MƏQALƏLƏR

AMEA-nın təsisçiləri: İvan İvanoviç Şirokoqorov

  • 24.09.2020

İvan İvanoviç Şirokoqorov 1869-cu il iyul ayının 15-də Rusiyanın Vladimir vilayətinin Novoselski kəndində ziyalı ailəsində doğulmuşdur.
O, 1896-cı ildə Estoniyanın Tartu şəhərindəki İmperator Yuryev Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1900-cü ildə, hələ tələbə ikən, həmin universitetdə professor V.Afanasyevin rəhbərlik etdiyi ümumi patologiya və patoloji anatomiya kafedrasında prorektor köməkçisi vəzifəsinə təyin edilmişdir.
İ.Şirokoqorov 1901-ci ildə təhsil aldığı universitetin tibb fakültəsini müalicə həkimi ixtisası üzrə əla qiymətlərlə bitirmiş, həmin universitetin ümumi patologiya və patoloji anatomiya kafedrasında prorektor köməkçisi vəzifəsində saxlanılmış və əvvəlcə həmin kafedranın icarə üzrə assistenti, 1901-ci ilin oktyabr ayından isə kafedranın ştatlı assistenti vəzifəsini yerinə yetirmişdir.
O, 1907-ci ildə “Arteriyaların adrenalin mənşəli sklerozu” (eksperimental tədqiqatlar) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
İ.Şirokoqorov 1908-ci ildə kafedrada privat-dosent vəzifəsinə seçilmiş və bundan sonra patoloji anatomiya fənnindən dərs demişdir. 1915-ci ildən 1918-ci ilin avqust ayına qədər İmperator Yuryev Universitetinin professoru vəzifəsində çalışmışdır. O, 1909-cu ildə Təbiətşünaslıq üzrə əsərlərin redaktoru və Yuryev Universiteti nəzdindəki Piroqov Cəmiyyətinin katibi, 1911-ci ildən Yuryev Universiteti tibb fakültəsinin katibi vəzifəsini yerinə yetirmiş və 1911-ci ildə cüzam xəstəliyini dərindən öyrənmək üçün bakterioloji-laboratoriya təşkil etmişdir.
1913-cü ildə o, Heymburger təqaüdünə layiq görülmüş və İngiltərəyə elmi ezamiyyətə göndərilmiş, Londondakı “İmperial Cancer Researsh Fund” adlı Xərçəng İnstitutunda eksperimental xərçəngin öyrənilməsi ilə məşğul olmuşdur.
Professor İ.Şirokoqorov 1917-ci ildə Tiflisdə Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qafqaz cəb­həsində cəbhə işçilərinin qurultayı tərəfindən Qırmızı Xaç Cəmiyyətinin Baş İdarəsinin tibb sahəsinin rəhbəri təyin edilmişdir. Daha sonra isə o, Rusiya Qırmızı Xaç Cəmiyyəti Tibb İdarəsi üzrə Baş Müvəkkilin müavini və Rusiya Qırmızı Xaç Cəmiyyəti Komitəsinin üzvü seçilmişdir.
Alim 1918-1919-cu illərdə Zaqafqaziya Universitetinin tibb fakültəsinin əvvəl histologiya, sonra isə patoloji anatomiya kafedralarının müdiri vəzifələrində çalışmışdır.
1919-cu ildə professor İ.Şirokoqorov Bakı Universitetinin tibb fakültəsinin dekanı və həmin fakültənin ümumi patologiya və patoloji anatomiya kafedrasının müdiri vəzifələrinə təyin edilmişdir.
Professor İ.Şirokoqorov 1920-ci ilin may ayından 1922-ci ilə qədər Bakı Universitetinin rektoru vəzifəsində çalışmış, sonra yenidən fakültə dekanı vəzifəsinə qaytarılmışdır.
Professor İ.Şirokoqorov 1923-1932-ci illərdə Xalq Səhiyyə Komissarlığı nəzdindəki Elmi-Tibb Şurasının və Təşkilat Komissiyasının sədri olmuşdur. Onun fəal iştirakı ilə Mikrobiologiya İnstitutunun əsası qoyulmuş və İ.Şirokoqorovun özü bu institutun ilk direktoru olmuşdur. O, 1931-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Kliniki İnstitutunun elmi rəhbəri təyin edilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
İ.Şirokoqorov 1934-cü ildə Azərbaycan Xalq Səhiyyə Komissarlığının 402 №-li əmrinə əsasən Xalq Səhiyyə Komissarlığı nəzdində elmi dərəcələrin və elmi adların verilməsi üzrə təşkil edilmiş Təsnifat Komissiyasının sədri, M.Topçubaşov isə sədrin müavini təyin edilmişlər. Professor İ.Şirokoqorov 1936-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
İ.Şirokoqorov 1944-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının təşkilində yaxından iştirak etmiş və həmin ilin noyabr ayının 14-də SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. O, 1945-ci il mart ayının 31-də təşkil edilmiş Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olmuş və akademiyanın həqiqi üzvü seçilmişdir. Alimin elmi istiqamətini, əsasən cüzam, vəba, qarın yatalağı, səpkili yatalaq xəstəliklərinin, eləcə də malyariya və digər infeksion xəstəliklərin patoloji anatomiyasının, həmçinin tibbin mikrobiologiya, epidemiologiya, bakteriologiya sahələrinin öyrənilməsi təşkil etmişdir.
İ.Şirokoqorovun xidmətləri dövlət və xalq tərəfindən yüksək qiymətləndirilmiş və o, “Lenin” ordeni, “Şərəf nişanı” ordeni, çoxsaylı medallarla, Tibb İnstitutunun Fəxri fərmanları ilə təltif edilmişdir.
İ.Şirokoqorov ümumi patologiyaya, patoloji anatomiyaya və epidemiologiyaya həsr olunmuş 100-dən çox elmi əsərin, monoqrafiya, tədris-metodik vəsait, ixtira və tövsiyələrin, həmçinin çoxlu sayda elmi-kütləvi qəzet məqalələrinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 60-dan çox elmi iş yerinə yetirilmişdir. Elmi iş yerinə yetirənlərdən 15 nəfəri elmlər doktoru, 6 nəfəri professor elmi adına layiq görülmüşdür.
Sovet patoanatomu, SSRİ Tibb EA-nın və Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR əməkdar elm xadimi, Yuryev Universitetinin professoru İ.İ.Şirokoqorov 1946-cı il sentyabr ayının 11-də Bakıda vəfat etmişdir.