MƏQALƏLƏR

Qərarda qondarma “tarixi” faktlar da öz əksini tapmışdır

  • 22.10.2020

Bir neçə gün öncə İtaliyanın Milan bələdiyyəsi, şura qrupları ilə birlikdə verdiyi qərarda qondarma Artsax Respublikasının müstəqilliyini tanıdığını bildirmişdir.
Qərarda qondarma “tarixi” faktlar da öz əksini tapmışdır

Bununla əlaqədar Romanın Sapienza Universitetinin “Siyasi elmlər və beynəlxalq əlaqələr” fakültəsinin məzunu Gülər Əzizo­vanın Milan bələdiyyəsinə ünvan­ladığı məktubu olduğu kimi diq­qətinizə çatdırırıq:
Hörmətli Milan bələdiyyəsi və nəzdindəki şura qrupları!
Mən bu məktubu təkcə ölkəsinin ərazi bütövlüyünün qorunmasını tələb edən vətəndaş kimi deyil, eləcə də İtaliyada “Siyasi elmlər və beynəlxalq əlaqələr” ixtisasına yiyələnmiş bir tələbə kimi yazıram.
İtaliyada hüquq təhsili mürəkkəb olsa da, ən tələb olunandır. Təhsil aldığım müddətdə nüfuzlu professorlardan “Beynəlxalq hüquq”, “Konstitusiya hüququ”, “Avropa İttifaqı hüququ” dərslərini alan zaman bu incə yanaşmanın şahidi oldum. Maraqlı məqamdır ki, indiki müasir mülki hüquq normalarının əsası qədim “Roma hüququ”ndan götürülmüşdür. Dolayısıyla, İtaliya sivilizasiyanın, mədəniyyətin, bir çox elmlərin beşiyi olmaqla yanaşı, müasir hüquq elminin də istinad nöqtəsidir. Təhsil aldığım müddətdə, dəfələrlə müraciət etdiyim İtaliya konstitusiyasının “Əsas prinsiplər” hissəsində dövlətin ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına uyğunluğuna və s. dair maddələr yer alır. Təəccüblü haldır ki, bütün qeyd etdiyim faktlara baxmayaraq, belə bir önəmli italyan qurumu separatçı, terrorist fəaliyyətlə məşğul olan, beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə məhəl qoymayan qondarma “Dağlıq Qarabağ” dövlətinə və onun qondarma rejiminə dəstək olur. Azərbaycana qarşı hələ 1988-ci ildən başlayan erməni təcavüzünün qarşısının alınması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 nömrəli, 1993-cü il iyul ayının 29-da 853 nömrəli, 1993-cü ilin oktyabr ayının 14-də 874 nömrəli və həmin ilin noyabr ayının 12-də 884 nömrəli qətnamələrini qəbul etdi.
Bu qətnamələrdə erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi tələb olunsa da, Ermənistan rəhbərliyi günümüzə qədər bu beynəlxalq qətnamələrə əməl etmir və öz işğalçılıq siyasətini davam etdirir.
Qarabağ tarixi Azərbaycan torpağıdır və beynəlxalq aləmdə də hüquqi səviyyədə, de-jure Azərbaycan torpağı olaraq qəbul olunur. Bu faktın əksini bəyan edən hər kəs beynəlxalq və humanitar hüquqa, BMT prinsiplərinə əks getmiş sayılır.
Sizi bu siyahıda gördüyüm üçün çox üzülür, tezliklə doğru mənbələrdən olan məlumatlarla tanış olub, verdiyiniz qərarın səhv olduğunu anlayacağınıza ümid edirəm.
Bu məqsədlə, sizi yaratdığım @karabakh.ita instaqram səhifəsini izləməyə dəvət edirəm.