təmin etmişdir. Belə tədbirlərdən biri də fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, turizm xidməti üzrə ixtisaslaşan PTM-in və “JW Marriott Absheron Baku” otelinin birgə təşəbbüsü ilə onlayn formada təşkil edilmişdir. Bundan əlavə, peşə təhsili müəssisələri mövcud ixtisaslar və karyera imkanlarına dair mütəmadi olaraq virtual tədbirlər təşkil edirlər. Eyni zamanda, Avropa İttifaqının dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNEP Azərbaycan), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan təşkilatının birgə əməkdaşlığı çərçivəsində peşəyönümlü, karyera planlaşdırması və ixtisas seçimi üzrə onlayn təlimlər təşkil edilmişdir. Peşəyönümlü təhsilin təmin olunması üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində “Ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin həyata keçirilməsi Qaydası” artıq müəyyən edilmişdir. Nazirlər Kabinetinin 12 may 2020-ci il tarixli qərarı ilə təsdiq olunan bu qaydalar təhsil alanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məsələsinin həllinə xidmət edəcəkdir. Peşə təhsilinin möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq da genişlənir. Azərbaycan “World Skills İnternational” təşkilatının tamhüquqlu üzvüdür. Həmin təşkilat dünyada peşə təhsili üzrə müsabiqələr təşkil edir, buranın qaliblərinə iş yerləri təklif olunur. Gələcəkdə respublikamız həm yerli, həm də beynəlxalq səviyyədə bu müsabiqəni təşkil etmək və bir sıra ənənəvi peşə və sənət növlərimizi sərgiləmək niyyətindədir. Bu ilin fevral ayında BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın nümayəndə heyəti Estoniyada işgüzar səfərdə olmuş, burada mövcud olan təhsil proqramları ilə yaxından tanış olmuşlar. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının (UNEP) Azərbaycanda peşə təlimi və tədris müəssisələrinin müasirləşdirilməsi çər­çivəsində xeyli iş görülmüşdür. Cəliləbad Dövlət Peşə Təhsili Mərkəzi və “Woodpecker” me­bel şirkəti arasında yaradılmış əməkdaşlıq nəticəsində üzlükçü-dizayner ixtisasından bu il məzun olacaq gənclərin bir hissəsi bu şirkətdə əmək fəaliyyətinə başlayacaq. İşəgötürənlərin peşə təhsili müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi və istehsalat təcrübəsinin təşkili, onların peşəyönümlü təhsilə dəstək göstərməsinə dair layihələr də uğurla icra olunur. Bunlara maşınqayırma və sənaye sahəsi üzrə “Gəncədə Sənaye üzrə Regional Kompensasiya Mərkəzinin yaradılmasına dəstək”, kənd təsərrüfatı və istehsalat sahəsi üzrə “Lənkəran iqtisadi rayonunda Regional Modern Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsini, meyvəçilik və çayçılıq üzrə “Aqrar məşğulluğun artırılması” layihəsini göstərmək olar. Hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının və infrastruktur təminatının modernləşdirilməsi istiqamətində də bir sıra işlər həyata keçirilir. Bu məqsədlə növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və digər emalatxanaların, yenidən qurulmuş Bərdə Peşə Liseyinin binasının istifadəyə verilməsi planlaşdırılır. Cəliləbad Peşə Təhsili Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsili Mərkəzinin layihələndirilməsi davam etdirilir. Bu il, həmçinin Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Peşə Məktəbinin layihələndirilməsinə də start veriləcək. Cari ilin sonunadək peşə məktəbləri ixtisaslarının təsnifatının yenilənməsi də nəzərdə tutulur. Ölkə başçısının tapşırığına uyğun olaraq, peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, lüzumsuz ixtisasların isə tədrisi dayandırılacaq.
Açığını etiraf etmək lazımdır ki, ali məktəb məzunlarının bir çoxu əmək bazarında özünə yer tapa bilmir. Universitetləri bitirdikdən sonra müəyyən zaman keçir və onlar üçün yeni peşə və əmək vərdişlərinə yiyələnmək çətin olur. Dəb xatirinə oxumaq gənclərin psixologiyasından çı­xa­rılmalıdır. Təhsil zəncirində peşə təhsili sisteminin yüksək mövqeyə gətirilməsi bu boşluğu doldura bilər. Hələ bir sıra innovativ-texnoloji layihələrin icrası zamanı hətta sıravi peşə sahibləri də kənardan gətirilir. Lakin son illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nikbin olmağa əsas verir. İnkişaf belə ahənglə davam edərsə, peşə təhsili sistemi yaxın illərdə ölkəmizin iqtisadi inkişaf tempinə uyğunlaşdırılacaq, real sektorda, əmək bazarında özünə layiqli yer tutacaqdır.


ZÜLFÜ İLYASOV,
bölgə müxbiri