MƏQALƏLƏR

Mətanət Hüseynova: Onlar bacaracaq və bu mübarizədən də qalib çıxacaqlar!

  • 16.10.2020

İki şəxs ailə həyatı qurduqda onlara edilən ən gözəl dilək tez bir zamanda ocaqlarından körpə səsinin eşidilməsi olur. O gün gəlib çatdıqda isə toy-büsatlar qurulur, körpənin gəlişi sevinc sədaları ilə qarşılanır. Mən doğulduqda isə bunun tam əksi oldu, nə toy-büsatlar quruldu, nə sevinc sədaları eşidildi, əksinə sevinmək ayıb hesab olundu. Hətta o günlərdə, həmin illərdə doğulan heç bir körpə o hisslərlə qarşılanmadı, bəziləri isə ömürlük o hissi unutdu... Çünki həmin tarix erməni qaniçənlərinin xalqımızın başına böyük müsibətlər gətirdiyi, minlərlə günahsız insanı amansızcasına qətlə yetirdiyi, min bir qəddarlıqlar, vəhşiliklər törətdiyi, insanları elindən-obasından ayrı saldığı 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Həmin bu körpələrin bir çoxu məhz o illərdə ana şəfqətindən, ata qayğısından, bəziləri hər ikisinin sevgisindən məhrum olundu, bəziləri hətta bütün qohum-əqrabalarını, el-obalarını itirdilər. Və bütün bu hadisələrin üzərindən illər ötdü, nə az, nə çox, düz 30 il... Bütün əskikləri ilə boy atan, bu əskiklərin yerini düşmənə nifrətlə dolduran o körpələr də böyüdü. Böyüdülər ki, bir zamanlar əllərindən alınan, doğularkən yaşaya və yaşada bilmədikləri sevinc hissini geri qaytarsınlar, ailələrinin qisasını alsınlar, bizim olub düşmən tərəfindən zəbt edilən torpaqlarımızda zəfər bayrağını qürürla dalğalandırıb, qəlbləri fərəhlə doldursunlar. Və bu gün həmin körpələr bizdə olmayıb, amma bizim olan torpaqlarda inamla yalnızca irəliyə doğru addımlayırlar, bizim olanı bizə qaytarmaq üçün, geri çəkilmədən, xalqın birliyi və cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, dönməz iradəsi, bacarığı ilə... Onlar bacaracaq və bu mübarizədən də qalib çıxacaqlar. Çünki dünyadakı bütün hisslərdən güclü olan nifrət kimi soyuq bir silahı 30 il səbirlə qəlbində daşımağı bacaranlar o səbrin sonunda ondan necə istifadə edəcəyini də yaxşı bilirlər.

Mətanət Hüseynova